Məhkəmə qərarları › İş №1(003)-370/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-370/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-370/2022 01.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, İİİ qrup əlil, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı X1 ilə 25 dekabr 2021-ci il tarixdə, saat 16 radələrində və 27 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında, vahid niyyətlə əhatə olununan qəsdlə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşıb qanunsuz olaraq daxil olmaqla oradan hər birinin dəyəri 50 manat olan 3 ədəd 5 metr uzunluqda elektrik dirəkləri, 01 ədəd 50 manat dəyərində palçıq qarışdırmaq üçün dəmir vanna, 80 manat dəyərində 25 metr uzunluqda dəmir tor, evin hasar divarının həyət tərəfdəki hissəsindən 40 manat dəyərində 01 ədəd elektrik sayğacı, divarla çəkilmiş 120 manat dəyərində 150 metr uzunluqda elektrik naqilləri sökülməklə, 250 manat dəyərində kustar üsulla hazırlanmış 01 ədəd dəmir manqal, dəyəri 30 manat olan 01 ədəd əl-üz yuma təhnəsi, 07 ədəd hər birinin dəyəri 5 manat olan bellər, 01 ədəd 4 manat dəyərində dırmıq aləti, 80 manat dəyərində 20 metr uzunluqda rezin şlanq, 01 ədəd 50 manat dəyərində 5 litrlik dəmir odun samovarı, 01 ədəd 50 manat dəyərində köhnə divan, evin pəncərə çərçivəsi hissəsindən qanunsuz olaraq daxil olmaqla divardan sökülməklə 750 manat dəyərində 500 metr uzunluqda 4 mm-lik elektrik naqilləri, 14 ədəd ümumilikdə 126 manat dəyərində elektrik açarları divardan sökülməklə, ümumilikdə 20 manat dəyərində 8 ədəd lampa patronları, ümumilikdə 10 manat dəyərində olan 8 ədəd elektrik lampaları, 300 metr uzunluqda 300 manat dəyərində aliminum elektrik naqilləri, ümumilikdə 15 manat dəyərində 20 ədəd elektrik şitləri divardan çıxarılmaqla, 01 ədəd 25 manat dəyərində uzadıcı naqil, ümumilikdə 14 manat dəyərində 7 ədəd, uzadıcı naqil başlıqları, hər birinin dəyəri 25 manat olan 02 ədəd dəmir kravat, 01 ədəd 100 manat dəyərində taxta jurnal stolu, hər birinin dəyəri 30 manat olan 02 ədəd əl arabaları, mətbəxdən 01 ədəd 40 manat dəyərində kiçik qaz balonu, 3 ədəd hər birinin dəyəri 5 manat olan boyalar və həmin boyaların hər birinin dəyəri 3 manat olan 02 ədəd şotkalar, 01 ədəd 3 manat dəyərində plastik vanna və içində olan ümumilikdə 30 manat dəyərində qarşıq mismar və şurublar, 30 manat dəyərində 15 metr uzunluqda evə gələn mis elektrik naqili gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2533 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, X1 ilə məhlə uşağı olmuşdur. O, heç vaxt oğurluq cinayəti törətməmişdir. Həmçinin narkotik istifadəçisi deyildir. Heç bir günahı olmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Ona məxsus Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən bağdan oğurluq olmuşdur. Polis əməkdaşları gələrək bağa baxış keçirmişlər. Araşdırmalardan sonra onu çağırmışlar. Ceyhun adlı şəxsi tutulandan sonra görmüşdür. Ceyhunu yaşadığı evə gətirib çəkiliş aparsalar da, o, həmin vaxt işdə olmuşdur. Ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını və ona cəza təyin edilməsini istəmədiyini bildirdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs kənd adamı kimi tanıyır. O, Mahirlə birlikdə Zərərçəkmiş şəxs evinə daxil olaraq oğurluq etməmişdir. O, Mahirlə dəmir boru da, oğurlamamışdır. O, Samirin həyətinə özü tək daxil olaraq dəmir boru oğurlamış və metal qəbulu məntəqəsinə təhvil vermişdir. O, Raqifi tanısa da, Samirin həyətindən oğurladığı dəmirləri başqa şəxsə satmışdır. O, Raqifə dəmir satmamışdır. O, ifadəsində Mahirin adını çəkməmiş, tək olduğunu bildirmişdir. Məhkəmədə işinə baxılan zaman da, Mahirlə birlikdə oğurluq etdiyini deməmiş və barəsində olan hökmdən şikayət verməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Bildirir ki, Türkan qəsəbəsində “Türkan” marketin yanında yerləşən metal qəbulu məntəqəsini icarə əsasında işlədir. Təqsirləndirilən şəxs tanıyır, ona zibillikdən yığdığı tullantı dəmir gətirmişdir. Lakin Ceyhunla birlikdə gəlməmişdir, ayrı-ayrı gəlmişlər. Mahirlə Ceyhundan birlikdə metal almamışdır. Həmin vaxt qış ayları olmuşdur. O, istintaq zamanı Mahirlə Ceyhundan dəmir aldığını deməmiş, Mahirin adını çəkməmişdir. Ceyhunun ata həyətindən də, gedib dəmir götürmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 22 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 1988-ci ildə Xaçmaz rayonu, Qusarçay kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cazadan boyun qaçırması kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)- 195/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli hökmündən görünür ki, X1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin iş üzrə məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs X1 özünü qismən təqsirli bilərək oğurluqla bağlı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Türkan qəsəbəsində məhlədən tanışıdır. Mahir də, onun kimi narkotik vasitə heroin istifadəçisidir. O, iki il olar ki, narkotik vasitə heroindən inyeksiya yolu istifadə edir. 25 dekabr 2021-ci il tarixdə pula ehtiyac olduğundan Mahirlə oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə həmin gün saat 16 radələrində Türkan qəsəbəsi bağlar massivində gəzərkən taxta darvaza qapısı olan yarımçıq tikili evin həyətinə hasardan daxil olmuşlar. Oradan 1 ədəd borunu oğurlayıb Türkan qəsəbəsində metal qəbul edən Raqib adlı şəxsə 20 manat pula satmışlar. Həmin pula isə narkotik vasitə alaraq Mahirlə birlikdə istifadə etmişlər. Bundan 2 gün sonra saat 17 radələrində özü tək həmin evin həyətinə darvazadan daxil olaraq oradan 01 ədəd dəmir vanna və 1 ədəd dəmir toru oğurlayaraq yaxınlıqdakı evinin yanına gətirmişdir. Daha sonra Raqib adlı şəxsə zəng edərək evinin yanına çağırmış və Raqib öz avtomobili ilə gələrək dəmir vanna və dəmir tor üçün ona 40 manat pul vermişdir. Bundan başqa həmin həyətdən başqa əşya oğurlamamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, üç azyaşlı uşağının olmasını və İİİ qrup əlilliyini məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş 18 may 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 03 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək həbsdə olduğu 2 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 11 (on bir) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat olmaqla, ümumilikdə 31 (otuz bir) saat vaxt sərf etmişdir. Ona görə də, 186 (yüz səksən altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 186 (yüz səksən altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar