Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-339/2021 07.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu X1 küçəsi ev 33-də qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Ramana qəsəbəsi Samir Əliyev küçəsi nömrəsiz evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 195/2021 saylı 19 may 2021-ci il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 may 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd qanunsuz olaraq döyüş təyinatlı atəş açmaq üçün yararlı olan 5,45 mm kalibrli olmaqla, “Kalaşnikov” konstruksiyalı, “AK-74” modelli, seriya nömrəsi silinmiş, keçmiş SSRİ-də İjevsk maşınqayırma zavodunda istehsal edilmiş yivli odlu avtomat silah, bir ədəd istifadəyə yararlı, zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45x39 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqça və 26 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1977-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibirli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı olan ştat patronları əlində daşıyaraq saxlamış, bu barədə daxil olmuş məlumat əsasında 17 may 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Alballıq yaşayış massivində yerləşən “Qəbələ” meyvə-tərəvəz mağazasının yaxınlığında piyada hərəkətdə olan zaman Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə dəvət olunmuş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan sintetik torbadan yuxarıda qeyd olunan “Kalaşnikov” konstruksiyalı, “AK-74” modelli, seriya nömrəsi silinmiş, yivli odlu avtomat silah, bir ədəd 30 ədəd 5,45x39 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş sandıqça və 26 ədəd 5,45x39 mm kalibirli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı olan ştat patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2 il öncə Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 400 manata bir ədəd seriya nömrəsi silinmiş “Kalaşnikov” konstruksiyalı avtomat, bir ədəd içərisində 26 ədəd patronu olan sandıqça ilə birlikdə tanımadığı şəxsdən almışdır. Silahı almaqda niyyəti gələcəkdə bir az baha qiymətə satıb gəlir əldə etmək olmuşdur. Həmin silahı şübhə doğurmayan kənar bir ərazidə, yəni Buzovna qəsəbəsi Alballıq massivində yerləşən çirkab suların axdığı yerdə olan köhnə damçanın içərisində, döşəmənin altında ağ rəngli kisəyə bükülmüş şəkildə gizlətmişdir. Əvvələr "xxxx" MMC-də ekspeditor işlədiyindən Alballıq massivi ərazisində yerləşən mağazalarla işləyirmiş və bu səbəbdən də həmin ərazilərə yaxşı bələd olmuşdur. Sonralar işdən çıxmışdır. Son zamanlar maddi vəziyyəti çətin olduğu üçün həmin silahı satmaq qərarına gəlmişdir. Bu səbəbdən də 17 may 2021-ci il tarixdə saat 16 radələrində həmin silahı gizlətdiyi əraziyə gedib silahı qoyduğu vəziyyətdə, yəni ağ rəngli sintetik torbaya bükülü vəziyyətdə oradan götürüb özü ilə gətirdiyi yaşıl sellofana bükərək əlində yaşadığı evə aparmaq niyyətində olmuşdur. Düşünmüşdür ki, sonra tanışlarına soraq edər, həmin silahı satmaq üçün adam tapar. Albalılıq yaşayış massivi ərazisində yerləşən “Qəbələ” meyvə-tərəvəz mağazasının yaxınlığında əlində həmin sintetik torbaya bükülmüş darağı, güllələri ilə birlikdə avtomatı aparan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və onun odlu silahın gəzdirilməyində şübhəli olduğunu bildirmiş, sonra isə onu Xəzər RPİ 2-ci PŞ-nə dəvət etmişlər. O da könüllü olaraq onlarla birlikdə 2-ci PŞ-nin inzibati binasına gəlmişdir. Orada təhqiqatçı Arzuman İsmayılov hüquqlarının müdafiə olunması üçün ona dövlət hesabına 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi təqdim etmişdir. Bundan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Xidməti otaqda polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkilişlə təhqiqatçı üzərində şəxsi axtarış keçirməyə başlamışıdr. Üzərində şəxsi axtarış keçirməmişdən əvvəl hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, əlində saxladığı yaşıl rəngli sellofana bükülmüş ağ rəngli kisənin içərisində olan 01 ədəd seriyası silinmiş “Kalaşnikov” avtomatını, içərisində 26 ədəd patronu olan darağını təqdim etmişdir. Sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa qeyriqanuni əşya aşkar olunmamışdır. Bundan sonra həmin avtomat, darağı və patronları zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Həmin silahı dəfələrlə könüllü aparıb polisə təhvil vermək istəmiş, lakin qorxduğu üçün bunu etməmişdir. İlk dəfə törətdiyi bu əməldən səmimi peşman olmuşdur. Himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Alballıq massivi “Qəbələ” meyvə-tərəvəz mağazasının yaxınlığında qanunsuz olaraq odlu silahın daşınması və saxlanılması ilə məşğul olan “İlham” adlı şəxs barəsində daxil olan əməliyyat məlumatının yoxlanılması və şəxsin ifşa olunması məqsədi ilə tərəflərindən 17 may 2021-ci il tarixdə saat 16 radələrində Polis Şöbəsində əməliyyat qrupu yaradılaraq sözü gedən ünvana yolanmışlar. Bir qədər müşahidələr apardıqdan sonra həmin şəxsin piyada hərəkətdə olduğunu və eləcə də əlində yaşıl rəngli sellofana bükülmüş bükülü olduğunu görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlara məlum olmuşdur ki, həmin şəxs Bakı şəhəri Yasamal rayonu X1 küçəsi ev 33-də qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu Ramana qəsəbəsi Samir Əliyev küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxsdur. Daha sonra Təqsirləndirilən şəxs Xəzər RPİ 2-ci PŞ-nə dəvət etmişlər, o da heç bir etiraz etmədən onlarla birlikdə əlində olan yaşıl rəngli sellofan torba ilə PŞ-nə gəlmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 2-ci PŞ-nin rəisinə müraciət edilmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material 2-ci PŞnin təhqiqatçısı Arzuman İsmayılova həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş Müdafiəçi və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etməyi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində tutduğu yaşıl rəngli sellofanın içərisində olan, ağ və yaşıl rəngli, üzərində yazılar olan kisəyə bükülmüş və qara rəngli izolasiya lenti ilə bağlanmış bir ədəd yazısı pozulmuş avtomatı və içərisində 26 ədəd patron olan sandıqçanı təqdim etmişdir. Həmin avtomatı və patronlarla dolu olan sandıqçanı gördükdə Təqsirləndirilən şəxs onları haradan və hansı məqsədlə əldə etməsini soruşmuşlar. İlham cavab vermişdir ki, həmin avtomatı və içərisində 26 ədəd patronu olan sandıqçanı iki il öncə Sabunçu rayonu ərazisindən tanımadığı, hər hansı anket məlumatlarını bilmədiyi şəxsdən gələcəkdə satıb pul əldə etmək məqsədi ilə 400 manata almışdır. Aşkar olunmuş silah və sursat qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 25 may 2021-ci il tarixli, 011-4824-12-21 №-li məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 5,45 mm kalibirli №-si silinmiş “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomatdan ekspermental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 17 may 2021-ci il tarixli, 011-4508-1221 №-li məktubu ilə Xəzər RPİ-nə göndərilmiş 21/317R №-li rəydən görünür ki: - Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində İjevsk maşınqayırma zavodunda istehsal olunmuş, AK-74 modelli, “Kalaşnikov” konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.; - Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 26 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1977-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: Təqdim edilmiş 26 ədəd 5,45x39 mm kalibrli patrondan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş materiallarından görünür ki, 01 ədəd yivli-odlu AK-74 modelli avtomat silahı, 01 ədəd sandıqça, 23 ədəd 5,45 mm kalibrli patronlar maddi sübut kimi tanınmış və məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan 18 may 2021-ci il tarixli diskə baxış protokolundan görünür ki, təhqiqatçı Arzuman İsmayılov şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş Müdafiəçi və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində tutduğu yaşıl rəngli sellofanın içərisində olan, ağ və yaşıl rəngli, üzərində yazılar olan kisəyə bükülmüş və qara rəngli izolasiya edən lent ilə bağlanmış bir ədəd yazısı pozulmuş avtomatı və içərisində 26 ədəd patron olan sandıqçanı təqdim etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 may 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib saxlama cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli tutulduğu 17 may 2021-ci il tarixdən hesablanmalıdır. Maddi sübut – Xəzər rayon Polis İdarəsində saxlanılan – 01 ədəd yivli-odlu AK-74 modelli avtomat silahı, 01 ədəd sandıqça, 23 ədəd 5,45 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaqda 25 saat və və məhkəmə baxışı zamanı göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu 17 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Xəzər rayon Polis İdarəsində saxlanılan – 01 ədəd yivli-odlu, AK-74 modelli avtomat silahı, 01 ədəd sandıqça, 23 ədəd 5,45 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-339/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-339/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver