Məhkəmə qərarları › İş №1(003)-333/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-333/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-333/2020 07.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1983-cü il tarixdə ermənistan SSR-in Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi ev 183 mənzil 14-də qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi ev 106 mənzil 4-də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:00 radələrində yaşadıqları Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış sahəsi mədən adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə əri Zərərçəkmiş şəxs ilə ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı əlinə aldığı boşqabı onun üzərinə ataraq ona alının əzilmiş yarası ilə xarakterizə edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, birgə nikahdan 2 oğlan, 1 qız uşaqları vardır. Əvvəllər də dəfələrlə mübahisələri olmuşdur. 2016-cı ildən Şərəfin səhhətində psixoloji problemlər olduğundan, psixiatriya xəstəxanasında müalicə almağa başlamış və bundan sonra mübahisələri daha da artmağa başlamışdır. 2020-ci ilin mart ayının əvvəllərində “instaqram” adlı sosial şəbəkədə Azərbaycan Respublikasında yaşayan və Rusiya Federasiyasına məxsus mobil nömrə işlədən oğlanla tanış olmuş və onunla “vatsap” proqramı vasitəsilə danışırmış. Həmin şəxs ekstrasens imiş və ondan Şərəfdən ayrılmağa köməklik etməyi xahiş etmişdir. Buna səbəb Şərəfin evdə olan əşyaları, evi satması olmuşdur. xx xxxx 2020-ci il tarixdə Şərəf bunu bilmiş, aralarında bununla bağlı sözlə mübahisələri baş vermişdir. Şərəf buna görə onu aparıb anasıgilə qoymuşdur. xx xxxx 2020-ci il tarixdə əvvəlcə qardaşı Mehralı, sonra isə Şərəf özü yenidən onu götürüb geri aparmışdır. xx xxxx 2020-ci il tarixdə saat 11:00 radələrində yaşadıqları Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış sahəsi mədən adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə olan zaman Şərəf özünə mətbəxdə yumurta bişirirmiş, lakin Şərəf yumurtanı yaxşı bişirmədiyinə görə əsəbiləşmişdir. Onun həmin vaxt şəkəri aşağı düşdüyü üçün yerindən dura bilmirmiş. Buna görə də Şərəfə şirinçay içib özünə gələndən sonra ona səhər yeməyi hazırlayacağını bildirmişdir. Lakin Şərəf bişirdiyi yumurtanı yerə çırpmış, o isə ayağa durub yerdən yumurtanı yığışdırmış, sonra qabları yumağa başlamışdır. Şərəf ardıyca mətbəxə gəlmiş və tullanaraq təpiklə sol tərəfinə zərbə endirmiş, sonra nalayiq ifadələr işlədə-işlədə sillə və yumruq zərbələri ilə onu vurmağa başlamışdır. O, özünü Şərəfin əlindən qurtarmaq üçün paltaryuyan maşının üstündə olan boşqabı götürüb onun alın nahiyəsinə vurmuşdur. Şərəf daha da əsəbiləşərək onu sürüyə-sürüyə otağa aparmış və əli ilə onu yenidən vurmağa başlamışdır. Həmin vaxt Şərəfin alın nahiyəsinin qanadığını görüb dərhal bacısı Sevgiyə, Şərəfin qardaşları Mehralıya və Cavidə zəng edərək baş vermiş hadisəni danışmışdır. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və orada yalnız özləri olmuşlar. Hadisədən sonra həmin evi tərk etmiş və hal-hazırda Zabrat qəsəbəsi Babək küçəsi ev 106 mənzil 4-də yaşayır. Yetkinlik yaşına çatmayan üç uşaq anasıdır. Törətdiyi bu əməldənsəmimi peşman olaraq Şərəf ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Şərəfin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 2007-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, birgə nikahdan 2 qız və 1 oğlan övladı vardır. Aralarında tez-tez mübahisələri olmuşdur. 2020-ci ilin mart ayının əvvəllərində Sahibənin mobil telefonunda yad kişilərlə yazışmasını aşkar etmiş və müəyyən etmişdir ki, xəstəxanada müalicə alan zaman Sahibə həmin kişiləri evə çağırırmış. O, bunu biləndən sonra aralarında mübahisələri olmuşdur. Mübahisə etdiklərinə görə Sahibə öz anasının evinə getmiş, xx xxxx 2020-ci il tarixdə yenidən yaşadığı evə qayıtmışdır. xx xxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı Buzovna qəsəbəsi Albalılıq massivi mədən ərazisində nömrəsiz fərdi evdə yenidən Sahibənin özünə məxsus mobil telefonla “vatsap” proqramı vasitəsi ilə müxtəlif adamlarla danışdığını görüb ona yenidən irad bildirmişdir. Sahibə ona “əcəb elədiyini” demiş, bu zaman onlar mətbəxdə mübahisə etməyə başlamışlar. Həmin vaxt Sahibə mətbəxdə paltaryuyanın üstündə olan boşqabı götürüb onun alın nahiyəsinə vurmuşdur. O da əsəbiləşdiyindən, Sahibənin bədənindən və sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt o, alın nahiyəsindən xəsarət aldığı üçün tibbi yardım almaqdan ötrü xəstəxanaya müraciət etmişdir. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və orada yalnız özləri olmuşlar. Hazırda Sahibə ilə barışmışdır, Sahibə ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Sahibə barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı xx xxxx 2020-ci il tarixli 310 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət – alının əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun 26 saylı BŞX-na müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx xxxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq Sahibənin barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, MTE və PA Birliyinin aktı və cinayət işinin materialında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 (on) iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar