Məhkəmə qərarları › İş №1(003)-382/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-382/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-382/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs 09 fevral 1996-cı ildə Rusiya Federasiyası, Krasnodar vilayətində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak düşərgəsində nömrəsiz evdə qeydiyyatda olan və yaşamış, hazırki iş üzrə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən “Araz” marketin yaxınlığında Zərərçəkmiş şəxs Ədalət oğlu ilə sonuncunun qardaşının ona olan pul borcuna görə yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs sifət nahiyəsindən başı və yumruğu ilə qəsdən xuliqanlıq niyyəti ilə vuraraq sonuncuya alt çənənin sağ çənə cisminin çənə bucağı proyeksiyası üzrə qapalı, yerdəyişən sınığı ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Rusiya Federasiyasında doğulsa da, 1 yaşından ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Təhsilini Azərbaycan dilində almış və 9-cu sinifə qədər Bakı şəhəri, Şüvəlan qəsəbəsindəki 237 nömrəli məktəbdə oxumuşdur. İki azyaşlı uşağı Bakı şəhərində doğulmuşdur. Zərərçəkmiş şəxs və onun qardaşı Fərhad Babayevi məhlə sakini kimi tanımışdır. 2021-ci ilin dekabr ayının sonlarında Fərhad ondan 100 manat borc pul almış və 3 gün müddətində qaytaracağını demişdir. Lakin 3 gündən sonra Fərhada zəng etsə də, onun telefonlarına cavab verməmişdir. Təxminən 2 həftə sonra Fərhadın qardaşı Elçin yanına gələrək qardaşının borcunu özünün verəcəyini bildirib sabah axşama qədər möhlət istəmişdir. Lakin Elçin həmin vaxtda pulu ona verməmişdir. O, Elçinlə əlaqə saxlayıb niyə sözünün üstündə durmadığını soruşmuş, Elçin isə onu nalayiq ifadələrlə təhqir etmişdir. 07 fevral 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən «Araz» marketin qarşısında təsadüfən Zərərçəkmiş şəxslə rastlaşarkən pulunu verməməsinin səbəbini soruşmuşdur. Elçin onunla mübahisə edərək təpiklə onun qarnından vurmuşdur. O, da yumruqla Elçini vurmuş və əlbəyaxa olmuşlar. Bundan sonra ətrafda olan şəxslər onları ayırmışlar. Himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qardaşı Fərhad 2021-ci ilin dekabr ayının sonlarında arenda pulunu vermək üçün məhlə sakini Təqsirləndirilən şəxs 100 manat borca pul almışdır. Fərhad pulu 3 günə qaytaracağını desə də, pulu qaytara bilməmiş və bu barədə ona demişdir. O, buna görə Zahidlə görüşüb sabah axşama qədər möhlət istəyərək qardaşının borcunu özü verəcəyini demişdir. Lakin pulu tapıb Zahidə verə bilməmişdir. Zahid onunla telefonla əlaqə saxlamağa çalışsa da, utandığından Zahidin telefonunu açmamışdır. Sonra Zahidlə telefonda əlaqə saxlayarkən Zahid borc pulu verməməsinin səbəbini soruşmuş və onu nalayiq ifadələrlə təhqir etmişdir. Bununla bağlı onlar telefonda mübahisə etmişlər. 07 fevral 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən «Araz» marketin qarşısında təsadüfən Təqsirləndirilən şəxsla rastlaşmışdır. Borc məsələsinə görə mübahisə etməyə başlamışlar və Zahid onun yaxasından tutub kəllə ilə çənə nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən o, huşunu itirmişdir. Zahid isə onun üstünə gəlib təpiklə ayağından və yumruqla çənə nahiyəsindən vurmuşdur. Daha sonra onlar əlbəyaxa olmuşlar və ətrafdakı şəxslər onları ayırmışlar. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirərək ona yüngül cəzanın təyin olunmasını xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 140 nömrəli rəyindən görünür ki, «Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – alt çənənin sağ çənə cisminin çənə bucağı proyeksiyası ürzə qapalı, yerdəyişən sınığı küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X1” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 07 fevral 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur». İş materiallarında olan hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən “Araz” marketin yaxınlığında yerləşir. Baxış zamanı fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan üzləşdirmə istintaq hərəkətindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs öz ifadələrini birbirinin üzlərinə qarşı təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 14 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 09 fevral 1996-cı ildə Rusiya Federasiyası, Krasnodar vilayətində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 24 avqust 2016cı il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 06 may 2016-cı il tarixli qanunu tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri hökmdən xaric edilmişdir. 24 iyun 2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertizasının rəyi və digər iş materiallarına əsasən özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Orxan Hüseynzadənin 05 aprel 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş axtarışda olanın tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə saxlanaraq Xəzər RPİ-nin MSYnə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 08 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)- 383/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 avqust 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə «həbs» qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş idarəsinin 23 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, 09 fevral 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olmuş 27 sentyabr 2019-cu il tarixli sorğu əsasında onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmiş və barəsində 01 oktyabr 2019-cu il tarixli ******* nömrəli arayış tərtib edilmişdir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, cinayət törətdiklərinə görə təyin olunmuş cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilən həllar nəzərə alınmaqla tətbiq edilə bilər”. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında doğulsa da, 1 yaşından ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Təhsilini Azərbaycan dilində almış və 9-cu sinifə qədər Bakı şəhəri, Şüvəlan qəsəbəsindəki 237 nömrəli məktəbdə oxumuşdur. İki azyaşlı uşağı Bakı şəhərində doğulmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növünün tətbiq olunmasını məqsədə uyğun hesab etmir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat olmaqla, ümumilikdə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)-383/2022 nömrəli, 29 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə «həbs» qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar