Məhkəmə qərarları › İş №1(003)-353/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-353/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-353/2025 29.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Lerik rayonu, Pirasora kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Pirasora kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin oktyabr ayında Xəzər rayonu ərazisində yaşadığı küçədə görüşdükləri vaxt Zərərçəkmiş şəxs1 torpaq sahəsi almaq istədini bilib bir sotu 2.000 manat hesabı ilə olmaqla 6 sot torpaq sahəsi üçün 12.000 manat məbləğində pul verdiyi halda özünə məxsus olduğunu bildirərək Xəzər rayonu, Binə qəsəbəsi, “Binə Agro” adlanan ərazidə yerləşən 6 sot Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış torpaq sahəsini ona satacağınma dair yalan vəd verib həmin torpaq sahəsini ona göstərib inandırmaqla aldadaraq razılaşdıqdan sonra Xəzər rayonu Binə qəsəbəsi, “Binə Aqro” adlanan ərazidə yerləşən həmin torpaq sahəsinin yaxınlığında Zərərçəkmiş şəxs1 dəqiq tarixi istintaqla müəyyənləşdirilməsi mümkün olmayan 2019- cu ilin oktyabr ayında 12.000 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək 2020-ci ilin əvvəllərində 7.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 qaytararaq qalan 5.000 manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 5.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Şahid xx.xx.2021-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, “Lələ təpə” adlanan ərazidə yerləşməklə 2.600 manat məbləğində pula satdığı 1.3 sot torpaq sahəsini Şahid satmaq üçün “Tap.az” saytına yerləşdiridiyi elanı oxuduqdan sonra ona mobil telefonla zəng edən Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsini 2.600 manat verdiyi halda ona satacağını və torpağa dair sənədi ona Təqsirləndirilən şəxs verəcəyini dediyini bildikdən sonra, Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda görüşüb Şahid satmaq üçün saytda yerləşdirdiyi elanda göstərilən 1.3 sot torpaq sahəsinin Abşeron rayonu, X15 ərazisində yerləşən xx.xx.2007-ci il tarixli 655 saylı icarə müqaviləsi əsasında 99 il müddətinə icarəyə götürdüyü 0,1805 ha Kənd Təsərrüfatı təyinatlı torpaq sahəsinin özünə məxsus olduğunu və həmin torpaq sahəsinin 0,015 ha hissəsini 2.600 manata aldığı halda Zərərçəkmiş şəxs2 qeydiyyat sənədini o düzəldib verəcəyini bildirməklə, eyni zamanda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 31 saylı natariat ofisi vastəsilə torpaq sahəsinin üzərində istifadə, idarə və sərəncamvermək hüququ verən xx.xx.2021-ci il tarixli AR-İİN 521607 nömrəli Etibarnamə verməklə inandırıb aldadaraq Zərərçəkmiş şəxs2 məxsus 2.600 manat məbləğində pul əvəzi olaraq həmin dəyərində olmaqla VAZ 2107 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili cinayətdən xəbərsiz Nəriman Verdiyevə verdirərək satdığı torpaq sahəsinin dəyəri olaraq ondan 2.600 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək faktiki Zərərçəkmiş şəxs2 satdığı həmin torpaq sahəsini sonradan X14 xx.xx.2023-cü il tarixdə 8500 manata sataraq Zərərçəkmiş şəxs2 2.600 (iki min altı yüz) manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 2.600 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Şadoğlan oğluna faktiki yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X15 sahəsindəki evinin yerləşdiyi 0,02 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun adına qeydiyyat sənədi hazırlatdırıb verdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq xx.xx.2024cii il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, X15 sahəsindəki evinin qarşısında Zərərçəkmiş şəxs4 Şadoğlan oğlundan 600 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək İ. Baxşıyevin 600 manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 Şadoğlan oğluna 600 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 faktiki yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X15 sahəsindəki evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun adına qeydiyyat sənədi hazırlatdırıb verdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq xx.xx.2024-cii il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, X15 sahəsindəki evinin qarşısında Zərərçəkmiş şəxs3 1.200 manat məbləğində pul alıb verdiyi vədə əməl etməyərək Ş,Şəbiyevin 1200 manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 1.200 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda görüşdüyü Zərərçəkmiş şəxs5 ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib ona 10.000 manat verdiyi halda özünə məxsus olduğunu bildirib göstəməklə, faktiki X7 xx.xx.2014-cü il tarixdə satmış olduğu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X15 ərazisində yerləşən torpaq sahəsinin 0,04 ha hissəsini ona satacağına dair yalan vəd verib inandırıb aldadaraq xx.xx.2024-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda Zərərçəkmiş şəxs5 10.000 manat məbləğində pulunu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs5 10.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 torpaq sahəsi satmışdır. Sonradan həmin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması bilinmişdir. Lakin onun bu barədə məlumatı olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs2 torpaq sahəsinə dair sənəd düzəldəcəyinə vəd vermişdir. Bunun qarşılığında onun istəyi ilə 2600 manat dəyərində avotmobil zərərçəkmiş şəxs tərəfindən Nəriman Verdiyevə verilmişdir. Müəyyən səbəblərdən sənədləşmə işləri alınmamışdır. Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı tam olaraq ödəmişdir. Eyni qaydada Zərərçəkmiş şəxs4 Şadoğlan oğluna və Zərərçəkmiş şəxs3 faktiki yaşadıqları torpaq sahəsinin sənədləşmə işlərinə kömək edəcəyini bildirmiş, lakin vədinə əməl edə bilməmişdir. Hər iki zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs5 isə özünə məxsus torpaq sahəsindən 0,04 ha torpaq sahəsi satmışdır. Aralarında alqı-satqı müqaviləsi olmuşdur. Lakin onun göstərdiyi və satdığı yerə digər şəxs saihbləmmişdir. Zərərçəkmiş şəxs5 vurduğu maddi ziyanı tam olaraq ödəmişdir. Vurduğu maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Binə qəsəbəsi “Binə Aqro” deyilən ərazidə 12.000 manata daş hasara əhatə olunmuş 6 sot torpaq sahəsini sənədlə birlikdə almışdır. Bir müddətdən sonra həmin torpaq sahəsinin başqa şəxsə məxsus olmasını bilmişdir. Bunun üçün də Təqsirləndirilən şəxsla əlaqə saxlamış və o, aldığı torpaq sahəsinin əvəzində başqa yerdən torpaq sahəsi verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona başqa yerdə yerləşən torpaq sahəsini göstərib həmin yerdə 5 sot torpaq sahəsini ona verdiyini bildirmişdir. O, da həmin yerdə 10 daş hündürlüyündə daş hasar tikib dəmir qapı qoymuşdur. Təxminən 2 aydan sonra məlum olmuşdur ki, həmin torpaq sahəsini Təqsirləndirilən şəxs ondan əvvəl digər bir şəxsə satmışdır. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini alan şəxslər aldıqları torpaq sahəsini satmağı və onların pullarını qaytardıqlarını demişlər. Lakin, Təqsirləndirilən şəxs ona satdığı torpaq sahəsinin əvəzinə həmin şəxslərə məxsus torpaq sahəsindən 5 sot ayıraraq vermişdir. Həmin şəxslər Təqsirləndirilən şəxs qaytardıqları torpaq sahəsinin pulunu ala bilmədikləri üçün onunla görüşüb tikdirdiyi daş hasarın və qoyduğu dəmir qapının pulunu qaytararaq torpaq sahəsindən çıxmağı demişlər. O, da torpaq sahəsi həmin şəxslərə məxsus olduğu üçün pulunu alıb torpaq sahəsindən çıxmışdır. Sonradan Əkrəm ona verdiyi 12000 manat puldan hissə-hissə olaraq 7000 manatını qaytarmışdır. Məhkəmə icraatı dövründə ona dəymiş maddi ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, təxminən 2020-ci ildə Təqsirləndirilən şəxs X1 6 sot torpaq sahəsini 16.000 manata almışdır. Sonradan aldığı torpaq sahəsində bir otaqlı ev tikmişdir. 2023-cü il tarixdə Suraxanı Rayon Məhkəməsi tərəfindən tikdiyi evin sökülməsi barədə qərar çıxarılmışdır. Bunun səbəbi də o olmuşdur ki, onun aldığı torpaq sahəsi başqa şəxsə məxsus olmuşdur. Buna görə də o, apellyasiya məhkəməsinə müraciət etmiş və hazrıda da həmin məhkəmədə prosesi davam edir. Sonradan onun vəkilinin və əmlak komitəsinin nümayəndəsi ilə birlikdə Təqsirləndirilən şəxsla görüşmüş və əmlak komitəsinin nümayəndəsi bildirmişdir ki, həmin əraziyə dövlət tərəfindən sənəd verilməmişdir. Aradan bir müddət keçdikdən sonra təxminən 07 fevral 2024-cü il tarixdə Əkrəmlə Abşeron rayon icra hakimiyyətinə yaşadığı evə sənəd, yəni çıxarış alınması məsələsi ilə bağlı maraqlanmaq üçün getmişlər. Orada Əkrəm icra hakimiyyətinin binasına daxil olub bir qədər sonra çıxaraq ona məlumat verib demişdir ki, evin çıxarışını almaq üçün 1.200 manat məbləğində pul lazımdır. O da Əkrəmlə razılaşmış və çıxarışın verilməsindən ötrü onun istədiyi 1200 manat məbləğində pulu Binə qəsəbəsi, X13 yerləşən ev alqı-satqı ofisində Əkrəmə vermişdir. Bir müddət keçdikdən sonra həmin torpaq sahəsinə Əmlak komitəsindən nümayəndə gəlmiş və işlərinin məhkəmədə olması səbəbindən həmin torpaq sahəsinə çıxarışın verilə bilməyəcəyini demişdir. Ona Təqsirləndirilən şəxs tərəfindən pulun əvəzinə torpaq sahəsi verildiyi üçün ona dəymiş maddi ziyan tam ödənilmiş və sonuncu ilə barışmışdır. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 Şadoğlan oğlu ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs onun faktiki yaşadığı evin torpaq sahəsinə sənəd alınması üçün vəd vermişdir. Bir müddət sonra Təqsirləndirilən şəxsla birgə Abşeron rayon İcra Hakmiyyətinə getmiş və orada Əkrəm özü İcra Hakimiyyətinə girib çıxmış və sonra ona demişdir ki, yaşadığı evin çıxarışı almaq üçün 600 manat pul lazımdır. O, da Əkrəmlə razılaşmışdır. Buna görə də Əkrəmə Binə qəsəbəsində Südçülük sovxozunda yerləşən alqı-satqı ofisində 600 manat pul vermişdir. Lakin Əkrəm onun evinə heç bir çıxarış verməmişdir. Sonradan Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmişdir. Nbu səbəbdən də Təqsirləndirilən şəxsla barışmış və ona qarşı şikayətçi deyildir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs X9 verdiyi ifadəsində göstərdi ki, Binə qəsəbəsi, X13 yerləşən 0,04 sot torpaq sahəsini Təqsirləndirilən şəxs 10000 manat nəğd pul verərək almışdır. Sonradan aldığı torpaq sahəsinə baş çəkərkən ona məlum olmuşdur ki, həmin sahədə tanımadığı Qoşqar adlı şəxs tərəfindən tikinti işləri aparılır. Təqsirləndirilən şəxs onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 avqust 2023-cü il tarixli çıxarışını vermişdir. Bundan əlavə, torpaq sahəsini Təqsirləndirilən şəxs ona 07 iyul 2023-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsi ilə satmışdır. Həmin müqavilədə də qeyd olunmuşdur ki, torpaq sahəsinə görə 10.000 manat pul verilmişdir. Həmin müqavilə Binə qəsabəsində 31 saylı notariusda verilmişdir. Əkrəm eyni zamanda ona Əmlak Komitəsi Daşinmaz Əmlakın Dövlət Kadastri ve Reyestri Publik Hüquqi Şəxsi adından xx.xx.2020-ci tarixli çıxarış sənədini vermişdir. Həmin Çıxarış sənədi Təqsirləndirilən şəxs adınadır. Həmin sənəddə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Əminağı oğlunun adına 0,536 ha torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlardır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini X7 da satmışdır və hazırda həmin sahədə Qoşqar tərəfindən 5 daş hündürlüyündə hasar-tikinti işləri aparılmışdır. Həmin sahədə tikinti işləri aparan X11 adlı şəxslə əlaqə saxlayıb görüşən zaman X11 ona və əri Vüqar Əbilova bildirmişdir ki, həmin torpaq sahəsi rəsmi olaraq ona məxsusdur və əmlak komitəsi tərəfindən ona çıxarış verilmişdir. Hətta Qoşqar həmin sənədləri onlara da göstərmişdir. Qoşqar məlumat verərək demişdir ki, həmin torpaq sahəsini Təqsirləndirilən şəxs ona xx.xx.2014-cü il tarixdə çıxarışla satmışdır. Ona Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam ödənilmiş və o, sonuncu ilə barışmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Binə qəsəbəsindən torpaq almaq istiyərkən əvvəllər tanıdığı Əkrəm adlı maklerə torpaq almaq istədiyini bildirdikdə o, çıxarışlı 1.5 sot torpağı olduğunu, həmin torpağı 3.000 (üç min) manata satmaq istədiyini bildirmişdir. Elə həmin gün Əkrəmin göstərdiyi “Lələ təpə” adlanan ərazidəki torpağa gəlmişlər. Həmin torpağı ölçərkən oranın 1.5 yox 1.3 sot olduğunu görmüşdür. Bu səbəbdən Əkrəmə 3000 yox 2600 manat verə biləcəyini bildirmişdir. Əkrəm də onunla razılaşmışdır. O, Əkrəmə 2600 manat pulu həmin yerdə vermiş, Əkrəm də ona bir həftə ərzində adına olan çıxarışdan etibarnamə verəcəyini bildirmişdir. O da Əkrəmə həmin etibarnaməni bacısı X5 adına verməsini xahiş etmişdir. Əkrəm də onunla razılaşmışdır. Sonra Əkrəm ona zəng vuraraq Binədə yerləşən notariat kontorunun qarşına gəlməyini demişdir. O da bacısının şəxsiyyət vəsiqəsinin surətini götürüb notariat kontoruna yaxınlaşmışdır. O da biraz onu gözlədikdən sonra Əkrəm içəridən çıxıb etibarnaməni ona vermişdir. O da həmin vaxt Əkrəmdən verdiyi etibarnamənin əslini də istədikdə Əkrəm ona çıxarışın surətini verəcəyini bildirmişdir. 2-3 gün sonra Əkrəm ona zəng vuraraq Binə qəsəbəsində yerləşən ev alqı-satqısı ofisinə çağırmışdır. Orada ona 2000-ci il tarixdə bacısı X5 guya Abşeron Südçülük sovxozunda işləməsi, bu səbəbdən də oradan ona 2 sot torpaq ayırılması barədə çıxarışı vermişdir. Təxminən bir il keçdikdən sonra həmin torpağı satmaq qərarına gəlmişdir. Bununla “Lalafo” sosial şəbəkəsində 1.3 sot torpağı 2900 (iki min doqquz yüz) manata satmağım barədə elan yerləşdirmişdir. Təxminən 1 ay keçdikdən sonra tanımadığı şəxs mobil nömrəsinə zəng vuraraq həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Həmin şəxs ona telefon vastəsilə torpağı 2000 (iki min) manata almaq istədiyini bildirmişdir. Lakin, o razılaşmayaraq ona torpağı aldığı qiymətə yəni 2600 (iki min altı yüz) manata sata biləcəyini bildirmişdir. O da hal-hazırda Lerik rayonunda yaşadığını, satılıq heyvanları olduğunu, heyvanları satıb onunla əlaqə saxlayacağını bildirmişdir. 2 gün keçdikdən sonra həmin şəxs yenidən ona zəng vuraraq həmin torpağı özünə məxsus 1993-cü il buraxılışlı VAZ 2107 markalkı avtomobillə dəyişib dəyişməyəcəyini soruşmuşdur. O da həmin şəxsdən avtomobilin hər hansı xərc tələb edib- etməməsini soruşduqda o avtomobilin heç bir xərci olmadığını, əgər olarsa da özü qarşılayacağını bildirmişdir. O da onunla razılaşıb həmin maşına baxmaq üçün Lerik rayonuna getmişdir. Ora çatdıqda avtomobilə baxış keçirib onunla razılaşmışdır. Sonra adını orada bildiyi Yelmar adlı şəxs ona onlayn etibarnamə vermişdir. Bundan sonra həmin avtomobillə Yelmarla birlikdə Bakı şəhərinə gəlmişlər. Satdığı torpaq sahəsinə baxış keçirdikdən sonra torpağı ölçmüşlər. Həmin torpağa baxış keçirən zaman orada olan ümumilikdə 500 manat pul edən 2 maşın daş və bir maşın qumun da pulunu Yelmardan alacağını bildirdikdə o da indi pulunun olmadığını, heyvanlarını satdıqdan sonra ödəyəcəyini bildirmişdir. Razılıq olduqdan sonra o, ona verilmiş etibarnamədən Yelmara etibarnamə vermək istəmişdir. Lakin, Yelmar etibarnamə yox, sovxoz sənədinin çıxarışından istəmişdir. O da Yelmarla birlikdə torpaq sahəsi Əkrəmin olduğuna görə Əkrəmin yanına getmişlər və ondan bacısının adına verdiyi sovxoz sənədindən birini də Yelmara verməyini istəmişdir. Əkrəm də Yelmarın yaşının az olduğunu bildirdib yaşlı bir adamın adına çıxarış verə biləcəyini bildirmişdir. Sonra Yelmar həmin çıxarışı atasının adına verilməsini təklif etmişdir. Yelmar da atasının şəxsiyyət vəsiqəsinin surətini Əkrəmə təqdim etdikdən sonra Əkrəm 2-3 günə çıxarışın hazır olacağını bildirmişdir. 2-3 gün sonra Əkrəmin ofisinə yaxınlaşmış, o da həmin çıxarışı təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, “Lalafo” saytında satılıq torpaq axtararkən tanımadığı şəxsin Xəzər rayonu, Binə qəsəbəsində “lələ təpə” adlanan ərazidə torpaq satdığını görmüşdür. Həmin elandakı xatırlamadığı mobil nömrəyə zəng vuraraq salamlaşdıqdan sonra nəğd pulunun olmadığını, həmin torpaq sahəsini idarə etdiyi, ona məxsus 1993-cü il buraxılışlı **-BE-*** dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobillə barter etməyi təklif etmişdir. Həmin şəxs də onunla razılaşmışdır. O da onu Lerik rayonunan yaşadığı kəndə maşına baxması üçün dəvət etmişdir. Həmin şəxs də sabahı gün Lerikdə yaşadığı evə gəlmiş və maşına baxdıqdan sonra onunla razılaşmışdır. Orada həmin şəxsin adının Nəriman olduğunu bilmişdir. Nəriman bildirmişdir ki, həmin torpaq sahəsinin bacısının adına etibarnaməsi var. Nəriman ona torpaq sahəsinin yerini bildirdikdən sonra o Bakıda olan yeznəsi Ələkbər Ramazanova həmin torpaq sahəsinə baxış keçirməsini və ona məlumat verməsini xahiş etmişdir. O, bundan sonra Nərimana özünə məxsus avtomobilə sürmək üçün etibarnamə vermişdir. Sonra birlikdə Bakı şəhərinə gəlmişlər. Təxminən saat 15-16 radələrində Bakı şəhərinə çatmış və həmin torpağa birlikdə baxmağa getmişlər. Həmin torpaq sahəsində olarkən Nəriman atasının şəxsiyyət vəsiqəsini ona verməyini istəmişdir ki, sənəd versin. Təxminən saat 21 radələrində Nəriman ona zəng vuraraq sənədin hazır olduğunu, bu səbələ görüşmək istədiyini bildirmişdir. O, Nərimanla “Kanalüstü” adlanan ərazidə görüşmüş və atası X8 adına yazılmış bir sənəd vermişdir. Sabahı gün həmin torpaqdakı artıq daşları təmizləyərkən qonşu ona xeyir-dua verdikdən sonra torpağı hansı sənədlə aldığını soruşmuşdur. O, da Nərimanın ona verdiyi sənədi göstərdikdə həmin şəxs bildirmişdir ki, bu torpaq sahəsi qanuni çıxarışla Təqsirləndirilən şəxs adınadır. Nərimanın verdiyi sənəd saxtadır. Həmin qonşu ona Əkrəmin oturduğu alqı-satqı ofisinin yerini başa saldıqdan sonra o, Nərimana zəng vuraraq Əkrəmin ofisinə gəlməsini istəmişdir. O, ofisə yaxınlaşıb Nərimanın verdiyi sənədi Əkrəmə göstərdikdə Əkrəm ona demişdir ki, bu sənəd saxtadır. Nərimana da demişdir ki, onu dövlət qurumlarına göstərsə onu tutarlar. Bundan sonra Əkrəm ona həmin yerin ona məxsus olduğunu və 150 manat ödəsə ona etibarnamə verə biləcəyini bildirmişdir. O, da VAZ 2107 markalı avtomobilə görə Nərimana verdiyi sürmək üçün olan etibarnaməni əlindən almış, sənədləri düzəltdikdən sonra etibarnaməni ona verəcəyini bildirmiş və yeznəsinin yaşadığı evə getmişdir. Səhəri gün saat təxminən 09 radələrində Binə qəsəbəsində yerləşən natariat kontoruna yaxınlaşmış və Əkrəm ona həmin torpaq sahəsinə görə etibarnamə vermişdir. O da özünə məxsus VAZ 2107 markalı avtomobilin texpasportu adına olan şəxslə əlaqə saxlayıb ondan Nərimanın adıa etibarnamə verməsini xahiş etmişdir. Sonra həmin şəxs də Binə qəsəbəsindəki natariat kontoruna gəlib Nərimanın adma “generalni davernus” vermişdir. Sonra onlar ayrılmışlar. O da bir iki gün keçdikdən sonra usta tapmış və təxminən 1100 ədəd mişar daşı və 10 kisə sement alıb gətirib ora boşaltmışdır. Həmin torpaqda 7*12-ə 5 daş hündürlüyündə evin təməlini qoymuşdur. Sonra maddi imkanı olmadığından tikintini yarımçıq qoyub Lerik rayonuna getmişdir. Təxminən 7-8 ay bundan əvvəl bir nəfər ona zəng vuraraq həmin torpaq sahəsi satmaq istəyib- istəmədiyimi soruşmuşdur. O da həmin torpağı satmaq fikrinin olmadığını bildirmişdir. 2024-cü ilin may ayında Orxan adlı şəxs ona zəng vuraraq Nərimanın ona satdığı torpağın tanımadığı şəxs tərəfindən başqasına satıldığını və həmin torpağı alan şəxsin də hal-hazırda orada iş gördüyünü bildirmişdir. O da sabahı gün Bakıya gəlmişdir. Nərimanla zəngləşib görüşdükdə Nəriman ona bildirmişdir ki, həmin torpaq sahəsinin Əkrəm tərəfindən həmin şəxsə satılmışdır. O da Əkrəmlə görüşdükdə o, bildirmişdir ki, ona oradan bir küçə aralıda 2.5 sot başqa torpaq sahəsi verəcəkdir. O, Əkrəmdən həmin torpaq sahəsini qanuni çıxarışla alacağını bildirdikdə Əkrəm çıxarışın verilməsinin mümkün olmadığını bildirmişdir. O da Əkrəmdən pulunu tələb etdikdə dediyi sözü danaraq o torpağı onun satmadığını bildirmişdir. O, Nərimana zəng vurub görüşdükdə Nəriman ona bildirmişdir ki, torpağın etibarnaməsini Əkrəm vermiş və həmin torpağı da o satdığı üçün pulunu ondan tələb edin. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə istintaq aparılan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir; - xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən torpaq sahəsinə baxış keçirlmişdir; - xx.xx.2021-ci il tarixli 521607 nömrəli etibarnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 X15 ərazisində yerləşən 0,1805 ha torpaq sahəsinin 150 kv.m. sahəsi üzərində istifadə, sərəncam vermək və sair hüquqlar verilmişdir; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 satılmış 150 kv.m. torpaq sahəsinə baxış keçirilmişdir; - Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır; - xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilərək xx.xx.2024-cü il tarixdə tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2024-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 Şadoğlan oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 162-1.1 maddəsi ilə məsuliyyətə cəlb olunmuş və CPM-nin 39.1.11 maddəsi ilə işə xitam verilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə CM-nin 178.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, CPM-nin 39.1.12 maddəsi ilə iş üzrə icraat xitam edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə CM-nin 178.2.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunmuş, CPM-nin 39.1.3 maddəsi ilə işə xitam edilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Abşeron rayon, X15 ərazisində 0.04 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini Zərərçəkmiş şəxs5 Əhmədli qızına xx.xx.2007-ci ildən başlayaraq 99 il müddətinə icarəyə vermişdir; - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə Bakı şəhəri, Xəzər rayonu, X15 ərazisində 0.04 ha torpaq sahəsinə baxış keçirilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, cinayət işi üzrə icraat təzələnmişdir; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, cinayət işi üzrə icraat təzələnmişdir; - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X15 ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə baxış keçirildi; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi lə başlanmış ********* nömrəli cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif olunmuşdur; - Bakı Şəhəri Xəzər Rayonu Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-364/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 29 gün müddətinə yəni, 13 dekabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Əbilova X10 rayon, X15 ərazisində yerləşən torpaq sahəsinin alqı-satqısı ilə bağlı mübahisəyə görə Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs5 Əhmədli qızı zərərçəkmiş şəxs qismində tanınmışdır; - Bakı Şəhəri Xəzər Rayonu Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-380/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir; - xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 0.04 ha icarə torpaq sahəsi üzərində X6 adına icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü tarixində ********** qeydiyyat, **********22 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır və hazırda icarəsindədi; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; - X4 xx.xx.2024-cü il tarixli 187/1 nömrəli rəyindən aydın olur ki, “Vaz-2107” markalı, 1993-cü il buraxılışlı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin hadisənin baş verdiyi 2021ci il noyabr ayına olan təqribi dəyəri 2533.0 manat məbləğində olmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi lə başlanmış ********* nömrəli cinayət işinin materialları Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrinə tövsif olunmuş və iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri üzrə icraata xitam verilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmışdır. Bu zaman o, Zərərçəkmiş şəxs2, bundan başqa Zərərçəkmiş şəxs5 satdığı torpaq sahəsini göstərmiş həmin torpaq sahələrinin başqa şəxslərin istifadəsində olduğunu bildirmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs2 tərəfindən notarial qaydada verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur; - Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur; - Zərərçəkmiş şəxs1 tərəfindən notarial qaydada verilmiş xx.xx.2024-cü il tarixli və məhkəmədə verdiyi xx.xx.2026-cı il tarixli ərizələrdən aydın olur ki, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Həmin qərarda göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Əminağa oğluna və Zərərçəkmiş şəxs2 qarşı etdiyi dələduzluq epizodları üzrə Təqsirləndirilən şəxs əməllərinin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaradır. Həmçinin, məhkəmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Əminağa oğluna və Zərərçəkmiş şəxs2 qarşı olan epizodlar üzrə cinayət əməllərinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, həmin cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin 02 (iki) il nəzərdə tutulmasını, Təqsirləndirilən şəxs ittiham aktında qeyd olunan müvafiq əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbilə həmin epizodlar üzrə icraata xitam verilməsinə dair razılığını nəzərə alaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs barəsində həmin epizodlar üzrə başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd edilən digər epizodlar üzrə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzasına hesablanmalıdır (CM 69.3). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 179, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə, həmin tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu cəmi 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddət bir günə iki gün hesabı ilə 05 (beş) ay 28 (iyirmi səkkiz) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 5000 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi (İ epizod) və Zərərçəkmiş şəxs2 2600 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi (İİ epizod) ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahəsi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saat vaxta görə 275 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar