Məhkəmə qərarları › İş №1(003)-351/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-351/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-351/2020 18.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Bərdə rayonunun Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi ev 41 mənzil 10-da qeydiyyatda olmaqla Bakı şəhəri Şüvəlan qəsəbəsi yeni yaşayış sahəsində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən yaşadığı evin həyətində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı əlində olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə özünə xəsarət yetirmək istəyərkən Zərərçəkmiş şəxs bıçağı onun əlindən almağa çalışmış və bu zaman Təqsirləndirilən şəxs əlində olan bıçaq ətalətdən çıxaraq ehtiyatsızlıqdan zərərçəkən Xəlil İsmayıloun qarın nahiyəsinə bir dəfə batmış, bununla da Təqsirləndirilən şəxs ona nazik bağırsağın, böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının 1 ədəd daxilə (qarın boşluğuna) nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığına ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətini yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs 5 ildən artıq müddətdir ki tanıyır. Belə ki, o, əvvəllər “EUROPİON” Qrup şirkətində tərcüməçi işlədiyi vaxt Xəlil həmin şirkətdə sürücü işləmiş, beləcə münasibətləri yaranmışdır. Sonralar Xəlillə o, qeyri-rəsmi yaşamağa başlamışdır. Xəlil onların ailəsinin şəxsi sürücüsü kimi ailə üzvlərini və onu lazım olan yerlərə taksi kimi aparmışdır. Həmin ərəfələrdə Xəlil ona ailəsinin onu digər bir qızla evləndirmək istədiyini, lakin evlənmək istəmədiyini, onunla yaşamaq istədiyini demiş, o isə Xəlilə öz həyatını qurmalı olduğunu bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə o, Xəlilin həmin qız ilə görüşəcəyini bilmiş və ona zəng vuraraq qızla görüşüb-görüşmədiyini soruşmuşdur. Xəlil ona hələ getmədiyini, axşam tərəfi görüşəcəyini bildirmişdir. O, evdə gözləyə bilməmiş və Mir Mövsüm Ağa ziyarətgahına getmişdir. Bir az keçdikdən sonra o, Xəlilin telefon nömrəsini yığmış, lakin Xəlilə zəng çatmamışdır. 15-20 dəfə yığsa da Xəlilə zəng çatmamış və o, artıq narahat olmuşdur. Saat 18 radələrində Xəlil onu yığmış və o, ona gəlib onu ziyarətgahdan götürməyini demişdir. Bundan sonra ağlayaraq ondan qızın onun xoşuna gəlib-gəlmədiyini soruşmuş və ona ehtiyacı olduğunu bildirmiş, Xəlil isə dostları ilə futbol oynayacağını, buna görə də gəlib onu götürə bilməyəcəyini demişdir. Onlar telefonda bir-birləri ilə savaşmışlar. Bundan sonra o, evə qayıtmış və Xəlilin evlənəcəyi qızın qohumu olan Nəsimi adlı şəxsə zəng vuraraq Xəlilin onunla münasibəti olduğunu bildirmişdir. Həmin gün axşam saat təxminən 20 radələrində evinin mətbəxində çörək doğradığı zaman Xəlilin evin darvazasından həyətə keçdiyini görüb əlindəki mətbəx bıçağı ilə onun qabağına çıxmışdır. Xəlil onun üstünə gəlib onu söyərək nə üçün nişanlanacağı qızın qohumu olan Nəsimiyə zəng vurduğunu soruşmuşdur. O, ona onun hərəkətlərindən artıq bezdiyini demiş və əlində olan bıçaqla özünü vuracağını bildirmişdir. Xəlil onun üzərinə gələrkən o, əlindəki bıçaqla özünü vurmaq istədikdə Xəlil onun əlindən tutaraq bıçağı almaq istəmişdir. Onlar dartışan zaman əlindəki bıçaq ətalərdən çıxmış və təsadüfən Xəlilin qarın nahiyəsindən bir dəfə girmişdir. Xəlilin ölməyindən qorxub dərhal təcili tibbi yardıma zəng vurmuş, lakin düşə bilməmişdir. Həmin vaxt oğlu Elgün hazırlıqdan evə qayıtmış və həyətdə yaralı vəziyyətdə olan Xəlili görmüşdür. O, Elgünə tez gedib taksi çağırmağını demiş, Elgün də tez gedib taksi çağırmışdır. Xəlilin maşını onların küçəsində qalmış və onlar taksi ilə Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya getmişlər, oradan isə onları 3 saylı Şəhər Kliniki Xəstəxanasına göndərmişlər. Ehtiyatsızlıqdan ilk dəfə törətdiyi bu əməldən peşman olaraq Xəlil ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Xəlilin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Yetkinlik yaşına çatmayan iki uşaq anasıdır. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsində tanımadığı kənar şəxs barədə bıçaqlandığını göstərsə də, sonradan həqiqəti söyləmiş və hazırkı məhkəmə iclasında da bir daha bildirir ki, onu qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi mübahisə zəminində yaşadığı Xəzər rayonu Şüvəlan qəsəbəsi yeni sahədə yerləşən evin həyətində ehtiyatsızlıqdan bıçaqla bir dəfə vuraraq xəsarət yetirmişdir. Belə ki, o, ailəsinin istəyi ilə başqa bir qızla nişanlanacağından, Lamiyə onu qısqanmağa başlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə o, həmin qızla görüşməli imiş və bundan Lamiyənin xəbəri olmuşdur. Onun mobil telefonu həmin gün sönmüş vəziyyətdə olduğundan, Lamiyə ona dəfələrlə zəng etməsinə baxmayaraq, onunla əlaqə saxlaya bilməmiş və bundan narahat olmuşdur. Həmin gün təxminən saat 18 radələrində o, mobil telefonunu işlək vəziyyətə salmış və bir qədər sonra nişanlanacağı qızın qohumu olan Nəsimi ona zəng vuraraq Lamiyə adlı qadının ona zəng vurub onunla münasibətdə olduğunu bildirdiyini demiş və bunun nə məsələ olduğunu ondan soruşmuşdur. O isə ona Lamiyənin yalan danışdığını deyərək sağollaşmışdır. Lamiyənin Nəsimiyə zəng vurmağından əsəbiləşib ona zəng vurmuş və onlar telefonda mübahisə edərək bir-birilərini təhqir etmişlər. O, Lamiyənin ailə üzvlərinə zəng vuraraq onun ailəsini dağıtmaq istədiyini bildirəcəyini demişdir. Lamiyə isə onun ailəsinə zəng vurub onunla yaşadığını deyəcəyini bildirmiş və onlar danışığı bitirmişlər. Bundan sonra o, əsəbi halda Lamiyənin yaşadığı evə getmişdir. Təxminən saat 20 radələrində oraya çataraq həyətə daxil olduqda Lamiyə mətbəxin pəncərəsindən onun həyətə keçdiyini görüb əlində bıçaqla qarşısına çıxıb telefonda olan danışıqları ilə bağlı uca səslə ona iradını bildirmiş və onu söyüb təhqir etmişdir. Lamiyədən nə üçün Nəsimiyə zəng vurduğunu soruşduqda o, özünü əlindəki bıçaqla vuracağını deyib bıçağı özünə tərəf aparmışdır. O, onun əlindən bıçağı almaq istəyərkən onlar dartışmışlar və həmin vaxt Lamiyənin əlindəki bıçaq təsadüfən onun qarın nahiyəsindən bir dəfə girmiş, hər ikisi bundan özünü itirmişdir. Lamiyə təcili tibbi yardım çağırmaq üçün zəng etmiş, lakin əlaqə yarada bilməmişdir. Həmin vaxt Lamiyənin oğlu Elgün evə gəlmiş və onun xəsarət aldığını görmüşdür. Elgünə kim tərəfindən və necə xəsarət almağı barədə heç nə deməmişlər, Elgün onların istəyi ilə taksi çağırmış və onlar həmin taksi ilə 3 saylı ŞKX-na getmişlər. O, əməliyyata girməmişdən qabaq Lamiyəyə demişdir ki, soruşan olsa, onun kim tərəfindən bıçaqlanmağı ilə bağlı heç nə bilmədiyini desin. Bundan sonra o, əməliyyata girmiş və əməliyyatdan çıxdıqdan sonra hadisə ilə bağlı ifadəsi alınarkən Lamiyənin cinayət məsulliyyətinə cəlb olunmaması məqsədi ilə yalan danışıb tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Lamiyə ilə ər-arvad münasibətində olduğu üçün, onun onkoloji xəstəlikdən əziyyət çəkdiyini, himayəsində 12 yaşlı qızının və 16 yaşlı oğlunun olmasını nəzərə alıb onun tutulmamasından ötrü yalan ifadə verərək Lamiyə tərəfindən vurulduğunu bildirməmişdir. Sonradan Lamiyə ehtiyatsızlıqdan onu bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Lakin Lamiyə vəkili ilə təklikdə söhbət etdikdən sonra vəkili ona ağır maddə ilə ittiham olunduğunu bildirmiş və Lamiyə bundan sonra istintaqa onu vurmadığını bildirmişdir. O da eyni ilə Lamiyənin məsuliyyətə cəlb olunmağını istəmədiyindən başqa şəxs tərəfindən vurulduğunu bildirmişdir. Lakin sonradan xəsarət almağı ilə bağlı polisdə aparılan araşdırmanın uzanması nəticəsində və gələcəkdə nə qədər ki, bu iş bağlanmayıb, başının ağrıyacağını, quracağı ailəyə mənfi təsirlər göstərəcəyini fikirləşərək qərara almışdır ki düzünü danışsın və hazırda hadisə necə baş veribsə, o cür də danışaraq heç bir təzyiq göstərilmədən sərbəst ifadə vermişdir. O, bu günə kimi hadisə barədə heç kimə heç nə deməmişdir. Odur ki, bu barədə Lamiyədən və ondan başqa heç kimin məlumatı olmamışdır. Hazırda Lamiyə ilə barışmışdır, Lamiyə ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Lamiyə barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Zərərçəkmiş şəxs 5 ildən artıq müddətdir ki, tanıyır. Belə ki, Xəlil əvvəllər “EUROPİON” Qrup şirkətində onun anası Lamiyə ilə bir yerdə işləmişdir. Son bir ildə isə Xəlil onların ailəsinin şəxsi sürücüsü kimi onları lazım olan yerlərə taksi kimi aparmışdır. xx xxxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Şüvəlan qəsəbəsində riyaziyyat fənnindən hazırlıqda olmuş, saat 19 radələrində Xəlil ona zəng vuraraq tez evə gəlməyini bildirmişdir. O tez hazırlıqdan çıxıb həyəcanlı halda evə getmiş və görmüşdür ki, Xəlil onların həyətinin ortasında qarnından bıçaqlanmış vəziyyətdə dayanmışdır. Xəlildən nə olduğunu soruşduqda, o, ona heç nə deməmişdir. Sonra o, tez taksi çağırıb Xəlili 26 saylı xəstəxaya aparmış, oradan onları 3 saylı ŞKX-na göndərmişlər. Xəlilin kim tərəfindən bıçaqlanmağı barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs nişanlanacağı qızın qohumu olan X1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə hadisə baş verdikdən bir qədər əvvəl xx xxxxxxx 2020ci il tarixdə saat 19:47:58-də “331” saniyə telefon əlaqəsi saxlamışdır. Həmçinin Zərərçəkmiş şəxs nişanlanacağı qızın qohumu olan X2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə iş üzrə Zərərçəkmiş şəxs ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 19:55:21də “134” saniyə telefon əlaqəsi saxlamışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşmə protokolundan görünür ki, iş üzrə zərərşəkmiş şəxs X3 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, cinayət hadisəsi Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi yeni sahədə yerləşən evin həyətində baş vermiş və Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixli əlavə ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, cinayət hadisəsi Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi yeni sahədə yerləşən evin həyətində baş vermiş və Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində qeyd etdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən onun Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bir ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında protokolla Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçağı tanıyaraq Təqsirləndirilən şəxs həmin bıçaqla ona xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 1348 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində nazik bağırsağın, böyük piyliyin zədələnməsi ilə müşaiyət olunan qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz edən yara aşkar edildi. Qeyd olunan xəsarət deşici-kəsici alətin (ola bilsin bıçaq) təsirindən onun 3 saylı KŞX-na müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən xx xxxxxxx 2019-cu il tarixdə və şəraitdə törənməsi, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi istisna olunmur və dərəcəsinə görə həmin xəsarət həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 1589 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs müəyyən edilmiş nazik bağırsağın, böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının 1 ədəd daxilə (qarın boşluğuna) nüfuz edən deşilmiş-kəsilmiş yarası yetirildikdən sonra onun aktiv hərəkət etmək, yerimək və asta qaçışla qaçma iqtidarında olması mümkündür.

2. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq deşici-kəsici əşyaya (alətə) dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir.

3. Zərərçəkmiş şəxs xəsarətləri aldıqdan sonra kifayət qədər məsafə qətetmə iqtidarında ola bilərdi.

4. Zərərçəkmiş şəxs xəsarətləri alarkən durmuş vəziyyətdə olmaqla müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 04-MTKŞ/2020 saylı rəyindən görünür ki,

1. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sağ yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Zədənin ölçüsü, forması, xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədə kafi itilikli ülgüclü, qabırğaları özünü kafi biruzə edən küpü və kafi itilikli ucu olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir.

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın üzərində fiziki qüvvənin təsirindən əmələ gəlməyə xarakterik zədə aşkar edilmədi.

3. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət ilə ona məxsus mayka üzərində aşkar edilmiş zədə uyğunlaşdırıldıqda, müəyyən edildi ki, Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim edilən mayka üzərində olan bir ədəd deşilmiş-kəsilmiş zədə ilə onun bədəni üzərindəki qarının ön divarının daxilə keçən bir ədəd deşilmişkəsilmiş yarası yerləşməsinə görə, nisbətən üst-üstə düşürlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi-biologiya ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 12/2020-MTBŞ saylı rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu B /İİİ/-dir.

2. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız B antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə B(İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3/929 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64,00 (altmış dörd) manatdır. İş materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixli götürmə aparılması haqqında protokolla götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka, eləcə də xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması haqqında protokolla götürülmüş 01 ədəd bıçaq maddi sübut kimi tanınmış və məhkəmənin hökmünə qədər Xəzər RPİ-nin saxlanc yerində saxlanılması üçün təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk və “xxxxxxx” MMC-dən daxil olmuş 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilərək Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq Lamiyənin barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, MTE və PA Birliyinin aktı və cinayət işinin materialında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Maddi sübut - Xəzər RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş 01 ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk və “xxxxxxx” MMC-dən daxil olmuş 01 ədəd disk maddi qərar qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 64,00 (altmış dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 (otuz) iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - Xəzər RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş 01 ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk və “xxxxxxx” MMC-dən daxil olmuş 01 ədəd disk maddi qərar qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 64,00 (altmış dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar