Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-360/2020 24.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1994-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 mənzil 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, dənizkənarı küçə yeni yaşayış massivi nömrəsiz fərdi yaşayış evində yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün külli miqdarda təmiz çəkisi 2,097 qram 01 ədəd bükümdə ağ kristalik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 7,417 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsində əldə edib, üzərində saxlayaraq, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə daşımış və xx xxxxxx 2020-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhər, Xəzər RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və polis şöbəsində onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən təmiz çəkisi 2,097 qram 01 ədəd bükümdə ağ kristalik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 7,417 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb sənədləşdirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ibtidai istintaq orqanında vermiş olduğu ifadəni təsdiq etdiyini bildirdi. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, narkotik vasitədədən istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 02 radəsində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində olan zaman mərkəzi yola piyada çıxmış və bu zaman onun yanında post patrul xidmətinin əməkdaşları xidməti avtomobilli saxlayıb avtomobildən düşərək ona yaxınlaşıb ərazidə oğurluq hadisələrinin olmasını ona bildirib şəxsiyyəti barədə məlumat verməyini demişlər. Həmin zaman onun üzərində narkotik vasitə olduğu üçün özünü şübhəli aparmış, lakin bu barədə polis əməkdaşlarına heç bir söz deməmişdir. O, özünü şübhəli apardığı üçün polis əməkdaşları onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Bu zaman o, polis əməkdaşlarına heç bir etirazını bildirməmiş və polis əməkdaşları ilə birlikdə xidməti avtomobillə Xəzər RPİ-nin 1-ci PŞ-nə gəlmişdir. Polis əməkdaşları onu növbətçi hissəyə raport yazaraq təhvil vermiş və həmin zaman PŞ-nin digər əməkdaşı onun üzərinə video çəkiliş vasitəsi ilə baxış keçirilməsi zərurəti yarandığını demişdir. O, da polis əməkdaşı ilə razılaşaraq heç bir etirazının olmadığını bildirmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir. Təyin edilmiş müdafiəçi onun hüquqlarını müdafiə etsə də, lakin o, baxışda müdafiəçinin iştirak etməməsini istəmiş və ərizə ilə müraciət etmişdir. Baxış keçirilməzdən əvvəl ona polis əməkdaşları təklif etmişlər ki, üzərində qanuna zidd əşya və ya predmet varsa çıxarıb masanın üzərinə qoysun. Bundan sonra o, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən üzərində “sun” sözü yazılan salfetin sellofanına bükülmüş narkotik vasitə olan marixuana (nəşə), digər sellofana bükülmüş metamfetamin kimi bilinən psixotrop maddəni və sol yan cibində olan 01 ədəd tərəzini çıxardıb masanın üzərinə qoymuş və polis əməkdaşlarına bildirmiş ki, həmin maddələr onun özünə məxsusdur, həmin maddələri Türkan qəsəbəsində dəniz kənarından tapmış və saxlamış ki, özü istifadə edər. Bundan sonra onun üzərindən aşkar edilmiş maddələr və 01 ədəd tərəzi polis əməkdaşları tərəfindən protokol tərtib edilərək qablaşdırılıb götürülmüş və müvafiq sənədləşdirilmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq ifadəsində göstərmişdir ki, o narkotik vasitələrdən istifadə edir, üzərindən aşkar olunmuş narkotik vasitələri xx.xx.2020-ci il tarixdə Xəzər rayonu, Türkan qəsəbəsi dəniz kənarından taparaq əldə etmiş, narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun tərəzi gəzdirməkdə məqsədi narkotik vasitə alan zaman tərəziyə qoyaraq qramının çəkilməyində istifadə etmək olmuş, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq niyyəti olmamışdır. İstintaqın sonrakı mərhələsində iş üzrə Təqsirləndirilən şəxs əlavə ifadəsi alınmış və o, əlavə ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən olan nəşə və şüşə kimi tanıdıqlarından daima istifadə etmişdir. O, heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, istifadə etdiyi narkotik vasitələri müxtəlif şəxslərdən pulu ilə almışdır. İlkin istintaq zamanı verdiyi ifadəsini qismən təstiq etmiş, o, ilkin istintaq zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və qurudulmuş marixuananı xx.xx.2020-ci il tarixdə Türkan qəsəbəsindən dəniz kənarından tapdığını bildirmiş, lakin əsl həqiqət elə olmamışdır. O, daima narkotik vasitə olan nəşə kimi bildiyi marixuanadan və şüşə kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmiş, istifadə etməkdə məqsədi bədənində olan ağrılara dözmək olmuşdur. Narkotik vasitə istifadə etməyəndə bədənində küt ağrılar olmuş və həmin ağrılara dözmək onun üçün çox çətin olmuşdur. Onun üzərindən aşkar edilmiş narkotik vasitələri o, Türkan qəsəbəsindən tapmamış, həmin narkotik vasitələri xx.xx.2020-ci il tarixdə Bakı şəhər, Suraxanı rayonu ərazisindən üzdən tanıdığı adı “Toğrul” olan şəxsdən metamfetaminə 45 manat, qurudulmuş marixuanaya isə 35 manat ödəməklə almışdır. Ona narkotik vasitə satan şəxsdən əvvəllərdə o, bir neçə dəfə narkotik vasitə istifadə etmək məqsədi ilə almışdır. xx.xx.2020-ci il tarixdə o, narkotik vasitələri Toğrul adlı şəxsdən almaq üçün təxminən saat 23 radəsində Suraxanı rayonu, Bül-Bülə qəsəbəsinə getmiş və həmin qəsəbədə olan avtobus dayanacağının yanında dayanıb Toğrul adlı şəxsi gözləmişdir. Bir qədər sonra Toğrul o olduğu yerə gəlmiş və Toğrul ona satdığı şüşə kimi bildiyi metamfetamini və nəşə kimi bildiyi marixuananı özü ilə apardığı tərəziyə qoyaraq çəkib qıramını bilmiş və sonra pulu Toğrula verib almışdır. O, Toğrul adlı şəxsdən əvvəllər narkotik vasitə aldığı üçün aldığı narkotik vasitənin qramında Toğrul onu aldatmş və bu səbəbə görədə o, Toğruldan narkotik vasitə almağa gedəndə üzəridə tərəzi götürmüşdür. Həmin tarixdə o, Toğrul adlı şəxsdən narkotik vasitəni alıb yaşadığı evə qayıdanda artıq xx.xx.2020-ci il tarixə keçən gecə saat 02 radəsində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinin mərkəzi yolunda olanda onun yanında post patrul xidmətinin əməkdaşları xidməti avtomobili onun yanında saxlayaraq düşüb ona yaxınlaşmışlar və ona ərazidə oğurluq hadisələrinin olmasını bildirib şəxsiyyəti barədə onlara məlumat verməyini xahiş etmişlər. Həmin zaman onun üzərində narkotik vasitə olduğu üçün özünü şübhəli aparmış, lakin bu barədə polis əməkdaşlarına heç bir söz deməmişdir. O, özünü şübhəli apardığı üçün polis əməkdaşları onu Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət etmişlər. Bu zaman o, polis əməkdaşlarına heç bir etirazını bildirməmiş və onlarla birlikdə idarə etdikləri xidməti avtomobillə Xəzər RPİ-nin 1-ci PŞ-nə gəlmişdir. Polis əməkdaşları onu növbətçi hissəyə raport yazaraq təhvil vermiş və həmin zaman PŞ-nin digər əməkdaşı onun üzərinə video çəkiliş vasitəsi ilə baxış keçirilməsi zərurəti yarandığını demişdir. O, da polis əməkdaşı ilə razılaşaraq heç bir etirazının olmadığını bildirmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, ona hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir. Təyin edilmiş müdafiəçi onun hüquqlarını müdafiə etsə də, lakin o, baxışda müdafiəçinin iştirak etməməsini istəmiş və ərizə ilə müraciət etmişdir. Baxış keçirilməzdən əvvəl ona polis əməkdaşları təklif etmişlər ki, üzərində qanuna zidd əşya və ya predmet varsa çıxarıb masanın üzərinə qoysun. Bundan sonra o, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən üzərində “sun” sözü yazılan salfetin sellofanına bükülmüş narkotik vasitə olan marixuana (nəşə), digər sellofana bükülmüş metamfetamin kimi bilinən psixotrop maddəni və sol yan cibində olan 01 ədəd tərəzini çıxardıb masanın üzərinə qoymuş və polis əməkdaşlarına təqdim etmişdir. Onun ilkin istintaq zamanı narkotik vasitə aldığı şəxsin adını bildirməməyinin səbəbi o, olmuşdur ki, hesab etmiş ki, onu polis əməkdaşları həbs etməz və o, sonra Toğrul adlı şəxsdən yenə də gedib narkotik vasitə alar. Lakin görmüşdür ki, həmin narkotik vasitəyə görə həbs olunmuş və qərara gəlmişdir ki, narkotik vasitəni kimdən almışdırsa həmin şəxsin adını istintaqa bildirsin. O, narkotik vasitə aldığı şəxsin yalnız adının “Toğrul” olmasını bilmiş, Toğrul adlı şəxsdən o, bir neçə dəfə istifadə etmək üçün narkotik vasitə almışdır. Toğrul adlı şəxsin tam şəxsiyyəti barədə heç bir məlumatı olmamış, adını ona “Toğrul” demiş və Toğrul kimidə tanımışdır. Toğruldan narkotik vasitə almağa gedəndə o, Suraxanı rayonu Bül-bülə qəsəbəsinə gedib avtobus dayanacağında dayanmış, ümumiyyətlə narkotik vasitə istifadə edən şəxs zahiri görünüşdən bunu büruzə vermiş, o, narkotik vasitə satışı ilə məşğul olan Toğrulu təxminən 2-3 ay olarkı tanımışdır. Toğrul adlı şəxsi Suraxanı rayonu Bül-Bülə qəsəbəsində axşam saatlarında avtobus dayanacağında dayanan zaman tanımış, Toğrul ona yaxınlaşaraq onu zahiri görünüşündən narkotik vasitə istifadə edən şəxsə bənzətmiş və demiş ki, ucuz qiymətə narkotik vasitə satır. O, da narkotik vasitələrdən istifadə etdiyi üçün Toğrul adlı şəxslə tanış olmuş və ona hər dəfə narkotik vasitə lazım olduqda həmin avtobus dayanacağına gedib orada dayanaraq və Toğrulu gözləyib narkotik vasitə almışdır. O, əvvəllər həmin yerdə “Toğrul” adlı şəxsdən bir neçə dəfə narkotik vasitə almış, həmin narkotik vasitəni istifadə etdikdə görürmüş ki, ona qramda azlıq edir. Sonra bilmişdir ki, “Toğrul” ona satdığı narkotik vasitənin qramını az verir və onu aldadır. O, da Toğrulun onu aldatmaması səbəbindən Toğruldan narkotik vasitə almağa gedəndə özü ilə tərəzi aparmışdır ki, aldığı narkotik vasitənin qramını bilsin. Onun bədənində ağrılar olduğundan narkotik vasitə istifadə edir və həmin narkotik vasitənin qramı ona daha vacibdir. Üzərində tərəzini gəzdirməkdə məqsədi Toğrulun onu aldatmaması olmuşdur. O, həmin narkotik vasitələri tərəzidə özü üçün çəkmiş, həmin şüşə kimi bildiyi psixotrop maddə metamfetamin 2 qramdan biraz yuxarı, nəşə kimi tanıdığı marixuana isə 7 qramdan yuxarı çəkidə olmuşdur. O, nəşə və şüşə kimi tanıdığı narkotik vasitələrdən istifadə edir, o, şüşə kimi tanıdığı, lakin adı metamfetamin olan psixotrop maddədən gündə iki dəfə olmaqla səhər və axşam təxminən 1 qrama yaxın istifadə edir, nəşə kimi bildiyi, lakin adı marixuana olan narkotik vasitəni isə hər gün təxminən 3- 4 dəfə siqaretin tütünü ilə qarışdırıb siqaret əvəzi çəkir. O, hər dəfə narkotik vasitə almağa getməsin deyə çox qram alır ki, bir neçə gün ona istifadədə kifayət etsin. O, saxlanılan gün həmin narkotik vasitəni aparıb evdə gizlədəcəkmiş ki, hissə-hissə istifadə etsin. Lakin həmin günü evə gedəndə onu post patrul xidmətinin polis əməkdaşları saxlamış və polis şöbəsinə apardıqdan sonra orada üzərindən aşkar edilmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq niyyəti olmamış, ümumiyyətlə o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun üzərindən tərəzi aşkar edilsə də o, həmin tərəzidən özü narkotik vasitə istifadə etmək üçün qramını bölməkdə istifadə etmişdir ki, normadan artıq miqdarda qəbul etməsin və narkotik vasitə aldığı şəxs onu narkotik vasitənin qramında aldatmasın. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 bildirdi ki, o, Xəzər RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə o, iş yoldaşları X4 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinin mərkəzində xidmət apararkən təxminən gecə saat 02 radəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər və həmin zaman ona yaxınlaşmışlar. Bundan sonra onlar orada həmin şəxsə xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirib özünü təqdim etməsini demişlər. Həmin zaman şübhəli şəxs özünü onlara təqdim etməyərək özünü şübhəli aparmışdır. Bundan sonra onlar həmin şəxsin özünü şübhəli aparması səbəbindən Xəzər RPİ-nin 1-cü PŞ-nə dəvət etmişlər və xidməti avtomobillə onu Xəzər RPİ-nin 1-cü PŞ-nin növbətçi hissəsinə təhvil vermişlər və orada məlum olmuş ki, tərəflərindən saxlanılan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından polis şöbəsində xidməti otaqların birində video çəkiliş vasitəsi ilə baxış keçirilməsi zərurəti yaranmasını ona bildirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün Xəzər rayonu ərazisində fəaliyyət göstərən vəkillərdən biri dəvət edilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmiş ki, üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən üzərində “sun” sözü yazılan salfetin sellofanına bükülmüş narkotik vasitə olan marixuana (nəşə), digər sellofana bükülmüş metamfetamin kimi bilinən psixotrop maddəni və sol yan cibində olan 01 ədəd tərəzini çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə kimi bilinən marixuana (nəşə) və metamfetamin (şüşə) olmasını və xx.xx.2020-ci il tarixdə saxlanılmamışdan qabaq Türkan qəsəbəsindən dəniz kənarından tapmasını və özü istifadə etməsi üçün üzərində saxlamasını bildirmişdir. Bundan sonra həmin maddələr və bir ədəd tərəzi qablaşdırılaraq zərfə qoyulmuş və tərtib edilmiş sənədləri imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə baxış keçirilərkən ona tərəflərindən eləcə də, 1-ci PŞ-də heç bir psixi və fiziki təzyiqlər olunmamışdır. Əlavə olaraq ifadəsində göstərmişdir ki, inzibati ərazidə baş vermiş oğurluq hadisələrinə eləcə də axtarışda olan şəxslərin tutulmasına görə xidmətdə olduqları zaman ətrafa nəzarət edib özünü şübhəli aparan şəxsləri müəyyən edib şəxsiyyətləri barədə məlumatlanırlar. Təqsirləndirilən şəxs onları görən zaman özünü şübhəli aparmış və onlarda Təqsirləndirilən şəxs oğurluq cinayətində və ya digər cinayətlərdə iştirak edib etməməsindən şübhələnib polis şöbəsinə dəvət etmişlər. onun eləcədə iş yoldaşlarının Təqsirləndirilən şəxs saxlamamışdan qabaq Təqsirləndirilən şəxs narkotik vasitə olması eləcə də kimlərəsə satması barədə məlumatları olmamışdır. Təqsirləndirilən şəxs onlar oğurluqda və ya digər cinayət əməlində iştirakının olub-olmamasını müəyyən etmək üçün və özünün şübhəli apardığına görə polis şöbəsinə gətirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 və Şahid3 eyni məzmunlu ifadələr verərək X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fizikikimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1643 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 167” dairəvi möhür əks olan “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr” sözləri qeyd edilmiş bir ədəd zərfin içərisində kağıza qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 2,097 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 7/554 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri yazılmış kağız paketdə qara rəngli skoçla bağlanmış bir ədəd sellofanda təmiz çəkisi 7,417 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxxx 2020-ci il tarixli, 2429 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Tovuz rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 02:50-03:00 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən üzərinə “Sun” yazılmış salfetin sellofanına bükülmüş narkotik vasitə olan marixuanaya bənzər ot mənşəli bitki, sellofana bükülmüş ağ rəngli narkotik vasitə - heroinə bənzər metamfetamini, sol yan cibindən isə bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CMin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməlin törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan metamfetaminin miqdarı külli miqdar və marixuananın miqdarı isə xeyli miqdar təşkil etmiş, həmçinin üzərindən elektron tərəzi aşkar edilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah edilməsi və cəzanın məqsədinə nail olmaq üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 2,047 qram narkotik vasitə olan metanfetamin və 7,367 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 154 (bir yüz əlli dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 2,047 qram narkotik vasitə olan metamfetamin və 7,367 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 154 (bir yüz əlli dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-360/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-360/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver