Məhkəmə qərarları › İş №1(003)-38/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-38/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-38/2025 12.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, 20 avqust 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2023-cü ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən Azərbaycan Respublikası X2rşısında təsadüfən tanış olduğu X3 Qarabağ müharibəsi əlili kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən 400 manat məbləğində müavinətinin 2021-ci ilin oktyabr ayında kəsildiyini öyrənib bildikdən sonra ona bir neçə nəfərin kəsilmiş təqaüdünü bərpa etdirdiyini, bu işi bacardığını deyib inandıraraq T.Zülfiqarovun həmin müavinətini 3000 manat məbləğində pul müqabilində bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq qarşılıqlı razılaşdıqdan sonra Tofiq Zülfiqarovun 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində yerləşən «Davud» marketdə quraşdırılmış «E-manat» ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4169 7413 7760 9308 nömrəli «Kapital Bank» kartına göndərdiyi 2000 manat, 2023-cü ilin fevral ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən adsız marketdə quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4169 7413 7760 9308 nömrəli «Kapital Bank» kartına göndərdiyi 1000 manat, 2023-cü ilin fevral ayının sonlarında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən «Araz» marketdə quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4169 7413 7760 9308 nömrəli «Kapital Bank» kartına göndərdiyi 250 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 3250 manat məbləğində olmaqla pulunu alıb şəxsi ehtiyaclarına sərf edərək etibarından sui-istiafdə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxs X3 ümumilikdə 3250 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2023-cü ilin fevral ayında Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən Azərbaycan Respublikası X2rşısında təsadüfən tanış olduğu Zərərçəkmiş şəxs2 ikinci qrup əlil kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən 317 manat məbləğində müavinətinin 2021-ci ilin iyun ayında kəsildiyini öyrənib bildikdən sonra ona bir neçə nəfərin kəsilmiş təqaüdünü bərpa etdirdiyini, bu işi bacardığını deyib inandıraraq Zərərçəkmiş şəxs2 həmin müavinətini 3000 manat məbləğində pul müqabilində bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq qarşılıqlı razılaşdıqdan sonra Zərərçəkmiş şəxs2 20 fevral 2023-cü il tarixdə Qobustan rayonu, Təklə kəndində yerləşən marketdə quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4169 7413 7760 9308 nömrəli «Kapital Bank» kartına göndərdiyi 2500 manat, 26 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa- Xuna bağlar massivində yerləşən «Oba» marketdə quraşdırılmış «E-manat» ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4169 7413 7760 9308 nömrəli «Kapital Bank» kartına göndərdiyi 500 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə, cəmi 3000 manat məbləğində olmaqla pulunu alıb şəxsi ehtiyaclarına sərf edərək etibarından sui-istiafdə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər bir neçə şəxsə sosial müavinətin düzəldilməsi və bərpası ilə bağlı köməklik etmişdir. Lakin son zamanlar həmin işlərin düzəldilməsi çətinləşmişdir. Maddi imkanı olmadığından belə qənaətə gəlmişdir ki, həmin işlərin düzəldilməsinə ehtiyacı olan şəxslərə yaxınlaşıb köməklik göstərilməsi adı ilə müəyyən məbləğdə pulların ələ keçirtsin. Bu məqsədlə 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən Azərbaycan Respublikası X2rşısına gedib təqaüdünü bərpa edə bilməyən şəxslərə yaxınlaşıb köməklik edə biləcəyini bildirmişdir. Həmin vaxt tanış olduğu X4 2021-ci ildə kəsilmiş təqaüdünü bərpa etdirə bilmədiyini demiş o, bu işdə ona köməklik edəcəyini bildirmişdir. Bunun müqabilində onun 3250 manat pul ödəməli olduğunu bildirmişdir. Tofiq onunla razılaşaraq hissə-hissə olmaqla 3250 manat pul göndərmişdir. Həmin pulları əldə edib ehtiyaclarına xərcləmişdir. Bundan başqa Azərbaycan Respublikası X2rşısında tanış olduğu Zərərçəkmiş şəxs2 2021-ci ildə kəsilmiş təqaüdünü bərpa etdirə bilmədiyini demişdir və o, bu işdə ona köməklik edəcəyini bildirmişdir. Bunun müqabilində onun 3000 manat pul ödəməli olduğunu bildirmişdir. Daha sonra 2023-cü ilin fevral ayının sonlarında Mahir ona ümumilikdə 3000 manat pul göndərmişdir. Həmin pulları əldə edib ehtiyaclarına xərcləmişdir. Sonradan Mahirə 1000 manat, Tofiqə isə 500 manat pulu qaytarmışdır. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 qeyd etdi ki, İİ qrup Birinci Qarabağ müharibəsi əlilidir və bu səbəbdən ona təqaüd təyin edilmişdir. Lakin 2021-ci ilin oktyabr ayında dövlət tərəfindən ona verilən 400 manat təqaüd kəsilmişdir. Həmin təqaüdün bərpa olunması üçün aidiyyəti qurumlara bir neçə dəfə müraciət etsə də heç bir nəticəsi olmamışdır. 2023-cü ilin fevral ayında təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, Kərim ona yaxınlaşıb təqaüdünü bərpa etdirə bilmədiyini bilmiş və ona demişdir ki, həmin işləri bacarır və ona köməklik edə bilər. Belə ki, söhbət əsnasında Kərim ona bildirmişdir ki, onun ləğv olunmuş təqaüdünü 3000 manat pulun müqabilində yenidən bərpa edə bilər. O, da ona inandığı üçün razılaşmışdır. 2023-cü ilin fevral ayında o Kərim ilə əlaqə saxlamışdır. Kərimin kartına 2000 manat pul göndərmişdir. 2023-cü ilin fevral ayının ortalarında yenidən Kərimə 1000 manat, bir neçə gün sonra, yəni 2023-cü ilin fevral ayının sonlarında 250 manat pulu Kərimə göndərmişdir. Beləliklə Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayı ərzində ümumilikdə onun 3250 manat pulunu təqaüdünün bərpa olunması məqsədi ilə ələ keçirib ona qarşı dələduzluq etmişdir. Hazırki vaxta kimi Kərim tərəfindən ona 500 manat pul qaytarmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 qeyd etdi ki, İİ qrup əlildir və bu səbəbdən ona təqaüd təyin edilmişdir. Lakin 2021 -ci ilin iyun ayında dövlət tərəfindən ona verilən 317 manat təqaüd kəsilmişdir. O həmin təqaüdün bərpa olunması üçün aidiyyəti qurumlara bir neçə dəfə müraciət etsə də heç bir nəticəsi olmamışdır. 2023-cü ilin fevral ayında təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, Kərim onun təqaüdünü bərpa etdirə bilmədiyini bilərək ona yaxınlaşıb demişdir ki, həmin işləri bacarır və ona köməklik edə bilər. Belə ki, söhbət əsnasında Kərim ona bildirmişdir ki, onun ləğv olunmuş təqaüdünü 3000 manat pulun müqabilində yenidən bərpa edə bilər. O da ona inandığı üçün onunla razılaşmışdır. Kərimin kartına 2500 manat pul göndərmişdir. Bundan bir neçə gün sonra, yəni 26 fevral 2023-cü il tarixdə 500 manat pul Kərimin kartına göndərmişdir. Kərim onu aldadaraq əldə etdiyi 3000 manat pulunun 1000 manatını geri qaytarmışdır. Geri qalan 2000 manat pulu qaytarılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 27 mart 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, cinayət işi üzrə icraat təzələnmişdir; -17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir; - Həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin təmin edilməməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı X6 azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur; - Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni zamanda barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırlmışdır; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, cinayət işi üzrə icraat təzələnmişdir; - Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının başlanğıcı 17 dekabr 2024-cü il tarixdən hesablanmışdır; - Bakı şəhəri Xəzər Rayon Məhkəməinin elektron məhkəmə portalından çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağstafa Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1. 178.2.2 və 178.2.2-ci maddələri ilə cinayət işi vardır. Cinayət işi hal-hazırda icraatdadır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrarən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun barəsində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-245/2025 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlinin törədilməsindən sonra yarandığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini (CM 59.1.14), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetm növündə cəza təyin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-245/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəza müddətinə hesablanmaqla çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356-357; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-245/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar