Məhkəmə qərarları › İş №1(003)-342/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-342/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-342/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Cəlilli Təbriz Oruc oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X3, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında 06 mart 1993-cü ildə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, natamam orta təhsilli, məhkum olunmamış, işsiz, evli, Pakistan İslam Respublikasının Sargodha şəhərində pasport qeydiyyatında olan, 10 aprel 2025-ci il tarixdə tutulmuş, 11 aprel 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bilə-bilə saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən qanunsuz olaraq keçməyə cəhd etmişdir. Belə ki, o, özünün Pakistan İslam Respublikasına məxsus ümumvətəndaş pasportunun etibarlılıq müddəti başa çatdığından Azərbaycan Respublikasında yaşamaq və işləmək məqsədilə gəlmək üçün pasportun məlumat səhifəsinə özünün anket məlumatları və öz fotoşəkli daxil edilməklə istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış Pakistan İslam Respublikasına məxsus BA9828204 nömrəli pasportu qəsdən, qanunsuz olaraq əldə edib, 10 aprel 2025ci il tarixdə GF0081 nömrəli “Bəhreyn-Bakı” aviareysi ilə Bəhreyn Krallığından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “X16 Hava Limanı”nın sərhəd nəzarəti məntəqəsinə gəlib, həmin gün, saat 14:15-də qeyd olunan pasportdan saxta olduğunu bilə-bilə qəsdən istifadə edərək sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Bəhreyn Krallığından Azərbaycan Respublikasına keçməyə cəhd etmiş, onun təqdim etdiyi Pakistan İslam Respublikasına məxsus BA9828204 nömrəli pasportu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən yoxlanıldıqda həmin pasportda müdafiə elementlərinin olmaması müəyyən edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Bakı şəhərinə biznes qurmaq məqsədi ilə gəlmiş, adına rəsmiləşdirilmiş BA9828203 nömrəli pasportun etibarlıq müddəti 2022-ci ildə başa çatdığından özünə yeni pasport almaq üçün X12 şəhərində olan Pakistan İslam Respublikası Səfirliyinə müraciət etmiş və pasportun tez bir zamanda alınması məqsədi ilə 700 (yeddi yüz) ABŞ dolları məbləğində rəsmi qaydada rüsum ödəmişdir. X6 Məskət şəhərində olan Pakistan İslam Respublikası Səfirliyindən rəsmi qaydada almış və bu sənədin saxta olması barədə nəinki məlumatı olmamış, hətta qeyd edilən pasportla bir neçə ölkələrin sərhəddini keçmiş, otellardə rezervasiya etmiş və sair rəsmi yerlərdə bu pasportu təqdim etmişdir. Bilə-bilə saxta sənəddən istifadə etməmiş, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq keçmək fikrində olmamışdır. Saxlanılan zaman, yaxud saxlanıldıqdan sonra onu döyüb incidən, təhqir edən, fiziki yaxud psixoloji təzyiq edən olmasa da, istintaq zamanı tərcüməçini düzgün anlamadığına görə səhvən bildirmişdir ki, guya X7 İslam Respublikası Səfirliyinə müraciət etdikdə səfirlikdə heç bir səbəb göstərmədən ona yeni pasport verməkdən imtina etmişlər buna görə də səfirliyinin yanında təsadüfən tanış olduğu şəxsdən 700 (yeddi yüz) ABŞ dolları miqdarında pul verməklə pasportu almışdır. Həmçinin qeyd etmişdir ki, özünün və ailəsinin maddi durumu yaxşıdır, buna görə də son vaxtlar Oman Sultanlığında iş tapmaqda çətinlik çəkdiyindən işləmək və qalmaq üçün Azərbaycan Respublikasına gəlmək qərarına gəlməsi barədə onun istintaq zamanı verdiyi ifadəsində qeyd edilənlər yanlışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X16 Aeroportu” X13 baş zabit nəzarətçisi, mayor Şahid2 ifadəsində göstərmişdir ki, 10 aprel 2025-ci il tarixdə, saat 09:00-dan saat 20:00-dək “X16 Hava Limanı” X13 Terminal-1 gəlmə zalında “növbə rəisi” sərhəd naryadı xidmətinə təyin edilmişdir. Xidmətdə olduğu zaman “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin edilmiş baş gizir Şahid1 ona məruzə etmişdir ki, 10 aprel 2025-ci il tarixdə, saat 14:15-də GF0081 saylı “Bəhreyn-Bakı” aviareysi ilə Bəhreyn Krallığından Azərbaycan Respublikasına gələn Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs BA9828204 nömrəli pasportunu dövlət sərhədindən buraxılması üçün rəsmiləşdirmə aparılması məqsədilə təqdim etmiş, həmin vaxt pasportu təqdim edən şəxslə pasportun üzərində olan fotoşəkli eyniləşdirib həmin şəxsin anket məlumatlarını soruşmuş, pasportla müvafiq rəsmiləşdirmə işləri aparan zaman pasportun məlumat səhifəsinin saxta olmasından şübhələnmişdir. Təkrar yoxladıqda pasportun məlumat səhifəsinin saxta olmasını aşkar etmişdir. Baş vermiş hadisə barədə aidiyyəti üzrə məruzə etmiş və Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X16 Aeroportu” X13 nəzarətçisi, baş gizir Şahid1 da, Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi v.m.i.e., polkovnik Ceyhun Nəbiyevin xx.xx.2025-ci il tarixli, 3-38-33/2-16-493/25 nömrəli məktubundan görünür ki, 10 aprel 2025-ci il tarixdə, saat 14:15-də GF0081 saylı “Bəhreyn-Bakı” aviareysi ilə Bəhreyn Krallığından Azərbaycan Respublikasına gələn, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi BA9828204 nömrəli Pakistan İslam Respublikasına məxsus pasport qismən saxta olması səbəbindən Təqsirləndirilən şəxs saxlanılmışdır. 10 aprel 2025-ci il tarixli 1044 nömrəli aktdan görünür ki, 10 aprel 2025-ci il tarixdə, saat 14:15-də GF0081 saylı “Bəhreyn-Bakı” aviareysi ilə Bəhreyn Krallığından Azərbaycan Respublikasına gələn, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi BA9828204 nömrəli Pakistan İslam Respublikasına məxsus pasporta baxış keçirilən zaman həmin pasporta ultrabənövşəyi və infra qırmızı şüa altında baxdıqda heç bir müdafiə elementi olmadığı aşkar olunmuşdur. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində toplanılmış materiallara əlavə edilmiş “İAMAS” çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:15-də BA9828204 nömrəli pasportdan istifadə etməklə dövlət sərhədindən “Giriş” istiqamətində hərəkət etmişdir. DSX-nin ƏABİ-nin daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə qismən saxta pasportla (məlumat səhifəsi dəyişdirilmiş) dövlət sərhədindən hərəkət etmək istəyən zaman saxlanılmışdır. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2025-ci il tarixdə tutlmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin başlanğıcı 10 aprel 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-5/366/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan BA9828204 nömrəli Pakistan İslam Respublikasına məxsus pasportun anket məlumatı olan vərəqi xüsusi mühafizə vasitələri ilə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsilə axıntı çap üsulu ilə hazırlanmışdır. 29 aprel 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş saxta BA9828204 nömrəli Pakistan İslam Respublikasına məxsus pasportu maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, Pakistan İslam Respublikasında özünə iş tapmaqda çətinlik çəkdiyindən təxminən 2021-ci ildən etibarən X12 şəhərində yaşayıb orada işləmişdir. Adına rəsmiləşdirilmiş BA9828203 nömrəli pasportun etibarlıq müddəti 2022-ci ildə başa çatdığından özünə yeni pasport almaq üçün X12 şəhərində olan Pakistan İslam Respublikası Səfirliyinə müraciət etmişdir. Səfirlikdə heç bir səbəb göstərmədən ona yeni pasport verməkdən imtina etmişlər. Həmin vaxt Səfirliyin yaxınlığında əvvəlcədən tanımadığı bir nəfər şəxslə tanış olmuş və aralarında olan söhbət zamanı sonuncuya yeni pasport almaq istədiyini, lakin ona naməlum səbəbdən yeni pasport vermədiklərini demişdir. Həmin şəxs 700 (yeddi yüz) ABŞ dolları müqabilində ona yeni pasport almaqda köməklik edə biləcəyini dedikdə sonuncu ilə razılaşmış və həmin şəxsə 700 (yeddi yüz) ABŞ dolları pulla adına rəsmiləşdirilmiş BA9828203 nömrəli pasportunu vermişdir. Həmin hadisədən təxminən bir ay sonra qeyd olunan şəxs onunla X12 şəhərində görüşüb ona adına rəsmiləşdirilmiş, saxlanıldıqdan sonra isə saxta olduğunu bildiyim BA9828204 nömrəli pasportu təqdim etmişdir. Beləliklə də o, həmin saxta pasport əsasında X12 şəhərində qalıb işləməyə davam etmişdir. Son vaxtlar Oman Sultanlığında iş tapmaqda çətinlik çəkdiyindən işləmək və qalmaq üçün Azərbaycan Respublikasına gəlmək qərarına gəlmiş, bunun üçün də “Məskət-Bəhreyn-Bakı” istiqamətində hərəkət edən aviareysə bilet alıb xx.xx.2025-ci il tarixdə, saat 14 radələrində Bəhreyn Krallığından Azərbaycan Respublikasına gəlmişdir. “X16 Hava Limanı”nda sərhəd nəzarəti şöbəsində sərhəd naryadına təqdim etdiyi BA9828204 nömrəli Pakistan İslam Respublikasına məxsus pasportla müvafiq rəsmiləşdirmə işləri aparılan zaman ona həmin pasportu qismən saxta olduğu bildirilmiş və o, 10 aprel 2025-ci il tarixdə, saat 14 radələrində saxlanılmışdır. Pakistan İslam Respublikasına məxsus qismən saxtalaşdırılmış BA9828204 nömrəli pasportu o, təxminən 2022-ci ildə X12 şəhərində olduğu zaman Səfirliyin yanında təsadüfən tanış olduğu şəxsdən 700 (yeddi yüz) ABŞ dolları miqdarında pul verməklə almışdır. Belə ki, ona Pakistan İslam Respublikası Səfirliyindən naməlum səbəbdən yeni pasport verməmişlər, o da bu barədə həmin şəxslə söhbət edən zaman bildirdikdə sonuncu, ona pasport almaqda kömək edə biləcəyini demiş, o da istənilən miqdarda pulu verdiyindən yeni pasport almaqda köməklik edəcəyini vəd etmiş şəxsin qanuni pasport hazırladığını zənn etmişdir. xx.xx.2025-ci il tarixdə saxlanıldıqdan sonra ona aydın olmuşdur ki, həmin şəxsin ona verdiyi, adına rəsmiləşdirilmiş pasport qismən saxtadır. Həmin pasportu əldə etməkdə hər hansısa bir konkret məqsədi olmamışdır. Sadəcə adına rəsmiləşdirilmiş qanuni pasportun vaxtı bitdiyindən fikirləşmişdir ki, özünə yeni pasport alıb Oman Sultanlığında oturum üçün icazə sənədi əldə etsin. Pakistan İslam Respublikasına məxsus BA9828204 nömrəli pasportun hansı əlamətlərinə görə saxta olmasından məlumatı olmamışdır. Lakin saxlanıldıqdan sonra ona izah olunmuşdur ki, qeyd olunan pasportun məlumat səhifəsində müdafiə elementləri yoxdur. Pakistan İslam Respublikasına məxsus BA9828204 nömrəli, adına rəsmiləşdirilmiş pasportdan istifadə edərək X8 Krallığına getmiş, oradan isə aviareyslə Bakı şəhərinə gəldiyi zaman saxlanılmışdır. Əvvəllər dövlət sərhədini saxta pasportla qanunsuz olaraq keçməmiş, ilk dəfə xx.xx.2025-ci il tarixdə saxta pasportla Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək istəyərkən saxlanılmışdır. Azərbaycan Respublikasına gəlmək istəməkdə məqsədi həm burada qalmaq, həm də işləmək olmuşdur. Pakistan İslam Respublikasında və ya Oman Sultanlığında hər hansısa bir səbəbdən təqib olunmur. X4 İslam Respublikasının Səfirliyindən adına rəsmiləşdirilmiş pasport verilmədiyi halda əvvəllər tanımadığı şəxsin 700 (yeddi yüz) ABŞ dolları qarşılığında pasport əldə edib verməsi onda şübhə yaratmış, həmin şəxsə pasportunu və pulu verdikdən sonra özünün qardaşı elektron sistemdə adına yeni pasport hazırlanıb-hazırlanmadığını maraqlandıqda elektron sistemdə bununla bağlı hansısa bir məlumat aşkar etməmiş, həmin vaxt qeyd olunan şəxsin onu aldada biləcəyini və ya saxta sənəd hazırlaya biləcəyini fikirləşmişdir. Saxlanılan zaman, yaxud saxlanıldıqdan sonra onu döyüb incidən, təhqir edən, fiziki yaxud psixoloji təzyiq edən olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində müdafiəçinin və tərcüməçinin iştirakları ilə vermiş olduğu ifadəsində törətdiyi cinayət əməlini ardıcıllıqla, xırda detallarla elə təsvir etmişdir ki, onun bu ifadəsinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla da üst-üstə düşməklə təsdiq olunur, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkəti protokolları, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlər ayrı-ayrılıqda tədqiq edilməklə belə nəticəyə gəlmək olar ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşıb inandırıcı hesab etməyərək bu ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bilə-bilə saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən qanunsuz olaraq keçməyə cəhd etməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı ekspertiza rəyi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyin tələblərinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz (CM-nin 63.3-cü maddəsi). Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər (CM-nin 52.1-ci maddəsi). “CM-nin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, rəsmi sənəd barəsində və onun üzərində qanunsuz hərəkətlərin edilməsi nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyətinin dəyişməsi, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma kimi qiymətləndirilməlidir. Qeyd olunan qərarın mənasına görə saxta olmasa belə, rəsmi sənəddəki məlumatların qəsdən təhrif olunaraq istifadə edilməsi bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi qiymətləndirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində təqsirləndiyi hər bir maddəyə nisbətdə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən (cinayətlərin məcmusuna az ağır cinayətlər daxildirsə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə qəti cəzanın təyin edilməsini, CM-nin 56.1.2-ci maddəsinə əsasən (qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, CM-nin 52.1-ci maddəsinə əsasən əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, maddi sübut kimi tanınmış BA9828204 nömrəli pasport cinayət işinin mayeriallarında saxlanılmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 29,318.1 maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 10 aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulsun və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Maddi sübut kimi tanınmış BA9828204 nömrəli pasport cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə onun bildiyi dildə tərcümə edilmiş halda verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar