Məhkəmə qərarları › İş №1(003)-341/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-341/2022

01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-341/2022 01.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi xalis çəkisi - 0,586 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə daşıyaraq üzərində saxlamışdır. 12 may 2022-ci il tarixdə, saat 15:00-da Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yaşadığı evin yaxınlığında saxlanılaraq 2-ci Polis şöbəsinə dəvət olunmuşdur. Orada Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümdə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2-3 il olar ki, narkotik vasitə heroindən istifadə edir. 12 may 2022-ci il tarixdə Hövsan qəsəbəsində tanımadığı şəxsdən 15 manat pula şəxsi istifadəsi üçün 1 büküm heroin almışdır. Həmin günü saat 15 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, L.Bədirbəyli küçəsi 1A saylı evin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün 2-ci Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində video çəkilişlə üzərinə axtarış keçirilməmişdən əvvəl üzərində gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. O, üzərində olan 1 büküm heroini çıxardıb təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Saxlanılarkən və yüzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 2-ci Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 may 2022-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində sahə rəisi Şahid2 ilə birlikdə xidmət apararkən L.Bədirbəyli küçəsində yerləşən 1A saylı evin yaxınlığında bir nəfər onları görən kimi özünü şübhəli apardığından ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünün Təqsirləndirilən şəxs olduğunu və narkotik vasitə istifadəçisi olduğunu bildirdikdənsonra onu 2-ci Polis şöbəsinə dəvət etmişlər. Şöbədə şəxsi axtarış aparılmamışdan əvvəl videoçəkilişlə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərində saxlanılması və daşınması qadağan edilmiş maddə və ya əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin şəffaf sellofanına bükülünü təqdim edərək içində narkotik vasitə heroin olduğunu və Hövsan qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin sahə rəisi Şahid2 istintaq zamanı Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 13 may 2022-ci il tarixli, 6/2758 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №193» dairəvi möhür əksləri olan, «...Şübhəli şəxs: … Təqsirləndirilən şəxs ...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,586 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına heroindən 0,050 qram sərf edildikdən sonra 0,536 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 27 may 2022-ci il tarixli, 2811 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 12 may 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və həmin protokota əlavə edilmiş 01 ədəd DVD diskə baxış protokolundan görünür ki, Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1, 2-ci PŞ-nin sahə rəisi Şahid2, Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı Cavid Ağayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən siqaretin şəffaf sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümü təqdim edərək narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün 12 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı İlqar İsmayılov tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin zərflər üçün 193 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Video çəkiliş Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə rəisi Şahid2 oğlu tərəfindən aparılmışdır. Video görüntü 01 dəqiqə 35 saniyə davam etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 25 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs - 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 27 sentyabr 2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. 2) Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin İstintaq şöbəsi tərəfindən 25 may 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. 3) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 7 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixdə qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, cəzasının qalan hissəsini çəkib qurtardığından azad edilmişdir. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndində qeyd edilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından azad edildiyindən onun üzərindən məhkumluq götürülmüşdür və onun hazırki əməli cinayətin residivini yaratmır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər də, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə iki dəfə məhkum olunmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 12 may 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 may 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Neman Şirinovun 11 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,536 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,536 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunmalı və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 7 (yeddi) saat 30 (otuz) dəqiqə olmaqla ümumilikdə 22 (iyirmi iki) saat 30 (otuz) dəqiqə vaxt sərf etmişdir. Ona görə də, 135 (yüz otuz beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından vəkilə ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasının əvvəli 12 may 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertizadan sonrakı qalığı 0,536 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 135 (yüz otuz beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar