Məhkəmə qərarları › İş №1(003)-349/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-349/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-349/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən «Eşqin» adlı kafenin yaxınlığında, küçədə Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla qəsdən vuraraq ona sağ göz almasının ağlı qişasının qansızması, hər iki gözətrafı nahiyənin qançırları, burunun əzilmiş yarası, burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burun sümüyünün qəlpəli sınığı ilə nəticələnən həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, 28 noyabr 2022-ci il tarixdə Maştağa qəsəbəsində olarkən təsadüfən Lalə adlı qadınla tanış olmuşdur. O, Lalə ilə bir qədər söhbət etdikdən sonra birlikdə Buzovna qəsəbəsində yerləşən «Eşqin» kafesinə istirahət etmək üçün getməyi qərarlaşdırmışlar. Bundan sonra onlar təxminən saat 22 radələrində Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən «Eşqin» kafesinə getmişlər. O, Laləyə pivə, özünə isə meyvə şirəsi sifariş vermişdir. Onlarla üzbəüz masada sonradan adını bildiyi Ravil adlı şəxs əyləşmişdir. Ravil mütəmadi olaraq Laləyə baxmış, hətta Lalə oynayarkən Ravil də onunla oynamışdır. Bu onun xoşuna gəlmədiyi üçün Ravilə əsəbi halda baxmış və həmin vaxt Ravillə aralarında sözlə mübahisə yaranmışdır. Lakin orada olan şəxslər onları sakitləşdirmişlər. Belə ki, həmin vaxt aralarında sözlə mübahisə yaransa da birbirlərinə xasarət yetirməmişlər. Bir qədər keçmiş Ravil kafedən çölə çıxmış, kafenin qarşısından onu küçəyə çağırmışdır. O, küçəyə Ravilin yanına getmiş və bir qədər kafedən kənarda olduqda Ravil ona qızın kim olduğunu və nə üçün əsəbləşdiyini kinayə ilə soruşmuşdur. Ravilin söhbəti onun xoşuna gəlmədiyi üçün o, Ravilin sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt ora gələn tanmadığı şəxs onları sakitləşdirmiş və ayırmışdır. Daha sonra Ravil çıxıb getmişdir. Etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirdiyi bildirmişdir. Törətdiyi əməli etiraf edir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Qeyd olunanlar nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 28 noyabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən «Eşqin» kafesində istirahət edərək pivə içmişdir. Belə ki, orada yerləşən masalardan birində əyləşmiş, pivə sifariş verərək içmişdir. Kafedə canlı musiqi olduğundan masadan qalxmış və oynamağa başlamışdır. Həmin vaxt tanımadığı bir nəfər qadında onunla oynamağa başlamışdır. Buna görə sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşmış və həmin qızın onun tanışı olduğunu, həmin qızla oynamamağını bildirmişdir. Buna görə aralarında sözlə mübahisə yaranmışdır. Bir qədər keçmiş o, kafedən çölə çıxmış və Zakiri kafedən çölə çağırmışdır. Çöldə olan zaman Zakirlə aralarında yenidən sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Zakir qəflətən yumruqla burnunun üstündən vuraraq xəsarət yetirmişdir. Həmin yerə gələn tanımadığı şəxs onları ayırmış və sakitləşdirmişdir. Bundan sonra o, həmin hadisə ilə bağlı həkimə müraciət etmişdir. Zakiri əvvəlcədən tanımamış, birinci dəfədir ki, həmin kafedə görmüşdür. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamış, ona qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən «Eşqin» kafesini icarə əsasında işlədir. 28 noyabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində kafedə olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs pivə sifariş vermiş və içdikdən sonra kafedə səslənən canlı musiqiyə oynamağa başlamışdır. Həmin vaxt Ravil kafedə olan tanımadığı qadın müştərini oynamağa dəvət etmişdir. Bu səbəbdən həmin qadının yanında əyləşmiş və bu səbəbdən də Zakir adlı müştəri Ravilə etirazını bildirmişdir. O, bunu görmüş Ravil içkili olduğundan onun kafedən çölə çıxmasını xahiş etmişdir. Ravil də ona qulaq asmış və kafedən çölə çıxmışdır. Bir qədər keçmiş Zakir də kafedən çölə çıxmışdır. Sonradan ona məlum olmuşdur ki, Ravillə Zakir çöldə olarkən mübahisə etmişlər və həmin vaxt Zakir yumruqla Ravili vuraraq xəsarət yetirmişdir. Bunu görən, tanımadığı müştərilərdən biri onları sakitləşdirərək ayırmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmətibbi ekspertizasının 29 noyabr 2022-ci il tarixli, 1615 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatlan nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ göz almasının ağlı qişasının qansızması, hər iki gözətrafı nahiyənin qançırları, burunun əzilmiş yarası, burun tənəffüsüsnün pozulması ilə müşayiət olunan burun sümüyünün qəlpəli sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X2" X3 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət baxılması barədə qərardan görünür ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və 02 il 09 ay 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmiş və 01 (bir) il sınaq müddəti müəyyən olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 185.2.2, 177.2.2, 66.3, 67.1-ci maddəsi ilə təqsirli bilinmiş və 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-nin 177.2.2, 185.2.2, 66.2, 67.1-ci maddəsi ilə 05 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə ərizəsi təmin edilməyib, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər 2 dəfə az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vurması faktı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 01 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmiş maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 -cü maddəsi ilə təqsirli bilinsin və ona 03 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 01 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 il 03 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 16 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı (90 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 manat manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar