Məhkəmə qərarları › İş №1(003)-333/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-333/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-333/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, zərərçəkmiş şəxs X4, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir körpə uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Binəqədi “Gənclər” şəhərciyində kirayədə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “Daewoo Nexia” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsbəsi Albalılıq YM “Albalı” marketin qarşısından keçən hissəsində Albalılıq istiqamətində, nəqliyyat vasitələrinin maksimal hərəkət sürəti 60 km/saat nəzərdə tutulduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq 70 km/saat sürətlə hərəkət edərkən, piyadalar X4 və X5 yolu sağdan sola doğru keçməyə başladığını gördüyü anda, həmin Qanunun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərinə əsasən svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməli olsa da, bu tələblərə uyğunsuz olaraq hərəkətini davam etdirməkə ehtiyatızlıqdan onları avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə X2 baldır sümüklərinin qapalı, qəlpəli, yerdəyişən sınığından ibarət və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR dərəcəli bədən xəsarəti yetirmiş və X3 qulaqətrafı – gicgah nahiyələrinin geniş hematoması; sol və sağ dizin ön səthinin sıyrıqları; komotoz vəziyyətlə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; sol-təpə gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları həyat üçün təhlükəli olan canlı şəxslərdə sağlamlığa Ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirmiş və Fatimə Abbasova aldığı həmin xəsarətlərdən 17 mart 2022-ci il tarixdə saat 08:20-də X15 X11 ölmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, onun “B” və “C” koteqoriyalı sürücülük vəsiqəsi vardır. "Daewoo Nexia" markalı, **-LK-*** dövlət-qeydiyyat nişanlı avtomobil ona məxsusdur, o, həmin avtomobili 07 iyun 2021-ci il tarixdə 6000 manata X1 baş etibarnamə əsasında almışdır. Lakin vaxtı olmadığından, avtomobili öz adına qeydiyyata salmamışdır. Evlərin təmiri ilə məşğul olur, ailəlidir, himayəsində bir körpə uşağı vardır. 16 mart 2022-ci il tarixdə, saat 15 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan "Daewoo Nexia" markalı, **-LK-*** dövlət-qeydiyyat nişanlı avtomobillə təxminən 70 km/saat sürətlə Xəzər rayonu Buzovna qəsəbəsi istiqamətindən Maştağa qəsəbəsi istiqamətində sol zolaqda hərəkət edirmiş. Ondan qarşıda nömrəsini və modelini xatırlamadığı “Volksvagen” markalı avtomobil hərəkət etmişdir. Həmin vaxt işıqforda yaşıl işıq yanmışdır. O, yol ayrıcını keçəndən sonra qarşında hərəkət edən “Volsvagen” markalı avtomobilin sürücüsü piyada zolağının üstündə yolu keçən piyadanı görüb hərəkət istiqamətini dəyişmiş, avtomobili sağa çəkmiş, o isə piyada zolağında yolu sağdan sola keçən 2 nəfər qadın piyadanı avtomobilin sağ hissəsi ilə vurmuş və dərhal avtomobili saxlamışdır. Zərbənin təsirindən həmin piyadalar təxminən 10 metr qarşıya düşmüşlər. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım stansiyasının həkimləri gəlmişlər. Xəsarət alan şəxsləri xəstəxanaya aparmışlar. O isə polis əməkdaşlarına özünü təqdim edərək, avtomobilin sürücüsü olduğunu demiş və sənədlərini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ilə xəstəxanaya gedərək sərxoş olub-olmamağı barədə testdən keçmişdir. 17 mart 2022-ci il tarixdə ona məlum olmuşdur ki, avtomobil ilə vurduğu şəxslərin biri xəstəxanada vəfat etmişdir. İlk dəfə, həm də ehtiyatsızlıqdan törətdiyi bu əməldən bərk sarsılaraq peşman olmuşdur, mənəvi sarsıntı keçirir. Baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də hazırda onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində bir körpə uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X9 göstərdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Yolnəqliyyat hadisəsi zamanı vurularaq xəsarət alan piyadalar Abbasova Fatimə onun doğma qızı, Abbasova Elmira isə həyat yoldaşıdır. Qızı Fatimə aldığı xəsartələrdən vəfat etmişdir. 16 mart 2022-ci il tarixdə qızı Fatimə ilə anası Elmira Buzovna qəsəbəsində yaşayan qohumunun evinə şadlıq məclisnə getmişlər. Qızı və yoldaşı Buzovna qəsəbəsinin ərazisində avtobusdan düşüb yolu keçən zaman Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Daevoo” markalı avtomobillə onların ikisini də vurmuşdur. Qızı hadisədən bir gün sonra aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Elmira isə müxtəlif xəsarətlər almışdır. Qızı Fatimənin yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsartlərdən vəfat etməsinə baxmayaraq, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X7 göstərdi ki, o, ailəsi ilə birlikdə anket məlumatlarında göstərilən ünvanda yaşayır. 16 mart 2022-ci il tarixdə saat təxminən 15:00 radələrində o, mərhum qızı Fatimə ilə birlikdə Buzovna qəsəbəsində yaşayan qohumlarının evində təşkil olunan “xına yaxdı”da iştirak etmək üçün oraya gəlmişlər. Onlar Büzovna qəsəbəsinə sərnişin daşıyan avtobusla gəlib, qəsəbəsin ərazisində Buzovna-Maştağa yolunun sağ kənarında yerləşən “Albalı” marketin yanında olan dayanacaqda düşmüşlər. Gedəcəkləri ev yolun qarşı kənarında yerləşdiyinə görə yolu keçməli olmuşlar və qızı ondan solda olmaqla yanaşı şəkildə yolun hərəkət hissəsində çəkilmiş ağ zolaqlı piyada keçidi ilə yolun Maştağa istiqamətində sol kənarına doğru hərəkət etməyə başlamışdır. Onlar adi yerişlə yolu keçmişlər. Yolun hərəkət hissəsində Maştağa istiqamətində hərəkətdə olan maşınlardan biri onları görüb keçidə yaxınlaşaraq dayanıb onların keçmələrini gözləmişlər. Onlar həmin maşının qarşasından keçdiyi anda həmin yolda Maştağa istiqamətində hərəkət edən, sonradan tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi markasını və dövlət nömrə nişanın xatırlamadığı avtomobil onların ikisini də, yəni onu və qızı Fatiməni vurmuşdur. Aldıqları zərbədən o və qızı özlərindən getmşlər. O, ayılanda xəstəxanada olduğunu bilmişdir. Qızı isə ayılmamış və bir gün sonra həmin xəstəxanada aldığı xəsartələrdən vəfat etmişdir. O, hadisə zamanı avtomobilin onu vurması nəticəsində sol baldır sümüyünün açıq sınığı, ağır kəllə beyin travması xəsarətləri almışdır. Hal-hazırda mualicəsi davam edir. Övladının vəfat etməsinə və özünün yuxarıda göstərilən ağır dərəcəli xəsarətlər almağına baxmayaraq, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 16 mart 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş foto-cədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsbəsi Albalılıq YM “Albalı” marketin qarşısından keçən hissəsində Albalılıq istiqamətində baş vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 07 aprel 2022-ci il tarixli 41 saylı rəyindən görünür ki, mərhum F.O.Abbasovanın meyitində aşakar edilmiş xəsarətlər – sol qulaqətrafı - gicgah nahiyələrinin geniş hematoması; sol və sağ dizin ön səthinin sıyrıqları; komatoz vəziyyətlə müşayiət olunan baş beynin ağır dərəcəli əzilməsi; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; sol-təpə gicgah sümüklərinin kəllə əsasına keçən xətti sınıqları; küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni 16 mart 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. - Mərhum F.O.Abbasovanın ölümünə bilavasitə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. - Mərhum F.O.Abbasovanın ölümü 17 mart 2022-ci ildə, saat 08:20-də X16 X11 baş vermişdir (X16 X11 tərtib olunmuş C1080 saylı xəstəlik tarixinə əsasən). - Mərhum F.O.Abbasovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 13 may 2022-ci il tarixli 656 saylı rəyi ilə müəyyən edilmişdir ki, E.R.Abbasovanın bədəni üzərində aşkar edilmiş xəsarət – sol baldır sümüklərinin qapalı, qəlpəli, yerdəyişən sınığı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun X16 X17 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 16 mart 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə, bu, sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 10 may 2022-ci il tarixli 8/900 saylı ekspert rəyindən görünür ki,

1. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Daewoo Nexia” markalı 99- LK-965 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı omluşdur. Sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60km/saat sürətdən artıq sürətlə, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.

2. Piyada yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və onun hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən, yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. Aparılmış eksperiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manatdır. Cinayət işinin materiallarına əlavə olunmuş 16 mart 2022-ci il tarixli 1/1167 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamaqla ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2019-cu il tarixdə (20 aprel 2029-cu il tarixədək müddətdə etibarlı olan) AD143623 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 02 aprel 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, baş vermiş hadisədən sonrakı davranışını, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində bir körpə uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar