Məhkəmə qərarları › İş №1(003)-34/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-34/2022

13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-34/2022 13.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, vəkil X1, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, “Enefcon” şirkətində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs aldadıb oğlu X3 Polis orqanlarına işə düzəldə biləcəyini vəd verərək 10 may 2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən işlədiyi yerdə 2000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Xəzər rayonu, Binə qəsəbəsində işlətdiyi Lombarda görə tanımışdır. Əvvəllər şəxsi qızıl-zinət əşyalarını girov qoymaqla bir neçə dəfə pul götürmüş və vaxtında qaytarmışdır. 2021-ci ilin may ayının ilk on günlüyündə Əhməddən 4 dəfəyə olmaqla ümumilikdə 1780 manat borc pul almış və pulu 2 aya qaytaracağına dair söz vermişdir. Borcun əvəzində girov kimi heç nə qoymamışdır. Əhməddən aldığı borcu dediyi vaxtda qaytara bilmədiyinə görə Əhməd onu Xəzər rayonu, Binə qəsəbəsində yerləşən işlədiyi Lombarda çağırmış və orada vəkili ilə bərabər onu Əhmədin oğlunu işə düzəltməyi adı ilə ondan 2000 manat pul almağını kağıza yazıb imzası ilə təsdiq etməyə məcbur etmişlər. O, da borcunu qaytara bilmədiyinə görə məcbur qalıb onların dediyini yazmış və imzası ilə təsdiq etmişdir. O, Zərərçəkmiş şəxs oğlunu işə düzəltmək adı ilə aldadıb pulunu almamışdır. Pulu tam olaraq qaytaracağını bildirərək məhkəmədən yüngül cəzanın təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yeni sahədə nömrəsiz fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs hadisədən 5 ay əvvəl tanımışdır. Belə ki, Asiman onun işlətdiyi Lombarda qızıl-zinət əşyası qoyaraq pul götürmüşdür. 2021-ci ilin may ayının əvvəllərində Asimanla söhbət edərkən ona oğlu X2 işsiz olduğunu və onu Polisə işə düzəltmək istədiyini bildirmişdir. Asiman bunun üçün 10000 manat pul lazım olduğunu və lazım olsa bir nəfər tanışı vasitəsi ilə həll edə biləcəyini demişdir. Bundan bir neçə gün sonra Asiman onun işlədiyi yerə gələrək həmin şəxslə danışdığını və ilkin olaraq 2000 manat pul lazım olduğunu, qalan 8000 manat pulu isə işə düzələndən sonra alacağını demişdir. O, Asimana inansa da hər ehtimala qarşı oğlunu işə düzəltmək adı ilə ondan 2000 manat pul aldığını, işə düzələndən sonra isə 8000 manat pul alacağını bir kağıza yazıb verməsini istəmişdir. Asiman da, heç bir etiraz etmədən kağıza bu barədə yazmış və ona vermişdir. Bundan sonra o, Asimana 2000 manat pul vermişdir. Asiman pulu alarkən oğlunu işə ən geci 2-3 aya düzəldəcəyini bildirmiş, lakin işi düzəltməyərək ondan qaçmağa başlamışdır. Buna görə də, məcbur olub polisə şikayət etmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, Təqsirləndirilən şəxs cəza təyin edilməsini isə məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs nümayəndəsi, vəkil X4 zərərçəkmiş şəxsin ifadəsinə uyğun, eyni məzmunda ifadə verdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 21 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1985-ci ildə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsinin, iki yetkinlk yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu maddələrin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş axtarışda olanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 20 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 oktyabr 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat olmaqla ümumilikdə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (yüz əlli) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 oktyabr 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani küçəsi 14 saylı evin 3 nömrəli mənzilini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar