Məhkəmə qərarları › İş №1(003)-336/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-336/2022

10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-336/2022 10.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı əldə etmiş, özündə saxlamış və daşıyıb gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq bir ədəd 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AKS-74U” modelli avtomatlarda, “RPK-74” əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı patronu və bir ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “Draqunov” (SVD) konstruksiyalı snayper tüfənglərində, “Kalaşnikov” (“PK”, “PKM”, “PKT”) pulemyotlarında və s. yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan, döyüş sursatı hesab edilən və istifadə (atəş) üçün yararlı patronu əldə edib özündə saxlamış, 15 oktyabr 2021-ci il tarixdə həmin patronları yük çantasının cibində qanunsuz olaraq daşıyıb gəzdirməklə 1994 saylı Bakı-Minvod aviareysi ilə uçmaq üçün X3 Aeroportuna gələrkən özü ilə gətirmiş, həmin gün saat 15:20 radələrində T-1 X1 Baş İdarəsinin postundakı X-Ray monitorunda yoxlamadan keçən zaman ona məxsus qara rəngli yük çantasının yan cibindən Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən, həmin döyüş sursatı hesab edilən 02 ədəd patron aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Tovuz rayonunun Aşağı Öysüzlü kəndində qeydiyyatdadır və orada yaşayır. Kənddə olarkən “POLAT YOL” yol-tikinti şirkətinin Tovuz rayonu ərazisindən kəçən hissəsində işçilər üçün yəməkxanasında aşpaz işləmişdir. Sonra qazancı bir qədər çox olduğuna görə Cəbrayıl rayonu ərazisində yol tikintisi aparan Türkiyənin “Kalyon” şirkətində briqadir işləmişdir. 05 oktyabr 2021-ci il tarixdə Rusiyanın Tümen vilayətinin Surqut şəhərində olan tanışı onunla telefon danışığı zamanı iş təklif etmişdir. Ona görə də qazancını nəzərə alaraq oraya getmək qərarına gəlmişdir. 15 oktyabr 2021-ci il tarixə Bakı-Minvod avareysinə onlayn qaydada bilet almışdır ki, oradan da Surqut şəhərinə getsin. 15 oktyabr 2021-ci il tarixdə işlədiyi həmin şirkətdən çıxıb birbaşa yol maşını ilə Bakıya gəlmişdir. Həmin aviareys saat 20:00-da uçmalı olduğuna görə Bakıya çatan kimi taksi ilə X3 Aeroportuna gəlmişdir. Zala daxil olub qeydiyyat başlayana qədər bir az dincəlmək istəmişdir. Saat təqribən 15:20 radələrində X3 Aeroportunun T1 Terminalının 1-ci mərtəbəsinin “B” sektoruna daxil olmuş, yoxlanmaq üçün Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin nəzarət buraxılış postuna yaxınlaşmış, çantasını və metal əşyalarını qoymuşdur. Özü də monitordan keçdikdən sonra çantalarını götürmək istəyərkən, orada xidmət aparan təhlükəsizlik əməkdaşı onun qara rəngli yük çantasını götürüb kimə məxsus olmasını soruşduqda, çantanın ona məxsus olduğunu bildirmişdir. Sonra həmin əməkdaş çantasında patron olub-olmamasını ondan soruşmuşdur. Həmin anda onun yadına düşmüşdür ki, Cəbrayıl rayonunda işləyərkən təqribən 20 gün əvvəl yolun kənarından 02 (iki) ədəd fərqli patron tapıb evdə suvenir kimi saxlamaq üçün həmin çantasının cibinə qoymuş, işdən çıxdıqdan sonra evilərinə getməyib birbaşa aeroporta gəldiyi üçün həmin patronlar da o vaxtdan yadından çıxıb çantasının cibində qalmışdır. Aeroporta gələrkən əşyalarını çantasına yığanda ciblərinə baxmadığı üçün çantanın cibində patronlar olmasını bilməmişdir. O, bunu həmin əməkdaşlara etiraf etdikdən sonra özünün iştirakıyla çantasına baxış keçirilmiş və yan cibindən həmin 02 (iki) ədəd patron aşkar edilib götürülmüşdür. Bundan sonra bu barədə akt tərtib olunaraq oraya polis əməkdaşı çağırılmış və həmin aktla birlikdə polis əməkdaşına təhvil verilmişdir. Həmin patronların döyüş sursatı olmasını hərbi xidmətdə olduğuna görə bilmişdir. Lakin 02 (iki) ədəd patrona görə cinayət məsuliyyəti nəzərdə tutulduğunu bilməmişdir. İlk dəfə törətdiyi bu əməldən peşman olmuşdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Aviasiya Təhlüləsizliyi Baş İdarəsinin Aviasiya Təhlükəsizliyinə baxış və nəzarət üzrə agenti Şahid1 göstərdi ki, tərtib olunmuş qrafikə əsasən 15 oktyabr 2021-ci il tarixdə X3 Aeroportunun T-1 Terminalında gündüz növbəsində xidmət etmiş, həmin gün funksional vəzifəsi terminala daxil olan sərnişinlərin və digər şəxslərin baqaj və əl yüklərinin X-RAY qurğusu vasitəsilə yoxlamadan keçirilməsi olmuşdur. Saat 15:20 radələrində uçmaq üçün terminala daxil olan sərnişinləri yoxlamadan keçirərkən, çantaların birinin yan cibində 02 ədəd, fərqli ölçülü patrona oxşar predmetin görüntüsünü müəyyən etmişdir. Əvvəllər də iş təcrübəsində belə bir fakt olduğuna görə, həmin predmetin patron olmasını təxmin etmişdir. Həmin çantanın kimə məxsus olmasını sərnişinlərdən soruşduqda Təqsirləndirilən şəxs çantanın ona məxsus olmasını bildirmişdir. Dərhal yaxında olan qrup rəhbəri Şahid2 oraya çağırmış və birlikdə həmin qara rəngli yük çantasına baxış keçirərək, yan cibdən 02 ədəd fərqli patron aşkar etmişlər. Həmin sərnişinin pasportunun və patronların şəkilini çəkib, məlumat üçün növbə rəisi Hacı Mahmudova göndərmiş və monitorun arxasında öz xidmətinə davam etmişdir. Bundan sonra qrup rəhbəri Şahid2 polisə məlumat vermiş və təlimata uyğun olaraq bu barədə akt tərtib etmiş, həmin şəxsi akt və maddi sübutla birlikdə araşdırma aparılması üçün polis əməkdaşına təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Aviasiya Təhlüləsizliyi Baş İdarəsinin Aviasiya Təhlükəsizliyinə baxış və nəzarət üzrə mütəxəssisi, qrup rəhbəri Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 3/1802 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İ. tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, (AKS-74), “AKS-74U” modelli avtomatlarda, “RPK-74” əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patrondur, döyüş sursatı hesab edilir və istifadəyə (atəşə) yararlıdır. İİ. tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “Draqunov” (“SVD”) konstruksiyalı snayper tüfənglərində, “Kalaşnikov” (“PR”, “PKM”, “PKT”) pulemyotlarda və s. yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan döyüş sursatıdır, istifadə (atəş) üçün yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manatdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 02 (iki) ədəd patron cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanılmasından ötrü X4 İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan və Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 may 2022-ci il tarixli 2002 saylı Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 07 dekabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı əldə etmiş, özündə saxlamış və daşıyıb gəzdirmə cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf etməsini və peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tovuz rayonunun Aşağı Öysüzlü kəndindəki evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Tovuz rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Maddi sübut – təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X4 İdarəsində saxlanılan - bir ədəd 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AKS-74U” modelli avtomatlarda, “RPK-74” əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı patron və bir ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “Draqunov” (SVD) konstruksiyalı snayper tüfənglərində, “Kalaşnikov” (“PK”, “PKM”, “PKT”) pulemyotlarında və s. yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan, döyüş sursatı hesab edilən və istifadə (atəş) üçün yararlı patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 120,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonunun Aşağı Öysüzlü kəndindədəki evi axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon İcra və Probasiya şöbəsinəər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş və X4 İdarəsində saxlanılan - bir ədəd 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AKS-74U” modelli avtomatlarda, “RPK-74” əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı patron və bir ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “Draqunov” (SVD) konstruksiyalı snayper tüfənglərində, “Kalaşnikov” (“PK”, “PKM”, “PKT”) pulemyotlarında və s. yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan, döyüş sursatı hesab edilən və istifadə (atəş) üçün yararlı patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs 64,00 (altmış dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar