Məhkəmə qərarları › İş №1(003)-352/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-352/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-352/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxx 1993-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, Çiləgir yaşayış massivində yerləşən nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakına talamaq məqsədilə 22 fevral 2022-ci il tarixdə, saat 05:00 sadələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivində yerləşən nömrəsiz evin daş hasarı üzərindən keçməklə qanunsuz daxil olmuşdur. Oradan hər birinin dəyəri 11 manat olmaqla ümumilikdə 264 manat dəyərində 24 ədəd təmir-tikinti işləri üçün nəzərdə tutulmuş dəmir pillələri, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 140 manat dəyərində 14 ədəd 3 metrlik dəmir boruları və hər birinin dəyəri 8 manat olmaqla ümumilikdə 64 manat dəyərində 8 ədəd 3 metrlik dəmir armaturları gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 468 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə axşam saatlarda Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda şəffaf sellofana bükülü 1 ədəd bükümdə narkotik vasitə olan heroini 50 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımışdır. 06 may 2022-ci il tarixdə, saat 17:00 dəqiqədə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çiləgər qəsəbəsində yerləşən “Bakı kafesi”nin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə gətirilmişdir. 2-ci Polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əyində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artiq miqdarda siqaretyin gümüşü kağızına bükülü 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,807 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilsə də, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 22 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yeni yaşayış massivində yerləşən nömrəsiz evinin həyətindən oğurluq etmişdir. Oğurladığı əşyaları isə metal qəbulu məntəqəsinə 60-70 manat məbləğində pula satmışdır. Lakin həmin həyətə daxil olmamış, tikinti materiallarını hasardan çəkib aparmışdır. Bundan başqa 05 may 2022-ci il tarixdə yaşadığı evin həyətində olarkən polis əmədaşları onu tutaraq 2-ci Polis şöbəsinə, oradan da, Xəzər RPİ-nin MSY-nə aparmışlar. May ayının 6-sı üzərinə çəkilişlə axtarış aparmışlar və o, narkotik vasitəni təqdim edərək onun olduğunu demişdir. Lakin onu polis şö.bəsinə apararkən onun üzərində narkotik vasitə olmamışdır. Barəsində hər hansı bir qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsiri iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 22 fevral 2022-ci il tarixdə evdə olarkən həyətdən səs eşitmiş, lakin külək olduğunu fikirləşmişdir. Sonra həyətə çıxıb baxarkən tikinti işləri üçün aldığı dəmir materialların orada olmadığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 500 manata yaxın ziyan dəymişdir. Həmin materialları tək adamın götürməsi və həyətə daxil olmadan götürməsi mümkün deyildir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini və ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şamxalla birlikdə Tərlanı 06 may 2022-ci il tarixdə təxminən günorta saatlarında Buzovna-Maştağa yolunda, Çiləgər qəsəbəsində evinin yaxınlığında şübhəli şəxs qismində saxlayaraq 2-ci Polis şöbəsinə dəvət etmişlər. Bu zaman Tərlan heç bir narazılıq bildirməmişdir. Şöbədə Tərlan narkotik vasitəni özü çıxarıb təqdim etmiş və uzun zamandı istifadə etdiyini demişdir. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, Xəzər RPİnin 2-ci Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Rafiqlə birlikdə Tərlanı 06 may 2022-ci il tarixdə təxminən günorta saatlarından sonra Çiləgər qəsəbəsində yerləşən “Bakı kafesi”nin yaxınlığında şübhəli şəxs qismində saxlayaraq 2-ci Polis şöbəsinə dəvət etmişlər. Şöbədə Tərlan narkotik vasitəni özü çıxarıb təqdim etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş videoçəkiliş olan 01 ədəd DVD diskə 11 iyun 2022-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarş zamanı əvvəlcə ondan üzərində hər hansı bir qadağan olunmuş predmet və ya qadağan olunmuş əşya olub-olmaması, varsa təqdim etməsi təklif olunmuş. Bu zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd siqaretin gümüşü kağız bükümünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümün qəhvəyi rəngjli toz şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin nədən ibarət oluğu soruşularkən o, bu mddənin «kakos» adlandırılan narkotik vasitə heroin olduğunu, onu Suraxanı rayonu ərazisində tanımadağı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 07 may 2022-ci il tarixli, 6/2631 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 193” möhür əksi, «şübhəli şəxs Təqsirləndirilən şəxs» və s. sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,807 qram qəhvəyi rənğli maddə kütləsi, küstar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyul tarixli qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,757 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji Mərkəzi Publik hüquqi şəxsin 26 may 2022-ci il tarixli, 2782 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacıvardır. Ərazi narkolojidispanserində qeydiyyata alınması məsləhət görülür İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 02 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1993-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə müəssisəsinin 02 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasını tam çəkərək 16 fevral 2021-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətin residivini yaradır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən, ağırlaşdıran və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon prokuroru İbrahim Ləmbəranskinin 05 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Sabunçu RPİ-nin MSYdən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdən 05 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 06 may 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 06 may 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruhan Adilbəylinin 17 iyun 2022-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,757 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,757 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat olmaqla, ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdən 05 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 1 (bir) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 06 may 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,757 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar