Məhkəmə qərarları › İş №1(003)-369/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-369/2022

02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-369/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqəsdi ilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən nömrəsiz bağ evinin qarşısına gəlmiş, bağ evində və ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra evin hasarından aşıb həyətə, yəni yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra əvvəlcə həyətdəki 54 metr uzunluğunda elektrik naqilini götürmüş, daha sonra evə, yəni yaşayış sahəsinə qanunsuz daxil olaraq evin divarlarındakı elektrik naqillərini və elektrik qovşağını söküb götürərək evə daxil olduğu yerdən küçəyə çıxıb oradan uzaqlaşaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1364 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqəsdi ilə 2022-ci ilin aprel ayının təxminən sonlarında saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən nömrəsiz bağ evinin qarşısına gəlmiş, evdə və ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra evin hasarını aşaraq həyətə, yəni yaşayış sahəsinə qanunsuz daxil olmuş, daha sonra həyətdəki iki mərtəbəli evin plastik pəncərəsini əli ilə vurub açaraq evə yəni yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 02 ədəd laqonda alətini, 01 ədəd drel deşici alətini, 01 ədəd preferator alətini və təxminən 55 metrdən uzun elektrik naqilini götürərək evə daxil olduğu yerdən küçəyə çıxıb oradan uzaqlaşaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 500 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqəsdi ilə 2022-ci ilin may ayının təxminən əvvəllərində saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən nömrəsiz bağ evinin qarşısına gəlmiş, bağ evində və ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra evin hasardan aşıb həyətə, yəni yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra həyətdəki evin pəncərəsini əli ilə vurub açaraq evə, yəni yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 01 ədəd elektrik tənzimləyicisini, 02 ədəd xalçanı, 01 ədəd drel alətini, 07 ədəd drosel lampanı, 15 metr uzunluqda elektrik naqilini, 3 fazalı elektrik naqilini və plastik qaynaq alətini götürüb evə daxil olduğu yerdən çıxıb uzaqlaşaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1224 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar oğurluq, yəni özgə əmlakını gizli olaraq talama məqəsdi ilə 2022-ci ilin may ayının təxminən sonlarında saat 01 radələrində X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən nömrəsiz bağ evinin qarşısına gəlmiş, bağ evində və ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra evin hasarını aşaraq həyətə, yəni yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra həyətdəki evin birinci mərtəbəsində yerləşən qarajın pəncərəsinin dəmir barmaqlığını əli ilə dartıb çıxararaq evin qarajına, yəni başqa saxlanc yerinə qanunsuz daxil olaraq oradan 10 ədəd 100 mm-lik 4-6 metr uzunluğunda dəmir boruları, 08 ədəd 3 metr uzunluqda armaturları, 06 ədəd 4,5 mm-lik dəmir künclükləri, 01 ədəd nasosu və digər bir sıra metal əmlakları götürüb evə daxil olduğu yerdən çıxıb uzaqlaşaraq zərəçəkmiş şəxs Elnarə Məmmədovaya ümumilikdə 1500 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə maddi vəziyyəti pis olduğu üçün oğurluq edərək qazanc əldə etmək qərarına gəlib. Belə ki, həmin gün saat 01 radələrində Xaşa-Xuna bağlarında gəzərkən yaşadığı evin yaxınlığında yerləşən tikinti işləri aparılan ev görüb. Hasardan həyətə baxaraq evdə heç kəsin olmadığına əmin olub və daha sonra hasardan aşaraq həyətə daxil olub. Həyətə daxil olan zaman həyətdə təxminən 50 metrdən uzun elektrik naqilinin olduğunu görüb. Həmin naqili oğurlamaq üçün götürüb kənra qoydum, daha sonra isə evin qapısından evə daxil olub. Həmin vaxt təmir işləri getdiyi üçün evin giriş qapısı qoyulmamışdı. Evə daxil olduqdan sonra divardan çəkilmiş elektrik naqilini və elektrik qovşağını sökərək çıxarıb. Sonra həmin əmlakları evin həyətindən hasardan küçəyə yığıb. Oğurladığı əmlakları apararaq yaşadığı evə yığıb. Səhər açılanda həmin əmlakları Xaşa-Xuna qəsəbəsində fəaliyyət göstərən metal qəbulu yerlərindən birinə satıb və 30 manat pul əldə edib.Əldə etdiyi pulu şəxsi tələbatı üçün xərcləyib. Bundan 3-4 gün sonra, yəni 2022-ci ilin aprel ayının sonlarında gecə saat 01 radələrində oğurluq etmək üçün Xaşa-Xuna bağlarında təmir gedən bağ evinin olduğunu müəyyən edib. Evin hasarından həyətə baxaraq həyətdə 2 mərtəbəli bağ evinin olduğunu, evdə təmir işlərinin aparıldığını və orada heç kəsin olmadığını müəyyən etdikdən sonra qərara gəlib ki, oradan oğurluq edərək qazanc əldə etsin. Hasardan həyətə aşaraq daxil olub və evin plastik pəncərəsini əli ilə vurub açıb. Daha sonra evə daxil olub və oradan 02 ədəd laqonda alətini, 01 ədəd drel deşici alətini, 01 ədəd preferator alətini və təxminən 50 metrdən uzun elektrik kabelini oğurlayarq həyətə çıxarıb. Həyətdən isə küçəyə çıxarıb. Daha sonra həmin əmlakları yaşadığı evə gətirib. Səhər açılanda həmin alətləri tanımadığı taksi ilə Sabunçu bazarına apararaq orada tanımadığı şəxslərə ümumilikdə 100 manata satıb. Əldə etdiyi pulu şəxsi təlabatları üçün xərcləyib. Bundan bir neçə gün sonra, yəni 2022-ci ilin may ayının əvvəllərində saat saat 01 radələrində Xaşa-Xuna bağlarında heç kəsin yaşamadığı bağ evi müəyyən edib. Evin hasarından həyətə baxaraq orada heç kəsin yaşamadığına əmin olub. Daha sonra hasardan həyətə daxil olub. Həyətdə 2 mərtəbəli bağ evi olub. Bağ evinin pəncərəsini əli ilə açaraq evə daxil olub. Oradan 1 ədəd elektrik tənzimləyicisini, 2 ədəd xalçanı, 1 ədəd drel alətini, 7 ədəd lampanı, təxminən 10 metrdən uzun elektrik naqilini, 3 fazalı elktrik naqilini və plastik qaynaq aparatını oğurlayaraq yaşadığı evə gətirib. Səhər açıldıqda həmin əmlakları tanımadığı taksi ilə Sabunçu bazarına apararaq orada tanımadığı şəxslərə sataraq 200 manat pul əldə edib. Əldə etdiyi pulu şəxsi təlabatları üçün xərcləyib. Bundan başqa, təxminən bir həftə əvvəl, yəni 2022-ci ilin may ayının sonlarında maddi vəziyyəti pis olduğu üçün oğurluq edərək qazanc əldə etmək qərarına gəlib. Belə ki, qərara gəlib ki, yaşayış olmayan bağ evlərinə daxil olaraq oradan qiymətli əşyalar və ya əmlaklar oğurlayaraq satıb qazanc əldə etsin və şəxsi təlabatları üçün xərcləsin. O, Xaşa-Xuna bağlarını gəzib yaşayış olmayan bağ evləri axtarmağa başlayıb. 2022-ci ilin may ayının sonlarında gecə saat 01 radələrində Xaşa-Xuna bağlarında yaşayış olmayan bağ evi müəyən edib. Bağ evinin hasarından həyətə baxıb, yaşayış olmadığına əmin olduqdan sonra hasardan aşaraq həyətə daxil olub. Həyətdə iki mərtəbəli bağ evi olub. Həmin evin 1-ci mərtəbəsi qaraj olub. Qaraja yaxınlaşıb pəncərəsindən içəri baxıb orada metal əmlakların olduğunu görüb. Qərara gəlib ki, həmin yerə daxil olub metal əmlakları oğurlayaraq satıb qazanc əldə etsin. O qarajın pəncərəsinin barmaqlıqlarını əli ilə dartıb çıxararaq oradan içəri daxil olub. İçəri daxil olduqdan sonra oradan 10 ədəd 100 mm-lik 4- 6 metr uzunluğunda dəmir boruları, 8 ədəd 3 metr uzunluqda armaturları, 6 ədəd dəmir künclüklərinin, 1 ədəd nasosun və apara biləcəyi qədər digər metal əmlakları oğurlayaraq bağın həyətinə sonra hasardan bağın giriş qapısının qarşısına çıxarıb. Daha sonra həmin əmlakları hisə-hisə apararaq yaşadığı evə yığıb. Səhər açılanda həmin əmlakları Xaşa – Xuna qəsəbəsində fəaliyyət göstərən metal qəbulu yerinə 73 manata satıb. Əldə etdiyi pulu şəxsi təlabatları üçün xərcləyib. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, FHN-də pilot işləyir. ünvan 2 ünvanında yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ sahəsi, 50K ünvaında bağ evi vardır. Həmin bağ evini yeni tikdirdiyi üçün orada təmir işləri aparır. Təmir işləri ilə əlaqədar olaraq orada yaşayış olmur. Lakin özü hər gün bağ evinə gedib gəlirmiş. Oğurluq hadisəsi olmamışdan qabaq sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində bağ evini tərk etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında bağ evinə gələn zaman müəyyən edib ki, naməlum şəxslər bağ evinə daxil olaraq evin həyətindən və daxilindən oğurluq ediblər. Evə nəzər yetirən zaman məlum olub ki, naməlum şəxs evin həyətindəki 6 mm-lik ölçüdə 50 metr uzunluğunda naqili sökərək oğurlayıb. Həmin 50 metr uzunluğunda naqili həyətində hasarın iç hissəsi ilə çəkilmişdir. Naməlum şəxslər bundan sonra evə daxil olaraq oradan evin içindən divara və tavana çəkilmiş naqilləri malanın altından söküb çıxararaq oğurlamışdılar. Evin daxilindən ümumilikdə 400 metr uzunluğunda mis naqilləri söküb oğurlamışdır. Oğurluq nəticəsində ona məxsus ümumilikdə 1364 manat məbləğində əmlak oğurlanmışdır. Həmin naqilləri çəkən zaman o ustaya 600 manat xərc çəkmişdir. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 nömrəli Hərbi şəhərcikdə daimi yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ sahəsində bağ evi vardır. Bağ evində oğurluq olmamışdan təxminən bir neçə gün əvvəl bağ evində olmuşdur. Həmin bağ evini yeni tikdirdiyi üçün orada təmir işləri aparıb. Təmir işləri ilə əlaqədar olaraq orada yaşayış olmur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında bağ evinə gələn zaman müəyyən edib ki, naməlum şəxslər bağ evinə plastik pəncərəni açma yolu ilə daxil olaraq evin daxilindən oğurluq ediblər. Evə nəzər yetirən zaman məlum olub ki, naməlum şəxs oradan 02 ədəd laqonda alətini, 01 ədəd drel deşici alətini, 01 ədəd preferator alətini və təxminən 55 metrdən uzun elektrik naqilini götürərək oğurlamışdırlar. O oğurlanmış əmlakların ayrı ayrılıqda qiymətlərini xatırlamasa da, oğurluq nəticəsində ona məxsus ümumilikdə 500 manat miqdarında əmlak oğurlanmışdır. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, ev 25/16-da daimi yaşayır. ünvan 4 ünvanında bağ evi vardır. Həmin bağ evində daimi yaşayış yoxdur, Mövsümi olaraq həmin bağ evində yaşayış olur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində bağ evinə gələn zaman müəyyən edib ki, naməlum şəxs(lər) bağ evinə daxil olaraq oğurluq ediblər. Evə nəzər yetirən zaman məlum olub ki, naməlum şəxs evin plastik pəncərəsindən içəri daxil olaraq oradan ona məxsus 300 manat dəyərində 01 ədəd elektrik tənzimləyicisini, ümumi dəyəri 500 manat olan 02 ədəd xalçanı, 140 manat dəyərində 01 ədəd drel alətini, 1 ədədinin qiyməti 12 manat olan 07 ədəd drosel lampaları, 15 manat dəyərində elektrik naqilini, 01 ədəd 150 manat dəyərində qaynaq ütüsünü və 35 metr uzunluğunda 35 manat dəyərində elektrik naqillərini oğurlamışlar. Oğurluq nəticəsində ona məxsus ümumilikdə 1224 manat məbləğində əmlak oğurlanmışdır. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, ünvan 5 ünvanında daimi yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ sahəsində bağ evi vardır. Həmin bağ evində mövsümi olaraq yaşayır. Sonuncu dəfə oğurluq hadisəni aşkar etdiyi gündən təxminən 15 gün əvvəl bağ evində olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında bağ evinə gələn zaman müəyyən edib ki, naməlum şəxslər bağ evinə daxil olaraq evin qarajından oğurluq edib. Oğurluq edən şəxs qarajın pəncərəsindən qaraja daxil olmuşdur. Evin qarajına nəzər yetirən zaman məlum olub ki, naməlum şəxs evin qarajından ona məxsus 10 ədəd 4-6 metr uzunluğunda dəmir boruları, 8 ədəd 3metr uzunluğunda armatuirları, 6 dədə 4,5 mmlik dəmir künclükləri, 1 ədəd su mühərrikini və digər bir sıra metal əşyaları oğurlamaqla ona ümumilikdə 1500 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Oğurluq nəticəsində ona məxsus ümumilikdə 1500 manat məbləğində əmlak oğurlanmışdır. O oğurluq barədə polisə müraciət etdikdən sonra polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində evindən oğurluq etmiş şəxsin qonşusu Təqsirləndirilən şəxs olduğu müəyyən edilib. Təqsirləndirilən şəxs polis əməkdaşlarına onun evindən oğurladığı əmlakları Xaşa- Xuna qəsəbəsində fəaliyyət göstərən metal qəbulu yerinə satdığını bildirib. O polis əməkdaşları ilə metal qəbulu yerinə gedərək oğurlanmış əmlaklarının orada olduğunu müəyyən edib və həmin əmlakları tanıyıb. Lakin orada həmin əmlakların bir hissəsi olub və orada olan metal əmlakları kəsilərək yararsız vəziyyətə salınmışdır. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminən 2022-ci ilin fevral ayının əvvəllərindən başlayaraq Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar yaşayış massivində metal qəbulu məntəqəsini işlədir. Həmin metal qəbulu məntəqəsi Xaşa-Xuna bağlar massivində yerləşən Hərbi hissənin yaxınlığında yerləşir. 2022-ci ilin may ayının sonlarında adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs onun metal qəbulu məntəqəsinə gələrək 10 ədəd 100 mm-lik 4-6 metr uzunluğunda dəmir boruları, 08 ədəd 3 metr uzunluqda armaturları, 06 ədəd 4,5 mm-lik dəmir künclükləri və 01 ədəd nasosu təqdim edərək satdığını bildirib. O Təqsirləndirilən şəxs həmin əmlakların kimə məxsus olduğunu soruşub. Rasim həmin əmlakların özünə məxsus olduğunu və həyətdə yer tutduğu üçün satdığını bildirib. O Təqsirləndirilən şəxs inanıb və həmin əmlakları 73 manat müqabilində alıb. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra gedib. Sonradan, yəni xx.xx.2022-ci il tarixdə bilib ki, Təqsirləndirilən şəxs ona satdığı əmlakları oğurluq yolu ilə əldə edib. O, Rasimdən aldığı əmlakların bir hissəsini metal zavoduna satıb. Məntəqədə isə həmin əmlakların bir hisəsi qalıb. Məntəqədə qalan əmlakları isə metal zavoduna satmaq üçün kəsərək hissəslərə ayırıb. Sonradan məntəqədə qalmış əmlakları sahibinə geri qaytarıb. Məntəqədə qalan əmlaklar 100 mmlik kəsilmiş dəmir borular, kəsilmiş armaturlar və kəsilmiş 4,5 mm-lik dəmir künclüklər olub. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli cinayət əməlinin tövsif olunması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 06 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 iyun 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş 23 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi oğurluq hadisəsi yerlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan 100 mm-lik kəsilmiş dəmir boruların, kəsilmiş armaturların və kəilmiş 4,5 mm-lik dəmir künclüklərin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 04 iyun 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 100 mm-lik kəsilmiş dəmir boruların, kəsilmiş armaturların və kəilmiş 4,5 mm-lik dəmir künclüklərin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 11 saata görə 66 (altmış altı) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar