Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-356/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Cəlilli Təbriz Oruc oğlunun katibliyi, Şikayət vermiş şəxs X4, Şikayət vermiş şəxsin nümayəndəsi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M ü ə y y ə n e t d i: Xüsusi ittiham qaydasında şikayət vermiş X3 Ceyhun Məhəmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 147.2 və 148ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X13 adlı şəxs X4 barəsində kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı olan "Tik Tok” sosial şəbəkədə, şəxsi səhifəsi olan “X14 ” xəbərlər portalında mütəmadi olaraq “Vahid Alhümbətov cinayətkardır” “Bu cinayətkar dəstənin qanunsuz əməlləri haqqında məlumat gəlməkdə davam edir” “Vahid Alhümbətovun qanunsuz əməllərinə şərik etmək istədiyi növbəti qurbanı” “X1 hesabına bir neçə avtomobil və obyektlər alıb və Qaziləri Dövlətin nəzdində olan yerləri Zəbt etdirir bir neçəsini mən gözümlə görmüşəm tam ətraflı X2 Olacaq!” adlı məqaləsində dərc etdirmiş, haqqında yazdıqları şər böhtanlarını internet şəbəkəsi vasitəsi ilə milyonlarla internet izləyicilərinin arasında qəsdən yaymaqla, təhqir və böhtanları kütləviləşdirərək Alhümbətov Vahidə böhtan atmış, eyni zamanda təhqir etməklə işgüzar nüfuzuna xələl gətirmiş, habelə şəxsiyyətini, şərəf və ləyaqətini alçaltmaqla Vahid Alhümbətova maddi və mənəvi ziyan vurmuşdur. Bunlardan əlavə Ceyhun Ağayev 04 aprel 2025 tarixli paylaşımında Həsənli Elvin adlı şəxsin Vahid Alhümbətov tərəfindən əsir götürüldüyünü, 1-2 saat orda saxlanıldığını, döyülərək saçının qırxıldığı barədə məlumat paylaşmışdır. Əlavə olaraq, 12 aprel 2025 tarixli paylaşımında daha da irəli gedərək, X6 və Rövşən adlı şəxslə şəkillərin yan-yana qoyaraq porno görüntünün səslərini montaj edərək “Tik Tok” sosial şəbəkədə paylaşım etmişdir. Bununla kifayətlənməyən Ceyhun Ağayev 22 aprel 2025 tarixli “Şok Səs yazısı!!! Bu nə deməkdir? Pulun gücü bu qədərdir ki öz yaxın adamı sata?" başlıqlı paylaşımında Elvin adlı şəxslə telefon ilə danışarkən Ceyhun Ağayev “Rövşən kimdir, Vahidin qeyri-rəsmi yaşadığı oğulluğu?” ifadəsi işlətməklə Vahidi təhqir etmişdir.Göründüyü kimi, Ceyhun Ağayev qəsdən yaydığı bu məqalələrlə etika çərçivəsindən kənara çıxan, böhtan və təhqir dolu silsilə məqalə və yazılarla Alhümbətovu hədəf alan təhqir kampaniyasına başlamış, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən, ailəsini nüfuzdan salan təhqir və böhtan dolu məlumatlar yayımlamış, onu cinayətkar əməllər etməkdə etməkdə, ağır və xüsusi ilə ağır cinayətlər törətməkdə ittiham etməklə böhtan atmış, eyni zamanda şərəf və ləyaqətini alçaltmaqla təhqir etmişdir.Beləliklə, X7 yuxarıda adı qeyd olunan kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatı olan sosial şəbəkələrdə yayımlanan böhtan və təhqirlərlə dolu yalan məlumatları yaymaqla Vahid Alhümbətova qarşı CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir.“Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi" haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 5-ci hissəsində qeyd edilir ki, “...CM nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun”. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında CM-nin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Qeyd edilən Plenum qərarının 12-ci hissəsinə əsasən isə kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. CPM-nin 45.4-cü maddəsinə əsasən isə xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi andan açılır. Odur ki, Ceyhun Ağayev barəsində CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 və nümayəndəsi Nümayəndə hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün saymışdır. Məhkəmənin hazırlıq xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və onun nümayəndəsini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, CPM-nin 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət prosessual qanunvericiliyin tələblərinə görə xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir (CPM-nin 88.4.1-ci maddəsi). Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3-cü maddəsi). Şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir (CPM-nin 302.1.3-cü maddəsi). Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır (CPM-nin 302.2.3-cü maddəsi). Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə nəzərdən keçirib onun qanunvericiliyin tələblərinin pozulması ilə verildiyini nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə xüsusi ittihamçı barədə olan məlumatlar tam deyil, CPM-nin 293.3.1-ci maddəsinin tələbləri pozularaq Ceyhun Ağayevin nə işlə məşğul olduğu və vəzifəsi barədə məlumatlar qeyd edilməmiş, mənəvi ziyanla bağlı maddi ziyanın da vurulması qeyd edilsə də CPM-nin 293.3.2-ci maddəsinin tələbləri pozularaq maddi ziyanın məbləği qeyd edilməmiş, CPM-nin 293.3.4-ci maddəsinin tələbləri pozularaq böhtan və təhqir kimi qiymətləndirilən məlumatların hansı sosial şəbəkədə yayımlanması, bu yayımın neçə nəfər izləyici (kütləviliyi) olması barədə məlumatlar əks etdirilməmiş, sübutlar təqdim edilməmişdir. Odur ki, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin CPM-nin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X5 CM-nin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №1(003)-356/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-356/2025
02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver