Məhkəmə qərarları › İş №1(003)-353/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-353/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-353/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi B.Əliyev küçəsi məhəllə 6 ev 1 mənzil 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 13 radələrində X2 mülkiyyətində olan və etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə “X10” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qala-Mərdəkan yolunun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisindən keçən 2-ci kilometrliyində, Mərdəkan qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri etməli olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq avtomobillə həmin yolu soldansağa velosipedlə 5 km/saat sürətlə keçən 2006-ci il təvəllüdlü X3 idarə etdiyi velosipedi avtomobilinin qabaq tərəfi ilə vuraraq E.Zərərçəkmiş şəxs ənsə nahiyəsinin əzilmiş yarası, alın nahiyəsi sağ və sol gicgah nahiyələrinin, sifəti, burun belinin geniş ölçülü sıyrıqları, boyunun ön-yan səthlərinin, sağ və sol çiyin nahiyələrinin, sol bazunun, sağ və sol saidin, sağ və sol əlin arxa səthlərinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ və sol dizin ön sətlərinin, sağ baldırın orta üçdə birinin ön səthinin, sağ və sol kürək nahiyələrinin sıyrıqları, başın yumşaq toxumalarının iç səhinə, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar, ənsə sümüyünün xətti sınığı, alt çənə sümüyünün qapalı sınığı, döş sümüyünün orta üçdə birinin qapalı sınığı, sağ körpücük sümüyünün orta üçdə birinin qapalı sınığı, sol bud sümüyünün yuxarı üçdə birinin qapalı sınığı, sağ baldır sümüklərinin orta üçdə birinin qapalı sınıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ölümünə səbəb olan baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar xəsarətlərini yetirərək ehtiyatsızlıqdan şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, onun “BC” dərəcəli sürücülük vəsiqəsi var və o, 6 ilə yaxındır ki, sürücülüklə məşğuldur. Hadisəni törətməmişdən 2 ay qabaq o, X4 məxsus “X12” markalı xüsusi təyinatlı Evakuator tipli **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücü işləmişdir. xx xxxx 2020-ci il tarixdə Xalid ona zəng vuraraq Qala qəsəbəsi “4 yol” deyilən ərazidən “Opel” markalı avtomobili götürərək Mərdəkan qəsəbəsində yerləşən usta yanına aparmasını bildirmişdir. O da idarə etdiyi avtomobillə Qala qəsəbəsinə gedərək “Opel” markalı avtomobili Evakuatorunun platformasına yükləmiş və avtomobildə olan adını sonradan bildiyi Şahlar və Elşən ilə birlikdə Mərdəkan qəsəbəsinə yola düşmüşdür. Təxminən saat 13 radələrində Qala- Mərdəkan yolu ilə Mərdəkan istiqamətində saatda 50 km/saat sürətlə hərəkətdə olduğu vaxt həmin yolun 2-ci km-də bir nəfər velosipedli uşaq qəflətən yolun sol hissəsindən çıxaraq onun idarə etdiyi avtomobilin qarşısına çıxmış və o, idarə etdiyi avtomobilin qabaq hissəsi ilə velosipedçini vurmuşdur. O, velosipedçi uşağı vurduqdan sonra özünü itirmiş və avtomobili sağa-sola hərəkət etdirməklə neyləyəcəyini bilməmişdir. Bir qədər getdikdən sonra o, nəyinsə üstündən keçmiş və avtomobili saxlayıb düşdükdən sonra avtomobilin qabağına baxmış və orada heç kimi görməmişdir. Sonra isə o, avtomobildən təxminən 40 metr arxada uşağın yolun asfalt örtüyündə uzandığını görmüşdür. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və orada polis əməkdaşları tərəfindən müəyyən araşdırma aparılmış, hadisə yeri müayinə olunmuş, bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib olunmaqla o və digər iştirakçılar protokolu imzalayaraq təsdiq etmişlər. İdarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuş, hadisədən qabaq heç bir spirtli içki qəbul etməmiş, hadisə yerindən qaçmamışdır. Yaxın qohumları, ağsaqqal və ağbirçəklərəri, o cümlədən anası bir neçə dəfə yas məclisinə gedərək başsağlığı verib barışmaq istədiklərini bildirmişlər. O da mərhumun atası və dayıları ilə görüşərək başsağlığı vermiş, hadisəni qəsdən törətmədiyini, üzrxahlıq etmək, barışıq əldə etmək məqsədi ilə gəldiyini demiş, yas məclisini yola verməkdən ötrü bacardığı qədər maddi yardım etmək istədiyini bildirib dəfn və yas xərclərinə, həmçinin baş daşına çəkilən xərclərə görə mərhumun dayılarına bir neçə dəfəyə ümumilikdə 5500 (beş min beş yüz) manat ödəmiş, onlar isə onunla kobud davranmış və ondan mərhumun yas məclisini yola vermələri və ondan şikayətçi olmamaları üçün əvvəlcə 10000 (on min) manat tələb etmiş, o, həmin məbləği verməyə maddi imkanı olmadığını bildirdikdə onlar bu dəfə ondan 20000 (iyirmi min) manat tələb etmişlər. O, onlara bu məbləği də ödəyə bilməyəcəyini dedikdə mərhumun anası xəbər göndərərək ondan 50000 (əlli min) manat pul tələb etmişdir ki, bu söhbəti birdəfəlik bağlasınlar. Bunu eşitdikdə o, onlara indiyə qədər 5500 (beş min beş yüz) manat ödədiyini xatırladıb sığorta tərəfindən də 5000 (beş min) manat ödəniləcəyini bildirmiş, lakin heç bir nəticəsi olmamışdır. İlk dəfə, həm də ehtiyatsızlıqdan törətdiyi bu əməldən bərk sarsılaraq səmimi peşman olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar dəymiş zərərin aradan qaldırılması və barışıq əldə edilməsi məqsədi ilə dəfələrlə real addımlar atmış, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış atası ilə barışıq əldə etmişdir və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Hazırkı açıq məhkəmə iclasında mərhumun ailə üzlərindən, bütün qohum-əqrəbasından, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisindən ehtiyatsızlıq üzündən ilk dəfə törətdiyi bu əmələ görə bir daha üzr istəyir və bağışlanmasını xahiş edir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmənin hazırlıq iclasında iştirak edərək Təqsirləndirilən şəxs ilə barışdığı, ondan heç bir şikayətinin və ya digər tələbinin olmaması, bundan sonrakı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etməsi barədə yazaraq notarial qaydada təsdiq etdirdiyi ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan olunmuş ərizəsi ilə müəyyən edildi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun iki oğlan övladı olmuşdur. X6 böyük oğlu olmuşdur. xx xxxx 2020-ci il tarixdə təxminən saat 13 radələrində Elmir velosipedə minərək stansiya Qala deyilən əraziyə mağazaya getmişdir. Təxminən 10 dəqiqə sonra qonşular ona Elmiri yolda maşının vurduğunu demişlər. O, tez həyəcanlı halda təxminən 250 metr aralıda yerləşən asfalt yola getmiş və hadisə yerinə çatdıqda artıq Elmirin vəfat etdiyini və həmin vaxt polis əməkdaşlarının da orada olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə dostu Elşənlə birlikdə idarə etdiyi “Opel” markalı avtomobillə Qala qəsəbəsinə ot almaq üçün getmişlər. Qala qəsəbəsində “4 yol” deyilən ərazidə avtomobili xarab olmuş və avtomobili ustaya aparmaq üçün evakuator çağırmışdır. Evakuator gəldikdən sonra avtomobili evakuatorun platformasına yükləyərək Mərdəkan qəsəbəsinə ustanın yanına getmək üçün yola düşmüşlər. Qala-Mərdəkan yolu ilə Mərdəkan qəsəbəsi istiqamətdə hərəkətdə olduqları vaxt qəflətən yolun sol hissəsindən velosipedçi uşaq çıxmış və təxminən 5 km/saat sürətlə yolu keçmək istəyərkən evakuatorun qabaq hissəsinə dəymişdir. Həmin vaxt sürücü özünü itirmiş və avtomobili bir qədər sürdükdən sonra saxlamışdır. Onlar dərhal avtomobildən yerə düşmüş və avtomobildən təxminən 40 metr arxada uşağın asfaltda uzandığını görmüşlər. Hadisə yerinə dərhal polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 97 nömrəli rəydən görünür ki, mərhum X3 meyitində aşağıdakı xəsarətlər müəyyən olunmuşdur: - Ənsə nahiyəsinin əzilmiş yarası; alın nahiyəsi sağ və sol gicgah nahiyələrinin, sifəti, burun belinin geniş ölçülü sıyrıqları; boyunun ön-yan səthlərinin, sağ və sol çiyin nahiyələrinin, sol bazunun, sağ və sol saidin, sağ və sol əlin arxa səthlərinin, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ və sol dizin ön sətlərinin, sağ baldırın orta üçdə birinin ön səthinin, sağ və sol kürək nahiyələrinin sıyrıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar; ənsə sümüyünün xətti sınığı; alt çənə sümüyünün qapalı sınığı; döş sümüyünün orta üçdə birnin qapalı sınığı; sağ körpücük sümüyünün orta üçdə birinin qapalı sınığı; sol bud sümüyünün yuxarı üçdə birinin qapalı sınığı; sağ baldır sümüklərinin orta üçdə birinin qapalı sınıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxta, yəni xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümə birbaşa səbəbli əlaqəlidirlər. - Mərhum E.Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. - Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum E.Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. - Mərhum E.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 8/1255 nömrəli rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X13” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış eksperiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİnin xx xxxxxx 2020-ci il tarixli, 016-74691-1220 saylı məktubundan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx xxxx 1993-cü il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs xx xxxxxxxx 2014cü il tarixdə AD 043377 №-li “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir, o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini göstərərək ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx xxxx 2019-cu il tarixli 1/1773 saylı aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır. İş materiallarında olan və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən yazılaraq xx xxxxxxxx 2020-ci il tarixdə notarial qaydada təsdiq eilmiş və məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Baş vermiş hadisə ehtiyatsızlıqdan baş verdiyindən, qəsdən törədilmədiyinə görə onun ona qarşı şikayəti yoxdur. Ona görə də məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilsin. Bunun nəzərə alınmasını xahiş edir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib qərar qəbul edilməsinə etirazı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, baş vermiş hadisədən sonrakı davranışını, dəymiş ziyanı ödəmək və barışıq əldə etməkdən ötrü dəfələrlə cəhd göstərməsini və real addımlar ataraq mərhumun dəfn və yas məclisinin yola verilməsindən ötrü 5500 manat məbləğdə xərc çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və onun ondan heç bir şikayət və ya digər tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və xx xxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilərək Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 ümumilikdə 35 iş saatına görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – hadisə yerinin videogörüntüləri olan - Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar