Məhkəmə qərarları › İş №1(003)-381/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-381/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-381/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanda da yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni külli miqdarda 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 05 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə narkotik vasitə tiryək və 02 ədəd metadon tərkibli dərman həblərini, həmçinin 01 ədəd bıçağı əldə edib üzərində saxlamaqla daşımış, 06 dekabr 2022-ci il tarixdə saat 23:50-də Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Maqnus Stella” adlı iaşə obyektinin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə aparılmış və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd bükümdə olmaqla təmiz çəkisi 14,652 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 05 ədəd bükümdə olmaqla ümumi çəkisi 1,725 qram təşkil edən narkotik vasitə heroin, 01 ədəd bükümdə olmaqla təmiz çəkisi 5,019 qram təşkil edən narkotik vasitə tiryək, daha sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən isə ümumi çəkisi 0,08 qram təşkil edən 02 ədəd metadon tərkibli dərman həbləri və həmçinin 01 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2 aya yaxındır ki, narkotik maddənin metadon, marixuana, heroin və tiryək növlərindən istifadə edir. Narkotik maddələri isə Bakı şəhəri Suraxanı rayonu ərazisində adını bilmədiyi şəxslərdən almışdır. Sonuncu dəfə narkotik maddə olan marixuana, metadon həbi, heroin və tiryəki Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən xx.xx.2022-ci il tarixdə səhər saatlarında ümumilikdə 100 manata şəxsi istifadəsi üçün almışdır. Aldığı narkotik maddələrdən 01 ədəd şəffaf rəngli selofana bükülmüş qurudulmuş halda olan marixuana bitki kütləsini və 05 ədəd şəffaf rəngli selofana bükülmüş içərisində heroin olan kütləni və 01 ədəd bükümdə şəffaf rəngli selofana bükülmüş qara rəngli tiryəki, əynində olan qara rəngli gödəkçənin iç sol cibinə, 02 ədəd metadon həbini isə əynimdə olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan başqa əynindəki gödəkçənin sağ yan cibində hazırda xatırlamadığı dükandan bir neçə müddət əvvəl aldığı bir ədəd bıçaq olmuşdur. Həmin tarixdə yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Binə qəsəbəsində yerləşən “Magnus Stella” adlı iaşə obyektinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldığı zaman üzərində narkotik maddə olduğunu bildirmişdir. Buna görə də polis əməkdaşları onu yaxınlıqda olan PŞ-nə gətirərək təhvil vermişlər. Polis Şöbəsinə getməmişdən əvvəl yolda o cibində saxladığı bıçağı polis əməkdaşlarına təqdim etmişdir. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O üzərində saxladığı içərisində narkotik maddə olan sellofanları təqdim etmişdir. Bükülülər açılmış və həmin bükülülərdə nə olduğu ondan soruşulmuşdur. Sorğu zamanı aşkar edilmiş maddələrin heroin, tiryək və marixuana və metadon həbləri olmasını bildirmiş və həmin maddələri xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Ondan aşkar edilmiş maddələr və 01 ədəd bıçaq polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərflərə qoyularaq qablaşdırılmış, zərflər 244 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərflər o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə olaraq qeyd etmişdir ki, keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsi daşıyır. 06 dekabr 2023-cü il tarixdə saat 23:50-də alınmış əməliyyat məlumatı əsasında iş yoldaşları, Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru Şahid4, Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2, Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid3 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Maqnus Stella” adlı iaşə obyektinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və bu barədə onlar tərəfindən polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Şöbəyə gətirilərkən yolda Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bıçağı çıxarıb onlara təqdim edərək həmin bıçağın özünə məxsus olduğunu və xatırlamadığı dükandan aldığını bildirmişdir. Şöbəyə gələrkən onlar həmin bıçağı əməliyyat qrupunda olan təhqiqatçı polis mayoru Vüsal Nəsirzadəyə təqdim etmişlər. Polis şöbəsinə gətirməzdən əvvəl onlar artıq həmin şəxsin anket məlumatlarını və yaşayış yerini müəyyən etmişlər. Lakin polis şöbəsində həmin şəxsin anket məlumatları bir daha yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1992ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H.Cavid küçəsi ev 38 A, mənzil 1-də qeydiyyatda olmaqla həmin ünvanda da yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru Şahid4, Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2, Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid3 iştirakı ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin iç sol cibindən 1 ədəd bükümdə, şəffaf rəngli sellofana bükülmüş, içərisində qurudulmuş halda olan marixuanaya bənzər bitki tərkibli kütləni, 4 ədəd bükümdə, şəffaf rəngli sellofana bükülmüş, içərisində heroinə bənzər, qəhvəyi rəngli kütləni, 1 ədəd bükümdə, şəffaf rəngli sellofana bükülmüş qara rəngli narkotik maddə olan tiryəkə bənzər kütləni və əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan qəhvəyi rəngli, üzərində “F/M” hərfləri olan 02 ədəd konvalyutda olan metadon həblərinə bənzər maddələri çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə və konvalyutlarda olan həblərə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Həmin bükümlər və konvalyutlar açıldıqda 01 ədəd bükümdəki şəffaf rəngli sellofanın içərisində bitki mənşəli qurudulmuş marixuanaya bənzər maddə, 04 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisində qəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər maddələr, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində qara rəngli tiryəkə bənzər maddə və 2 ədəd konvalyutun içərisində metadon həblərinə bənzər maddələr aşkar olunmuşdur. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümləri xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 100 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman təqdim etdiyi 01 ədəd bıçağın ona məxsus olub-olmamasını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bıçağın özünə məxsus olduğunu və həmin bıçağı xatırlamadığı köşkdən(dükandan) alıb üzərində gəzdirdiyini demişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış baxış və götürülmə davam etdirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd bükümdə olmaqla şəffaf rəngli sellofana bükülmüş, içərisində heroinə bənzər, qəhvəyi rəngli maddə kütləsi aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümü də digər bükümləri əldə etdiyi həmin tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və digər bükümləri təqdim edərkən həmin bükümü də təqdim edəcəyini, lakin unudub digər bükümlərlə birlikdə təqdim edə bilmədiyini demişdir. Bundan sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş maddələrin ona aid olub-olmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olubolmamasını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə aşkar olunmuş maddələrin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümləri və 01 ədəd bıçağı ayrı-ayrı zərflərdə qablaşdırmışdır. Bundan sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “İphone” markalı mobil telefon vasitəsilə Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 06 dekabr 2023-cü il tarixdə saat 23:50-də alınmış əməliyyat məlumatı əsasında iş yoldaşları, Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru Şahid4, Xəzər RPİnin 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2, Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Maqnus Stella” adlı iaşə obyektinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və bu barədə onlar tərəfindən polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Şöbəyə gətirilərkən yolda Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bıçağı çıxarıb onlara təqdim edərək həmin bıçağın özünə məxsus olduğunu və xatırlamadığı dükandan aldığını bildirmişdir. Şöbəyə gələrkən onlar həmin bıçağı əməliyyat qrupunda olan təhqiqatçı polis mayoru Vüsal Nəsirzadəyə təqdim etmişlər. Polis şöbəsinə gətirməzdən əvvəl onlar artıq həmin şəxsin anket məlumatlarını və yaşayış yerini müəyyən etmişlər. Lakin polis şöbəsində həmin şəxsin anket məlumatları bir daha yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1992ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H.Cavid küçəsi ev 38 A, mənzil 1-də qeydiyyatda olmaqla həmin ünvanda da yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru Şahid4, Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2, Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin iç sol cibindən 1 ədəd bükümdə, şəffaf rəngli sellofana bükülmüş, içərisində qurudulmuş halda olan marixuanaya bənzər bitki tərkibli kütləni, 4 ədəd bükümdə, şəffaf rəngli sellofana bükülmüş, içərisində heroinə bənzər, qəhvəyi rəngli kütləni, 1 ədəd bükümdə, şəffaf rəngli sellofana bükülmüş qara rəngli narkotik maddə olan tiryəkə bənzər kütləni və əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan qəhvəyi rəngli, üzərində “F/M” hərfləri olan 02 ədəd konvalyutda olan metadon həblərinə bənzər maddələri çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisinə və konvalyutlarda olan həblərə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Həmin bükümlər və konvalyutlar açıldıqda 01 ədəd bükümdəki şəffaf rəngli sellofanın içərisində bitki mənşəli qurudulmuş marixuanaya bənzər maddə, 04 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlərin içərisində qəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər maddələr, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində qara rəngli tiryəkə bənzər maddə və 2 ədəd konvalyutun içərisində metadon həblərinə bənzər maddələr aşkar olunmuşdur. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümləri xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 100 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman təqdim etdiyi 01 ədəd bıçağın ona məxsus olub-olmamasını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bıçağın özünə məxsus olduğunu və həmin bıçağı xatırlamadığı köşkdən(dükandan) alıb üzərində gəzdirdiyini demişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış baxış və götürülmə davam etdirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd bükümdə olmaqla şəffaf rəngli sellofana bükülmüş, içərisində heroinə bənzər, qəhvəyi rəngli maddə kütləsi aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümü də digər bükümləri əldə etdiyi həmin tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını və digər bükümləri təqdim edərkən həmin bükümü də təqdim edəcəyini, lakin unudub digər bükümlərlə birlikdə təqdim edə bilmədiyini demişdir. Bundan sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş maddələrin ona aid olub-olmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olubolmamasını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə aşkar olunmuş maddələrin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümləri və 01 ədəd bıçağı ayrı-ayrı zərflərdə qablaşdırmışdır. Bundan sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “İphone” markalı mobil telefon vasitəsilə Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 tərəfindən aparılmışdır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 7/1381 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs........Firidunbəyli.” yazılar və imzalar olan zərfdə 01 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 14,652 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 6/6916 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün №244” dairəvi möhür əksi və “...Saxlanılan şəxs: Təqsirləndirilən şəxsimza, iştirakçılar-dörd imza, Müdafiəçi-imza; qablaşdırıldı: V.Nəsirzadə-imza...” yazı əlavəsi qeyd edilmiş iki ədəd kağız zərflərdəki 05 (beş) ədəd bükümlərdə təmiz çəkiləri - 0,381 qram, -0,385 qram, - 0,371 qram, -0,323 qram, -0,265 qram, ümumi təmiz çəkisi- 1,725 qram olan qəhvəyi rəngli, tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; 01 ədəd bükümdəki təmiz çəkisi-5,019 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir; 02 ədəd konvalyutda üzərində “F/M 40” əmtəə göstəriciləri olan qəhvəyi rəngli dairəvi formalı 2 ədəd həblər metadon tərkibli dərman preparatıdır və 2 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı-0,08 qramdır. Heroin və Tiryək-28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Metadon-adlı dərman preparatı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İİ siyahısına daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-ballisitik ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 3/1722 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilən 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 132 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4, 332.2.1, 332.2.2, 332.2.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə AR CM-nin 62ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs cəzası 01 il müddətinə endirilmişdir. xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 06 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 07 dekabr 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin iç sol cibindən 1 ədəd bükümdə, şəffaf rəngli sellofana bükülmüş, içərisində qurudulmuş halda olan marixuanaya bənzər bitki tərkibli kütləni, 4 ədəd bükümdə, şəffaf rəngli sellofana bükülmüş, içərisində heroinə bənzər, qəhvəyi rəngli kütləni, 1 ədəd bükümdə, şəffaf rəngli sellofana bükülmüş qara rəngli narkotik maddə olan tiryəkə bənzər kütləni və əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan qəhvəyi rəngli, üzərində “F/M” hərfləri olan 02 ədəd konvalyutda olan metadon həblərinə bənzər maddələri təqdim etmişdir. İş materiallarına əlavə olunmuş 07 dekabr 2022-ci il tarixli könüllü təqdimetmə və götürmə haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs onlara təqdim etdiyi 01 ədəd bıçağı təhqiqata təqdim etmişlər və təhqiqat üçün əhəmiyyət təşkil etdiyini nəzərə alaraq, 01 ədəd bıçaq gələcəkdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülərək təhqiqat materiallarına əlavə edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-573/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1 və 228.4-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-1 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-174/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 234.1-1 və 228.4-cü maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün olmaqla, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-də istintaqı aparılmış ********* saylı cinayət işi üzrə Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ittiham aktındakı tövsiflə müqayisədə Təqsirləndirilən şəxs əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə, yəni Azərbaycan Respublikası CM-nin 234.2 və 228.4-cü maddələrinə tövsif edilmiş və bu dəyişiklərlərlə ittiham aktı təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir.” Azərbaycan Respublikası Xidməti və mülki silah haqqında Qanunun 2.6-cı maddəsinə əsasən “Soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.4 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.4 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 14,652 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1,575 qram narkotik vasitə heroin, 4,919 qram narkotik vasitə tiryək, 01 ədəd metadon həbi və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 14,652 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1,575 qram narkotik vasitə heroin, 4,919 qram narkotik vasitə tiryək, 01 ədəd metadon həbi və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar