Məhkəmə qərarları › İş №1(003)-377/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-377/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-377/2022 03.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1996-cı ildə Yardımlı rayonu, Əsədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vuraraq oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 06 avqust 2021-ci il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs2 məxsus məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində hamam qapısını, 200 manat dəyərində su qızdırıcını, ümumilikdə 600 manat dəyərində 600 metr uzunluğunda elektrik naqilini, 200 manat dəyərində su çəninin qidrafonla birlikdə, 20 ədəd 70 manat dəyərində qadın alt geyimləri, 20 ədəd 150 manat dəyərində buzqalteri, 6 ədəd 150 manat dəyərində qadın tuninqini, 01 ədəd 200 manat dəyərində qadın gödəkcəsini, 01 ədəd 70 manat dəyərində qolsuz gödəkcəni, 10 ədəd 60 manat dəyərində qadın lasinlərini, 70 manat dəyərində 5 ədəd trikonu, 40 manat dəyərində 10 ədəd naskiləri, 10 ədəd hər biri 70 manat olan qadın donlarını, 01 ədəd 40 manat dəyərində qolsus qadın gödəkcəsini, 180 manat dəyərində çamadanı, 300 manat dəyərində məişət əşyaları, 2 ədəd hər biri 170 manat olan qadın çəkməsini, 01 ədəd 50 manat dəyərində qadın ayyaqabısını, 1 ədəd 80 manat dəyərində qadın ayyaqabısını, 170 manat dəyərində qadın ayyaqabısını, 200 manat dəyərində hamam aksesuarlarını gizli talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 3270 manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 09 mart 2022-ci il tarixdə, saat 08 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq evin zirzəmisindən 01 ədəd 120 manat dəyərində su qızdırıcını, qarajdan 40 manat dəyərində 40 metr uzunluğunda elektrik naqillərini, 01 ədəd 180 manat dəyərində Mercedes markalı avtomobilin radiatorunu, 40 manat dəyərində 150 sm diametrli 250 mm dəmir borunu, 01 ədəd 140 manat dəyərində qaynaq aparatını və 01 ədəd 80 manat dəyərində UPS aparatını gizli talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 600 (altı yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 07 aprel 2022-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən X2 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq evin plastik pəncərəsini dəmir linklə açaraq içəriyə daxil olmaqla yataq otağından 01 ədəd 275 manat dəyərində «ACER» markalı noutbuku və digər yataq otağından paltar dolabın içərisindən asılmış pencəyin cibindən 125 manat nəğd pulu gizli talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 400 (dörd yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 10 aprel 2022-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq oradan 01 ədəd 50 manat dəyərində su çənini, 70 manat dəyərində qaz xətti çəkilmiş borunu, 250 manat dəyərində elektrik naqillərini, 01 ədəd 300 manat dəyərində dəmir seyf qapını, 60 manat dəyərində 15 m2 lambirini, 50 manat dəyərində 30 ədəd elektrik dəliklərini gizli talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 780 (yeddi yüz səksən) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 13 aprel 2022-ci il tarixdə, gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq evin hər iki mərtəbəsindən 800 manat dəyərindən elektrik naqillərini gizli talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 800 (səkkiz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən qanunsuz yolla təmiz çəkisi 0,156 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,406 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, saxlayaraq əynindəki qara rəngli qolsuz gödəkçəsinin sağ döş cibində gümüşü rəngli kağıza bükülmüş 02 ədəd bükümü yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozuna daşımışdır. 14 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Xəzər rayon Polis idarəsinin 2-ci Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində «Al» marketin yaxınlığında özünü şübhəli apardığı üçün saxlanılaraq 2-ci Polis şöbəsinə aparılmışdır. Orada onun üzərinə aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkçənin sağ döş cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,156 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən vasitələr”in İ siyahısına daxil edilmiş narkotik vasitə heroin və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,406 qram ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilmiş psixotrop maddə -metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2-3 il olar ki, hər gün narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə edir. 13 aprel 2022-ci il şəxsi istifadəsi üçün Suraxanı rayonunda tanımadığı şəxsdən 30 manata 1 büküm heroin və 1 büküm metamfetamin almışdır. Narkotik vasitəni aldıqdan sonra Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşayış olmayan boş sahədə narkotik vasitədən istifadə etdikdən sonra qalanını cibinə qoyaraq yaşadığı evinə getmişdir. Səhərisi gün axşam saatlarında Binə qəsəbəsi, Atçılıq yaşayış massivində «Al» marketin yanında olarkən polis əməkdaşları ona yaxınlaşanda qaçmaq istəmiş, lakin onu saxlayaraq Xəzər rayon Polis idarəsinin 2-ci Polis şöbəsinə aparmışlar. Orada vəkilin iştirakı ilə video çəkilişlə baxış keçirilən zaman üzərində saxladığı heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. O, narkotik vasitə istifadə etdiyi üçün və işi də, olmadığından narkotikə pul tapa bilməmiş, məcbur olub oğurluq etmişdir. Ona elan olunmuş ittiham üzrə oğurluq əməllərini də, ehtiyacdan törətmiş, oğurladığı əşyaları isə yəqin ki, satmışdır. O, narkotik vasitənin təsiri altında olduğundan oğurluq əşyaları kimlərə satmasını xatırlamır. Əldə etdiyi pulları isə narkotikə xərcləmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda iki mərtəbəli fərdi yaşayış evi vardır. 07 noyabr 2021-ci il tarixdə yaşadığı evə gedərkən paltarların, pastellərin, aristonun oğurlandığını və evdə heç bir əşyanın qalmadığını aşkar etmişdir. Oğurluq nəticəsində ona təxminən 3000-4000 manat maddi ziyan dəymişdir. Həmçinin bildirdi ki, Məleykə adlı qonşusu ona bildirmişdir ki, oğlu Eltac bir nəfər şəxslə onun evindən oğurluq edib «Qazel» markalı avtomobilə yığaraq aparmışdır. Xahiş edir ki, qonşusu Eltacı ona göstərsinlər. Sənanın da, orada olub-olmamasını bilmir. Bununla bağlı məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində 4 sot torpaq sahəsində tikdirdiyi iki mərtəbəli fərdi yaşayış evinin içərisində təmir işləri getmişdir. Orada yaşayış olmamışdır. 14 aprel 2022-ci il tarixdə, saat 09:00 radələrində evə gəldikdə evin birinci mərtəbəsinin plastik pəncərəsinin açılaraq içəriyə daxil olmaqla evin hər iki mərtəbəsinə çəkilmiş elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 800 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, iki gün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində olmamışdır. 18 aprel 2022-ci il tarixdə yaşadığı evə gəldikdə evin pəncərəsinin açıq olduğunu görüb evə oğru daxil olduğunu başa düşmüşdür. Buna görə DİN-nin 102 xidmətinə zəng etmişdir. Evindən 01 ədəd noutbuk və pul götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində bir mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evdə yaşamasa da, mütəmadi olaraq evə gedib baş çəkmişdir. 13 aprel 2022-ci il tarixdə evə getdikdə həyətdən 1 ədəd 50 manat dəyərində su çəni, 70 manat dəyərində qaz xətti çəkilmiş boru, təxminən 150 manat dəyərində elektrik naqili, 100 manat dəyərində evin içərisində olan elektrik naqili, 01 ədəd 300 manat dəyərində evin giriş seyf qapısı, 260 manat dəyərində çardağın lambirini, evin içərisində təxminən 30 ədəd ümumilikdə 50 manat dəyərində elektrik dəliklərinin oğurlandığını aşkar etmişdir. Bundan sonra Xəzər rayon Polis idarəsinin 2-ci Polis şöbəsinə evindən oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı ünvana gələrək baxış keçirmişlər. Sonradan polis əməkdaşları Təqsirləndirilən şəxsı yaşadığı evə gətirmişlər. Lakin Sənan evə necə daxil olduğunu düzgün göstərməmişdir. Bundan başqa Sənan oğurlanan əşyaları tək adam apara bilməz, hesab edir ki, təqsirləndirilən şəxs tək olmamışdır. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, 15 mart 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşadığı evə gəldikdə alətlərin yerində olmadığını görmüşdür. Kameralara baxanda həyətdə dəyərli olan bütün əşyaların oğurlandığını aşkar etmişdir. Ona dəymiş ziyan ödənilməsə də, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru vəzifəsində işləyir. 14 aprel 2022-ci il tarixdə PPX-nin əməkdaşları Zamiq Tağıyev və Şahid2la birlikdə onların idarə etdiyi xidməti avtomobil ilə ərazidə xidmətdə olarkən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq Yaşayış massivində nömrəsiz dalanda bir nəfər şəxsin əlində samovar və çanta ilə getdiyini görmüşlər. Həmin şəxs onları görüb qaçmağa başladığından oğurluq etməsindən şübhələnib onu saxlayaraq 2-ci Polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyn olunduqdan sonra təhqiqatçı müdafiəçisinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq qara rəngli gödəkçənin sağ döş cibində olan boş siqaret qutusunun içərisində şpris, şüşə qırıntıları, 2 ədəd bükülüdə narkotik vasitə heroin və metamfetamin təqdim etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin PPXB-də xidmət edir. 14 aprel 2022-ci il tarixdə, saat 17 radələrində iş yoldaşı Şahid3 ilə birlikdə 6355 çağırışlı avtopatrulla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq Yaşayış massivində xidmətdə olarkən sahə inspektoru Şahid1 da, onlarla birlikdə xidmətə başlamışdır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq Yaşayış massivində dalanda hərəkət edərkən əlində samovar olan bir nəfər onları görüb qaçmağa başlamışdır. Onlar da, həmin şəxsi saxlayaraq 2-ci Polis şöbəsinə aparmışlar. Orada həmin şəxs könüllü olaraq 2 ədəd bükülüdə narkotik vasitə heroin və metamfetamin təqdim etmişdir. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 15 aprel 2022-ci il tarixli, 6/2143 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 193” dairəvi möhür əksi olan “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd «Kent» markalı siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi 0,156 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,406 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin (Siyahı İ) daxildir. Təqdim edilmiş 1 ədəd şprisdə, şüşə qırıntılarında və falqa kağızında narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və bir ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqatın aparılması mümkün deyildir. Heroin və metamfetamin kimyəvi tərkiblərinə görə müxtəlif olduğundan onlar arasında müqayisəli tədqiqat aparılması mümkün deyildir. Ekspertiza tədqiqatına metamfetamindən 0,05 qram sərf edildikdən sonra 0,356 qram, heroindən 0,05 qram sərf edildikdən sonra 0,106 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 18 may 2022-ci il tarixli, 2587 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 28 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1996-cı ildə Yardımlı rayonu, Əsədabad kəndində anadan olmuş Təqsirləndirilən şəxs – Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur, 17 iyul 2020-ci ildə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 03 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasını tam çəkmiş və 17 iyul 2020-ci ildə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 14 aprel 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 14 aprel 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elçin Süleymanovun 10 iyun 2022-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,106 qram və bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,356 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,106 qram və bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,356 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X3 və Zərərçəkmiş şəxs4 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamılar. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X3 və Zərərçəkmiş şəxs4 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt, Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 13 (on üç) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait vəkil X4, 78 (yetmiş səkkiz) manat məbləğində vəsait vəkil Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 14 aprel 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,106 qram və bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,356 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk və və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X5 oğlu Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 78 (yetmiş səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ**********0000001944, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X5 oğluna və Müdafiəçi1 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar