Məhkəmə qərarları › İş №1(003)-371/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-371/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-371/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmayan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun Sovxozu küçəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna Bağlar massivi ərazisində yerləşən nömrəsiz fərdi evinə pəncərəni açmaq yolu ilə qanunsuz daxil olub evin qonaq otağının divarlarının içində olan 1 metri 2 manat olmaqla ümumi qiyməti 200 manat olan 100 metr uzunluğunda elektrik kabellərini, həmçinin təmiri başa çatmamış hamam otağında olan bir ədəd 350 manat qiymətində prefaratoru, bir ədəd 230 manat qiymətində olan “Bosch” markalı böyük laqondanı, bir ədəd 180 manat qiymətində olan “Bosch” markalı kiçik laqondanı, içərisində təmir alətləri olan 500 manat qiymətində dəst usta çantasını və 1 metri 1 manat 20 qəpik olmaqla 50 metr uzunluğunda və 60 manat qiymətində olan 1 top kabeli gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1520 (min beş yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, maddi dolanışığı çətin olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Qala qəsəbəsi Salatın Əsgərova küçəsində gəzən zaman yaşayış olmayan və təmiri başa çatmayan ev olduğunu görmüşdür. Həmin evdə yaşayış olmadığına əmin olduqdan sonra həmin evə girib oğurluq etmək qərarına gəlmişdir. Təxminən 2023-cü ilin sentyabr ayının ortaları, axşam saatlarında həmin evin hasarından aşaraq içəri həyətə keçmişdir. Həyətin pəncərəsini yerdə olan mismarla açaraq pəncərədən evə daxil olmuşdur. Bu zaman evin divarında sallanan elektrik kabeli olduğunu görmüşdür. Otaqda olan bel ilə həmin kabeli kəsmiş və götürmüşdür. Bu əşyaları götürdükdən sonra evə girdiyi kimi də eyni qaydada evi tərk etmişdir. Həmin götürdüyü əşyaları evinə aparıb həyətində yandırmışdır. Yandırdıqdan sonra kabelin tərkibində olan mis materialını özündə olan digər mis materialları ilə qatıb səhəri gün saat Qala qəsəbəsində yerləşən hərbi şəhərciyin yanında fəaliyyət göstərən metal qəbulu məntəqəsinə satmışdır. Əlavə olaraq təqsirləndiriən şəxs etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini və onunla barışdığını qeyd edərək ona yüngül cəza verilməsini xahiş edi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Xətai rayonunda yaşasa da, Qala qəsəbəsində özü üçün ev tikdirmişdir. Həmin ev artıq tikilsə də, lakin təmir işləri başa çatmamışdır. Həmin evə arada bir gəlib ustalara nəzarət məqsədi ilə baş çəkmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə həmin evdə olmuşdur. Evdə olarkən bütün əşyaların yerində olduğunu görmüşdür. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində həmin evə təkrar gələn zaman evin qonaq otağının pəncərəsinin açıq olduğunu və divarların dağıdılmış vəziyyətdə olduğunu görmüşdür. Həmin divarların içində olan 1 metri 2 manat olmaqla, ümumi qiyməti 200 manat olan 100 metr uzunluğunda elektrik kabellərinin çıxarıldığını görmüşdür. Həmçinin təmiri başa çatmamış hamam otağında olan bir ədəd 350 manat qiymətində prefaratorun, bir ədəd 230 manat qiymətində olan “Bosch” markalı böyük laqondanın, bir ədəd 180 manat qiymətində olan “Bosch” markalı kiçik laqondanın və içərisində təmir alətləri olan 500 manat qiymətində dəst usta çantasının, və 1 metri 1 manat 20 qəpik olan 50 metr uzunluğunda olmaqla 60 manat qiymətində 1 top kabelin oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng etmişdir. Hal-hazırda ona dəymiş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında Şahid verdiyi ifadəsində bildirmişdir ki, təxminən 3-4 ilə yaxındır ki, metal qəbulu işi ilə məşğul olur. Əvvəllər bir çox yerlərdə çalışsa da, 2020-ci ildən etibarən Qala qəsəbəsi, hərbi şəhərciyin yanında yerləşən metal qəbulu məntəqəsi işlədir. Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Belə ki, Anar ona bir neçə dəfə mis materialları satmışdır. 2023-cü ilin təxminən sentyabr ayının ortalarında o, məntəqdə olmayanda köməkçisi X3 məntəqədə olarkən Təqsirləndirilən şəxs onun işlətdiyi məntəqəyə gələrək özündə yanmış vəziyyətdə olan təxmini uzunluğunu xatırlamadığı mis materialının olduğunu, həmin misin özüinə məxsus olduğunu və həmin mis materialını satmaq istədiyini demişdir. Elnur da həmin materialları nəzərdən keçirib ona zəng etmiş və onunla məsləhət etdikdən sonra Anardan satın almışdır. Elnur həmin materialları ondan alarkən Təqsirləndirilən şəxs öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Elnur həmin şəxsiyyət vəsiqəsinin telefonuyla şəklini çəksə də, sonradan texniki səbəblər üzündən həmin şəkil Elnurun telefonundan silinmişdir. Lakin məntəqənin nəzarət müşahidə kamerası vardır. Həmin kameralarda Anarın məntəqəyə gəlməsi və əşyaları satmağı əks olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları massivində nömrəsiz fərdi evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, əl izləri götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Azərbaycan Respublikası DİN-dən daxil olmuş 3-13-11/2-11539/2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları, Salatın Əsgərova küçəsindəyerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə flaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin Avtomatlaşdırılmış eyniləşdirmə sisteminin məlumat bankında olan şəxslərin əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Axtarışda olan şəxsin tutulması haqqında protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - İfadənin yerində yoxlanması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsini yerində, yəni Xəzər rayonu, Qala qəsəbəsi, Salatın Əsgərova küçəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi evdə gğstərmişdir; - Könüllü təqdim etmə və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Şahid cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün içərisində oğurluq əşyaların Təqsirləndirilən şəxs tərəfindən metal qəbulu məntəqəsinə satılmasını özündə əks etdirən videogörüntü olan 01 ədəd CD formatlı diski istintaq orqanına könüllü təqdim etmiş və həmin 01 ədəd CD disk götürülmüşdür; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, Şahid tərəfindən təqdim edilmiş diskin içərisində olan videogörüntüdə Təqsirləndirilən şəxs velosipedlə məntəqəyə gəlməsi və əlində olan mis materiallarını məntəqəyə təhvil verməsi əks olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində vurulmuş maddi ziyanı tamamilə ödəməsini (CM 59.1.13), əməlindən səmimi peşman olmasını və ilk məhkumluğunu CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, ünvan 1 ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saat vaxta görə 150 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar