Məhkəmə qərarları › İş №1(003)-370/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-370/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-370/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 1981-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayından xx.xx.2022-ci il tarixədək olan müddət ərzində, Ağstafa rayonu, Saloğlu qəsəbə sakini Zərərçəkmiş şəxs etibardan sui-istifadə etmək yolu ilə sonuncuya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasmda saxlanılan qardaşı Şahid1 əfv olunacağına və əvvəlki işinin bərpa olunacağına inandırmaqla aldadaraq birinci dəfə 2000 manat məbləğində pulunu, ikinci dəfə 1100 manat məbləğində pulunu, üçüncü dəfə 900 manat məbləğində pulunu, 500 məbləğində manat pulunu, sonuncu dəfə isə 1000 manat məbləğində pulunu alaraq ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 5500 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin ibtidai araşdırmasını aparan Ağstafa rayon X3 Bölməsinin müstəntiqi Fuad Həsənov tərəfindən tərtib edilmiş ittiham aktı Ağstafa rayon prokuroru, kiçik ədliyyə müşaviri Anar Cəfərov tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün Ağstafa rayon məhkəməsinə göndərilmişdir. Ağstafa rayon Məhkəməsinin 1(015)-29/2023 saylı, 06 mart 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə aidiyyəti Ağstafa rayon Məhkəməsi olduğu və bu səbəbdən məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün cinayət işi materiallarının Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi zərurəti yarandığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: Həmin Məcəllənin 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Təqsirləndirilən şəxsə elan edilmiş ittihama əsasən Ağstafa rayonu Saloğlu qəsəbə sakini Zərərçəkmiş şəxs sonuncunun cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkən qardaşı Şahid1 əfv olunacağına və əvvəlki işinə bərpa olunacağına inandırıb aldadaraq vahid niyyətlə Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 11:57-də "xxxx" MMC-nin Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən Ağstafa rayon filialı vasitəsi ilə 2020 manat, eyni yerdən eyni üsulla xx.xx.2021-ci il tarixdə saat 12:53-də 1111 manat, eyni yerdən eyni üsulla xx.xx.2021-ci il tarixdə saat 12:33-də 909 manat, xx.xx.2021-ci il tarixdə saat 10:21-də Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində yerləşən “eManat” ödəniş terminalı vasitəsi ilə 500 manat, xx.xx.2022-ci il tarixdə saat 12:28- də isə "xxxx" ASC-nin Ağstafa şəhəri, H.Əliyev prospektində yerləşən Ağstafa rayon filialı vasitəsi ilə 1000 manat olmaqla cəmi 5540 manat pulu məsələdən hər hansı məlumatı olmayan tanışı, Bakı şəhər sakini X2 adına olan bank kartına köçürtdürüb, sonradan həmin pulların bir hissəsini şəxsi ehtiyacları üçün istintaqa məlum olmayan tarixdə və saatda Kamran Ruhullazadəyə xərclədib sonuncunun almış olduğu əşyaları cəza çəkdiyi Bakı şəhəri Xəzər rayonu Ə. İsazadə küçəsində yerləşən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 9 saylı cəza çəkmə müəssisəsində, pulun qalan hissəsini isə nağd şəkildə istintaqa məlum olmayan tarixdə və saatda K.Ruhullazadədən cəza çəkdiyi Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsində yerləşən 9 saylı Cəzaçəkmə Müəssisəsində almaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda- 5540 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ağstafa rayon Məhkəməsi təqsirləndirilən şəxsin pulu bankomatdan əldə etdiyi anda cinayətin başa çatdığı qənaətinə gəlmişdir. Məhkəmə qeyd olunan mövqelə razılaşmır və hesab edir ki, pul vəsaiti şəxsin bank hesabına keçirildiyi andan cinayət başa çatmış sayılmalıdır. Çünki, həmin pul məbləği Bakı şəhəri, Xəzər rayonu ilə yanaşı Azərbaycan Respublikasının digər bölgələrində və ya Respublikanın hüdudlarından kənarda bankomatdan çıxarıla bilər və ya ümimiyyətlə hesabdan çıxarılmadan internet üzərindən (onlayn) alış-veriş edələ bilər. Ona görə də, şəxsin bank hesabına köçürüldüyü yer cinayətin başa çatdığı yer hesab olunmalıdır. Pul vəsaitinin bank kartına köçdüyü andan şəxsin əmlaka dair istədiyi kimi sərəncam vermək və ya ondan istifadə etmək imkanı yarandığından cinayət başa çatmış sayılır. Hazırki iş üzrə sonuncu pul vəsaiti Ağstafa rayonu ərazisindən bank kartına köçürüldüyündən və ibtidai istintaq da Ağstafa rayon X3 Bölməsi tərəfindən aparıldığından cinayət işinin məhkəmə aidiyyəti Ağstafa rayon Məhkəməsi hesab edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, şəxs saxta ödəniş tapşırığı ilə banka və ya digər kredit təşkilatına müraciət edərək və ya həmin bankla (kredit təşkilatı ilə) şərtlərini yerinə yetirmək niyyətində olmadığı kredit müqaviləsi bağlayaraq müəyyən məbləğdə pul vəsaitlərini nağd şəkildə əldə etdikdə, yaxud da həmin pul vəsaitlərinin özünün və ya başqa şəxslərin bank hesabına köçürülməsinə nail olduqda onun bu əməlləri dələduzluq kimi qiymətləndirilir. Bu yolla ələ keçirilmiş pul vəsaitləri təqsirkarın və başqa şəxsin bank hesabına köçürüldüyü və ya nağd şəkildə əldə edildiyi andan cinayət başa çatmış hesab edilir. Azərbaycan Respublikası CPM-nin 77.1 və 77.2-ci madələrində göstərilmişdir ki, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Cinayət işinin və ya digər materialın məhkəməyə aidiyyəti olmaması barədə cinayət prosesi tərəflərinin şikayətlərinə həmin məhkəmədə baxılır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 77, 300-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə baxılması üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar