Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-332/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Cəbrayıl rayonu Qazanzəmi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 07 dekabr 2022-ci tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,265 qram narkotik vasitə heroini 07 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisindən 10 manata almaqla əldə edib üzərində saxlayaraq Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinə daşımış və 07 dekabr 2022-ci il tarixdə saat 22 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində Mərdəkan qəsəbəsi “stansiya” deyilən ərazidə saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və PŞ-də onun üzərinə videoçəkilişlə axtarış aparılan zaman, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,265 qram, qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş təzyiqlər nəticəsində özünə qarşı ifadə verərək göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitələrin heroin olan növündən istifadə edir. Həmişə heroini müxtəlif yerlərdə və müxtəlif tanımadığı şəxslərdən alır. 07 dekabr 2022-ci il tarixdə səhər saatlarında şəxsi işi ilə əlaqədar olaraq Suraxanı rayonuna getmişdir. Orada təsadüfən rastlaşdığı bir nəfər tanımadığı şəxslə söhbət edərkən, özünün heroin qəbulu ilə məşğul oduğunu bildirəndə, həmin şəxs əgər istəsə onun üçün bir dəfə qəbul etmək üçün lazım olan qədərini 10 manata təşkil edə biləcəyini demişdir. O da razılaşaraq həmin şəxsdən 10 manata bir ədəd bükülü vəziyyətdə heroini alıb cibinə qoyub saxlamışdır ki, sonradan istifadə edər. 07 dekabr 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı Mərdəkan qəsəbəsi “stansiya” deyilən ərazidə piyada gəzən zaman ona iki nəfər polis əməkdaşı yaxınlaşıb əvvəlcə özlərini təqdim etmiş, ondan da özünü onlara təqdim etməyini istəmişlər. O, polis əməkdaşlarına şəxsiyyəti barədə məlumat vermiş və onlar onu narkotik vasitə saxlamağından şübhəli olduğunu deyərək Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirmişlər. Orada olan zaman ona polis əməkdaşları bildirmişlər ki, üzərinə videoçəkilişlə şəxsi axtarış və baxış keçirəcəklər. O, polis əməkdaşları ilə razılaşmış və ona hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Onun üzərinə şəxsi axtarış, baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və ona təklif olunmuşdur ki, üzərində qanuna zidd əşya və ya predmet varsa könüllü təqdim etsin. Bundan sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdəki maddəni çıxardaraq təqdim etmişdir. Sorğu-sual zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddə “kakos” kimi bildiyi narkotik vasitə heroindir, özü istifadə etmək üçün Suraxanı rayonunda tanımadığı şəxsdən 10 manata almışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, özü bir neçə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, lakin hazırda üstündə aşkar edildiyi deyilən həmin narkotik vasitə heroin ona məxsus deyildir. Polis Şöbəsinə gətirilərkən üstündə narkotik vasitə olmamışdır. Həmin 01 büküm narkotik vasitə heroin polis əməkdaşları tərəfindən PŞ-də onun üzərinə videoçəkilişdən əvvəl qoyulmuş və ona təzyiq göstərilərək müdafiəçisinin iştirakı ilə videoçəkilişlə dindirilərkən sözügedən narkotik vasitənin guya ona məxsus olmasını deməyə məcbur edilmiş, narkotiki etiraf etməyəcəyi təqdirdə onu daha ağır maddə ilə yükləyəcəkləri deyilərək hədələnmişdir. Qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona verdikləri təlimata uyğun olaraq ibtidai istintaq zamanı öz əleyhinə ifadə vermiş, lakin ona göstərilmiş təzyiqlər barədə heç bir yerə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmişdir. Onu da qeyd edir ki, o, Cəbrayıl rayonundan məcburi köçkündür, Qarabağ Müharibəsinin veteranıdır, himayəsində olan anası Rasta Hüseynova İ qrup əlildir. Özünü təqsirli bilmir, buna görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 göstərdi ki, 07 dekabr 2022-ci il tarixdə saat 22 radələrində alınmış əməliyyat məlumatı əsasında iş yoldaşı, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən “Stansiya” deyilən ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq 1-ci PŞ-nə gətirilmiş və bu barədə tərəflərindən Polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkilişlə müdafiəçinin, onun və 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmiş və bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən o, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitənin ona aid olub-olmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olubolmamasını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə zərfə qoyularaq möhürlənmiş, baş verənlər barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 08 dekabr 2022-ci il tarixli 6/6939 saylı rəyindən görünür ki tədqiqata təqdim olunmuş üzərində: “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs...Qablaşdırdı X.Yolçuyev.....” yazı və omzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,265 qram qəhvəyi rəngli tozşəkilli maddə maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Ümumi çəkisi 0,265 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,050 qramı tədqiqata sərf edilmiş, 0,215 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,00 (səksən səkkiz) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 7479 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,265 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin qalıq qalmış – 0,215 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 069715 №-li Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Qarabağ Müharibəsinin veteranıdır. İş materiallarında olan 037606 №-li Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl rayonundan məcburi köçkündür. İş materiallarında olan 180115 №-li Vəsiqənin surətindən görünür ki, X3 İ qrup əlildir. İş materiallarında olan 002981 №-li Vəsiqənin surətindən görünür ki, X1 İ qrup əlil kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09 mart 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə, o cümlədən CM-nin 234.2-ci maddəsi məhkum edilmiş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2011ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,120.4, 29.120.2.9, 128-ci maddələri ilə təqsirli bilinərək CM-nin 68.1.3, 66.3 və 66.5-ci maddələrinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 29 dekabr 2010-cu il tarixdən hesablanmaqla 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 may 2012-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2011-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, 03 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25 may 2012-ci il tarixli qərarı ləğv edilərək Apellyasiya Məhkəməsinə qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli qərarı ilə əməli CM-nin 126.2.3-cü maddəsinə tövsif edilmiş, CMnin 126.2.3, 66.5, 68.1.3-cü maddəsinə əsasən ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkməsinin əvvəli 29 dekabr 2010-cu il tarixdən hesablanmaqla cəzaçəkməsinin sonu 29 dekabr 2010-cu il tarixdir, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərarı ilə üzərində 9 (doqquz) il 11 (on bir) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasl saxlanılmış, 14 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlaması faktı şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini üstündə aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, Polis şöbəsində ona təzyiqlər göstərilməsi, həmin narkotik vasitənin onun üzərinə qoyulması, narkotik vasitə üstündə gəzdirmədiyi halda, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid ifadələri, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, narkotik vasitə məhz Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən aşkar edilmişdir. Aparılmış məhkəmə narkoloji ekspertizasının nəticələrinə əsasən onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edilmiş, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi üçün ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında PŞ-nə gətirildikdən sonra ona təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, həmin vaxt bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə heç nə bildirməmiş, 1-ci PŞ-də olarkən ona təzyiq göstərilməsi, hədə-qorxu gəlinməsi, qorxudulması barədə isə sonradan da şikayət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Cəbrayıl rayonundan məcburi köçkün olmasını, Qarabağ Müharibəsinin veteranı olmasını, himayəsində İ qrup əlil olan anasının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu 07 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,215 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 88,00 (səksən səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,215 qram kustar üsülla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88,00 (səksən səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-332/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-332/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver