Məhkəmə qərarları › İş №1(003)-380/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-380/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-380/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 22 avqust 1982-ci il tarixdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Nizami rayonu D.Aslan küçəsi ev 28A-da qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Gülağa Həsənov küçəsi ev 49-da yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 380/2023 saylı 24 avqust 2023-cü il tarixli Qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 18 sentyabr 2023cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus, ünvan 1 ünvanında yerləşən evinə qanunsuz olaraq daxil olub oradan 1 ədəd 360 manat qiymətində “Samsung” markalı tozsoranı və 1 ədəd 135 manat qiymətində komplekt formada hidrofonlu su matorunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 495 (dörd yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, maddi durumu pis olduğu üçün 10 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində Mərdəkan qəsəbəsi Sultan Cəlilov küçəsində yerləşən yarım tikiliyə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Həmin yarım tikilinin qapısı və pəncərəsi olmadığı üçün o, rahat evə daxil olmuşdur. Evə bir qədər baxış keçirdikdən sonra dəhlizdə bir ədəd tozsoranın olduğunu görmüşdür. Daha sonra evin zirzəmisinə düşüb içəri baxış keçirən zaman gözünə bir ədəd komplekt formada su nasosunun hidrofonu dəymişdir. Həmin hidrofonu götürüb təkrar yuxarı qalxmış, bu zaman dəhlizdə gördüyü bir ədəd “Samsung” markalı tozsoranı da götürüb evdən çıxmış və həmin əşyaları əlində aparıb evinin həyətinin arxa tərəfində hasara alınmış boş həyətə qoymuşdur. Sonra işləri ilə əlaqədar Füzuli rayonuna getmiş, təxminən 1 aydan sonra evinə qayıdıb həmin əşyaların yerində olduğunu görmüşdür. Həmin əşyalardan tozsoranı “Lalafo” satış saytında yerləşdirib 100 manata satmaq qərarına gəlmişdir. Hidrofunu isə 8-ci kilometr bazarında tanımadığı bir nəfər şəxsə 40 manata satmışdır. Daha sonra “Lalafo”da yerləşdirdiyi tozsoran elanı ilə bağlı bir nəfər ona zəng edb baxmaq istədiyini və Mərdəkan körpüsünün yanında olduğunu demişdir. O, oraya getmək üçün məhləyə çıxan zaman uzaqdan qonşusu Ruslanın gəldiyini görmüş, Ruslan ondan hara getdiyini soruşanda Mərdəkan körpüsünün yanına getdiyini demiş, o da həmin istiqamətə getdiyini demiş və onlar birlikdə həmin yerə getmişlər. Yolda o, Ruslana demişdir ki, özünə məxsus olan bir ədəd tozsoranı satmaq üçün müştəri ilə görüşəcəkdir. Mərdəkan körpüsünün yanına çatan zaman bir avtomobil yanlarına gəlib saxlamışdır. Avtomobildən üç nəfər şəxs düşərək özlərinin polis əməkdaşları olduqlarını bildirmiş və tozsoranın yerini ondan soruşmuşlar. O da onlara tozsoranın yerini göstərə biləcəyini demiş, lakin həmin tozsoranı deyil, bacısıgildəki tozsoranı göstərmək qərarına gəlmişdir. Belə ki, o, bacısıgildəki həmin tozsoranı da satışa qoymuşdur. Bacısıgilin evinə çatan zaman o, qapını döymüş, lakin açan olmamışdır. Polis əməkdaşlarına demişdir ki, hasardan içəri keçib xəbər etsin ki qapını açsınlar. Daha sonra hasardan içəri keçib bacısıgilə demişdir ki, qapını açıb tozsoranı göstərsinlər. Özü isə hasarın arxa tərəfindən tullanaraq qaçmış və evinə gəlib gizlənmişdir. Bundan bir həftə sonra o, qardaşı Beyrəyin vasitəsilə tozsoranı sahibinə geri qaytarmışdır. Hidrofonun isə yenisini alıb qardaşı Beyrəyə vermişdir ki, sahibinə versin. Bir müddət sonra isə özü zərərçəkmişlə görüşüb üzrxahlıq etmiş və etdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi şəkildə xəbərdar edilmiş və mobil telefon vasitəsilə əlaqə saxlanılmış Zərərçəkmiş şəxs 14 avqust 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizələr ünvanlayaraq ona dəymiş ziyanın tamamilə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, evindən oğurluq edən şəxsin tutulmasını istəmədiyini göstərmiş, hazırda xəstə olduğuna və Gəncə şəhərində yaşadığına görə məhkəmədə iştirak edə bilmədiyini göstərib bunu üzrlü hal hesab etməyi və işə onun iştirakı olmadan baxmağı xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edə bilməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və onun ibtidai istintaq dövründə vermiş olduğu ifadə elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, təxminən 1 ay yarımdır ki, ünvan 2-də yaşayır. Əvvəllər Gəncədə yaşamışdır. Qeyd etdiyi həmin evə isə arada bir gəlib nəzarət etmişdir. O, həmin evdə sonuncu dəfə 09 oktyabr 2022-ci il tarixdə olmuşdur. Həmin gün saat 16 radələrində evi tərk etmişdir. Evi tərk edən zaman əşyaların hamısının yerində olduğunu görmüşdür. Bundan 2 gün sonra, yəni 11 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Mərdəkan qəsəbəsində yerləşən həmin evinə gələn zaman həyətə girib evin qapısını açıb içəri keçmişdir. İçəri girən zaman dəhlizdə olan 1 ədəd 360 manat qiymətində “Samsung” markalı tozsoranın yerində olmadığını aşkar etmişdir. Daha sonra evin içərisindən birbaşa zirzəmiyə düşmüşdür. Zirzəmiyə baxış keçirərkən orada olan 1 ədəd 135 manat qiymətində komplekt formada hidrofonlu su matorunun yerində olmadığını aşkar etmişdir. Dərhal bu barədə DİN-nin “102” xidmətinə məlumat vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ittiham aktında göstərilmiş ünvanına məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi şəkildə çağırış göndərilmiş, lakin o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmiş, onun məhkəməyə məcburi gətirilməsi barədə qərar polis əməkdaşları tərəfindən icra oluna bilməmişdir. Şahid məhkəmə iclasında iştirak edə bilməməsi nəzərə alınaraq onun ibtidai istintaq dövründə vermiş olduğu ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu və məhlə uşağıdır. 03 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Sakit ona yaxınlaşaraq 1 ədəd tozsoran satdığını və satdığı tozsoran üçün bir nəfər müştəri çıxdığını demiş, sonra da bildirmişdir ki, taksi ilə bir yerdə gedib həmin müştərini qarşılasınlar, O da Sakitlə razılaşmış və onlar birlikdə taksi ilə Mərdəkan qəsəbəsi ərazisində yaşadığı məhlədən çıxmışlar və müştərini qarşılamaq üçün Mərdəkan köpüsünün yanına gəlmişlər. Taksidən düşəndə Sakit telefonla danışaraq müştəriyə yaxınlaşan zaman qəfil 3 nəfər şəxsi görüb qaçaraq oradan uzaqlaşmışdır. O, Sakitin niyə belə etdiyini anlamamışdır. Daha sonra həmin üç nəfər şəxs Sakitin qaçdığını görüb onu yaxalamışlar. Onlar onu yaxalayan zaman o, həmin şəxslərin polis əməkdaşları olduğunu, Sakitin satmaq istədiyi həmin tozsoranın oğurluq olduğunu və bu səbəbdən də polis əməkdaşlarını görən kimi qaçdığını öyrənmişdir. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan 01 ədəd “Samsung” markalı tozsoranı nəzərdən keçirib bildirmişdir ki, həmin əşya ona məxsus olmaqla ünvan 2 ünvanından oğurlanmış əşyadır və həmin tozsoranın oğurluq cinayətini törətmiş Təqsirləndirilən şəxs qardaşı Beyrək Həsənov tərəfindən ona geri qaytarıldığını bildirmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 14 avqust 2023-cü il tarixli elektron ərizələrdən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur, evindən oğurluq edən şəxsin tutulmasını istəmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaçına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2017-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 4 (dörd) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 noyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş və cəza müddəti dəyişdirilmədən saxlanılmış, xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək və qalan 6 (altı) ay 8 (səkkiz) gün cəzanı çəkmək üçün 15 saylı cəzaçəkmə müəssisəsinə qaytarılmış, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 6 (altı) ay 8 (səkkiz) gün vaxtından əvvəl şərti azad olunmuş, barəsində Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi hazırda icraatdadaır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 07 mart 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdən 07 mart 2023-cü il tarixə qədər şübhəli şəxs qismində 1 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-380/2023 saylı 08 may 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-380/2023 saylı 20 iyun 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə könüllü olaraq məhkəməyə gəldiyinə görə iş üzrə icraat təzələnmiş, məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-380/2023 saylı 24 avqust 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin məhkəməyə ünvanladığı 18 sentyabr 2023-cü il tarixli 3-13-45-1/2-12306/2023 saylı məktubdan görünür ki, barəsində 08 sentyabr 2023-cü il tarixdə axtarış işi açılmış Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli sonuncu dəfə tutulduğu 18 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - 01 ədəd “Samsung” markalı tozsoranın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 31 iş saatına görə (ibtidai istintaq zamanı 13 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 18 saat) cəmi 186,00 (yüz səksən altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 6 mart 2023-cü il tarixdən 7 mart 2023-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli sonuncu dəfə tutulduğu 18 sentyabr 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 01 ədəd “Samsung” markalı tozsoranın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 186,00 (yüz səksən altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar