Məhkəmə qərarları › İş №1(003)-334/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-334/2022

18.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-334/2022 18.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmış uşağı olan, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi - 5,538 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə daşıyaraq üzərində saxlamışdır. 04 may 2022-ci il tarixdə, saat 19:35-də Xəzər RPİ-nin NMB-nin və 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq 1-ci Polis şöbəsinə dəvət olunmuşdur. Orada Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli qolsuz gödəkçənin sağ yan cibindən siqaretin şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, himayəsində 7, 8 və 19 yaşında üç uşağı vardır və ailəyə qazanc gətirən yeganə şəxsdir. Beş il olar ki, narkotik vasitə marixuanadan istifadə edir. 04 may 2022-ci il tarixdə səhər saatlarında Xəzər rayon, Türkan qəsəbəsi dəniz kənarındakı zibilliyə zibil atarkən yerdən sellofan bükülüsünü görüb götürmüş və içinə baxarkən içində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin günü saat 19:35 radələrində Türkan qəsəbəsi, Dənizkənarı küçəsi ev 1A ünvanında yerləşən yaşadığı evin yaxınlığında piyada gəzərkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələr gəzdirməsi ilə bağlı 1-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində video çəkilişlə üzərinə axtarış keçirilməmişdən əvvəl üzərində gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. O, üzərində olan 1 ədəd sellofana bükülmüş marixuananı təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Sonra üzərinə şəxsi axtarış zamanı üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Saxlanılarkən və üzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 göstərdi ki, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili Yüsif Yüsibzadə ilə birlikdə onu 04 may 2022-ci il tarixdə, saat 19:30 radələrində Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi 1 A saylı evin yaxınlığında şübhəli şəxs qismində saxlayaraq Xəzər rayon Polis idarəsinin 1-ci Polis şöbəsinə dəvət etmişlər. Videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşya varsa könüllü təqdim etməsi, əks halda üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs qəhvəyi rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofanı təqdim edərək içində narkotik vasitə marixuana olduğunu və 04 may 2022-ci il tarixdə Türkan qəsəbəsində dəniz kənarındakı zibilliyə zibil atarkən tapdığını bildirmişdir. Sonra onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilsə də, onun üzərindən qanunsuz əşya və predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin əməliyyat müvəkkili X2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 05 may 2022-ci il tarixli, 7/445 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində «vətəndaş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş maddi sübut…» yazı və imzalar olan ağ rəngli kağız zərfdə 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 5,538 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 5,488 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji Mərkəzi Publik hüquqi şəxsin 11 may 2022-ci il tarixli, 2382 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş 04 may 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili X1, Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 1-ci PŞ-nin təhqiqatçısı Şahin Mustafayev tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli qolsuz gödəkçənin sağ yan cibindən siqaretin şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümdə olan bitki mənşəli kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və 04 may 2022-ci il tarixdə səhərə saatlarında Bakı şəhəri, Xəzər rayon, Türkan qəsəbəsi dəniz kənarındakı zibilliyə zibil atarkən zibilliyin yanından tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Şahin Mustafayev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin zərflər üçün 157 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Video çəkiliş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili X2 tərəfindən aparılmışdır. Video görüntü 04 dəqiqə 08 saniyə davam etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 09 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmış uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 06 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək həbsdə olduğu 2 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Neman Şirinovun 04 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın ekpertizadan sonrakı qalığı 5,488 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın ekpertizadan sonrakı qalığı 5,488 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın ekpertizadan sonrakı qalığı 5,488 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ**********0000001944, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar