Məhkəmə qərarları › İş №1(003)-343/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-343/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-343/2023 10.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Ucar rayonunun Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuamış, Ucar rayonunun Bərgüşad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi X5 sahəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 15 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında iş yoldaşı – Şahid ilə cinayət əlaqəsinə girərək işlədiklər – Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi X4 sahəsində yerləşən fermada heç kəsin olmamasından istifadə edib fermanın anbarına qanunsuz daxil olaraq dəmir çəlləklərdə olan 1 kiloqramı 0,50 manat olmaqla ümumi dəyəri 2000 manat olmaqla ümumi dəyəri 4000 kiloqram (4 ton) arpa dənini kisələrə yığıb və 1 ədədi 17 manat olmaqla ümumi dəyəri 1700 manat olan 100 ədəd plasmas dibçəyi gizli olaraq talayaraq fermadan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 3700 (üç min yeddi yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 17 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında iş yoldaşı – Şahid ilə cinayət əlaqəsinə girərək işlədiklər – Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi X4 sahəsində yerləşən fermada heç kəsin olmamasından istifadə edib fermanın anbarına qanunsuz daxil olaraq dəmir çəlləklərdə olan 1 kiloqramı 0,50 manat olmaqla ümumi dəyəri 2600 manat olmaqla ümumi dəyəri 5200 kiloqram (5 ton 200 kq) arpa dənini kisələrə yığıb və 1 ədədi 17 manat olmaqla ümumi dəyəri 1700 manat olan 100 ədəd plasmas dibçəyi gizli olaraq talayaraq fermadan uzaqlaşmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 4300 (dörd min üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Şüvəlan qəsəbəsi X6 massivində fəaliyyət göstərən Hacı Nizama məxsus fermada təxminən 5 il gözətçi işləmişdir. 15 sentyabr 2022-ci il tarixdə iş yoldaşı Cavidlə qərara gəlmişlər ki, fermadan arpa oğurlayaraq satıb qazanc əldə etsinlər. Bu məqsədlə Cavid 15 sentyabr 2022-ci il tarixdə saat 23:30 radələrində fermaya getmişdir. Həmin vaxt o, fermada olmuş və Cavidi gözləmişdir. Onlar fermanın saxlanc yeri olan anbarının qarşısında olan, lakin kiliddən bağlanmamış qıfılı yerindən çıxarıb gizlicə anbara daxil olmuşlar. Bundan sonra Cavid fermanın qarajındakı “QAZEL” markalı yük avtomobilini çıxararaq arpa yığılan anbara aparmışdır. Onlar dəmir çəlləklərdə saxlanılan arpanı kisələrə dolduraraq 20 kisə arpanı yük avtomaşınına yükləmişlər. Sonra Cavid arpanı Şüvəlan qəsəbəsi ərazisində boş sahəyə apararaq oraya boşaltmışdır ki, səhər olanda gedib satsınlar. O isə fermada qalıb qapını bağlamışdır. Cavid yenidən maşını aparıb qaraja qoymuşdur. Səhər Cavidlə birlikdə arpa kisələrini tanımadıqları “QAZEL” markalı yük avtomobilinə yükləyərək satmaq üçün Zirə yoluna aparmışlar. Orada tanımadıqları yem dükanına həmin arpanın bir kiloqramını 43 qəpikdən sataraq 850 manat pul əldə etmişlər. Həmin pulun 30 manatını yük avtomaşınının sürücüsünə vermişlər. Qalan pulu isə Cavidlə aralarında bölərək hərəyə 410 manat pul çatmışdır. Onu da bildirir ki, onlar fermaya 2 dəfə yox, 1 dəfə girib oğurluq etmişlər və 20 kisə arpa oğurlayaraq 1 kilosunu 45 qəpiyə satmışlar. Onun dibçəklərdən xəbəri olmamışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş maddi ziyanı könüllü şəkildə tamamilə ödəmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2007-ci ildə etibarən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi X4 sahəsində ferma işlədir. Orada olan əmlakların hamısı onundur və şəxsi hesabından alınmış əmlaklardır. Fermanın ərazisində olan anbarda tonlarla heyvan qidası olan arpa və ağacların saxlanması üçün çoxlu sayda dibçəklər olmuşdur. Həmin əmlaka müəyyən vaxtlarda sayıb nəzarət edirmiş. Fermada Pərviz, onun qardaşı Cavid və İrşad adlı fəhlələr var. 26 sentyabr 2022-ci il tarixdə axşam üstü fermanın anbarında olan dibçəklərə nəzər yetirərkən oradakı bir ədədi 17 manat olan 200 ədəd dibçəyin və bir kiloqramı 0,50 manat olan 10 ton apranın yerində olmamasını və naməlum şəraitdə oğurlanmasını başa düşüb bu barədə dərhal fəhlələrdən soruşsa da, bir şey deyən olmamışdır, daha sonra ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin dibçəkləri və arpanı hissə-hissə olaraq fermada fəhlə işləyən İrşad və Cavid oğurlayıb aparıb satmışlar. Əlavə olaraq onu da qeyd edir ki, Cavidin qardaşı Pərviz uzun ilərdir ki, həmin fermada fəhlə işləyir, lakin onun Cavidlə İrşadın bu əməli törətmələrindən heç bir məlumatı olmamışdır, olmuş olardısa, Pərviz öz növbəsində ona məlumat verərmiş, çünki o, fermada olmadıqda nəzarətin əsas hissəsini Pərvizə tapşırmış. Oğurluq nəticəsində ona ümumilikdə 8500 manat maddi ziyan dəymişdir. Belə ki, həmin 8500 manat pulun 5100 manatı 10 ton 200 kiloqram arpanın puludur, qalan 3400 manatı isə hər biri 17 manat olmaqla 200 ədəd dibçəyin puludur. Həmin əmlakların kokret olaraq nə vaxt və saat neçədə oğurlanması barədə heç bir məlumatı olmamışdır, yalnız bilmişdir ki, həmin əmlaklar 2022-ci ilin may ayından etibarən oğurlanmışdır. O, ilkin təhqiqatda arpanın çəkisini təxmin olaraq 10 ton kimi qeyd etmiş, lakin məlum olduğu kimi, dəyəri 5100 manat olan 10 ton 200 kiloqram heyvan üçün arpa qidası oğurlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilən – Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-196/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Şahid göstərdi ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X6 massivində fəaliyyət göstərən Hacı Nizama məxsus fermada təxminən 19 ildir ki, fəhlə kimi işləyir. Həmin fermada ondan başqa İrşad adlı şəxs də gözətçi fəhlə işləyirmiş. xx.xx.2022-ci il tarixdə iş yoldaşı İrşad ilə qərara gəlmişdir ki, fermadan arpa oğurlayaraq satıb qazanc əldə etsinlər. Onların əsas işi gündüz vaxtı olur, lakin düşünmüşdür ki, fermanın bütün çıxışlarını bilir ki, onlar hardan girsələr görən olmaz. Bu məqsədlə o, xx.xx.2022-ci il tarixdə 23:30 radələrində fermaya getmişdir. Həmin vaxt İrşad fermada onu gözləyirmiş. Onlar fermanın yaxınlığına getmiş və ətrafda kimsənin olmadığından əmin olub fermanin saxlanc yeri olan anbarının qapısında olan lakin kiliddən bağlanmamış qıfılı yerindən çıxarıb gizlincə anbara daxil olmuşlar, bundan sonra kimsənin olmasından əmin olub o, etibarnamə ilə ona etibar edilmiş fermada olan qarajdakı “QAZEL” markalı yük avtomaşınını çıxararaq arpa yığılan anbara gətirmiş və İrşadla birlikdə dəmir çəlləklərdə saxlanılan arpanı kisələrə dolduraraq 20 kisə arpanı yük avtomaşınına yükləmişlər. Sonra o, arpanı Şüvəlan qəsəbəsi ərazisində fəaliyyət göstərən daş karxanasının yaxınlığında boş sahəyə apararaq oraya boşaltmışdır ki, səhər olanda gedib oradan kisələrdə arpanı götürüb aparıb satsınlar. İrşad isə fermada qalıb qapını bağlamışdır. O, kisələrı özü tək aparıb boşaltmış, arpanı boşaltdıqdan sonra avtomaşını fermaya gətirib qarajda saxlamışdır. Səhər saat 08 radələrində o, İrşad ilə birlikdə onun arpanı gizlətdiyi əraziyə gəlmiş. İrşad yoldan tanımadığı “QAZEL” markalı yük avtomaşını sifariş etmiş və arpa kisələrini yük avtomaşınına yükləyərək satmaq üçün Zirə yoluna aparmışdır. Orada tanımadığı yem dükanına həmin arpanın bir kiloqramını 43 qəpikdən satmış və 850 manat pul əldə etmiş. Həmin pulun 30 manatını yük avtomaşınının sürücüsünə vermiş, qalan pulu isə İrşad ilə aralarında bərabər şəkildə bölmüş və hər birinə 410 manat pul çatmışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixdə o, İrşadla yenə də qərara gəlmişdir ki, yenidən anbardan arpa oğurlayıb sataraq qazanc əldə etsin. Həmin gün saat 23:30 radələrində İrşadla yenidən fermaya gəlmiş və eyni qaydada yük avtomaşınını qarajdan çıxarıb anbardan 20 kisə arpanı yük avtomaşınına yükləyib fermadan oğurlasın. O, həmin arpa kisələrini əvvəlki yerə aparıb boşaltmışdır. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində o, yatıb qaldığı üçün İrşad tək gedərək arpa kisələrini tanımadığı və nömrə nişanını bilmədiyi yük avtomaşınına yükləyərək Türkan qəsəbəsi ərazisində yerləşən tanımadığı yem dükanına aparıb kilosunu 43 qəpiyə sataraq yenidən 850 manat pul əldə etmişdir. Həmin pulun 30 manatını yük avtomaşınının sürücüsünə vermiş, qalan 820 manat pulu isə İrşad onunla aralarında bərəbər şəkildə bölmüş, hər birinə 410 manat pul düşmüşdür. Həmin arpaları satdıqlar şəxslər oğurluq olmalarını bilmirmişlər, belə ki, onlar həmin şəxslərə əmlakın özlərinə məxsus olduğunu deyib satırmış, həmin ünvanları təsadüfü tapmış, yerlərini tanımırmış. Həmin dibçəkləri kimin oğurladığını bilmir, qeyd etdiyi kimi onlar yalnız arpa oğurlamışlar. İş materiallarında olan və 19 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış Ərizədən ğörünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyanın tamamilə ödənilmişdir, onunla barışmışdır, ona hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-196/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Şahid Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 12 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində yalnız arpa dəni oğurladığını, heç bir dibçəyi oğurlamamasını və bundan heç bir məlumatının olmamasını göstərmişdir. Lakin onun bu dəlili zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə təkzib olunmuşdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi az ağır cinayəti etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışaraq maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 28 sentyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi X5 sahəsində yerləşən nömrəsiz fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 iş saatına görə 150,00 (yüz əlli) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 5 iş saatına görə 30,00 (otuz) manat olmaqla ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 27 sentyabr 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi X5 sahəsində yerləşən nömrəsiz fərdi ev ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150,00 (yüz əlli) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 30,00 (otuz) manat olmaqla ümumilikdə 180,00 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar