Məhkəmə qərarları › İş №1(003)-333/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-333/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-333/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə ermənistan SSR-in Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yeni yaşayış sahəsində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 dekabr 2020-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Atakişiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə hasardan tullanmaqla qanunsuz daxil olaraq, evin həyətindən “Husky” it cinsindən olan 01 baş dəyəri 250 manat olan iti gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 250 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 fevral 2021-ci il tarixdə, gecə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə hasardan tullanmaqla qanunsuz daxil olaraq, saxlanc yeri olan evin həyətindəki əl damından 01 ədəd, dəyəri 30 manat olan üzərində "Sbarky" yazıları olan "BR 100 E" model qara rəngli dreli, 01 ədəd, dəyəri 80 manat olan üzərində "Piter" yazıları olan PT-40/2800 VT" model perferatoru, 01 ədəd, dəyəri 80 manat olan üzərində markalanmasına dair heç bir məlumat olmayan qırmızı rəngli, böyük ölçülü laqondanı, 01 ədəd, dəyəri 180 manat olan bərbər qayçısını, 02 ədəd, hər birinin dəyəri 50 manat olan almaz diski gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 470 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, əvvəllər Xəzər rayonu 5 saylı rabitə qovşağında montyor vəzifəsində işləmişdir. 2020-ci ilin dekabr ayının 15-də saat 15 radələrində işi ilə əlaqədar Zərərçəkmiş şəxs1 evinin hasarının üstündən keçən rabitə xətlərini təmir edərkən Zərərçəkmiş şəxs1 həyətində olan it balalarını görmüş, itdən xoşu gəldiyi üçün iti səsləmiş və itin balasını qapının altından küçəyə çıxdığını görüb götürmüşdür. Daha sonra həmin iti öz yaşadığı evə aparmış, onun üçün yuva düzəldib həyətində saxlamışdır. 27 mart 2021-ci il tarixdə Orxan polis əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana gəlmişlər. Bu vaxt Orxan öz itini tanımış, o da polis əməkdaşlarına səmimi etiraf etmişdir ki, həqiqətən itdən xoşu gəldiyi üçün iti küçəyə çağırıb götürmüşdür. Daha sonra o, Orxanın itini qaytarmışdır. Bundan başqa, o, 2021-ci ilin fevral ayının 8-də gecə saat 03 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 evindən oğurluq etmək qərarına gələrək əvvəlcə onun yaşadığı evin həyətinə hasardan tullanıb keçmiş, həyətdə olan kilidi olmayan əl damının qapısını açaraq içəri girmişdir. Orada olan 01 ədəd laqondanı, 01 ədəd dreli və 01 ədəd perferatoru götürəndən sonra dərhal hasardan tullanaraq qaçmışdır. Bu barədə heç kimə bildirməmiş, ailə üzlərinin həmin itin və əşyaların oğurluq olduğundan xəbərləri olmamışdır. Həmin əşyaları tutulana qədər özündə saxlayıb könüllü olaraq polis əməkdaşlarına vermişdir. Törətdiyi bu əməllərdən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəyərək onlarla barışmışdır və hazırda onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, o, 15 dekabr 2020-ci il tarixdə, saat saat 12 radələrində evin darvazasını açarla bağlayıb şəxsi işləri ilə bağlı getmişdir. Həmin gün saat 16 radələrində o, evə qayıdan zaman həyətdə saxladığı 3 aylıq "Haski" cinsindən olan bir baş itinin oğurlandığını görmüşdür. Evinin qarvazasının altı betonla bağlı olduğundan, itin oradan həyətə çıxa bilməsi üçün yer yoxdur. Həyəti axtarsa da iti tapa bilməmişdir. Bundan sonra o, itin şəkillərini Buzovna qəsəbəsində paylamışdır ki, görən şəxslər onunla əlaqə saxlasınlar. 19 mart 2021-ci il tarixdə adını bilmədiyi şəxs ona məxsus iti telefon qovşağında işləyən Elvin adlı şəxsdə gördüyünü bildirmişdir. 24 mart 2021-ci il tarixdə o, Xəzər RPİ 2-ci PŞ-nə ərizə ilə müraciət etmiş və polis əməkdaşları ilə Elvinin yaşadığı evə getmişlər. Evin həyətində o, öz itini tanımış və Elvin onun itini polis əməkdaşlarının iştirakı ilə ona qaytarmışdır. Bundan başqa, ona məxsus evin həyətindən 25 may 2020-ci il tarixdə də 300 manat dəyəri olan "Haski" cinsindən olan iti oğurlanmışdır. Elvin ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, 09 fevral 2021-ci il tarixdə, təxminən saat 11 radələrində yaşadığı evin əl damının açıq qapısını açıb içəri daxil olmuş və ora göz gəzdirən zaman 01 ədəd dəyəri 250 manat olan perferatorun, 01 ədəd dəyəri 300 manat olan laqondanın, 01 ədəd dəyəri 100 manat olan drelin, 01 ədəd dəyəri 180 manat olan bərbər qayçısının, 02 ədəd hər birinin dəyəri 50 manat olan almaz diskin yerində olmadığını müəyyən etmişdir. Bundan sonra o, həmin əşyaları axtarsa da tapa bilməmiş və 14 fevral 2021-ci il tarixdə DİN 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və evə baxış keçirmişlər. Elvin ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Elvin onun oğludur. 2020-ci ilin dekabr ayının ortalarında Elvin yaşadıqları evə it gətirmiş və saxlamağa başlamışdır. Elvin əvvəllər də cins itlər saxladığından, o, ondan iti haradan aldığını soruşmamışdır. 27 mart 2021-ci il tarixdə o, evdə olan zaman polis əməkdaşları evə gəlmişlər və həmin vaxt ona məlum olmuşdur ki, Elvin həyətdə saxladığı iti oğurlamışdır. Bundan sonra o, həmin iti polis əməkdaşlarının iştirakı ilə sahibinə təhvil vermişdir. Daha sonra ona məlum olmuşdur ki, Elvin həm də yaxınlıqda yerləşən evlərdən birindən 01 ədəd drel, 01 ədəd laqonda və 01 ədəd perferator oğurlamış və onları evin həyətində gizlətmişdir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 may 2021-ci il tarixli, 9/3020 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 190,0 manat təşkil edir. 01 ədəd üzərində "Sbarky" yazıları olan "BR 100 E" model qara rəngli drel - 30,0 manat, 01 ədəd üzərində "Piter" yazıları olan PT-40/2800 VT" model perferator - 80,0 manat, 01 ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan qırmızı rəngli, böyük ölçülü laqonda 80,0 manat, ekspertiza təyini haqqında qərarda göstərilən 1 baş "Husky" cinsindən olan itin orta bazar qiyməti nəzəri qaydada təxminən 250,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 baş "Husky" cinsindən olan it öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşyalar olaraq maddi sübut kimi tanınmaqla sahibinə qaytarılmşdır. İş materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd "Sbarky" yazıları olan "BR 100 E" model drel, 01 ədəd üzərində "Piter" yazıları olan PT-40/2800 VT" model perferator, 01 ədəd qırmızı rəngli laqonda öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşyalar olaraq maddi sübut kimi tanınmaqla sahibinə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 30 iyun 2021-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmışdır. Hazırda onların təqsirləndirilən şəxsdən heç bir şikayətləri və ya digər tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07 iyul 2020-ci il təvəllüdlü X1 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək 15 dekabr 2020-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus Buzovna qəsəbəsi R.Atakişiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə daxil olmadığını, itin qapının altından çıxdığını görüb götürdüyünü, bundan başqa, Zərərçəkmiş şəxs2 məxsus Buzovna qəsəbəsi Koroğlu küçəsi döngə 3 ünvanında yerləşən nömrəsiz evindən 01 ədəd bərbər qayçısını, 02 ədəd almaz diski oğurlamadığını bildirmişdir, lakin Təqsirləndirilən şəxs həmin dəlili məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, şahidin və zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 01 aprel 2021-ci il tarixdə ona CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 mart 2021-ci il tarixdən 01 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 yeni yaşayış sahəsindəki evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut – Zərərçəkmiş şəxs1 məxsus 01 baş "Husky" cinsindən olan itin sahibinə qaytarılması nəzərə alınmalıdır. Maddi sübut – Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd "Sbarky" yazıları olan "BR 100 E" model drelin, 01 ədəd üzərində "Piter" yazıları olan PT-40/2800 VT" model perferatorun, 01 ədəd qırmızı rəngli laqondanın sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 ümumilikdə 10 iş saatına görə cəmi 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 30 mart 2021-ci il tarixdən 01 aprel 2021-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 yeni yaşayış sahəsindəki evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – Zərərçəkmiş şəxs1 məxsus 01 baş "Husky" cinsində olan itin sahibinə qaytarılması nəzərə alınsın. Maddi sübut – Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd "Sbarky" yazıları olan "BR 100 E" model drelin, 01 ədəd üzərində "Piter" yazıları olan PT-40/2800 VT" model perferatorun, 01 ədəd qırmızı rəngli laqondanın sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 cəmi 60,00 (altmış) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar