Məhkəmə qərarları › İş №1(003)-340/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-340/2020

28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-340/2020 28.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Lerik rayonunun Noda kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Noda kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu yeni yaşayış sahəsi nömrəsiz fərdi tikilidə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09fevral 2020-ci iltarixdə saat 16:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz E200D minik” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu “Kənd yolu” adlanan yolda hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, sürücü Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-21063” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində ehtiyatsızlıqdan “VAZ-21063” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 döş qəfəsinin, sağ dizin sıyrıqları, sağ baldırın əzilmiş yarası, sol sirkə kassasının arxa divarının qopma xarakterli sınığı kimi xarakterizə edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına AZ AĞİR dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, Zərərçəkmiş şəxs1 əmlakı olan “VAZ-21063” markalı,**-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat, X2 əmlakı olan “Mercedes-Benz E200D minik”markalı**-KX- ***dövlət qeydiyyat nişanlı avtomobilə 1500 manat maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində etibarnamə ilə idarə etdiyi “Mercedes E Class” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə qəsəbəsi istiqamətindən su kanalının kənarı ilə Binə qəsəbəsi Südçülük yaşayış sahəsi istiqamətində iki istiqamətli, bir-birindən qırıq xətlərlə ayrılan yol ilə saat 50 km sürətlə hərəkətdə olduğu zaman təxminən 4-5 metr qarşıda yolun sol istiqamətində olan fərdi yaşayış evlərinin arasından “VAZ- 2106” markalı avtomobilin sürətlə yola çıxdığını görmüşdür. “VAZ-2106” markalı avtomobil yola çıxan kimi yolda, Binə qəsəbəsi istiqamətində sağa dönmək istəyən zaman sürüşüb onun avtomobil ilə hərəkətdə olduğu istiqamətdə olan zolağa daxil olmuşdur. Həmin vaxt əyləci sıxaraq qarşıdan gələn avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtomobili sağ tərəfə döndərmiş, bu zaman idarə etdiyi avtomobilin arxa sağ tərəf təkəri orada olan dəmir boruya dəymiş və o, idarə etməni itirdiyi üçün avtomobili hərəkətdə olduğu zolağa daxil olan “VAZ-2106” markalı avtomobilin qabaq sol qanadına çırpılmışdır. Bundan sonra avtomobillər sürüşərək dayanmışlar. Hadisədən sonra o, xəsarət aldığı üçün xəstəxanaya getmişdir. İdarə etdiyi avtomobil X3 məxsusdur və avtomobilin əzilməsi nəticəsində maddi ziyan M.R.Alıyevə dəymişdir. Ehtiyatsızlıqdan ilk dəfə törətdiyi bu əməldən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş maddi ziyanı tamamilə ödəmişdir və onların ondan heç bir şikayətləri və ya digər tələbləri yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan üç uşağı vardır. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmasa da, bəzən qəsəbə daxili yollarda özünə məxsus olan “VAZ-21063 minik” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx xxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində özünə məxsus olan həmin avtomobillə Binə qəsəbəsi Südçülük sovxozu istiqamətindən “Su kanalı” kənarı ilə Binə qəsəbəsi istiqamətində iki istiqamətli, istiqamətləri qırıq-qırıq xətlər ayıran yolda saatda 50 km sürətlə hərəkətdə olan zaman təxminən 100 metr qarşıdan, əks istiqamətdən yüksək sürətlə hərəkətdə olan “Mercedes-Benz E200D minik” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sulu olduğundan sürüşdüyünü görüb idarə etdiyi avtomobilin sürətini azaldan zaman həmin avtomobil yenidən yolda sürüşərək onun avtomobili ilə hərəkətdə olduğu zolağa çıxaraq idarə etdiyi avtomobilin qabaq sol qanadına çırpılmışdır. Onun idarə etdiyi avtomobil zərbənin təsirindən sağ tərəfdə olan divara sıxılmış və hər iki avtomobil dayanmışdır. O, hadisə nəticəsində xəsarət almış və bundan sonra polisə və həkimə müraciət etmişdir. Həmin avtomobili X1 xx xxxxxx 2020-ci il tarixdə 5000 manata almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə 5000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, sözügedən hadisə baş verdikdən sonra avtomobili yararsız hala düşdüyünə görə o, avtomobilini metal qəbulu yerinə satmışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən, o, onunla barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X6 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən xx xxxxxx 2020-ci il tarixdə ona zəng edərək idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Özbəyin idarə edərək yolnəqliyyat hadisəsi törətdiyi “Mercedes E Class” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobilə dair Özbəyin yalnız avtomobili idarə etmək hüququ vardır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə görə ona 1500 manat maddi ziyan dəymişdir. Hazırda Özbək ona dəymiş maddi ziyanı tamamilə ödədiyindən, o, onunla barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmişməhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 134 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin, sağ dizin sıyrıqları, sağ baldırın əzilmiş yarası, sol sirkə kasasının arxa divarının arxa divarının qopma xarakterli sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı X4 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmişməhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 4046 saylı rəyindən görünür ki, 1. “Mercedes-Benz” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. “VAZ-2106” markal, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Variantlardan asılı olmayaraq sürücü Zərərçəkmiş şəxs1 “VAZ- 2106” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,00 (bir yüz doqquz) manatdır. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, 016-33709-1220 saylı məktubundan görünür ki, DİN Baş Dövlət X9 Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxxxxx 2010-cu il tarixdə AB 588633 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi faktı tam sübuta yetirildi. İş materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X5 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlarla barışaraq dəymiş maddi ziyanı tamamilə ödəmişdir, halhazırda onların ondan heç bir şikayətləri yoxdur və gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsin barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilməsinə razılığını, təqsirləndirilən şəxsin ehtiyatsızlıqdan ilk dəfə törətdiyi əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,00 (bir yüz doqquz) manat Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaqda 10 saat və və məhkəmə baxışı zamanı göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X5 ilə barışdığına və onlara dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onunbarəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,00 (bir yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar