Məhkəmə qərarları › İş №1(003)-38/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-38/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-38/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təkrarən, zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüququnu ələ keçirmə və hüquq verən rəsmi sənədi qanunsuz hazırlama cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamında olan Bakı şəhəri, Suraxanı rayonu X5nda yerləşən 12 sot torpaq sahəsinə dair Abşeron rayon X5 üzrə xx.xx.2000-ci il tarixli, 01 saylı əmrdən çıxarış sənədini saxta və qanunsuz hazırlayaraq bilə-bilə istifadə edib Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək həmin torpaq sahəsinin 5 sotunu 5000 manata satacağına dair yalandan vəd verərək sonuncunu inandıraraq ondan 27 iyul 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsidə 100 manat, 30 iyil 2022-ci il tarixdə eyni ünvanda 2900 manat və 02 avqust 2022-ci il tarixdə isə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 31 saylı notariat kontorunun qarşısında 2000 manat pulu vahid niyyətlə əhatə olunaraq əldə edib 31 saylı notariat kontorunda 5 sot torpaq sahəsinə dair etibarnamə verərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 5000 manat pulu alaraq vədinə əməl etməyib dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamında olan Bakı şəhəri Suraxanı rayonu X5nda yerləşən 12 sot torpaq sahəsinə dair Abşeron rayon X5 üzrə xx.xx.2000-ci il tarixli, 01 saylı əmrdən çıxarış sənədini saxta və qanunsuz hazırlayaraq biləbilə istifadə edib Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək həmin torpaq sahəsinin 6 sotunu satacağına dair yalandan vəd verərək sonuncunu inandırmaqla ondan 05 avqust 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu X5nda 6000 manat və həmin torpaq sahəsinin sənədləşməsi üçün Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 31 saylı notariat kontorunun qarşısında 180 mana pulu vahid niyyətlə əhatə olunaraq əldə edib 31 saylı notariat kontorunda 6 sot torpaq sahəsinə dair etibarnamə verərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 verdiyi vədinə əməl etməyib sonuncunun xeyli miqdarda cəmi 6180 manat pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 320.1 və 320.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bildi və göstərdi ki, o, Rafiqi tanışı vasitəsi ilə tanımışdır. Rafiq onu aldatmışdır. Rafiq ona Binə qəsəbəsində 4-5 torpaq sahəsinin olduğunu, torpaq sahələrinin 11 sotu Binə qəsəbəsi Gürcüstanlılar məhəlləsində yerləşdiyini, həmin torpaq sahəsini başqa müştərilərə satacağını, lakin sənədləşməni onun adına edəcəyini və ona müəyyən miqdarda pul verəcəyini bildirmişdir. O, pula ehtiyacı olduğuna görə Rafiqlə razılaşmıdır. Zərərçəkmiş şəxs1 satılan 5 sot torpaq sahəsini onun istirakı ilə Şahid3 satmış və söz vermişdir ki, həmin yerdən aldığı puldan ona verəcək. Lakin əsl həqiqətdə həmin yer başqa bir şəxsə məxsus olmuşdur. Həmin torpaq sahəsi cəmi 11 sot olmuş, 5 sotunu 5000 manata Zərərçəkmiş şəxs1, 6 sotunu isə 6200 manata Zərərçəkmiş şəxs2 satmışdır. Zərərçəkmiş şəxs1 epizodu üzrə satılan 5 sot torpaq sahəsi ona məxsus deyildir. Həmin torpaq sahəsinə dair sənədi ona Şahid3 vermiş və bütün sənədləşməni Rafiq onun adına eləmişdir. Şahid3 ona yalnız ikinci torpağın satışından, yəni Zərərçəkmiş şəxs2 satdığı torpaq sahəsindən 700 və 800 manat olmaqla cəmi 1500 manat pul vermişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, Rafiqi təxminən 2021-ci ildən Binə qəsəbəsində torpaq və ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Şahid3la münasibəti yaxşı olmuş, ədavəti olmamışdır. Onun hazırda yaşadığı Xəzər rayonu Binə qəsəbəsi Binə Sovxoz ərazisində olan nömrəsiz fərdi yaşayış evinin qarşısında boş torpaq sahəsi vardır. 2022-ci ilin iyul ayının axırlarında qəsəbədə Şahid3la axşam saatlarında rastlaşmış, küçədə söhbət etmiş, söhbət əsnasında Şahid3 ona demişdir ki, onun evinin qarşısında olan torpaq sahəsi satılır, torpaq sahəsi onun qohumunun adına olsa da satılması ona həvalə edilmişdir. Evinin qarşısında olduğu üçün o, həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. O, torpaq sahəsinin qiymətini soruşmuşdur. Rafiq ona demiş ki, 6 sot yerin 1 sotunu 1500 manata satırlar. O isə Rafiqə cavab olaraq bildirmişdir ki, həmin yerdə torpaq sahəsinin 1 sotunun dəyəri 1000 manatadır. 1000 manata qohumu satırsa ala bilər. Bundan sonra Rafiq sonradan adını bildiyi Ələskəri çağırmışdır. Təxminən 30 dəqiqə sonra Ələskər onların olduğu və onun almaq istədiyi torpaq sahəsinin yanına gəlmişdir. Ələskər gəldikdən sonra ona demiş ki, torpaq sahəsi ona məxsusdur, əlində sənədi var, pul lazım olduğu üçün təcili satır. Torpaq sahəsi onun yaşadığı evə yaxın olduğundan almaq qərarına gəlmiş, hər bir sotuna 1000 manat verib ala bilcəyini Ələskərə demişdir. Ələskər onunla razılaşmışdır05 avqust 2022-ci il tarixdə o, Ələskərlə sözü gedən torpaq sahəsində görüşmüşdür. Həmin zaman ora makler Rafiqdə gəlmişdir. Əvvəlcədən Rafiqlə aralarında olan razılığa əsasən o, torpaq sahəsini alanda Rafiqə 200 manat makler pulu verəcəkdir. O torpaq sahəsinin pulunu Ələsgərə verməmişdən öncə 200 manat beh vermişdir. Beləliklə, o, 05 avqust 2022-ci il tarixdə sözü gedən torpaq sahəsində Rafiqin iştirakı ilə Ələskərə 6000 manat pul vermişdir. Həmin zaman aralarında olan razılığa əsasən makler Rafiqədə 200 manat pul vermişdir. Sonra isə onlar Xəzər rayonu Binə qəsəbəsində yerləşən 31 saylı natariusa getmişlər, orada özünü ona torpaq sahibi kimi təqdim edən Ələkər Ələskərov ona 2000-ci il tarixli çıxarış sənədinə əsasən etibarnamə vermişdir. Bundan sonra səhəri gün, yəni 06 avqust 2022-ci il tarixdə onun Təqsirləndirilən şəxs aldığı torpaq sahəsinə hasar çəkmək üçün getmişdir. O, həmin torpaq sahəsinin hasarının üzərinə əlavə 5 daşla tikib hasar qaldırmış və qapı qoymuşdur. Bundan sonra ona məlum olmuş ki, aldığı torpaq sahəsinin yan hissəsində olan 5 sotunu Hüseyin adlı şəxs almışdır. O, hasarı tikdikdən sonra həmin yerə Gülsiyə adlı bir xanım gəlmiş və demiş ki, yer ona məxsusdur. Bu zaman Gülsiyə adlı xanıma Ələskərin ona verdiyi sənədləri göstərmiş və Ələskəri həmin yerə çağırmışdır. Bundan bir neçə saat sonra həmin yerə Ələskərlə bilrikdə makler Rafiq gəlmişdir. Onlar gəldikdən sonra Ələskər demişdir ki, torpaq sahəsi ona məxsusdur, Gülsirə xanım yalan danışır. Həmin aldığı torpaq sahəsi mübahisəli olduğu üçün pulunu Ələskərdən və Rafiqdən geri istəmişdir. Ələskər ona pulu qaytarmayacağını demişdir. O da məcbur qalıb bu barədə polisə müraciət etmişdir. Beləliklə o, torpaq sahəsinə görə 6000 manat Ələskərə, 200 manat makler Rafiqə əl haqqı kimi, 180 manat isə natariat kontorunda sənədləşmə üçün Ələskərə vermişdir. Torpaq sahəsinə hasar üçün 1500 manat xərc çəkmiş, həmin 1500 manata həm usta pulu, həm də daş, semet və qum pulu aiddir. Torpaq sahəsinə o, xərc çəkdiyi üçün eləcədə hazırda yaşadığı evə yaxın olduğundan əlindən çıxmasın deyə əlavə olaraq Gülsiyə adlı xanıma bibisi oğlu Cavid Qurbanovla 6200 manat pul verib şərikli almışdır. Hazırda torpaq sahəsi ona məxsusdur. Gülsiyə ona torpaq sahəsnə görə 1992-ci il tarixli 8 sot adda olan torpaq sənədi etibarnamə ilə vermiş, bu günkü gün həmin torpaq sahəsi ona məxsudur. Ona dəymiş ziyan ödənilməyib, lakin şikayətçi deyildir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 ifadə verərək göstərmişdir ki, o, 2011-ci il tixdən Abşeron rayon İcra Hakimiyyətində işləyir. Həmin İcra hakimiyyətində hüquq şöbəsinin müdiridi. İcra Hakimiyyətinin hüquqi məsəllərinə istintaqda və ya məhkəmədə ona verilmiş etibarnamə ilə çıxış edir və hüquqlarını müdafiə edir. Bakı şəhəri Xəzər rayonu və Suraxanı rayonu üzrə ərazilər Abşeron rayon İcra hakimiyyətinin sərəncamındadır. Cinayət işi üzrə sözü gedən 12 sot torpaq sahəsi isə hazırda Abşeron rayon İcra Hakimiyyətinin sərəncamındadır və həmin torpaq sahəsinin hansısa vətəndaşa tikinti işlərinin görülməsi üçün icazəsi olmamışdır. Hazırda Abşeron rayon İcra Hakimiyyətinin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, o, 2022-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsində boş torpaq sahəsi alıb ev tikdirmək qərarına gəlmişdir. Buna görədə, Binə qəsəbəsində boş torpaq sahəsi axtarmağa başlamış və 2022-ci ilin iyul ayının 27-də o, Xəzər rayonu Binə qəsəbəsində 211 adı ilə fəaliyyət göstərən ev və torpaq alqı satqısı ilə məşğul olan Şahid3la tanış olmuşdur. Bundan sonra o, Rafiqə torpaq sahəsi almaq istidiyini demiş və Rafiq ona Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu kimi tanınan ərazidə ona mişar daşları ilə hasarlanmış torpaq sahəsini göstərmiş və demişdir ki, həmin torpaq sahəsi 5 sotdu, həmin torpaq sahəsi başqasına məxsus olsa da 1 sotunu 1200 manata satılması üçün ona həvalə etmişlər, sahibini ofisə çağıracaq özü ilə qiymətdə razılaşacaqlar. O, makler Rafiqlə razılaşmış və birlikdə Rafiqin işlətdiyi Xəzər rayonu Binə qəsəbəsi Binə sovxoz kimi tanınan ərazidə yerləşən 211 adı ilə fəaliyyət göstərən ofisinə getmişlər. Onlar ofisdə olan zaman həmin yerə sonradan adını bildiyi Təqsirləndirilən şəxs gəlmişdir. Orada ona məlum olmuş ki, almaq istidiyi torpaq sahəsi Təqsirləndirilən şəxs məxsusdur. Ələskərlə orada torpaq sahəsinin 1 sotunu 1000 manata almağa razılaşmışdır. Bundan sonra onun yanında olan tanışı Şahid2 makler Rafiqə 100 manat torpaq sahəsinə görə beh vermişdir. Belə ki, 30 iyul 2022-ci il tarixdə onun qardaşı Şahid1 makler Rafiqin ofisinə gələrək orada sonuncunun iştirakı ilə Təqsirləndirilən şəxs cəmi 2900 manat pul vermişdir. Həmin pulun verilməsi videoçəkiliş vasitəsi ilə olmuş, videogörüntüdə pulların Təqsirləndirilən şəxs götürməsi öz əksini tapmışdır. Həmin vaxta qədər 100 manat behlə bilrikdə o, Ələskərə 3000 manat pul vermişdir. Bundan sonra aralarında olan razılığa əsasən torpaq sahəsinə görə etibarnamə və sənəd verildikdən sonra qalan 2000 manat pul veriləcəkmiş. 02 avqust 2022-ci il tarixdə onun işi olduğu üçün torpağın sənədləşdirilməsi üçün notariat kontoruna gedə bilməmiş, lakin buna baxmayaraq tanışı Şahid2 Binə qəsəbəsində olan 31 saylı notariat kontoruna getmiş və orada Təqsirləndirilən şəxs sənədlə bilrikdə onun adına etibarnamə yazdırmışdır. Sonra isə Şahid2 2000 manat pulu Ələskərə vermişdir. Bundan sonra Şahid2 həmin sənədləri gətirib ona vermişdir. O, torpaq sahəsinə görə Təqsirləndirilən şəxs 5000 manat pul vermişdir. Daha sonra o, Zərərçəkmiş şəxs2la tanış olmuş və bilmişdir ki, onun aldığı torpaq sahəsinin yanında 6 sot torpaq sahəsini Güləş almış və həmin torpaq sahəsini də, Təqsirləndirilən şəxs makler Rafiqin vasitəsi ilə satmışdır. Sonra isə ona məlum olmuş ki, həmin yer başqa şəxsə məxsusdur və ona tikinti işləri aparmağa icazə verməmişlər. Hazırda o, şikayətçidir. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, təxminən 2022-ci ilin iyul ayında qardaşı Hüseyn ev tikmək üçün torpaq sahəsi axtarmışdır. Bunun üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən ev alqı-satqı ofisinə qardaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə getmişdir. Ev alqı-satqı ofisini işlədən Rafiq adlı şəxsə onlara Binə qəsəbəsi ərazisində torpaq sahəsinin lazım olduğunu demişdir. Rafiq də onlara demişdir ki, “onda torpaq sahəsi var 5 sotdur, sotunu 1100 manatdan satır, xidmət haqqıda onlardan 500 manat pul alacaqdır”. xx.xx.2022-ci il tarixdə qardaşı və o, Rafiqlə birlikdə torpaq sahəsinə baxmağa getmişlər. Onlar torpaq sahəsinə baxdıqda ora onların xoşuna gəlmişdir. Onlar Rafiqlə torpaq sahəsinin sotunu ona 1000 manatdan satılmasına razılaşmışlar. Torpaq sahəsinin yerləşdiyi yerdə o, Rafiqə 200 manat beh vermişdir. Bundan sonra razılaşmışdır ki, Rafiq torpaq sahibi ilə danışacaq görüşəcəyi vaxtı onlara deyəcəkdir. xx.xx.2022-ci il tarixdə o və qardaşı Rafiqin işlədiyi ofisə getmişlər, həmin vaxt orada özünü Ələskər kimi təqdim edən şəxs bildirmişdir ki, Rafiqin onlara təklif etdiyi torpaq sahəsi ona məxsusdur. Torpaq sahəsini 2000-ci ildən alıb həmin torpağa dair çıxarışı var. Ev alqı-satqısı ofisində o, Ələskərə 3000 manat pul vermiş və onlar razılaşmışlar ki, səhərisi gün notariat kontorunda qardaşı Zərərçəkmiş şəxs1 adına torpağa dair etibarnamə verəcəkdir. Səhərisi gün onlar işdə olduğu üçün tanışları Şahid2 2000 manat pul vermişlər ki, onların yerinə notariat kontorunda torpağa görə Ələskərə versin. xx.xx.2022-ci il tarixdə axşam saatlarında İlham ona torpağa dair çıxarışı və qardaşının adına Ələskər tərəfindən verilmiş etibarnaməni gətirib demişdir ki, Binə qəsəbəsində yerləşən notariat kontorunun qarşısında Ələskərə 2000 manat pul vermişdir. Bundan sonra təxminən bir həftə sonra Ələskərdən torpaq sahəsi alan şəxs onlara zəng vuraraq demişdir ki, qardaşının torpaq sahəsinə daş tökmüşlər. Onlara demişdir ki, xəbəri yoxdur və səhəri gün torpaq sahəsinin yerləşdiyi yerə getmişlər. Onlar görüşdükdən sonra tanımadıqları şəxslər torpaq sahəsində tikinti işləri aparırlar. Onlara heç bir söz demədən Ələskərdən pulunu tələb etmişlər. Lakin Ələskər bu günə kimi müxtəlif bəhanəlar gətirirək pulu verməkdən imtina etmişdir. Ələskərdən 5 sot torpaq sahəsi almaq üçün ümumilikdə 5000 manat pul vermişlər, vasitəçiyə isə 200 manat vermişlər, sonradan Rafiq onlara 200 manatı qaytarmış, bundan başqa İlham notariat kontorunda sənədləşmə aparılması üçün Ələskərə 200 manat pul vermişdir. Məhkəmə iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, o, uzun illərdir ki, Zərərçəkmiş şəxs1 və ailəsini tanıyır. Təxminən 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 ona demişdir ki, torpaq almaq istəyir. 2022-ci ilin iyul ayının sonrlarında Hüseyn və qardaşı Ağaverdi ilə birlikdə Binə qəsəbəsində torpaq sahəsi axtarmışlar. Həmin vaxt onlar Binə qəsəbəsində yerləşən ev alqı-satqısı obyektinə getmişlər. Ev alqı-satqısı obyektini işlədən Rafiq adlı şəxsə demişlər ki, onlar torpaq axtarır. Rafiq onlara Binə qəsəbəsində Gürcüstan məhəlləsi adlanan yerdə 5 sot torpaq sahəsi göstərmişdir. Həmin vaxt Rafiqin yanında adını bilmədiyi qardaşı oğluda olmuşdur. Rafiq demişdir ki, torpaq onundur, sotunu 1200 manata satır. Sonradan onlarla torpağın sotunu 1000 manata razılaşmış, makler puluda 500 manat istəmiş və onlar razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə Rafiqin ofisində Ağaverdi Rafiqə 3000 manat pul vermişdir. Sonradan o, Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 31 saylı notarit kontoruna getmişdir. Orada onu Rafiq və torpaq sahəsinin sahibi Təqsirləndirilən şəxs qarşılamışdır. Rafiq ona demiş ki, sənədə görə 150 manat pul tələb olunur. Ondan Rafiq notariat kontorunun qarşısında 100 manat pul almışdır. Həmin notariat kontorunda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 adına 12 sota dair etibarnamə vermişdir. Bundan sonra onlar çay evinə getmişlər, orada o, Rafiqə 2200 manat pul vermişdir, Rafiqdə pulları sayıb Ələskərə vermişdir. İbtidai istintaq zamanı Şahid3 ifadə verərək göstərmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə bilrikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. O Şahid3 təxminən 3 ay olarkı tanımışdır. O heç bir dövlət müəssisəsində rəsmi olaraq işləmir, lakin fərdi qaydada əməklə məşğul olmaqla Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində 211 adlı ofisdə ev və torpaq alqı satqısı ilə məşğul olur. Belə ki, bu ilin avqust ayında Təqsirləndirilən şəxs onun işlətdiyi Binə qəsəbəsində olan ofizinə gəlmiş və ona demiş ki, Binə qəsəbəsi Gürcüstan yaşayış massivi kimi tanınan yerdə 12 sot torpaq sahəsi var, həmin torpaq sahəsinin bir sotunu 1500 manata satır. O da bu işlə məşğul olduğu üçün mobil telefonuna Ələskərin mobil nömrəsini yazmışdır. Sonra isə Ələskər həmin yeri internet sosial şəbəkəsi ilə mobil telefonuna göndərmişdir. O həmin yerə gedib baxdıqdan sonra torpaq sahəsinə yaxın olan qonşu Güləş adlı şəxs torpaq sahəsini almaq istidiyini bildirmiş və demiş ki, həmin yer başqa şəxsə satılmışdır. Bundan sonra o, həmin yerə Ələskəri çağırmış və Ələskərə demiş ki, yeri başqa şəxs almışdır. Ələskər isə həmin zaman ona demiş ki, “yer ona məxsusdur heç kim sata bilməz”. Bundan sonra Güləş bildirmiş ki, həmin yerin 6 sotunu almaq istəyir. Həmin zaman onlar torpaq sahəsini tam ölçəndə məlum olmuş ki, torpaq sahəsi 12 sot yox 11 sotdur. Bundan sonra Ələskər Güləşə həmin yeri 6000 manata satmışdır. O da bunun qarşılığında Güləşdən 200 manat makler pulu almışdır. Ələskər torpaq sahəsinin 6 sotunu Güləşə satdıqdan sonra o Ələskər ilə birlikdə Binə qəsəbəsində yerləşən 31 saylı notariata getmiş orada Ələskər Güləşə etibarnamə vermiş və 6000 manat pulu Ələskər almışdır. Sonra Ələskərdə ona makler pulu olaraq 200 manat pul vermişdir. Bundan başqa 2022-ci ilin avqust ayının əvvəllərində onun mobil nömrəsinə Hüseyn adlı bir şəxs zəng eləmiş və demiş ki, Binə qəsəbəsində olan 15 sot torpaq sahəsinin 3 sotunu almaq istəyir. Bu zaman o, Hüseynə demiş ki, həmin torpaq sahəsi tam satılır hissə-hissə satılmır. Sonra isə Hüseynə o Ələskərin Güləşə satdığı torpaq sahəsinin qalan 5 sotunu təklif etmişdir. Bu zaman Hüseyn onunla razılaşmış və o həmin torpaq sahəsini Hüseynlə görüşüb sonuncuya göstərmişdir. Torpaq sahəsi Hüseynin xoşuna gəlmiş və almaq istiədiyini demişdir. Bundan sonra o, torpaq sahəsinin sahibi olan Ələskərlə əlaqə saxlayıb demiş ki, gəlsin torpağı istəyən var, lakin bir sotunu 1000 manata istəyirlər. Bundan bir qədər sonra Ələskər onun işlətdiyi ofisə gəlmişdir. X6 söhbət etmiş və demiş ki, 5 sotunu 5000 manata satır, onun pulunu isə Ələskər, yəni 500 manat verəcək. Həmin zaman Hüseyn orada 100 manat Ələskərə beh vermişdir. Bundan bir neçə gün sonra Hüseyn Ələskərə onun ofisində yenidən görüşmüş və orada Hüseyn Ələskərə 2900 manat pul vermişdir. Bundan bir neçə gün sonra eyni qaydada onun ofisində görüş olmuş və İlham adlı şəxs Hüseynin əvəzinə Ələskərə 2000 manat pul vermiş həmin pul 31 saylı notariatda Ələskər etibarnaməni Hüseynin adına verdikdən sonra orada Ələskər götürmüşdür.Əlavə olaraq ifadəsində göstərmişdir ki, həmin torpaq sahəsini ona satmaq üçün Ələskər demişdir. O həmin yerə müştəri tapmış, 02 avqust 2022-ci il tarixdə Hüseynə 5 sot torpaq sahəsi 5000 manata, 05 avqust 2022-ci il tarixdə isə Güləşə 6 sot torpaq sahəsi 6000 manata stılmışdır. O, yalnız həmin buna görə makler pulu ki, cəmi 700 manat pul almışdır. Sözü gedən torpaq sahəsini Ələskər özü satmış və ona makler pulu olaraq Hüseyinə torpaq satılanda 200 manat, Güləşə torpaq satılıanda isə 500 manat pul verilmiş, həmin pulun 200 manatını Hüseynə o, geri qaytarmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə ********* saylı cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinmiş və 02 il müddətinə nəqliyyat vasitəsinin idarə etmə hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2004-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 07 ay 23 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2000-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs 0.12 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon X5 üzrə xx.xx.2000-ci il tarixli, 01 saylı əmrdən çıxarışa əsasən hüquqlarının qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında ƏMDK və keçmiş DTXK tərəfindən təqdim edilmiş tam olmayan elektron bazada 4 saylı Abşeron Ərazi İdarəsində məlumat olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 01 oktyabr 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Nizami M/S-nin yaxınlığında tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanıldığı yerdən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4-cü, 320.1, 320.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü, 320.1, 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq ƏN PX 3 saylı İT-na təhvil verilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı Həşimzadə X1 Ələskər Nadir oğlunun ittiham olduğu Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ittihamdan imtina etmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(003)-38/2024 saylı qərarından görünür ki, Dövlət ittihamçısı Təqsirləndirilən şəxs ittiham olduğu Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ittihamdan imtina etməsi qəbul edilmiş və istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsi ilə xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdikləri onun özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir qrup şəxs halında torpağa dair saxta blanklardan çıxarış hazırlayaraq satmaqla özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq edib saxta sənəd verməsi məhkəmə baxışı zamanı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və R.Qubatovun Təqsirləndirilən şəxs qarşı şikayətlərinin olmamasını, Ə.Əskərovun əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasını nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər saxlanıldığı 02 iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4, 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (240 manat) və məhkəmə baxışı zamanı (90 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddəsi ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər saxlanıldığı 02 iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) 28 (iyirmi səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (240 manat) və məhkəmə baxışı zamanı (90 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar