Məhkəmə qərarları › İş №1(003)-346/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-346/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-346/2021 20.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CMnin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydiyyatda olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 yanvar 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılarkən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə 2020-ci ilin sentyabr ayının əvvəllərində həmin vaxt onunla birlikdə Müalicə Müəssisəsində olan, Azərbaycan Respublkası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Rəhimov X16 ilə aralarında yaranmış münasibətlərə görə sonuncunun cinayət işi üzrə zərərçəkmiş şəxslərə maddi ziyan vurduğunu eşidib bu məlumatdan istifadə edərək özünün hüquq-mühafizə orqanlarında yaxın əlaqələrinin olmasını deyərək, zərərçəkmiş şəxslərə ayrı-ayrı pul məbləğlərinin ödənilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərəcəyi adı ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə qərarına gəlmiş, niyyətini həyata keçirmək üçün Şahid1 ona olan inam və etimadından istifadə edərək sonuncuya zərərçəkmiş şəxslərə ödənilməli olan pul məbləğlərinin tanışı Şahid3 adına ödənilməsini bildirmiş, nəticədə 14 sentyabr 2020-ci il tarixdə Şahid1 atası Zərərçəkmiş şəxs yaxın qohumu Şahid2 vasitəsilə 7.000 (yeddi min) manat, 21 sentyabr 2020-ci il tarixdə 3.000 (üç min) manat, 05 oktyabr 2020-ci il tarixdə 4.000 (dörd min) manat, 09 oktyabr 2020-ci il tarixdə 5.000 (beş min) manat, 12 oktyabr 2020-ci il tarixdə 6.000 (altı min) manat, 16 oktyabr 2020-ci il tarixdə 8.000 (səkkiz min) manat pulu Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 520/19 ünvanında yerləşən 3 saylı poçt şöbəsi vasitəsilə, 27 oktyabr 2020-ci il tarixdə X17 vasitəsilə 7.000 (yeddi min) manat və 10 dekabr 2020-ci il tarixdə 4.000 (dörd min) manat, ümumilikdə 44.000 (qırx dörd min) manat məbləğində pulu Bakı şəhəri Xəzər rayonu Albalılıq (Vişnyovka) yaşayış massivi Məmməd Namazov küçəsində yerləşən 93 saylı poçt vasitəsilə Şahid3 adına köçürülmüş və beləliklə də Təqsirləndirilən şəxs vahid niyyətlə qeyd olanan məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər keçmiş MTN-də Maliyyə idarəsində nəzarət-təftiş şöbəsinin rəisi işləmiş, kapitan rütbəsində olmuşdur. 2012-ci ildə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şahid3 ilə 7 saylı Cəzaçəkmə Müəsissəsində tanış olmuş, aralarında səmimi münasibətləri olmuşdur. Rafiq 2017-ci ildə azadlığa çıxandan sonra da əlaqələri davam etmiş, arabir yanına gəlib sovqat gətirmişdir. O, Müalicə Müssəsisində olarkən Şahid1la tanış olmuş, aralarında söhbət zamanı onun dələduzluq cinayəti törətməsinə görə tutulmasını öyrənmiş, Kənan özü ona demişdir ki, aldatdığı zərərçəkmiş şəxslərin pulunu qaytararsa ev dustaqlığına çıxa bilər. Kənanın atası Əhməd Ağanın əvvəllər yaxşı vəzifələrdə işlədiyini də öyrəndikdən sonra fikirləşmişdir ki, Kənanın yaxşı imkanı olar, buna görə də qərara gəlmişdir ki, onu aldatsın və əgər alınarsa onun pulunu ədə keçirsin. Bu məqsədlə söhbətlərinin birində Kənana demişdir ki, “mənim yaxşı əlaqələrim var, mən səni həbsdən ev dustaqlığına çıxarda bilərəm”. Əslində isə niyyəti Kənanı aldatmaq, onun pulunu ələ keçirmək olmuşdur. Buna görə də Kənana demişdir ki, “sən pul tap, mən sənə kömək edəcəm ki, pulu zərərçəkmişlərə verib, səni həbsdən ev dustaqlığına buraxdırım”. Kənana həmçinin demişdir ki, “mənim Gəncə polisində cinayət-axtarış şöbəsində əməliyyatda Rafiq adlı yüksək vəzifədə işləyən tanışım var, onun əli ilə səni buraxdıracam”. Əslində isə Rafiq polisdə işləmir, sadəcə o, Kənanı inandırmaq üçün Rafiqi ona qiyabi olaraq belə təqdim etmiş, Kənan da ona inanmışdır. Rafiqin özünün də bundan məlumatı olmamışdır. Kənana demişdir ki, qohumlarına xəbər eləsin, Rafiqin adına 45.000 manat pul köçürsünlər və onun buraxılmaq məsələsini həll etsin. Bu yolla o, Kənanı aldatmış və ümumilikdə Kənanın atasından və qohumundan 44.000 manat pulu aldadıb öz şəxsi maddi marağı üçün ələ keçirmişdir. Həmin pulları tanışı Rafiqin adına vurdurmuş və ona demişdir ki, “pullar sənə köçürüldükcə özündə saxlayarsan, mən dediyim kimi hərəkət edərsən”. Rafiq də aralarındakı səmimiyyətə görə onunla razılaşmışdır. 2020-ci ilin sentyabr ayının axırlarında o, Rafiqə zəng edib demişdir ki, “yanıma gələrsən və gələndə mənə həmin puldan 20.000 manat gətirərsən”. Rafiq ondan bu qədər məbləğdə pulu istəməsinin səbəbini soruşanda ona içəridə dustaqlara idman paltarları, krasovkalar, yemək-içmək və s. alacağını demiş, Rafiq də razılaşıb onun yanına gəlmiş və 20.000 manat pulu ona gətirmişdir. Rafiq 20.000 manatı ona vermək üçün xatırlamadığı nəzarətçiyə 500 manat vermişdir ki, pulu ona çatdırsınlar. Onlar da həmin pulu ona çatdırmışlar. Aradan bir neçə gün keçmiş yenə də Rafiqə zəng edib demişdir ki, 1.000 manat məbləğində iki ədəd bahalı ətir alıb yanına gəlsin, Rafiq də şəhərdən iki ədəd, hər biri 500 manat olan ətir alıb yenə də Müalicə Müəssisəsinə gətirərək həmin nəzarətçiyə verib ətirləri ona çatdırmışdır. Bundan təxminən iki həftə keçdikdən sonra yenə Rafiqə zəng edərək qızının 1.400 manat məbləğində təhsil haqqını ödəmək lazım olduğunu demiş, Rafiq də onun tapşırığı ilə yoldaşının adına qızı üçün 1.400 manat köçürmüşdür. Aradan təxminən 10-15 gün keçmiş yenə də Rafiqə zəng edərək demişdir ki, yoldaşının mobil telefonu sınıb, ona təzə telefon almaq lazımdır. Rafiq də onun sözü ilə yoldaşı üçün 1.000 manat dəyərində təzə bir telefon alaraq aparıb ona vermiş və bu barədə ona da məlumat vermişdir. Aradan bir müddət keçmiş, təxminən oktyabr-noyabr aylarında o, yenə də Rafiqə zəng edib demişdir ki, “sənə adam adları deyəcəyəm, onların adına dediyim məbləğlərdə pulları köçürərsən”. Rafiq də ona demişdir ki, oldu, nə vaxt lazım olsa deyər. Aradan bir neçə gün keçmiş Rafiqə zəng edib bir neçə adam adı demiş və tapşırmışdır ki, həmin adamların adlarına onun dediyi pulları köçürsün. Rafiq də onun tapşırığı ilə anası Həqiqətin adına 900 manat, səhv etmirsə, Göygöldə olan Ələstan adlı şəxsə 7.500 manat və Talimə adlı bir nəfərin adına isə 1.000 manat köçürmüşdür. Həmin adamlara onun əvvəlcədən köhnə borcları olmuşdur. Rafiq həmin pulları köçürdükcə hər dəfə ona telefonla məlumat vermişdir. Bundan əlavə, X5rkən ona bir dəfə 3.000, bir dəfə 1.500, bir dəfə də 500 manat vermiş, hər dəfə də pulları türməyə verərkən orada olan hazırda xatırlamadağı nəzarətçilərə 100- 200 manat vermişdir ki, həmin pulları ona çatdırsınlar. Sonuncu dəfə isə 9 saylı CÇM-də olarkən özü istədiyi üçün Rafiq ona 6.200 manat vermişdir. Həmin pulu da ona verəndə türmənin nəzarətçisinə əlavə olaraq 300 manat pul vermişdir ki, pulu ona çatdırsınlar. Həmin 6.200 manatı o, türmədə gizlicə “Topaz” oyununa qoyub uduzmuşdur. Beləliklə də o, Kənanı aldadaraq ələ keçirdiyi 44.000 manat pulu öz şəxsi ehtiyaclarına sərf etmiş, lakin Kənanın azadlığa çıxması üçün hər hansı addım atmamış, onun işi ilə ümumiyyətlə maraqlanmamış və heç bir zərərçəkmişə pul ödəməmişdir. Həmin pulları Kənanın qohumlarından almışdır ki, guya onun işində olan zərərçəkmiş şəxslərə ödətdirəcəkdir. Lakin əslində niyyəti Kənana və onun qohumlarına qarşı dələduzluq etmək və pulları ələ keçirmək olmuşdur. Rafiq həmin pulların haradan və hansı məqsədlə onun hesabına ödənilməsini bilməmiş, o, Rafiqə demişdir ki, həmin pulları ona köhnədən borclu olan adamlar göndərir. Rafiq bilməmişdir ki, o, həmin pulları Kənanı aldatmaqla ələ keçirmişdir. Əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağı vardır. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyə və onunla barışa bilməmişdir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, oğlu Şahid1 barəsində 12 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır, hazırda da oğlu Bakı İstintaq Təcridxanasında saxlanılır. Kənan həbsdə olduğu müddətdə dəfələrlə onunla əlaqə saxlayaraq demişdir ki, onun barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilərsə, o, həbsdən ev dustaqlığına buraxıla bilər. Daha sonra Kənan ona demişdir ki, Şahid3 adına 45.000 manat göndərsin, Rafiq həmin pulu onun işində olan zərərçəkmiş şəxslərə ödəyəcəkdir. O da oğlu ilə razılaşaraq 22 oktyabr 2020-ci il tarixdə Xəzər rayonu Albalılıq massivində yerləşən 93 saylı poçtdan Şahid3 adına 7.000 manat köçürmüşdür. Sonuncu dəfə isə 2020-ci ilin dekabr ayının 12-də yenidən Albalılıq massivində yerləşən həmin 93 saylı poçtdan Şahid3 adına 4.000 manat köçürmüş və bu barədə sonradan oğlu Kənana məlumat vermişdir. O, yaşlı adam olduğuna görə hər dəfə poçta gedə bilməmiş, buna görə də qalan 33.000 manat məbləğində pulu ödəməkdən ötrü yaxın qohumu Şahid2 vermişdir və Sevda həmin məbləğdə pulu hissə-hissə yaşadığı Yasamal rayonu ərazisində yerləşən poçtdan Şahid3 adına ödəmişdir. Sevdanın da Rafiqin adına köçürdüyü pullar bütünlüklə ona məxsusdur. Sonradan isə onlara məlum olmuşdur ki, Rafiq və onunla bu işdə əlbir olmuş şəxslər, yəni oğlu X4muş şəxslər Kənanı və onları aldadıb 44.000 manat pulu dələduzluqla ələ keçirmiş və ona maddi ziyan vurmuşlar. Kənanın sözünə görə o, Rafiqin adına pul köçürmüş, lakin Rafiqi əvvəllər tanımamış, şəxsən görməmiş və onunla heç bir münasibəti olmamışdır. Sonradan bir dəfə Rafiqlə telefonla danışmış, danışanda da Rafiq ona demişdir ki, “bəli, pullar mənim adıma köçürülüb, mən də Vüqarın dediyi adama vermişəm”. Lakin Rafiq pulları kimə verməsini ona deməmiş, o da soruşmamışdır, fikirləşmişdir ki, yəqin ki, oğlunun işi ilə bağlı verilmişdir. Belə ki, Kənan ona demişdir ki, onunla birlikdə Müalicə Müəssisəsində olan Təqsirləndirilən şəxs adlı şəxs onun zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın ödənilib azadlığa çıxmasından ötrü ona yaxından köməklik edəcəkdir. Buna görə də o, oğlunun sözü ilə pulu Rafiqin adına köçürmüşdür. Rafiqlə telefonla danışandan sonra o, Vüqar adlı şəxslə də telefonla danışmış, Vüqar ona demişdir ki, “narahat olma, Kənanın ziyanının ödənilməsi və onun türmədən ev dustaqlığına buraxılması üçün köməklik göstərəcəyəm, iş alınmasa, pulu yaxın vaxtlarda qaytaracağam”. Lakin aradan çox müddət keçməsinə baxmayaraq, görmüşdür ki, oğlu buraxılmır və başa düşmüşdür ki, Vüqar onları aldadaraq pulları dələduzluqla ələ keçirmişdir. Buna görə də Kənan şikayət ərizəsi yazmışdır. O da xahiş etmişdir ki, ona məxsus olan xeyli miqdarda pulu ələ keçirmiş Vüqarın Allahverdiyevin barəsində qanuni ölçü götürüb ona vurulmuş maddi ziyanın ödənilməsinə köməklik göstərilsin. Ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir. Dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Rəhimov X16 göstərdi ki, o, 13 avqust 2020-ci il tarixdə Bərdə Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həbs olunmuş və Gəncə şəhər İstintaq Təcridxanasına yerləşdirilmişdir. 05 sentyabr 2020-ci il tarixdə səhhəti ilə əlaqədar olaraq Müalicə Müəssisəsinə köçürülmüşdür. 10 sentyabr 2020-ci il tarixdə orada 9 saylı Cəzaçəkmə müəssisəsindən olan Təqsirləndirilən şəxs, 10 saylı Cəzaçəkmə müəssisəsindən olan Şahid4 və hazırda azadlıqda olan Şahid5 adlı şəxslərlə tanış olmuşlar. Həmin vaxt Şahid4, Şahid5 və Təqsirləndirilən şəxs ona bildirmişlər ki, X10 Seyidov həm xalaoğlu, həm də kirvədirlər. Vüqarın yaxın tanışı və qohumu olan, guya Gəncə şəhərində polis rəisi işləyən Şahid3 onun işi ilə əlaqədar ona köməklik edəcəkdir. Bunun müqabilində qısa müddətdə 7.000 manat pul köçürülməlidir. Həmin vaxt o, xalası qızı Şahid2 ilə danışmış və o, göstərdiyi məbləği Gəncə şəhər Poçtuna Şahid3 adına köçürmüşdür. Bundan sonra Elçinlə Vüqar ona yaxınlaşaraq bildirmişlər ki, ev dustaqlığına çıxmaq üçün zərərçəkmişlərə əlavə olaraq pul ödənilməlidir və bununla da o, Şahid3 adına olan karta 45.000 manat köçürtdürmüşür. Həmin pulları atası Əhməd Ağa və xalası qızı Sevda post vasitəsilə köçürmüşlər. Lakin adlarını çəkdiyi şəxslər verdikləri vədə əməl etməyərək, onu, atasını və xalası qızını aldatmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Rəhimov X16 onun xalası oğludur. Kənan 2020-ci ilin avqust ayından dələduzluq cinayəti əməlinə görə tutulmuşdur, hazırda Bakı İstintaq təcridxanasında saxlanılır. Müalicə müəssisəsində olarkən Kənan ona zəng edərək zərərçəkmiş şəxslərin pulunu ödəmək üçün ondan pul istəmiş və demişdir ki, pulları Şahid3 adına olan hesaba köçürmək lazımdır, Rafiq onun işində olan zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödədikdən sonra onu həbsdən buraxacaqlar. O, Kənanın atası Əhməd Ağa ilə bu barədə danışanda Kənanın atası ona bu barədə məlumatının olmasını demiş və Rafiq adlı şəxsin adına olan hesaba köçürməkdən ötrü ona 34000 (otuz dörd min) manat vermişdir. O da həmin pulu Şahid3 adına olan hesaba hissə-hissə köçürmüş və Kənanın atasına bu barədə məlumat vermişdir. O, Şahid3 tanımır və ümumiyyətlə onunla danışmamışdır. Ondan əlavə, Kənanın atası Əhməd Ağa özü də Şahid3 adına olan hesaba bir dəfə 7.000, bir dəfə isə 4.000 manat köçürmüşdur. Sonradan isə onlara məlum olmuşdur ki, Rafiq və onunla əlbir olmuş digər şəxslər Kənanı və onları aldatmaqla 45.000 manat pulu ələ keçirməklə dəluduzluq etmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2017-ci ildə cəzasını çəkib qurtarmışdır. Cəzasını 7 saylı Cəzaçəkmə Müəssisəsində çəkmiş, orada məhkum Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Vüqar özünü Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı kimi təqdim etmişdir. Müəssisədə olduqları müddətdə Vüqarla aralarında səmimi münasibətlər yaranmışdır. 2017-ci ildə o, cəzasını çəkib qurtarmış, Vüqar isə hələ müəssisədə cəza çəkmişdir. O, həbsdən buraxıldıqdan sonra da Vüqarla əlaqə saxlamış, telefonla danışmışlar. 2020-ci ilin yay aylarında X11 gəlmiş, orada olanda ona demişdir ki, “sənin adına pul vurulacaq, həmin pulları saxla, mən sənə deyəcəm ki, nə etmək lazımdır”. O da Vüqara demişdir ki, “yaxşı, oldu”. Bundan sonra, 2020-ci ilin sentyabr ayının 14-dən 2020-ci ilin dekabr ayının 10-dək olan müddət ərzində onun adına səkkiz dəfəyə ümumilikdə 44.000 min manat köçürülmüşdür. Həmin pulların bir hissəsi Şahid2 Oktay qızı tərəfindən, qalan hissəsi isə Zərərçəkmiş şəxs tərəfindən köçürülmüşdür. Pullar onun adına hissə-hissə köçürüldükcə, o, bu barədə Vüqara məlumat vermişdir. Təxminən 2020-ci ilin sentyabr ayının axırlarında Vüqar ona zəng edərək demişdir ki, “mənim yanıma gələrsən, gələndə mənə 20.000 manat gətirərsən”. O Vüqardan soruşmuşdur ki, “20.000 manat sənin nəyinə lazımdır”, Vüqar da ona demişdir ki, “içəridə dustaqlara idman paltarları, krasovkalar, yemək-içmək və s. alır”. Vüqarın sözü ilə o, 20.000 manat pulu adından çıxarıb özü ilə götürüb Müalicə Müəssisəsinə getmiş və orada hazırda xatırlamadığı bir nəzarətçiyə üstündə 500 manat əlavə pul vermişdir ki, Vüqara çatdırsınlar. Nəzarətçi də ondan 20.500 manatı götürüb demişdir ki, “arxayın ol, pulu çatdıracağam”. Aradan bir neçə gün keçmiş Vüqar yenə də ona zəng edərək demişdir ki, “1.000 manat məbləğində iki ədəd bahalı ətir lazımdır, onları al, gətir mənim yanıma”. O da şəhərdən iki ədəd, hər biri 500 manat olan ətir alıb yenə də Müalicə Müəssisəsinə gətirərək həmin nəzarətçiyə vermiş, üstündə də 50 manat vermişdir ki, onları Vüqara çatdırsınlar. Bundan təxminən iki həftə keçmiş Vüqar ona zəng edərək demişdir ki, onun qızının 1.400 manat məbləğində təhsil haqqını ödəmək lazımdır. O da buna görə Vüqarın tapşırığı ilə onun yoldaşının adına qızı üçün 1.400 manat köçürmüşdür. Aradan təxminən 10-15 gün keçmiş Vüqar bir dəfə də ona zəng edərək demişdir ki, yoldaşının mobil telefonu sınıb, ona təzə telefon almaq lazımdır. O da Vüqarın tapşırığı ilə onun yoldaşı üçün 1.000 manat dəyərində təzə bir telefon alaraq aparıb ona vermiş və bu barədə Vüqarın özünə də məlumat vermişdir. Aradan bir müddət keçmiş, təxminən oktyabr-noyabr aylarında Vüqar ona demişdir ki, “sənə adam adları deyəcəyəm, onların adına dediyim məbləğlərdə pulları köçürərsən”. O da Vüqara demişdir ki, “oldu, nə vaxt lazım olsa, deyərsən”. Aradan bir neçə gün keçmiş Vüqar ona zəng edib bir neçə adam adı demiş və tapşırmışdır ki, həmin adamların adlarına onun dediyi pulları köçür. O da Vüqarın tapşırığı ilə onun anası Həqiqətin adına 900 manat, səhv etmirsə, Göygöldə olan Ələstan adlı şəxsə 7.500 manat və Talimə adlı bir nəfərin adına isə 1.000 manat köçürmüşdür. Pulları köçürdükcə hər dəfə Vüqarın özünə telefonla məlumat vermişdir. Bundan əlavə, Vüqara özünün istədiyi üçün Müalicə Müəssisəsində olarkən ona bir dəfə 3.000, bir dəfə 1.500, bir dəfə də 500 manat vermişdir. Hər dəfə də həmin pulları türməyə verərkən orada olan hazırda xatırlamadağı nəzarətçilərə 100-200 manat pul vermişdir ki, həmin pulları Vüqara çatdırsınlar. Sonuncu dəfə isə Vüqara 9 saylı CÇM-də olarkən özünün istədiyinə görə 6.200 manat vermişdir. Həmin pulu da Vüqara verəndə türmənin hazırda xatırlamadağı nəzarətçisinə əlavə olaraq 300 manat vermişdir. Beləliklə də onun adına Vüqarın tapşırığı ilə cəmi 44.000 manat köçürülmüş, o da həmin pulu Vüqarın özünün şəxsən tapşırığı ilə ifadəsində qeyd etdiyi yerlərə sərf etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Dövlət Gömrük Komitəsində işləyən zaman Azərbaycan Respublikası CM-nin 206 və 311-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə görə həbs olunmuş və 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə Müəssisəsinə getdikdən sonra xəstəliyi ilə əlaqədar olaraq Müalicə Müəssisəsinə köçürülmüşdür. O, orada Natiq, Kənan və Vüqar adlı şəxslərlə tanış olmuş, onlarla yaxın münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs özünü iş görən kimi, əvvəllər MTN-də işlədiyi üçün ətrafında nüfuzlu şəxslərin olduğu kimi göstərmişdir. Onlar birlikdə yemək yeyib qaldıqları üçün bir-birilərinin problemlərini bilmişlər. Həmin ərəfədə Vüqar guya Kənanı ev dustaqlığına buraxdıracağına köməklik edirmiş. O, həmin vaxt Kənanın valideyninin onun ev dustaqlığına buraxılması üçün Vüqarın dediyi şəxsə pul verdiyini eşitmiş, lakin pulun məbləğini bilməmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində o, CÇM-nə köçürülmüş, sonra bilmişdir ki, Vüqar Kənana qarşı dələduzluq edərək 44000 manat pulunu mənimsəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 göstərdi ki, o, 27 sentyabr 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə məhkum olunmuş, bir il cəza çəkərək 2020-ci ilin sentyabr ayında həbsdən azad edilmişdir. O, həbsdə olan zaman xəstəliyi ilə əlaqədar olaraq Müalicə Müəssisəsində 8 ay müalicə almışdır. Orada Təqsirləndirilən şəxs, Rəhimov X16 və Şahid4 Vaqif oğlu ilə tanış olmuş, aralarında normal münasibətlər olmuşdur. Vüqar özünü MTN-nin sabiq əməkdaşı kimi təqdim edərək yaxşı əlaqələrinin olduğunu demiş, lakin onun Vüqarın gördüyü işlərdən, o cümlədən Kənana qarşı dələduzluq niyyətindən məlumatı olmamışdır. 23 sentyabr 2020-ci il tarixdə o, həbsdən azad olunmuş, həmin vaxt ondan sonra baş verənlər barədə məlumatı olmamışdır. Həbsdə olan zaman Vüqarla Kənan, Kənanın işi ilə bağlı söhbət etmişlər, lakin həmin işin sonundan məlumatı olmamışdır. Şahid3 adlı şəxsi tanımır, onu heç vaxt görməmişdir, heç kimdən pul almamış və heç kimə pul verməmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək ona xeyli miqdarda maddi ziyan vurması bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan pul köçürmələrinə baxış keçirilməsi haqqında 06 may 2021ci il tarixli protokoldan görünür ki, həmin sənədlərdən birində üst hissəsində “01 yanvar 2020-ci il tarixdən 10 dekabr 2020-ci il tarixədək Şahid3 adına daxil olan pul köçürmələri” yazısı vardır. Həmin sənəddən görünür ki, 14 sentyabr 2020-ci il tarixdə Şahid2 tərəfindən Şahid3 adına 7.000 manat, 21 sentyabr 2020-ci il tarixdə 3.000 manat, 05 oktyabr 2020-ci il tarixdə 4.000 manat, 09 oktyabr 2020-ci il tarixdə 5.000 manat, 12 oktyabr 2020-ci il tarixdə 6.000 manat, 16 oktyabr 2020-ci il tarixdə 8.000 manat, Zərərçəkmiş şəxs tərəfindən 27 oktyabr 2020-ci il tarixdə 7.000 manat və 10 dekabr 2020-ci il tarixdə 4.000 manat pul ödənilmişdir. Həmin sənədlərdən digərində isə yenə də pul köçürmələrinin olması müşahidə olunur. Sənədin 13-cü sırasında müəyyən olunur ki, 14 sentyabr 2020-ci il tarixdə Şahid3 adından X1 100 manat, 14-cü sırada müəyyən olunur ki, 17 sentyabr 2020-ci il tarixdə Şahid3 adından X1 100 manat, 15-ci sırada müəyyən olunur ki, 09 oktyabr 2020-ci il tarixdə Şahid3 adından X1 200 manat, 16-cı sırada müəyyən olunur ki, 12 oktyabr 2020-ci il tarixdə Şahid3 adından X7 5.000 manat, 17-ci sırada müəyyən olunur ki, 26 oktyabr 2020-ci il tarixdə Şahid3 adından X1 500 manat, 18-ci sırada müəyyən olunur ki, 27 oktyabr 2020-ci il tarixdə Şahid3 adından X7 2.500 manat və 19-cu sırada müəyyən olunur ki, 05 noyabr 2020-ci il tarixdə Şahid3 adından X2 1.000 manat pul ödənilmişdir. Baxışda iştirak edən Şahid3 bildirmişdir ki, qeyd olunan məbləğdə pullar, yəni cəmi 44.000 manat məbləğində pul onun adına sənəddə adları qeyd edilən şəxslər tərəfindən köçürülmüş və o, həmin pulları tanışı Təqsirləndirilən şəxs tapşırığına əsasən sonuncunun ona adlarını dediyi ayrı-ayrı şəxslərin adına köçürmüş, eləcə də həmin 44.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs tapşırığına əsasən ayrı-ayrı vaxtlarda onun dediyi məqsədlərə sərf etmişdir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi haqqında 15 may 2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunacaq ittihamda onun zərərçəkmiş şəxsdən ələ keçirdiyi pulun məbləğinin 45000 manat deyil, 44000 manat olmasının nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Qətimkan tədbirinin seçilməsi haqqında 19 may 2019-cu iul tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və o hazırda həmin cəzanı çəkdiyindən barəsində həbs qətimkan tədbiri seçilməməsi qərara alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 310-cu maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin 18 iyun 2016-cı il tarixli qərarı ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) il 09 (doqquz) ay 07 (yeddi) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə on hökmlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2019-cu il tarixdən hesablanmaqla 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 30 oktyabr 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 06 may 2015-ci il tarixli Qanununun tətbiqi ilə əlaqədar CM-nin 178.2.4-cü maddəsi CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən üzərində qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi məhkəmə iclasında onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işində olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək onun sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (və ya götürülməməsinə) baxmayaraq yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasını rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının 20 oktyabr 2021-ci il tarixə çəkilməmiş qalan 06 (altı) il 02 (iki) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 20 oktyabr 2021-cı il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və o, 15 yanvar 2019-cu il tarixdən həmin cəzanı çəkdiyindən barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən 44000 (qırx dörd min) manat məbləğdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 20 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, eksprtiza xərci yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının 20 oktyabr 2021-ci il tarixə çəkilməmiş qalan 06 (altı) il 02 (iki) ay 25 (iyirmi beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2021-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və o, hazırda həmin cəzanı çəkdiyindən barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar