Məhkəmə qərarları › İş №1(003)-364/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-364/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-364/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, üç uşağı olan, əvvəllər məhkum olunmamış, “Socar” NQT Trestində quraşdırıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 27 mart 2022-ci il tarixdə, saat 16 radələrində yaşadığı ünvan 2 ünvanında qardaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlindəki istintaqa məlum olmayan bərk alətlə, baş və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona ənsə nahiyəsinin, təpə nahiyəsinin, burunun əzilmiş yaraları, ənsə nahiyəsinin, alt dodağın, sol dirsəyin, sol dizin sıyrıqları, burun sümüyünün sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı tək yaşadığından bayramda onu evə qonaq çağırmışdır. 27 mart 2022-ci il tarixdə, saat 16 radələrində Anar yaşadığı Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən evinə gəlmişdir. Onun Anara heç bir borcu olmamışdır. Anar digər qardaşları Cəlilə bağışladığı ata evinə görə ondan 7000 ABŞ dolları pul istəmişdir. O, bununla bağlı atası və Cəlillə danışmasını demişdir. Anar isə onu və atasını təhqir etmişdir. O, da təpiklə Anarın ayağından vurmuşdur. Həmin vaxt Anar tullanaraq ona kəllə zərbəsi vurmuşdur. O, da Anarı evdən çıxardarkən onun başından vurmuşdur. Anar gələrkən palto geyinmişdir, lakin hadisədən sonra gedərkən paltosu onun evində qalmışdır. Təxminən yarım saat sonra qardaşı Cəlil və atası gəlmiş, bundan 15-20 dəqiqə sonra Cəlillə Anarın evinə getmiş, lakin o, qapını açmamışdır. Qardaşı arvadı Anarın digər qardaşıgildə olduğunu bildirmiş və Anarın paltosunu gətirməsini xahiş etmişdir. O, Anarın digər qardaşıgildə olduğunu biləndən sonra qardaşı Cəlillə gedib atasını da, götürüb Anarın yanına getmiş və həmçinin paltosunu da aparıb Anara vermişlər. Anarla arasında baş vermiş mübahisə ilə onun Anarın yanına getməyi arasında təxminən 2-3 saat vaxt keçmişdir. Məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 27 mart 2022-ci il tarixdə qardaşı onu evinə qonaq çağırmışdır. O, saat 16 radələrində qardaşının yaşadığı evə getmiş və həmin vaxt qardaşı evdə tək olmuşdur. Azər ona stolun üzərində olan sənədlərə baxmasını demişdir. Sənədə baxanda beyni silkələnmiş kimi hiss etdiyindən başına çilçıraq düşdüyünü fikirləşmişdir. Çönüb kömək istəyərkən Azər əlində əskiyə bükülmüş bir şeylə ikinci dəfə onu vurmuşdur. O, həmin vaxt başına çilçıraq düşmədiyini, Azərin onu vurduğunu başa düşmüşdür. Bir təhər durub dəhlizə qaçmış, Azər isə dəhlizdə boğazından yapışaraq onu öldürmək istədiyini demiş və ona kəlməyi-şəhadətini deməsini bildirmidir. Həmin vaxt əlində nəsə alət olmuş və üçüncü dəfə onu vuranda onu vurmasının səbəbini soruşmuşdur. Lakin Azər heçnə demədən yaxasından tutaraq onu otağa çəkmişdir. Özünü ələ alıb var gücü ilə özünü Azərin üstünə yıxıb kəllə ilə onu vurmuşdur. Arxaya çəkiləndə Azər də, özünü toplayıb kəllə ilə onu vurmuşdur. Qapını açmış və Azər ayağından tutanda özü yıxılmış və birtəhər çölə çıxmışdır. Darvazanı açıb çölə çıxmaq istəyəndə Azər onu yenidən tutmuşdur. O isə qışqırmağa başlamışdır ki, qonşular ona kömək etsinlər. Həmin vaxt Azər özünü itirmiş, əlini buraxmış, o, da çıxıb getmişdir. Həmin vaxt gələrkən geyindiyi palto, papaq və ayaqqabısı Azərin evində qalmışdır. Təxminən 2-3 saat həmin geyim əşyalarını gətirmişlər. Azərin ona 4900 ABŞ dolları borcu olmuşdur. Hadisədən sonra, Azər onun paltosundan evinin açarlarını götürmüş, onun evinə getmiş və Azərin də adı qeyd olunan borc dəftərini oğurlamışdır. Azərin ona dəymiş 4900 ABŞ dolları məbləğində ziyanı ödəsə onunla danışaraq barışa bilər. Lakin ziyanı ödəməsə hazırki maddə ilə razı deyil və ona ağır cəzanın təyin olunmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 11 aprel 2022-ci il tarixli, 321 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - ənsə nahiyəsinin, təpə nahiyəsinin, burunun əzilmiş yaraları, ənsə nahiyəsinin, alt dodağının, sol dirsəyin, sol dizin sıyrıqları, burun sümüyünün sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “Neyrocərrahlıq Xəstəxanası” X3 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 27 mart 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin məhkəmətibbi ekspertizasının 12 oktyabr 2022-ci il tarixli, T447/2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs təpə, təpə-ənsə, gicgah-təpə nahiyələrinin, əzilmiş yaraları, ənsə nahiyəsinin, alt dodağının, sol dirsəyin, sol dizin sıyrıqları, burun sümüyünün sınığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni 27 mart 2022-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 26 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini etiraf etməsini, üç uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs rəsmi olaraq işləməini və qazancının olmasını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 8 (səkkiz) saat vaxt, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat, ümumilikdə 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, 108 (yüz səkkiz) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsndə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 108 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar