Məhkəmə qərarları › İş №1(003)-368/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-368/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-368/2021 29.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2erləşən fərdi yaşayış evində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 23 mart 2021-ci il tarixdə saat 23 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, əmisi oğlu X5 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında Xəzər rayonu Türkan qəsəbəsi Qılman İsmayılov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan keçməklə Zərərçəkmiş şəxs məxsus evinə açıq qapı yerindən qanunsuz daxil olaraq oradan bir metrinin dəyəri 2,50 manat olan ümumilikdə dəyəri 1250 manat olan 500 metr uzunluğunda üzərində “Maktel Kablo HO7VV-F 4x6 mm2 300/500 2019 058 mt” yazıları olan, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 14,46 mm, damarların hər birinin diametri təxminən 4,46 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan kabel, bir metrinin dəyəri 0,75 manat olan ümumilikdə dəyəri 150 manat olan 200 metr uzunluğunda üzərində “Maktel Kablo HO7VV-F 3x2,5 mm2 300/500 V 2019 095 mt” yazıları olan, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 3 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 9,8 mm, damarların hər birinin diametri təxminən 3,26 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan kabel, bir metrinin dəyəri 0,45 manat olan ümumilikdə dəyəri 45 manat olan 100 metr uzunluğunda göy rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 4,6 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan kabel, evin həyətindən isə 01 ədəd 40 manat dəyərində əl arabasını gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1485 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, X5 onun əmsi oğludur və onlar hasar qonşusudurlar. 23 mart 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olarkən Zülfiqar onu çağırmış və onunla getməyini bildirmişdir. Onlar yolda gedərkən Zülfiqar ona oğurluğa getdiklərini bildirmişdir. Onlar Türkan qəsəbəsində Qılman İsmayılov küçəsində yerləşən evin yanına gəldikdə qonşuluqda yaşayan Aqşin adlı şəxsin evinə oğurluğa getdiklərini bildi. Bundan sonra Zülfiqarla o razılaşmışlar ki, o hasarın üstünə çıxıb gözləsin və gəlib-gedən olsa Zülfiqara xəbər etsin. Belə ki, o hasarın üstündən ətrafa nəzarət etmişdir ki, kimsə gəlsə Zülfiqara xəbər etsin. Təxminən 1 saat sonra Zülfiqar əlində 3 ədəd kisədə elektrik naqilləri ilə birlikdə gəlmişdir. Zülfiqar həmin elektrik naqillərini və bir ədəd əl arabasını həyətin içərisindən ona vermişdir və o həmin kisələri və əl arabasını hasarın üstündən Zülfiqardan götürüb küçəyə yığmışdır. Bundan sonra onlar oradan uzaqlaşmışlar. Zülfiqar oğurlayaraq götürdükləri əşyaları öz evinə aparmış, o isə öz evinə getmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd etdiyi oğurluqdan başqa heç bir cinayət hadisəsi törətməmişdir. Zülfiqar ona oğurluq etməklərini bildirmiş və o Zülfiqarla oğurluq etməyə getmişdir. O, tutulmaqdan qorxduğu üçün polisə gəlib etdiyi əməli etiraf etməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Q.İsmayılov küçəsində özünə məxsus 20 sot torpaq sahəsinin içərisində 6 otaqdan ibarət bir mərtəbəli yaşayış evi vardır. Həmin evdə tikinti işləri getdiyindən yaşayış olmamışdır. 23.03.2021-ci il tarixdə saat 15 radələrində həmin evin qapılarını bağlayaraq evdən çıxmışdır. 24.03.2021-ci il tarixdə saat 08 radələrində evə gəldikdə həyətin hasarına bərkidilmiş elektrik naqillərini, həyətdə olan elektrik qutusuna gedən naqillərin kəsilərək oğurlandığını aşkarlamışdır. Bundan başqa həyətdə olan bir ədəd əl arabasının və evin bütün otaqlarına çəkilmiş elektrik naqillərinin sökülərək oğurlandığını aşkarlamışdır. O dərhal hadisə barədə polisə məlumat vermişdir. Bildirmişdir ki, ona məxsus evdən bir metrinin uzunluğu 3.50 manat olan ümumilikdə 1750 manat dəyərində 14,46 mm-lik 500 metr uzunluğunda elektrik naqili, bir metrinin qiyməti 1 manat olan ümumilikdə 200 manat dəyərində 9,8 mm-lik 200 metr uzunluğunda elektrik naqili, bir metrinin qiyməti 0,50 manat olan ümumilikdə 50 manat dəyərində 4,6 mm-lik 100 metr uzunluğunda elektrik naqilləri oğurlanmışdır. Bundan başqa 01 ədəd 40 manat dəyərində əl arabası oğurlanmışdır. Həmçinin bildirmişdir ki, onun həmin elektrik naqillərini çəkdirməyinə 1000 manat usta pulu çıxmışdır. Ümumilikdə ona 2040 manat maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 bildirdi ki, 15 fevral 2021-ci il tarixdə saat 15 radələrində Türkan qəsəbəsi yeni sahədə olarkən atasının yaşadığı evin qonşuluğunda yaşayan İsmayıl adlı şəxsə məxsus bağ evinə girmişdir. Belə ki, İsmayılın evdə yaşamadığını bildiyi üçün hasardan həyətə keçmiş və həmin həyətdə olan əl damının dəmir barmaqlığını əvvəlcədən özü ilə götürdüyü dəmir kəsən ilə kəsdikdən sonra taxta pəncərəni itələyərək açmışdır. Bundan sonra içəriyə daxil olmuş və oradan müxtəlif növ məişət əşyaları, hamam aksesuarları və elektrik naqilini götürərək oradan uzaqlaşmışdır. Həmin əşyalardan bir ədəd saat, bir ədəd fotoaparat və bir ədəd balıq tutanı yaşadığı evdə saxlamış və həmin əşyaları polisə təhvil vermişdir. Yerdə qalan əşyaları isə Hövsan qəsəbəsində yerləşən metal qəbul edən məntəqəyə ümumilikdə 100 manata satmışdır. Əldə etdiyi pulları isə ehtiyaclarına xərcləmişdir. Bundan başqa 20 mart 2021-ci il tarixdə saat 01 radələrində Türkan qəsəbəsində Qılman İsmayılov küçəsində olarkən yarım tikili evin həyətinə hasardan keçmiş, həmin həyətdə olan yarım tikili evin açıq qapısından içəriyə daxil olmuş və otaqlara çəkilmiş elektrik naqillərini sökərək çıxarmışdır. Bundan sonra həmin naqilləri yaşadığı evə aparmış, sabahsı gün həmin əşyaları Hövsan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə apararaq ümumilikdə 60 manata satıb əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 23 mart 2021-ci il tarixdə saat 23 radələrində Türkan qəsəbəsində Qılman İsmayılov küçəsində əmisi oğlu Əli ilə birlikdə qonşuluqda yaşayan Aqşin adlı şəxsin evindən oğurluq etmişlər. Belə ki, onlar həmin ünvana getmiş və o əvvəlcə işıq sayğacından çıxan elektrik naqillərini kəsdikdən sonra hasardan həyətə keçmişdir. Əli isə onu hasarın üstünə çıxıb gözləmişdir ki, kimsə gəlsə tez ona xəbər etsin. Bundan sonra o həyətdə olan evə açıq qapıdan keçmiş və evin bütün otaqlarına çəkilmiş elektrik naqillərini kəsərək sökmüşdür. Həmin naqilləri o kisələrə yığmış və evdən çıxaraq həyətdə olan əl arabasına yığaraq hasarın yanına getdikdən sonra əl arabasını və kisələri Əliyə vermişdir ki Əli küçəyə yığsın. Daha sonra onlar oradan uzaqlaşaraq yaşadığı evə getmmışlər. Həmin 3 ədəd kisələrdə olan elektrik naqillərini sabahsı gün şübhə yaratmamaq üçün həyətində olan quyuya atmışdır. Həmin əşyaları tutulduqdan sonra polisə təqdim etmişdir. Bir ədəd işlənmiş olan əl arabasını isə Türkan qəsəbəsində yerləşən zibilliyə atmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 17.06.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 aprel 2021-ci il tarixli, 6/1437-9/2202 saylı rəyindən görünür ki, təxminən 118,0 sm uzunluqlu, üzərində “Maktel Kablo HO7VV-F 4x6 mm2 300/500 2019 058 mt” yazıları olan, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 14,46 mm, damarların hər birinin diametri təxminən 4,46 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan kabelin 1 metri-2,50 manat; - təxminən 122,0 sm uzunluqlu, üzərində “Maktel Kablo HO7VV-F 3x2,5 mm2 300/500 V 2019 095 mt” yazıları olan, ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 3 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 9,8 mm, damarların hər birinin diametri təxminən 3,26 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,2 mm olan kabelin 1 metri-0,75 manat; - təxminən 144,0 sm uzunluqlu, göy rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 4,6 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan kabelin 1 metri-0,45 manat; - 1 ədəd qara rəngli üzərində Smena 8 M yazıları olan şəkilçəkən (fotoaparat) - 50,00 manat; - 1 ədəd qırmızı-qara-yaşıl rəngli balıq tutmaq üçün tilov (spilnik) - 15,00 manat - 1 ədəd ağ rəngli 15x15 sm ölçülü, arxa hissəsi şüşədən, ön hissəsində “Maək” yazıları olan köhnə model stolüstü saat- 40,00 manatdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, o, ifadəsində qeyd etdiyi oğurluq cinayətinin ünvanını göstərərək ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 03 aprel 2021-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, 3 ədəd sintetik kisələrdə olan elektrik naqilləri, 01 ədəd üzərində Smena 8 M yazısı olan fotoaparat, 01 ədəd balıq tutmaq üçün alət və 01 ədəd stolüstü saat X2 götürülmüşdür. İş materiallarında olan 03 aprel 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə əldə olunmuş 3 ədəd sintetik kisələrdə olan elektrik naqillərinə baxış keçirib əlamətlərindən tanıyaraq ona məxsus oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 27.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, 27 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis-kapitanı Ruslan Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-167/2021 saylı, 28.04.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-237/2021 saylı, 18.06.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut olan 03 ədəd sintetik kisələrdə olan elektrik naqilləri Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. İş üzrə 90 (doxsan) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27.04.2021-ci il tarixdən 29.07.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2erləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 03 ədəd sintetik kisələrdə olan elektrik naqillərinin Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmə zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar