Məhkəmə qərarları › İş №1(003)-362/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-362/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-362/2023 05.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,220 qram və 0,225 qram, ümumi təmiz çəkisi 0,445 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 15 fevral 2023-cü il tarixdə saat 16:40 radələrində Xəzər RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Binə qəbristanlığının yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasına aparılmış və həmin gün saat 17:50 radələrində Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,220 qram və 0,225 qram, ümumi təmiz çəkisi 0,445 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 2-3 il olar ki, psixotrop maddələrdən istifadə edir. Adətən istifadə etdiyi psixotrop maddəlrəi Yeni Suraxanı qəsəbəsində yaşayan tanımadığı şəxsdən almışdır. Sonuncu dəfə 15 fevral 2023-cü il tarixdə səhər saatlarında həmin şəxsdən 20 manata şəxsi istifadəsi üçün 2 ədəd siqaretin gümüşü kağızına bükülü halda psixotrop maddə metamfetamin almış, istifadə etməsi üçün əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. 15 fevral 2023-cü il tarixdə saat 16:40 radələrində Binə qəsəbəsi 88 nömrəli tam orta məktəbin və Binə qəbiristanlığının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər, sorğu zamanı onlara üzərində psixotrop maddə olmasını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirərək təhvil vermişlər. PŞ-də polis əməkdaşları videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmiş, o da buna etiraz etməmişdir. Hüquqlarının müdafiə olunmasından ötrü vəkillə təmin edilmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları tərəfindən xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş, əgər varsa, könüllü təqdim etməyi təklif edilmiş və o, üzərində saxladığı, içərisində psixotrop maddə metamfetaminin olduğu iki ədəd bükümü təqdim etmiş, həmin bükümə baxış keçirilmiş və içərisində olan psixotrop maddə aşkar olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə şüşə kimi tanıdığı psixotrop maddə metamfetamindir. Bundan sonra həmin psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək bir ədəd zərfə qoyulub qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməlini etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı Şahid1 göstərdi ki, 15 fevral 2023-cü il tarixdə iş yoldaşı Şahid2 ilə birlikdə Binə qəsəbəsində 6352 çağırışlı avtopatrulda xidmət aparan zaman saat 16:40 radələrində Binə qəsəbəsi 88 nömrəli tam orta məktəbin və Binə qəbiristanlığının yaxınlığında piyada hərəkət edən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədinin olub-olmadığını, adını, soyadını və hansı ünvanda yaşadığını soruşmuşlar. Lakin həmin şəxs suallarına dolğun cavab verə bilməmişdir. Onlar həmin şəxsin narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olduğundan və üzərində də qeyri-qanuni əşya və ya maddə olduğundan şübhələnmiş, bu barədə həmin şəxsə sual verdikdə o, üzərində psixotrop maddə olduğunu etiraf etmişdir. Buna görə də onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmiş və həmin şəxsi şöbənin növbətçi hissəsinə təhvil vermişlər. PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra hadisə barədə raport yazıb məruzə etmiş və bununla əlaqədar araşdırmanın aparılması 3-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Nihad Mustafayevə həvalə edilmişdir. PŞ-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı Nihad Mustafayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra dəvət edilmiş müdafiəçi və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əvvəlcə hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməmişdən əvvəl videoçəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş maddə və yaxud əşya varsa könüllü təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən iki ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuş və təqdim etdiyi həmin bükümlərin içərisində “şüşə”, yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükülülər təhqiqatçı tərəfindən açıldıqda, içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristallardan ibarət maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümlərdə olan metamfetaminə bənzər maddəni Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadə etmək üçün üzərində saxladığını, satış məqsədinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində ağ rəngli, kristallardan ibarət maddə olan 2 ədəd gümüşü rəngli kağız büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 da Şahid1 ifadəsinə uyğun, oxşar məzmunda ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 16 fevral 2023-cü il tarixli 6/968 saylı rəyindən görünür ki, təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244 dairəvi möhür əksi ...Şübhəli şəxs : (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki iki ədədbir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,220 qram və 0,225 qram, ümumi təmiz çəkisi 0,445 qram sğ rəngli kristallardan ibarət maddələr kimyəvi kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 0,445 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 0,345 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (yüz on dörd) manatdır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 09 mart 2023-cü il tarixli 1366 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,345 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 14 mart 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən 04 fevral 2021-ci il tarixli hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 1 (bir) il azaldılmış, 30 sentyabr 2022-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 17 fevral 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,345 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 114,00 (yüz on dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdən 17 fevral 2023-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 05 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,345 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114,00 (yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar