Məhkəmə qərarları › İş №1(003)-370/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-370/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-370/2020 04.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Famil oğlunun və Zərərçəkmiş şəxs2 Famil oğlunun, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1962-ci il tarixdə ermənistan SSR-in kalinino rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Vətən AS trans”-da maşın ustası işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi R.Abdullayev küçəsi ev 5A mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 14:40 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq, yəni müvafiq kateqoriyası olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs4 məxsus “Daewoo BS090 avtobus” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunda “Bakı” kafesinin yaxınlığında hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda buna əməl etməyərək, ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz Vito minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində “Mercedes-Benz Vito minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ dizin, sağ baldırın, sağ qasıq nahiyəsinin sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz və budçanaq oynağının əzilməsi kimi xarakterizə edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına YÜNGÜL dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, “Mercedes- Benz Vito minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs3 Famil oğlunun alının sıyrığı, çənəaltı nahiyəsinin əzilmiş yarası kimi xarakterizə edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına YÜNGÜL dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, “Mercedes-Benz Vito minik” markalı, **- DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs2 Famil oğlunun ağzın sağ bucağının və selikli qişasının, çənənin əzilmiş yaraları, alt çənə sümüyünün açıq, yerdəyişməyən sınığı kimi xarakterizə edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına AZ AĞİR dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, Zərərçəkmiş şəxs1 əmlakı olan “Mercedes-Benz Vito minik” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6500 manat məbləğində, Zərərçəkmiş şəxs4 əmlakı olan “Daewoo BS090 avtobus” markalı **- TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 500 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində işlədiyi yerdə Zərərçəkmiş şəxs4 məxsus “Daewoo BS090 avtobus” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdikdən sonra yoxlamaqdan ötrü onu sürüb Albalılıq qəsəbəsindən üzü Maştağa qəsəbəsi istiqamətində yola çıxmışdır. “Bakı” kafesinin yaxınlığına çatdıqda artıq avtomobilin saz vəziyyətdə olduğuna əmin olub geri qayıtmaq istəmiş, buna görə də avtobusu yolun sağ tərəfinə torpaq yola sürüb saxlamışdır. Arxaya baxmış və “Vito” markalı bir avtomobilin gəldiyini görüb həmin avtomobil gələnə kimi dönmə əməliyyatını yerinə yetirə biləcəyini fikirləşərək dönmə əməliyyatını etməyə başlamışdır. Lakin bu zaman həmin “Vito” markalı avtomobil onun idarə etdiyi avtomobilin arxa sol yan tərəfinə çırpılmışdır. Hadisə zamanı o, heç bir xəsarət almamışdır, lakin digər avtomobildə olan sürücü və 2 oğlan uşağı xəsarət almışlar. Bundan sonra həmin şəxsləri təcili tibbi yardım maşını xəstəxanaya aparmışdır. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları da gəlmişlər. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur, o, ümumiyyətlə spirtli içki və ya narkotik maddələrdən istifadə etmir. Hadisə baş verən zaman idarə etdiyi avtomobildə yük və sərnişin olmamışdır. İdarə etdiyi avtomobilin sürəti saatda 10 km olmuş, həmin avtomobili idarə etməsi üçün kateqoriyası olmamış, avtomobili idarə etmək üçün heç kimdən icazə almamışdır. Ehtiyatsızlıq üzündən ilk dəfə törətdiyi bu əməldən peşman olmuşdur, zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş maddi ziyanı tamamilə ödəmişdir və hazırda onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat təxminən 14:40 radələrində uşaqları Zərərçəkmiş şəxs3 Famil oğlu, X2 və Zərərçəkmiş şəxs2 Famil oğlu ilə birlikdə etibarnamə əsasında əmlakı olan “Mercedes-Benz Vito minik” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Buzovna qəsəbəsindən Maştağa istiqamətində yolun hərəkət hissəsinin soldan 1-ci zolağı ilə saatda 60-70 km sürətlə gedirmiş. “Bakı” kafesinin yaxınlığına çatdığı zaman onunla eyni istiqamətdə və eyni zolaqda geri dönüş əməliyyatı edən sərnişin avtobusuna çırpılmışdır. Onun idarə etdiyi avtomobil avtobusun arxa sol yanına dəymişdir. Həmin avtobusu təxminən 3-5 metrdən görmüşdür və onu gördüyü zaman dərhal əyləci sıxmış, hərəkət istiqamətini dəyişmək istəmiş, lakin avtomobilini saxlaya bilməmiş və avtobusa çırpılmışdır. Hadisə zamanı o və iki oğlu xəsarət almış və təcili tibbi yardım maşını ilə 3 saylı X1 getmişlər. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 Famil oğlu göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində atası Famil, qardaşı Əkbər və bacısı Zeynəb ilə birlikdə atasının idarə etdiyi “X4 minik” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsində Maştağa istiqamətində gedirmişlər. Atasının idarə etdiyi avtomaşın həmin vaxt bir avtobusla toqquşmuşdur və hadisə zamanı o, qardaşı Əkbər və atası Famil xəsarət almışlar. Hadisədən sonra onlar birlikdə xəstəxanaya getmişlər. Hazırda tam sağalmışdır, özünü yaxşı hiss edir və baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 Famil oğlu da oxşar, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş olduğu “Daewoo BS 090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus ona məxsusdur. Həmin avtobusu Adilə təmir etmək üçün vermişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusunun əzilməsi nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli 452 saylı rəyindən görünür ki, A.Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alının sıyrığı, çənəaltı nahiyəsinin əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı X1 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli 450 saylı rəyindən görünür ki, Ə.Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – ağzın sağ bucağının və selikli qişasının, çənənin əzilmiş yaraları, alt çənə sümüyünün açıq, yerdəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı X1 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxx 2020-ci il tarixli 449 saylı rəyindən görünür ki Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ dizin, sal baldırın sağ qasıq nahiyəsinin sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz və bud-çanaq oynağının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı KŞX-na müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx xxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli 8/1006 №-li rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtobusu müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70,00 (yetmiş) manatdır. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli 1/1050 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir sərxoşluq vəziyyəti yoxdur və ayıqdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş maddi ziyanı tamamilə ödəmişdir, o, onunla barışmışdır, ona qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, zərərçəkmiş şəxslərin ifadələri, digər iş materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək dəymiş ziyanı tamamilə ödəməsini və onların ondan heç bir şikayətlərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 70,00 (yetmiş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar