Məhkəmə qərarları › İş №1(003)-383/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-383/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-383/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X3, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Şri-lanka Demokratik Sosialist Respublikasının Vaharai şəhərində doğulmuş, Şrilanka Demokratik Sosialist Respublikasının vətəndaşı, evli, işləməyən, Şri-lanka Demokratik Sosialist Respublikasının Kolombo şəhərində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 Respublikasına qanunsuz olaraq getmək məqsədilə istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan şəxs tərəfindən vətəndaşı olmadığı halda özünün anket məlumatları və öz fotoşəkli daxil edilməklə saxtalaşdırılmış A59367695 nömrəli Malayziya vətəndaşı pasportunu qəsdən, qanunsuz olaraq əldə edib, 25 mart 2025-ci il tarixdə Doha-Bakı aviareysi ilə Qətər Dövlətindən Azərbaycan Respublikasına gəlmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən "X11 Aeroportu” sərhəd nəzarəti məntəqəsinə gələrək həmin tarixdə, saat 13:19-da həmin pasportdan saxta olduğunu bilə-bilə qəsdən istifadə edib, sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Qətər Dövlətindən Azərbaycan Respublikası istiqamətində keçmiş, daha sonra həmin məqsədlə vətəndaşı olmadığı halda özünün anket məlumatları və öz fotoşəkli daxil edilməklə saxtalaşdırılmış həmin A59367695 nömrəli Malayziya vətəndaşı pasportu ilə 28 mart 2025-ci il tarixdə Bakı-Roma aviareysi ilə Azərbaycan Respublikasından İtaliya Respublikasına getmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “X11 Aeroportu” sərhəd nəzarəti məntəqəsinə gələrək həmin tarixdə, saat 20:48-də həmin pasportdan saxta olduğunu bilə-bilə qəsdən istifadə edib, sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından İtaliya Respublikası istiqamətində keçməyə cəhd göstərərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Mariyadasan Somsundaram ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şri-Lanka Demokratik Sosialist Respublikasında yaşayış səviyyəsi aşağı olduğu üçün yaşamaq və işləmək məqsədi ilə İtaliya Respublikasına getmək istəmişdir. Bu barədə tanışı Abdulla adlı şəxslə bir müddət əvvəl danışarkən, sonuncu ona Avropa ölkələrindən birinə getmək üçün pasport təşkil edəcəyini bildirmiş və bunun müqabilində ondan 1000 (min) ABŞ dolları istəmişdir. O, Abdullaya həmin pasportla İtaliya Respublikasına gedəcəyini dedikdə, sonuncu ona həmin pasportla Avropanın istənilən ölkəsinə gedə biləcəyini bildirmişdir. Bu səbəbdən o, Abdulla ilə razılaşmış və sonuncu ilə Kolombo şəhərində görüşəndə 1000 (min) ABŞ dollarını Abdullaya vermişdir. Bir müddətdən sonra Abdulla üzərində onun fotoşəkili və şəxsi məlumatları qeyd edilmiş Malayziyaya məxsus pasportu ona vermişdir. Sonra Abdulla ona Azərbaycan Respublikasına getməsini tövsiyyə edərək, Bakı şəhərində 1-2 gün qaldıqdan sonra Malayziya pasportu ilə İtaliya Respublikasına gedə biləcəyini bildirmişdir. 23 mart 2025-ci il tarixdə o, İtaliya Respublikasına qanunsuz olaraq getmək məqsədi ilə Kolombo-Doha- Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. X8 məxsus saxta pasportunu sərhədçiyə təqdim etmiş və pasportu sərhədçi tərəfindən yoxlanıldıqdan sonra dövlət sərhədindən buraxılmışdır. Bundan sonra Bakı şəhərində yerləşən otellərin birində 3 gün qalmış, xx.xx.2025-ci il tarixdə, həmin məqsədlə, yəni Bakı-Roma aviareysi ilə İtaliya Respublikasına saxta pasportla, qanunsuz olaraq getmək üçün “Heydər Əliyev” X12 getmişdir. Lakin gömrük və təhlükəsizlik xidmətlərini keçdikdən sonra Malayziyaya məxsus saxta pasportu dövlət sərhədindən keçmək üçün sərhədçiyə təqdim etmiş, sərhədçi pasportu yoxlayan zaman pasportda saxtalıq əlamətləri müşahidə etdiyi üçün o, saxlanılmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X11 Aeroportu” sərhəd nəzarəti şöbəsinin nəzarətçisi, kapitan Şahid3 ifadəsində göstərmişdir ki, 28 mart 2025-ci il tarixdə saat 20:00-dan, xx.xx.2025ci il tarixdə saat 09:00-dək “Heydər Əliyev” X13 SNŞ-nin Terminal-2 xəttində “növbə rəisi” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman xx.xx.2025-ci il tarixdə saat 20:48 radələrində Terminal-2 uçub getmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətində olan kapitan Şahid4 W46204 saylı “Bakı-Roma” aviareysi ilə Azərbaycan Respublikasından İtaliya Respublikası istiqamətində uçan Təqsirləndirilən şəxs təqdim etdiyi Malayziya Respublikasına məxsus pasportu rəsmiləşdirən zaman pasportun saxta olmasından şübhələndiyi üçün ona məruzə etmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi Malayziya Respublikasına məxsus pasporta təkrar baxış keçirmiş, həmin sənədin tam saxta olmasına əmin olduqdan sonra bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etmişdir. Bundan sonra Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı Təqsirləndirilən şəxs həmin tarixdə “Heydər Əliyev” X13 sərhəd nəzarəti şöbəsində sərhədçilər tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X11 Hava Limam” sərhəd nəzarəti şöbəsinin nəzarətçisi Şahid2 ifadəsində göstərmişdir ki, 25 mart 2025-ci il tarixdə saat 09:00-dan saat 20:00- dək X11 Hava Limanı SNŞ-də 1 №-li Terminalda uçub gəlmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Şri-lanka Demokratik Sosialist Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus anket məlumatları (Təqsirləndirilən şəxs) və öz fotoşəkli daxil edilməklə saxtalaşdırılmış Malaziya Respublikasına məxsus pasportu rəsmiləşdirdiyi zaman pasportda diqqətini çəkən hər hansı saxtalıq əlaməti müşahidə etməmişdir. Bu səbəbdən aidiyyəti üzrə həmin tarixdə və vaxtda “növbə rəisi” sərhəd naryadına təyin edilmiş Şahid1 məruzə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “X11 Hava Limam” Sərhəd Nəzarəti şöbəsinin baş zabit nəzarətçi vəzifəsində xidmət edən Şahid1 Şahid2 Mütəlim oğlu ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Mariyadasan Somsundaramın barəsində Azərbaycan Respublikası CM-nin 29,318.1, 320.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin 28 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 28 mart 2025-ci il tarixdə, saat 20:48 radələrində, 6204 saylı Bakı-Roma aviareysi ilə Azərbaycan Respublikasından İtaliya Respublikasına gedən, Şri-lanka Demokratik Sosialist Respublikası vətəndaşı, 20 iyul 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi A59367695 nömrəli Malayziya Respublikasına məxsus pasportun saxta olması səbəbindən saxlanılmışdır; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Mariyadasan Somsundaram təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 29,318.1 və 320.2-ci maddəsi ilə ittiham elan olunmuşdur; - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Mariyadasan Somsundaramın barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Mariyadasan Somsundaramın məhkumluğu barədə məlumat yoxdur; - Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Mariyadasan Somsundaram təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 318.1 və 320.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur; - 05 may 2025-ci il tarixli pasporta baxış keçirilməsi haqqında protokoldan görünür ki, A59367695 nömrəli Malayziya Respublikasına məxsus pasport 49 səhifədən ibarət olub tünd qırmızı rəngli üzlüklə cildlənərək, üzərində “MALAYSİA” və “Pasport” məzmunlu mətnlər, onun üst hissəsində aypara və ulduz, aşağı hissəsində isə "BERSEKUTU" yazısı əks olunmuşdur. Paspotun uzunluğu 12,5, eni 8,8 santimetrdir. Pasportun ön cildlənmiş qapaq hissəsini açdıqda orada pasportun adına rəsmiləşdirildiyi sahibinin fotoşəkili vardır, ad qrafasında "MARİYADASAN A/L SOMASUNDARAM”, sözləri yazılmış, doğulduğu gün, ay və il qrafasında «20 JUL 1978» «pasportun verilmə tarixi» qrafasında «08 MAR 2023», etibarlılıq qrafasında «08 MAR 2028» göstərilmiş, doğulduğu yer qrafasında «SELANGOR» yazılmışdır. Pasportun 49-cu səhifəsində Azərbaycan Respublikasına məxsus “25 03 25” giriş tarix ştampı vurulmuşdur. Pasportun digər səhifələrində cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumat yoxdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sənədlərin texniki ekspertizasının 01 may 2025-ci il tarixli, 5/316 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs adına olan A seriyalı 59367695 nömrəli Malayziya Federasiyasına məxsus pasport xüsusi mühafizə (poliqrafiq, texnoloji və fiziki-kimyəvi) vasitələrlə təchiz olunmamışdır. Qeyd olunan çap üsulu xüsusi mühafizə vasitələri ilə təchiz olunmuş sənədlərin, o cümlədən pasportun hazırlanmasında istifadə olunmur; - Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, A59367695 nömrəli pasport cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Mariyadasan Somsundaram tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, rəsmi sənəd barəsində və onun üzərində qanunsuz hərəkətlərin edilməsi nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyətinin dəyişməsi, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma kimi qiymətləndirilməlidir. Qeyd olunan qərarın mənasına görə saxta olmasa belə, rəsmi sənəddəki məlumatların qəsdən təhrif olunaraq istifadə edilməsi bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Mariyadasan Somsundaramın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxs Mariyadasan Somsundaramın törətdiyi əməldən peşman olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Mariyadasan Somsundaramın əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Mariyadasan Somsundarama cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Mariyadasan Somsundaram Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd pasport cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərəkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini də nəzərə alaraq hesab edir ki, Mariyadasan Somsundaram ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Mariyadasan Somsundaram Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CMnin 318.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin İş üzrə maddi sübut kimi tanınan A59367695 nömrəli pasport cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar