Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-340/2022 03.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirli bilinərək 260 saat ictimai işlər cəzasına məhkum edilmiş və 25 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.9-cu bəndinə əsasən cəzadan azad edilmiş, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Aydın Xələfov küçəsi ev 50-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 223/2022 saylı 11 may 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 may 2022-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı X1 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 12 aprel 2022-ci il tarixdə təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanın həyətinə qanunsuz daxil olaraq evin plastik pəncərəsini özündə olan dəmir parçası ilə açmış və qonaq otağının divarına bərkidilmiş sonuncuya məxsus 01 ədəd 450 manat qiymətində “Samsung” markalı, UE43N5300AU modelli televizoru və 01 ədəd 70 manat qiymətində “W-026” markalı smart qol saatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 520 (beş yüz iyirmi) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.212 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Buzovna qəsəbəsi Aydın Xələfov küçəsi ev 50-də qeydiyyatda olsa da, faktiki olaraq Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi nömrəsiz fərdi evdə kirayədə tək yaşayır. 2010-cu ildə ailə həyatı qurmuş, 2019-cu ildə rəsmi olaraq ayrılmış və 1 azyaşlı övladı vardır. Hal-hazırda fərdi əməklə məşğul olmaqla fəhləlik edir. Bu oğurluq cinayətini o, Şükür adlı şəxslə birlikdə törətmişdir. Şükürlə o, Buzovna qəsəbəsi sakini kimi tanış olmuş və 10 ildir ki, münasibətləri vardır. 12 aprel 2022-ci il tarixdə səhər saatlarında o, Şükürlə hal-əhval tutmaq üçün onun yaşadığı Buzovna qəsəbəsindəki evinə getmiş, evdə olan zaman Şükür ona bildirmişdir ki, kasıbçılıqdan əziyyət çəkir və xalasının evindən oğurluq etmək fikrindədir. Həmçinin Şükür bildirmişdir ki, xalası hər gün tezdən evdən çıxır və axşam saat 18:00-da evə qayıdır. Həmin ərəfədə evdə olan televizoru oğurlayaraq satmaq olar. Onun həmin ərəfədə işi olmadığından və pulsuzluqdan əziyyət çəkdiyindən, Şükürlə razılaşmış, həmin gün saat 15 radələrində Şükürün xalasının yaşadığı Buzovna qəsəbəsində yerləşən evinin qarşısına getdikdən sonra o, daş hasardan həyətə keçmiş və həyətin dəmir davazasını açmış, Şükür də darvazadan içəriyə keçmişdir. Bundan sonra Şükür həyətdən dəmir parçası götürərək ona vermiş və o, evin qonaq otağına açılan pəncərəsini həmin dəmir parçası ilə sıxıb açaraq içəriyə daxil olmuş, Şükür də onun arxasınca içəriyə daxil olmuşdur. O, Şükürlə birlikdə həmin qonaq otağında olan televizoru götürərək əvvəlcə həyətə düşürmüşlər, daha sonra dəmir darvazadan televizoru küçəyə çıxararaq darvazanı arxadan bağlamış və hasardan küçəyə keçmişdir. Bundan sonra təxminən 200 metr məsafədə yola qədər getmiş və yoldan təsadüfi markasını və nömrəsini xatırlamadığı taksi saxlayaraq “Neftçilər” metrostansiyasının yaxınlığına getmişlər. Orada Şükürün göstərdiyi lombarda girmişlər və televizoru lombarda qoyaraq pul götürmək istədiyini bildirmişdir. Bundan sonra o öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və 250 manat müqabilində televizoru lombarda qoymuşdur. Lombardda olarkən o televizorun özünə məxsus olduğunu bildirmişdir. Əldə etdikləri 250 manat pulun 125 manatını o götürmüş, 125 manatını isə Şükürə vermişdir. Bundan sonra o, yaşadığı evə getmiş və Şükürlə əlaqə saxlamamışdır. O, Şükürlə birlikdə olan zaman evdən 01 ədəd televizor götürmüş, 01 ədəd qadın qol saatını isə görməmişdir. Ola bilsin ki, qol saatını Şükür götürmüş və bu barədə ona bildirməmişdir. Törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir və zərərçəkmiş şəxsin hazırda ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bunun nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, onun Buzovna qəsəbəsi ünvan 2 ünvanında fərdi yaşayış evi vardır və həmin evdə ailəsi ilə birlikdə yaşayır. 1998-ci ildən etibarən DİN-nin Polis Akademiyasında operator vəzifəsində işləyir və polis baş serjantıdır. 12 aprel 2022-ci il tarixdə işə getmək üçün saat 08:45-də evin qapı və pəncərəsini bağlayıb həyat yoldaşı ilə birlikdə çıxmışdır. Həmin gün saat 18:45-də evə qayıdıb həyətə girmiş və evin zal otağının pəncərəsinin açıq olduğunu görmüş, evə daxil olduğunda isə görmüşdür ki, zalda divarda olan 01 ədəd 900 manat dəyərində "Samsung" markalı 108 diaqonallı televizor və həmin otaqda masanın üzərində olan ona məxsus 01 ədəd 70 manat dəyərində "w-026" markalı, smart qol saatı oğurlanmışdır. Evin digər otaqlarına baxmış, heç bir yerin dağıdılmadığını gördükdə DİN “102” zəng mərkəzinə məlumat vermişdir. Oğurluq nəticəsində ona 970 manat maddi ziyan dəymişdir. Hazırda həmin ziyan ona tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, 2022-ci ilin mart ayının 1-dən Bakı şəhəri Nizami rayonu Qara Qarayev 74 üvanında yerləşən lombardı fərdi qaydada işlədir. 12 aprel 2022-ci il tarixdə təxminən saat 18 radələrində işlədiyi ünvana bir nəfər şəxs gələrək özünə məxsus televizoru lombarda girov qoyaraq pul götürmək istədiyini bildirmişdir. O, həmin televizora baxmış və 250 manat məbləğində pul verə biləcəyini bildirmişdir. Aylıq isə həmin 250 manat müqabilində həmin şəxs 50 manat pul ödəyəcəkdi. Bundan sonra o, həmin şəxsin şəxsiyyət vəsiqəsinin kserosurətini götürmüş və təqdim etdiyi “Samsung” markalı televizora görə ona 250 manat pul vermişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini, qeydiyyat aparılmış kitabçanın kserosurətini və həmin televizoru təqdim etmişdir. Həmin şəxs televizorun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün girov qayduğunu bildirmişdir. Girov tabeli yazılmış və bir nüsxəsi həmin Təqsirləndirilən şəxs vermiş, bir nüsxəsi isə onda qalmışdır. Lakin, həmin girov tabelini ehtiyac olmadığından, o, saxlamamışdır. Həmin vaxt ona şəxsiyyət vəsiqəsinin surətini təqdim edən Təqsirləndirilən şəxs tək olmuşdur. Küçədə isə onu digər şəxsin gözləyib-gözləməməyindən xəbəri olmamışdır. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 may 2022-ci il il tarixli 9/3586 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Rusiya Federasiyası istehsalı, “Samsung” markalı, UE43N5300AU modelli televizorun istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 450,00 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd Rusiya Federasiyası istehsalı, “Samsung” markalı, UE43N5300AU modelli televizor maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 06 iyul 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır, ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 26 may 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirli bilinərək 260 saat ictimai işlər cəzasına məhkum edilmiş və 25 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.9-cu bəndinə əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsə məxsus 01 ədəd qadın qol saatını görməməsi və onu götürməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 09 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş - 01 ədəd Rusiya Federasiyası istehsalı, “Samsung” markalı, UE43N5300AU modelli televizorun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 120,00 (bir yüz iyirmi) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 09 may 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş - 01 ədəd Rusiya Federasiyası istehsalı, “Samsung” markalı, UE43N5300AU modelli televizorun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 120,00 (bir yüz iyirmi) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-340/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-340/2022
03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver