Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-338/2022 17.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) «Azneft» İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı ildə Tərtər rayonu, Mamırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan (avtomobil təmiri ustası), əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Mamırlı ərazi dairəsi, Mamırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətiman tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq üzərində özbaşına tikinti işləri-quraşdırma işləri aparmaqla mülkiyyət hüququnu pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2021-cu ilin sentyabr ayndan başlayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağında, 39T427753; ******* cografi koordinatda yerləşən, dövlət mülkiyyətinə aid, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə ayrılmış, daimi istifadəsinə verilmiş sənaye təyinatlı və potensial partlayış təhlükəli 1 saylı neft-qaz çıxarma sahəsində yerləşən 0,03 ha torpaq sahəsinin üzərində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə zidd olaraq özbaşına tikinti işləri aparmaqla orada bir yaşayış və bir hamam otağı tikmiş və hazırki dövrə qədər davam edən qəsdən cinayətlə əhatə olunan quraşdırma işləri görərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Xəzər rayonu, Qala qəsəbəsi yeni yaşayış sahəsində 0,11 ha torpaq sahəsində yerləşən iki otaqlı evi 2003-cü ildə inşa olunmuş və 2006-cı ildən orada yaşayış olmuşdur. 2020-ci ildə 0,11 ha torpaq sahəsi və içərisində olan iki otaqlı evi xalası Qızbəs Şadmanzadədən 11000 manata alaraq orada yaşamağa başlamışdır. Xalası həmin torpaq sahəsinə dair Qala bələdiyyəsinin sərəncamını və çertyojunu ona vermişdir. O, da Qala bələdiyyəsinə gedib həmin torpaq sahəsini, evin elektrik, su və qaz sayğaclarını öz adına keçirmişdir. Həmin torpaq sahəsinin iki tərəfindən qonşular hasar çəkmişlər, ön və arxa tərəfdə isə daş hasar olmadığından o, sadəcə olaraq daşları hasar kimi düzmüşdür. 2021-ci ilin sentyabr ayında evin qarşısında bir otaq və hamam otağı tikmək istəsə də, bir metr divar qaldırandan sonra Socarın işçiləri ərazinin Neft Şirkətinin olduğunu bildirib tikintinin dayandıraraq tikdiyi divarı uçurmuşlar. Dekabr ayında yenə bir metr hündürlüyündə otaq divarı tiksə də, yenidən neft şirkətinin işçiləri gəlib tikdirdiyi divarı uçurmuşlar. O, bir müddət tikinti işləri aparmasa da, mart ayında yenidən bir otaqlı evin divarını tikdirməyə başlamışdır. Mart ayının 15-dən 16-na keçən gecə, saat 01 radələrinə Socarın işçiləri gələrək 2 metr hündürlüyündə tikdiyi daş hasarı uçurmuşlar. Həmin ərazi Socarın yox, Qala Bələdiyyəsinin olmuş və orada hər hansı neft buruqları yoxdur. Əməliyyat olunmasını və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək yüngəl cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) «Azneft» İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağında, 39T427753;4478129 cografi koordinatda H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə verilmiş, Qala neft yatağının sərhədləri daxilində 1 saylı neft-qaz çıxarma sahəsində 0,03 ha torpaq sahəsi zəbt edərək orada qanunsuz tikinti işləri aparmışdır. Bununla bağlı aidiyyəti orqanlara rəsmi müraciət olunmuşdur. Həmçinin Neft və Qazçıxarma İdarəsinin və SOS MMC-nin 12 saylı komandasının əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən tikinti işlərinin aparılması davam etdirilmişdir. Ona görə də, Xəzər rayon prokurorluğuna rəsmi müraciət olunaraq həmin tikintinin sökülməsi, ərazinin boşaldılması, tikinti işləri aparan şəxsin qanunsuz əməllərinin qarşısının alınması və qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması üçün tədbirlər görülməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduqlarını, ona cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirərək növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində, 39T X427752; Y4478129 koordinatlarda yerləşən təxminən 0,01 ha torpaq sahəsində Zamin adlı şəxs tərəfindən fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Aktdan görünür ki, əməkdaşlar tərəfindən aparılmış araşdırma zamanı Zamin adlı şəxs tərəfindən tikinti işlərinin aparılmasına dair müvafiq qurumların icazəsi, eləcə də torpaq sahəsinin ayrılmasına dair icarə, istifadə və mülkiyyət hüquqlarını təsdiq edən sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Vətəndaşın istifadə etdiyi torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır. İş materiallarına əlavə edilmiş Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış 09 dekabr 2021-ci il tarixli müraciətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə ayrılmış, daimi istifadəsinə verilmiş sənaye təyinatlı və potensial partlayış təhlükəli torpaq sahəsinin bir hissəsində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağında, 39T427752;4478129 coğrafi koordinatda Zamin adlı şəxs tərəfindən özbaşına tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Qeyd olunun müraciətdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağında, 39T427752;4478129 coğrafi koordinatda Zamin adlı şəxs tərəfindən aparılan özbaşına tikinti işləri ilə bağlı məlumat verilərək, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli, 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında» Əsasnamənin 7, 9.5 və 11.1-ci, habelə 4 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası “Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə X2” Əsasnamənin 3.0.8 və və 3.0.13-cü bəndlərinə əsasən həmin tikilinin sökülməsinə və ərazinin boşaldılmasına köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 20 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tikinti işləri aparılmış torpaq sahəsi Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağında yerləşir. Həmin torpaq sahəsində yerləşən iki otaqlı evin qarşısında bir yaşayış və bir hamam otağı tikilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 2020-ci ildə xalasından Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsində 0,11 ha torpaq sahəsi və içərisində iki otaqlı evi alaraq orada yaşamağa başlamış, 2021-ci ilin sentyabr ayında o, iki otaqlı evinin qarşısında bir otaq və hamam otağı tikmiş, təxminən bir metr divar qaldırdıqdan sonra Socarın işçiləri onun həyətinə gəlib ərazinin Neft Şirkətinin balansında olduğunu bildirib tikintinin dayandırılmasını tələb etmişlər və tikdiyi divarı uçurmuşlar. Bundan sonra, o, bir müddət heç bir iş görməmiş və təxminən dekabr ayında yenə də evinin qarşısında bir metr hündürlüyündə otaq divarı tikdirmiş və yenidən neft şirkətinin bir neçə işçiləri gəlib tikdirdiyi divarı uçurmuşlar. O, yenə bir müddət tikinti işlərini saxlamış və mart ayında yenidən bir otaqlı evin divarını tikdirməyə başlamış və yenə də, bir neçə gün sonra mart ayının 15dən 16-na keçən gecə, təxminən saat 01 radələrinə evdə olduğu zaman həyətdən səs-küy eşitmiş və o, çıxıb Socarın işçilərinin olduğunu görmüşdür. Socarın əməkdaşları yenə də, onun tikdiyi təxminən 2 metr hündürlüyündə olan daş hasarı uçurmağa başlamışlar və tikdiyi bütün hasarı yerə qədər uçurmuşlar, hətta həyətin içində düzdüyü daşları da uçurub yerlə bir etmişlər. Sonradan o, yenidən tikinti-quraşdırma işlərini aparmaqla bu işi başa çatdırmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 14 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1996-cı ildə Tərtər rayonu, Mamırlı kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini hadisə yerinə baxış protokolu və fotoşəkillər, 09 dekabr 2021-ci il tarixli Akt, Xəzər rayonu, Qala Bələdiyyəsinin 21 may 2022-ci il tarixli, 1-1/54 nömrəli məktubu, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı və digər iş materiallarına əsasən özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi» Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 31 avqust 2022-ci il tarixli, 1144 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – ağır hemmoragik şok, zədələnməsi və xaric olunması (splenektomiya) ilə nəticələnmiş qarnın sol yarısının daxilə (boşluğa) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (əlat(ola bilsin bıçaq))təsirindən törənmiş, törənmə müddətləri onun “X3” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 28 avqust 2022-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, özünün sağlamlıq vəziyyətini, atasının onkoloji xəstəlikdən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Tərtər və Bərdə rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat olmaqla, ümumilikdə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Tərtər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Tərtər rayonunun və Bərdə rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Tərtər rayonu, Mamırlı kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-338/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-338/2022
17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver