Məhkəmə qərarları › İş №1(003)-384/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-384/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-384/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərəçkəmiş şəxs və mülki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" ASC-nin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə mütəxəssisi vəzifəsində işləmiş, hazırda “X15” MMCdə anbardar vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin idarə heyəti sədrinin 7 may 2018-ci il tarixli, 169f-k nömrəli əmri ilə "xxxx" ASC-nin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən 7 yanvar 2021-ci il tarixədək qeyd edilən vəzifədə işləyərkən onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə və vəzifə təlimatına əsasən, bankın kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin etmək, onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər vermək, təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görmək, kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun həyata keçirmək, ona etibar edilmiş nağd pul və digər qiymətlilətin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin etmək, ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün Bankın nizamnaməsinin tələblərini, reqlamentini və Mərkəzi Bankın normativ xarakterli aktlarında nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək, bankın daxili qaydalarına əsasən, İdarə Heyətinin qəbul etdiyi xidmət bölməsinin mütəxəssislərinin kassa əməliyyatları üzrə hədəfləri və tələblərə əsasən öz səlahiyyətləri çərçivəsində əməliyyat planlarını yerinə yetirmək, əməliyyat gününün əvvəllində xidmət bölməsinin 1-ci xəzinə inzibatçısından müvafiq məxaric əməliyyatlarını icra etmək üçün avans şəklində müəyyən məbləğdə vəsait almaq, əməliyyat gününün sonunda avans şəklində alınmış vəsaitin qalığını və digər mədaxil olunan məbləği xidmət bölməsinin 1-ci xəzinə inzibatçısına müvafiq qaydada təhvil vermək, müştərilərin müraciətlərinə əsasən kommunal, büdcə və digər xırda ödənişləri həyata keçirmək, ödəniş terminallarını inkassasiya etmək, təyin edilmiş valyuta məzənnəsinə uyğun olaraq xarici valyutaların mübadiləsini həyata keçirmək, filial üzrə sifariş verilmiş plastik kartları müvafiq şəxslərdən qəbul etmək, müştərilərin müraciətlərinə əsasən pos terminal vasitəsilə nağd vəsaitlərin kassadan məxaric edilməsini həyata keçirmək, müştərilərin müraciətlərinə əsasən onların hesablarına nağd vəsaitlərin mədaxil və məxaric əməliyyatlarını bank əməliyyat sistemində təsdiq etmək, gündəlik fəaliyyəti ilə əlaqədar hazırlamış olduğu bütün sənədləri qovluğa yerləşdirərək müvafiq qaydada arxivləşdirilməsini həyata keçirmək və qovluqların struktur bölmədə təhlükəsiz şəraitdə saxlanılmasını təmin etmək, birbaşa rəhbəri, İH sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək, əmək müqaviləsi, filialın əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək və əmək müqaviləsi, bankın nizamnaməsi, idarəetmə orqanlarının və/və ya filialın əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirən funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni birbaşa tabeçiliyində işlədiyi filial müdirinin yanında nüfuz əldə etmək məqsədilə "xxxx" ASC-nin Xəzər filialın müdiri vəzifəsində işləyən X5 göstərişi əsasında 16 aprel 2020-ci il tarixdə Şahid5 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 16 aprel 2020-ci il tarixli ATKE1867090A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 20000 manat, 12 avqust 2020-ci il tarixdə Şahid2 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 12 avqust 2020-ci il tarixli ATKE2501531A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 40000 manat, 18 noyabr 2020-ci il tarixdə Şahid3 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 18 noyabr 2020-ci il tarixli GTKR3243166A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 15000 manat olmaqla, ümumilikdə 75000 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nin İdarə Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ "xxxx" ASC-nin filial və şöbələrində nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılması proseduru”na əsasən nağd pulun məxarici pul çekinə və kassa məxaric orderinə əsasən həyata keçirilməli olduğu və həmin sənədlərdə adı göstərilən şəxsə verilməli olduğu halda qeyd olunan tələbləri qəsdən pozmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin pul vəsaitini kredit müqavilələrinin rəsmiləşdirildiyi müvafiq tarixlərdə ünvan 3 ünvanında yerləşən filialın kassasından məxaric edərək adına kredit müqaviləsi bağlanması rəsmiləşdirilmiş şəxslərə deyil, filial müdiri Mahir Sultanovun sərəncamına verməsi nəticəsində sonuncu tərəfindən həmin pul vəsaiti şəxsi ehtiyaclarına sərf edilməklə, "xxxx" ASC-nin maliyyə ehtiyatlarının qorunub saxlanılması, maliyyə vəsaitlərindən bankın fəaliyyət istiqamətlərinə uyğun, rentabellilik gözlənilməklə istifadə olunması, bununla əlaqədar bank daxili prosedurlara əməl olunmaqla tabelilik münasibətlərində şəxsi maraqlara uyğun davranışa yol verilməməsi ilə əlaqədar fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə və əmlak hüquqlarına ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-in Xəzər filialında sonuncu işi kassa üzrə aparıcı mütəxəssis olmaqla işləmiş, xx.xx.2021-ci il tarixdə isə öz xahişi ilə işdən azad olunmuşdur. Şahid5 adına 16 aprel 2020-ci il tarixdə açılmış və Şahid6 tərəfindən BƏS-ə daxil edilmiş ATKE1867090A117 saylı kredit müqaviləsi, Şahid2 adına 12 avqust 2020-ci il tarixdə açılmış və Şahid7 tərəfindən BƏS-ə daxil edilmiş ATKE2501531A117 saylı kredit müqaviləsi, Şahid3 adına 18 noyabr 2020-ci il tarixdə açılmış və Şahid8 tərəfindən BƏS-ə daxil edilmiş GTKR3243166A117 saylı kredit müqaviləsi üzrə kassa məxaricləri onun tərəfindən icra olunmuşdur. Hər üç halda Mahir Sultanov həmin şəxslərin bankın özəl müştəriləri olduğunu bildirərək gözləməmələri üçün kassa məxaric orderlərini qabaqcadan hazırlanıb təqdim edilməsi barədə göstəriş vermiş və müştərilər imza etdikdən sonra qaytaracağını demişdir. Kassa məxaric sənədlərini dəfələrlə geri istəməsinə baxmayaraq ala bilməmişdir. Çox müddət keçdiyindən və gün ərzində çoxsaylı əməliyyatlar icra etdiyindən Mahir Sultanova əməliyyatlarla bağlı kassadan nağd pulları verməsini xatırlamır. Ola bilsin ki, xəzinədən ümumiyyətlə pul çıxarılmamış, Mahir Sultanovun göstərişi əsasında onun müəyyənləşdirdiyi bir hesabdan digər hesaba məxaric edilmişdir. Ancaq həmin şəxslər həmin tarixlərdə bankda olmamışlar. Özünü qismən təqsirli bilməyinin səbəbi isə bütün bu məsələlərin səbəbkarının Mahir Sultanov olmasıdır. Mahir Sultanov onun rəhbəri olduğu üçün məcbur qalıb göstərişlərini icra etmişdir. Törətdiyi əməldən səmimi peşmançılığını və bir azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən yüngül cəzanın təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsinin izahatı, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərərəçkəmiş şəxs və mülki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə aparıcı mütəxəssisi vəzifəsində işləyərkən tabeçiliyində işlədiyi filial müdiri X5 yanında nüfuz əldə etmək məqsədilə filial müdirinin göstərişi əsasında 16 aprel 2020-ci il tarixdə Şahid5 adına, xəbəri olmadan həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 16 aprel 2020-ci il tarixli ATKE1867090A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 20000 manat, 12 avqust 2020-ci il tarixdə Şahid2 adına, xəbəri olmadan həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 12 avqust 2020-ci il tarixli ATKE2501531A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 40000 manat, 18 noyabr 2020-ci il tarixdə Şahid3 adına, xəbəri olmadan həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 18 noyabr 2020-ci il tarixli GTKR3243166A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 15000 manat olmaqla, ümumilikdə 75000 manat məbləğində pul vəsaitini nağd pulun verilməsi qaydalarını qəsdən pozaraq filialın kassasından məxaric edərək adına kredit müqaviləsi rəsmiləşdirilmiş şəxslərə deyil, filial müdiri Mahir Sultanovun sərəncamına vermişdir. Nəticədə sonuncu tərəfindən həmin pul vəsaiti şəxsi ehtiyaclarına sərf edilmiş və bununla da, bankın qanuni mənafelərinə və əmlak hüquqlarına ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Bu səbəbdən hazırda mülki iddia ilə məhkəməyə müraciət etmişdir və mülki iddianın təmin olunaraq Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 75000 manat və dövlət rüsumunun əvəzi olaraq 315,47 manat məbləğində pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş edir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduqlarını, dəymiş ziyanın ödənilməsini tələb etdiklərini və təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsini isə məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında Şahid1 Tərbiz oğlu ifadəsində göstərdi ki, "xxxx" ASC-nin Hüquq və komplayens idarəsinin Fraud və dələduzluğa qarşı mübarizə şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. 17 may 2021-ci il tarixdə "xxxx" ASC-nin Xəzər filialının müdiri X5 intihar etməsindən sonra rəhbərliyin göstərişi əsasında Hüquq və komplayens idarəsinin Fraud və dələduzluğa qarşı mübarizə şöbəsi tərəfindən filialın fəaliyyəti yoxlanılan zamanı bir sıra əmanət hesabları olan müştərilərin adlarına kredit rəsmiləşdirildiyi və həmin şəxslər tərəfindən kredit götürülən zaman məxaric və mədaxil orderlərinin olmadığı müəyyən edilmişdir. Eyni zamanda, kredit müqavilələrindəki imzalar əmanət qoyulması zamanı çəkilmiş imzalarla vizual olaraq fərqlilik yaratdığından həmin kredit müqavilələrinin saxta olmasından şübhələnmişlər. Belə ki, bankın müştərilərindən olan və bankda 25500 manat əmanət hesabı olan Şahid5 əmanət hesabından 20200 manat məbləğində pul vəsaitinin silinməsi barədə müraciət etmişdir. Söhbət zamanı Şahid5 adına 16 aprel 2020-ci il tarixdə 20000 manat məbləğində kredit rəsmiləşdirildiyi və əmanət hesabından 18 may 2021-ci il tarixdə 20200 manat məbləğində pul vəsaitinin kredit borcunun bağlanması üçün silindiyi bildirilmişdir. Şahid5 kredit müqaviləsi barədə məlumatının olmadığını, hər hansı məbləğdə kredit götürmək üçün müqaviləyə imza etmədiyini bildirmişdir. Şahid5 adına 20000 manat məbləğində kredit rəsmiləşdirilməsi barədə müqavilə və kassa məxaric orderi tapılmadığından onların araşdırmaya təqdim edilməsi mümkün olmamışdır. Bundan əlavə, Xəzər filialının VİP müştərisi Şahid2 filiala əmanət olaraq 02 avqust 2018-ci il tarixdə qoyduğu 200000 manat məbləğində pul vəsaiti ilə 12 avqust 2020-ci il tarixdə 40000 manat kredit rəsmiləşdirilməsi həyata keçirildiyi üçün müştəri baş ofisə dəvət edilmiş və müştəri heç bir müqavilədən xəbəri olmadığını və imza etmədiyini bildirmişdir. Aparılan audit yoxlaması zamanı Şahid2 adına aktiv kreditlərinin rəsmiləşdirilməsində iştirak edən mütəxəssislər Şahid6 və Şahid7 öz izahatlarında kreditləri sabiq filial müdiri X5 tapşırığı əsasında müştəri filialda olmadan rəsmiləşdirərək sənədləri təqdim etdiklərini və sonradan imzalanmış sənədlərin geri qaytarıldığını bildirmişlər. 12 avqust 2020-ci il tarixdə rəsmiləşdirilmiş kreditlə bağlı vəsaitin sabiq kassir Təqsirləndirilən şəxs tərəfindən filial müdirinin otağına aparılmasına şübhə yaradan məqamlar video görüntülər zamanı aşkarlanmışdır. Bundan əlavə, Şahid3 adına 18 noyabr 2020-ci il tarixində 15000 manat kredit rəsmiləşdirildiyi üçün müştərinin kürəkəni Məhəmməd adlı şəxs banka dəvət edilmişdir. Söhbət zamanı sonuncu Şahid3 uzun müddətdir yataq xəstəsi olduğunu, hər-hansı bankla heç bir kredit müqaviləsi bağlamadığını və borcunun olmadığını bildirmişdir. 18 noyabr 2020-ci il tarixdə verilmiş və hal-hazırda aktiv olan 15000 manat məbləğində krediti rəsmiləşdirən mütəxəssis Şahid8 izahatında filial müdiri Mahir Sultanovun tapşırığına əsasən krediti rəsmiləşdirdiyini, müştəri tərəfindən imzalanması üçün filial müdirinin otağına apardığını və həmin zaman otaqda bir neçə nəfərin olduğunu bildirmişdir. Kreditin sistemdə təsdiqləndiyi vaxt, yəni 18 noyabr 2020-ci il tarixdəki video görüntülərə baxış zamanı sabiq kassir Təqsirləndirilən şəxs müştəriyə xidmət etməsi müəyyən olunmamışdır. "xxxx" ASC tərəfindən müştəri məmnunluğu nəzərə alınaraq yuxarıda qeyd edilən öhdəliklərin bank hesabına ödənilməsi təmin edilmiş, lakin banka külli miqdarda ziyan dəymişdir. Bütün bu əməliyyatlara dair kassa məxaric orderləri tapılmadığından onların araşdırmaya təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, 2014-2015-ci illərdən əri X3 ilə birlikdə açdığı geyim butik mağazasında işləyir. Mağazada "xxxx" ASC-nin post terminalını quraşdıraraq bankın müştərisi olmuşlar. Nəğdsiz ödəmələr zamanı mağazaya ödənilən pullar onların "xxxx" ASC-də olan hesablarına köçürülmüş, sonradan oradan nəğdləşdirilmiş və ya digər xərclər üçün istifadə edilmişdir. 02 avqust 2018-ci il taixdə əri ilə 200000 manat məbləğində pul vəsaitini onun adına "xxxx" ASC-nin Xəzər filialında əmanət hesabına yatırılmışdır. Həmin əmanətdən aylıq 1161 manat faiz pulu almışlar. 2021-ci ilin sentyabr ayında "xxxx" ASC-nin baş ofisindən zəng edərək onu və əri X2 banka dəvət edərək müəyyən məsələlərə aydınlıq gətirməli olduğunu bildirmişlər. "xxxx" ASC-nin baş ofisində olarkən onlara məlum olmuşdur ki, onun adına 12 avqust 2020-ci il tarixdə 40000 manat məbləğində kredit götürülməsi barədə saxta sənədlər əsasında müqavilələr bağlanaraq həmin məbləğ bankın xəzinəsindən götürülmüşdür. Ona kredit müqaviləsi təqdim edilmiş və imzaların ona məxsus olub-olmaması soruşulmuşdur. O, kredit götürmədiyini və imzaların ona məxsus olmadığını qeyd etmişdir. Bununla bağlı bankda ərziə yazmış və imzasının kim tərəfindən saxtalaşdırılmasının müəyyən edilməsini xahiş etmişdir. Bundan sonra həmin kredit bank tərəfindən bağlanmışdır. Ancaq onlar bankda əmanət hesabında olan 200000 manat məbləğində pul vəsaitini çıxarmışlar. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, X11 onun arvadı, Şahid3 isə qaynatasıdır. Qaynanatasının bədəninin sol tərəfi iflic vəziyyətində olduğundan uzun müddətdir yataq xəstəsidir və evdən bayıra çıxmır. 2021-ci ilin iyun ayında "xxxx" ASC-dən onlara zəng edərək qaynatasının xx.xx.2020-ci il tarixli müqavilə əsasında 15000 manat kredit götürdüyünü və kredit borcunu ödəmədiyini bildirmişlər. O, qaynatasının bədənin bir hissəsi fəaliyyətsiz olduğu üçün yataq xəstəsi olduğunu və kredit müqaviləsi bağlamasının mümkün olmadığını bildirmişdir. Bu zaman bankın əməkdaşı onlara "xxxx" ASC-nin Xəzər filialına yaxınlaşmağı məsləhət görmüşdür. Bankda olarkən qaynatası Vəli Qubranovun adına saxta kredit müqaviləsinin hazırlanması və adından 15000 manat məbləğində kredit vəsaitinin götürülməsi onlara aydın olmuşdur. Bundan məlumatsız olduqlarını, Şahid3 hər hansı kredit müqaviləsinə imza etmədiyini bildirmişlər. Həmin vaxtlar o, "xxxx" ASC-nin Xəzər filialının müdiri əsgər yoldaşı Mahir Sultanovun yas məclisində olarkən bir sıra şəxslərə borcunun olduğunu, eyni zamanda bankdan müxtəlif adamların adına kredit götürdüyünü öyrənmişdir. Ona məlum olmuşdur ki, Mahir onun dollar dəyişilməsi zamanı göndərdiyi qaynatasının şəxsiyyət vəsiqəsindən istifadə edərək adına saxta kredit müqaviləsi hazırlamışdır. Belə ki, dollar alınması zamanı Mahir Sultanov dost olduqları üçün kömək etmək məqsədi ilə ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətlərini təqdim etməsini xahiş etmişdir. O, Mahirin uşağının xaricdə mualicəsi üçün Mahirə mütəmadi olaraq dollar lazım olduğunu bildiyindən buna etiraz etməmişdir. Bank tərəfindən aparılan bir neçə aylıq araşdırmadan sonra müəyyən edilmişdir ki, həqiqətən qaynatası bankda olmamış, hər hansı kredit müqaviləsini imza etməmiş və hər hansı məbləğdə kredit götürməmişdir. Bundan sonra həmin kredit borcu bank tərəfindən silinmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, X7 Nigar adlı rəfiqəsi vasitəsi ilə 2012-ci ildə tanımış və Mahir Sultanovun intihar etdiyi 17 may 2021-ci il tarixədək dostluq münasibəti olmuşdur. X12 adına olan “Sovetski” adlanan köhnə tikilidəki ev satıldığı üçün 2015-ci ildə anası onun adına əmanət hesabı açdırmaq üçün 25500 manat məbləğində pul vermişdir. O, həmin pul vəsaitini ilkin olaraq "xxxx" ASC-yə əmanət olaraq qoymuşdur. Sonradan devalvasiya ilə əlaqədar bankın bağlanmasından ehtiyyat edib əmanətdə olan pulunu xx.xx.2018-ci ildə "xxxx" ASC-nin “Xəzər” filialına qoymuşdur. Əmanət müqabilində aylıq faiz olaraq 187 manat gəlir əldə etmişdir. 2021-ci ilin iyun ayında ona 40 manat məbləğində pul vəsaitinin mədaxil olması barədə “SMS bildiriş” daxil olmuşdur. O, buna görə bankla əlaqə saxlamış və bankın əməkdaşı ona xx.xx.2021-ci il tarixdə kredit borcuna görə pul vəsaitinin əmanət hesabından çıxıldığını bildirmişdir. O, bankla arasında kredit müqaviləsinin olmadığını demiş və 2021-ci ilin iyun ayının əvvəllərində banka gedərək bu barədə məlumat vermişdir. Hesabdan çıxarış aparıb bankın əməkdaşlarına təqdim etmiş və çıxarışlara baxarkən müəyyən edilmişdir ki, onun xəbəri olmadan adına dəfələrlə kredit müqaviləsi rəsmiləşdirilmiş və müəyyən məbləğdə pullar onun adına bankdan məxaric edilmiş, sonradan isə kredit borcları ödənilmişdir. Sonuncu dəfə isə 16 aprel 2020-ci il tarixdə adına 20000 manat məbləğində pul vəsaitinin götürülməsi ilə bağlı kredit müqaviləsi bağlanaraq bankdan məxaric edilmiş və sonradan 18 may 2021-ci il tarixdə onun əmanət hesabından 20200 manat məbləğində pul kredit borcunun ödənilməsi üçün çıxılmışdır. Bank əməkdaşları tərəfindən bir neçə aylıq araşdırma aparıldıqdan sonra ona dəymiş 20200 manat məbləğində ziyan əmanət hesabına qaytarılmışdır. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, 18 may 2018-ci il tarixdən hazırki vaxtadək "xxxx" ASC-in Xəzər filialında müxtəlif vəzifələrdə işləmişdir. 2020-ci ilin sentyabr ayından hazıradək Xəzər filialında müştərilərlə iş üzrə mütəxəssis vəzifəsində işləyir. "xxxx" ASC-in Xəzər filialının müdiri Mahir Sultanovun yaşadığı evdə intihar etməsindən sonra bankın baş ofisi tərəfindən yoxlama təyin edilmiş və yoxlamanın nəticəsinə görə bir neçə şəxsin adına saxta kredit müqavilələrinin rəsmiləşdirildiyi müəyyən olunmuşdur. Yoxlamanı aparan şəxslər onun da izahatını almış, Şahid5, Şahid2 və Şahid3 xəbərləri olmadan, imzaları saxtalaşdırılmaqla adlarına kredit müqavilələrinin rəsmiləşdirildiyini və banka külli miqdarda ziyan vurulduğunu müəyyən etmişlər. Qeyd olunmuş şəxslər bankın Xəzər filialının müştəriləri olmuşlar və hər iki xanımı bankın filialında dəfələrlə görmüşdür. Şahid5 adına rəsmiləşdirilmiş 20000 manat məbləğində kredit vəsaitinin verilməsi barədə 16 aprel 2020-ci il tarixli müqavilə onun tərəfindən hazırlanaraq Mahir Sultanovun tapşırığı ilə ona təqdim edilmişdir. Mahir Sultanov müştərinin depozit hesabının olması səbəbindən xüsusi diqqət yetirilməli olduğunu və gözlətməmək üçün müqavilənin qabaqcadan hazırlanmasını tapşırmışdır. X9 Şahid5 arasında yaxın münasibətlər olduğundan X10 otağında müqaviləni imza edəcəyini düşünmüşdür. Şahid5 tez-tez, hətta iş saatı bitdikdən sonra belə filial müdiri Mahir Sultanovun yanına gəlmişdir. Şahid5 hətta bankın filialı xidmət göstərməyi dayandırdığı vaxtdan, yəni saat 17:00-dan sonra da filial müdiri Mahir Sultanovun yanına gəlmiş və 18:00-da onlar işdən getdikdən sonra belə orada qalmışdır. "xxxx" ASC-in Xəzər filialının müdiri Mahir Sultanov ona Şahid5 adına tərtib olunmuş kredit müqavilələrində imzaların saxtalaşdırılması barədə heç bir göstəriş verilməmişdir. Lakin yoxlama zamanı saxtalaşdırma faktı ona məlum olmuşdur. Şahid5 və Şahid2 adlarına tərtib olunmuş kredit müqavilələrindən sonra pul vəsaitlərinin kim tərəfindən və hansı qaydada bankın xəzinəsindən götürülməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərdi ki, 27 sentyabr 2017-ci il tarixdən hazırki vaxtadək "xxxx" ASC-in Xəzər filialında müxtəlif vəzifələrdə işləmişdir, hazırda isə Xəzər filialında müştərilərlə iş üzrə mütəxəssis vəzifəsində işləyir. "xxxx" ASC-in Xəzər filialının müdiri Mahir Sultanovun yaşadığı evdə intihar etməsindən sonra bankın baş ofisi tərəfindən aparılmış yoxlama zamanı bir neçə şəxsin adına saxta kredit müqavilələrinin rəsmiləşdirildiyi müəyyən olunmuşdur. Belə ki, Şahid3 adına rəsmiləşdirilmiş 18 noyabr 2020-ci il tarixli kredit müqaviləsini o, filial müdiri Mahir Sultanovun tapşırığı ilə hazırlayıb xidməti otağında ona təqdim etmişdir. Mahir Sultanov kredit müqaviləsini özü imza etdirərək təqdim edəcəyini, kassa məxaric orderini isə xəzinəyə özü verəcəyini bildirmişdir. Həmin kredit müqaviləsinin həqiqətən müştəri tərəfindən imzalanıbimzalanmaması barədə məlumatı olmamışdır. Mahir Sultanov ona Şahid3 və Şahid2 adlarına tərtib olunmuş kredit müqavilələrində imzaların saxtalaşdırılması barədə heç bir göstəriş verməmişdir. Onların adına tərtib olunmuş kredit müqavilələrinə əsasən pul vəsaitlərinin kim tərəfindən və hansı qaydada bankın xəzinəsindən götürülməsi barədə məlumatı yoxdur. Lakin həmin şəxslər bankın Xəzər filialının müştəriləri olmuşlar və hər iki xanımı bankın filialında dəfələrlə görmüşdür. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərdi ki, 16 mart 2015-ci il tarixdən hazırki vaxtadək "xxxx" ASC-in Xəzər filialında müxtəlif vəzifələrdə işləmişdir. Hazırda Xəzər filialında müştərilərlə iş üzrə baş mütəxəssis vəzifəsində işləyir. "xxxx" ASC-in Xəzər filialının müdiri Mahir Sultanovun yaşadığı evdə intihar etməsindən sonra bankın baş ofisi tərəfindən aparılmış yoxlama zamanı bir neçə şəxsin adına saxta kredit müqavilələrinin rəsmiləşdirildiyi müəyyən olunmuşdur. Belə ki, Şahid2 adına rəsmiləşdirilmiş 40000 manat məbləğində 12 avqust 2020-ci il tarixli kredit müqaviləsini o, filial müdiri Mahir Sultanovun tapşırığı əsasında hazırlayaraq vətəndaş tərəfindən imza edilməsi üçün xidməti otağında Mahir Sultanova təqdim edilmişdir. Mahir Sultatov müştərinin bankın xüsusi müştərisi olduğunu bildirərək müştərini gözlətməmək üçün müqaviləni vətəndaş gələnədək hazırlanmasını tapşırmışdır. O, sonradan kredit müqaviləsini imzalı şəkildə Mahir Sultanovdan almışdır. İmzaların müştəri tərəfindən imzalanıb-imzalanmaması barədə heç bir məlumatı yoxdur. Sonradan kredit müqaviləsi digər kredit mütəxəssis Şahid9 tərəfindən təsdiq edilmişdir. Mahir Sultanov ona Şahid2 adına tərtib olunmuş kredit müqaviləsində imzaların saxtalaşdırılması barədə heç bir göstəriş verməmişdir. Şahid2 İİbrahim qızının adına tərtib olunmuş kredit müqaviləsinə əsasən həmin pul vəsaitinin kim tərəfindən və hansı qaydada bankın xəzinəsindən götürülməsi barədə isə məlumatı yoxdur. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərdi ki, 24 iyun 2019-cu il tarixdən hazırki vaxtadək "xxxx" ASC-in Xəzər filialında müxtəlif vəzifələrdə işləmişdir. Hazırda Xəzər filialında müştərilərlə iş üzrə mütəxəssis vəzifəsində işləyir. "xxxx" ASC-in Xəzər filialının müdiri Mahir Sultanovun yaşadığı evdə intihar etməsindən sonra bankın baş ofisi tərəfindən aparılmış yoxlama nəticəsində bir neçə şəxsin adına saxta kredit müqavilələrinin rəsmiləşdirildiyi müəyyən olunmuşdur. 2021-ci yanvar ayının ortalarında Şahid2 bank hesabına məhdudiyyət qoyulduğundan səbəbini araşdırmaq üçün müştəriyə zəng edərək məhdudiyyətin səbəbinin adına olan depozitlə təmin edilmiş kredit ödəmələrində gecikmələrin olub-olmamasını dəqiqləşdirərkən Şahid2 kredit və depozitinin olması barədə heç bir məlumatının olmadığını demişdir. Növbəti gün Mahir Sultanov vətəndaşa zəng etdiyinə görə ona iradını bildirmiş və sonuncunun depozit və kredit hesabları barədə məlumatların heç kim tərəfindən bilinməsini istəmədiyini qeyd etmişdir. Mahir Sultanov tərəfindən ona hər hansı bir kredit müqavilələrində imzaların saxtalaşdırılması barədə göstəriş verilməmişdir. Şahid5, Şahid2 və Şahid3 adlarına tərtib olunmuş kredit müqavilələrindən sonra həmin pul vəsaitlərinin kim tərəfindən və hansı qaydada bankın xəzinəsindən götürülməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 istintaq zamanı ifadəsində göstərmişdir ki, 2013-cü ilin dekabr ayında birtərəfli iflic olmuş və bədəninin sol tərəfinin hərəkət etdirilməsində çətinlik yaranmışdır. 2020-ci ildə təqaüd kartının vaxtı bitdiyindən ona kömək etməsi üçün kürəkəni Şahid4 etibarnamə vermişdir. Məhəmməd "xxxx" ASC-nin Xəzər filialının Mahir adlı müdirinin onun həm əsgər yoldaşı, həm də, dostu olduğunu demişdir. Bundan sonra Məhəmməd onun kartını dəyişdirmişdir. Ona sonradan bankdan zəng edərək adına "xxxx" ASC-nin Xəzər filialında kredit müqaviləsinin açılmasını bildirmişlər. Sonradan məlum olmuşdur ki, onun adına saxta müqavilə ilə kredit açılmışdır. Lakin o, ümumiyyətlə heç vaxt "xxxx" ASC-dən kredit götürməmişdir. 18 noyabr 2020-ci il tarixli kredit sifarişi və razılıq ərizələri, kredit müqaviləsinin, ərizənin, həyat sığortası bağlı sənədləri əsilləri ona təqdim edilmişdir. Həmin sənədlərdəki imzalar ona məxsus deyildir və onun tərəfindən icra olunmamışdır. 10 oktyabr 2022-ci il tarixdə elektron qaydada məhkəməyə məktub göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini qeyd etmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının 21 iyun 2022-ci il tarixli, 4/801 nömrəli rəyindən görünür ki, 18 noyabr 2020-ci il tarixli “kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsi”-də “sifarişçi: Şahid3 Əli oğlu” qrafasındakı imza, 18 noyabr 2020-ci il tarixli “GTKR3243166A117 nömrəli kredit müqaviləsi”də “Şahid3 Əli oğlu” qrafasındakı imza, “kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə razılıq ərizəsi”də “kredit tarixçəsi subyektinin və ya səlahiyyətli şəxsin imzası və əlaqə nömrələri:” qrafasındakı “İmza” sözünün qarşısındakı imza, 1818 noyabr 2020-ci il tarixli “Ərizə”də “Borcalan: Şahid3 Əli oğlu” sözlərinin altında “imza” və “soyadı, adı, atasının adı” qrafasındakı imza, 18 noyabr 2020-ci il tarixli “kredit götürən şəxslər üçün həyat sığortası ərizə forması”da “imza” qrafasındakı imza, 18 noyabr 2020-ci il tarixli “Fiziki şəxslərin imza nümunələri vərəqəsi”də “Şahid3 Əli oğlu” sözünün qarşısında “imza nümunəsi” qrafasındakı imza, 18 noyabr 2020-ci il tarixli “GTKR3243166A117 saylı kredit müqaviləsinə əlavə "xxxx" ASC-nin Xəzər filialı Ödəniş qrafiki”də “Borcalan: Şahid3 Əli oğlu” yazılarının altında olan imza Şahid3 tərəfindən yox, Şahid4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunan 12 avqust 2020-ci il tarixli “117/KADP/000001512 saylı kredit müqaviləsinə əlavə "xxxx" ASC-nin Xəzər filialı Ödəniş qrafiki”-də “Borcalan: Şahid2 İbrahim qızı” yazılarının altında olan imzalar, 12 avqust 2020ci il tarixli “Ərizə”lərdə “İmza” qrafalarındakı imzalar “Şahid2” əlyazmaları, 12 avqust 2020ci il tarixli “ATKE2501531A117” nörməli kredit müqavilələrində 1-3 vərəqlərində “Borcalan. İmza” qrafalarındakı imzalar, 4-cü vərəqində “borcalan Şahid2 İbrahim qızı” yazılarından aşağıda yerləşən “imza” qrafasındakı imzalar, 12 avqust 2020-ci il tarixli “G- ATKE2501531A117” saylı depozitin girov müqavilələrinin 1-2-ci vərəqlərində “Borcalan. İmza” qrafalarındakı imzalar, 3-cü vərəqində “girov qoyan Şahid2 İbrahim qızı” yazılarından aşağıda yerləşən “imza” qrafasındakı imzalar Şahid2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 31 mart 2022-ci il tarixli 158000/12 nömrəli məktubdan görünür ki, Şahid5 adına ATKE1867090A117 saylı müqavilə 16 aprel 2020-ci il tarixdə açılmış, Şahid6 tərəfindən BƏS-ə daxil edilmiş və əməkdaş Təqsirləndirilən şəxs tərəfindən 20000 manat kassa məxarici icra edilmişdir. Həmin müqavilə 16 aprel 2022-ci il tarixdə bağlanmışdır. Şahid2 adına ATKE2501531A117 saylı müqavilə 12 avqust 2020-ci il tarixdə açılmış, Şahid7 tərəfindən BƏS-ə daxil edilmiş və əməkdaş Təqsirləndirilən şəxs tərəfindən 40000 manat kassa məxarici icra edilmişdir. Şahid3 adına GTKR3243166A117 saylı müqavilə 18 noyabr 2020-ci il tarixdə açılmış, Şahid8 tərəfindən BƏS-ə daxil edilmiş və əməkdaş Təqsirləndirilən şəxs tərəfindən 15000 manat kassa məxarici icra edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 22 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Şahid2 adına 12 avqust 2020-ci il tarixdə açılmış ATKE2483268A117 saylı kredit müqaviləsi həmin gün saat 16:26-da, Şahid3 adına xx.xx.2020-ci il tarixdə açılmış GTKR3243166A117 saylı kredit müqaviləsi həmin gün saat 11:58-də sistem üzrə kassada təsdiq olunmuşdur. Adı çəkilən şəxslərin həmin gün filialda görüntüsü aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 12 avqust 2020-ci il tarixə dair videogörüntüyə 17 iyun 2022-ci il tarixdə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2020-ci il saat 17:00-da kassa əməliyyatlarını icra etdiyi otaqdan çıxaraq kredit şöbəsi istiqamətdə gedir və 17:05-də yenidən geri qayıdaraq kassa əməliyyatlarının icra olunduğu otaqa daxil olur. 17:33-də isə kassa əməliyyatlarının icra olunduğu otaqda xeyli sayda olduğu görünən pul vəsaitlərini sayıb özü ilə götürərək əlində aparmaqla 17:34-də həmin otaqdan çıxaraq filial müdiri Mahir Sultanovun xidməti otağı istiqamətində gedir. 17:36-da isə həmin istiqamətdən geri qayıdıb yenidən kassa əməliyyatlarının icra olunduğu otağa daxil olur. Həmin vaxt geri qayıdan zaman artıq əlində qeyd olunan pul vəsaitinin olmadığı müşahidə edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 21 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1985-ci ildə Şəmkir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, 10 avqust 2018-ci il təvəllüdlü bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablanmaldır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 29 mart 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 11 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən Asiman Hacıyevin sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2022-ci il tarixli qərarından görünür ki, "xxxx" ASC-dən istintaqa təqdim edilmiş içərisində videogörüntülər olan 02 ədəd kompakt disk, 18 noyabr 2020-ci il tarixli “kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsi”, 18 noyabr 2020-ci il tarixli “GTKR3243166A117 nömrəli kredit müqaviləsi”, “kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə razılıq ərizəsi”, 18 noyabr 2020-ci il tarixli “Ərizə”, 18 noyabr 2020-ci il tarixli “kredit götürən şəxslər üçün həyat sığortası ərizə forması”, 18 noyabr 2020-ci il tarixli “Fiziki şəxslərin imza nümunələri vərəqəsi”, 18 noyabr 2020-ci il tarixli “GTKR3243166A117 saylı kredit müqaviləsinə əlavə "xxxx" ASC-nin Xəzər filialı Ödəniş qrafiki”, 12 avqust 2020-ci il tarixli “117/KADP/000001512 saylı kredit müqavilələrinə əlavə "xxxx" ASC-nin Xəzər filialı Ödəniş qrafiki”, 12 avqust 2020-ci il tarixli “G- ATKE2501531A117” saylı depozitin girov müqavilə, 12 avqust 2020-ci il tarixli “ATKE2501531A117” nörməli kredit müqaviləsi və 12 avqust 2020-ci il tarixli “Ərizə” maddi sübut kimi tanınmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut "xxxx" ASC-dən istintaqa təqdim edilmiş içərisində videogörüntülər olan 02 ədəd kompakt disk, 18 noyabr 2020-ci il tarixli “kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsi”, 18 noyabr 2020-ci il tarixli “GTKR3243166A117 nömrəli kredit müqaviləsi”, “kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə razılıq ərizəsi”, 18 noyabr 2020-ci il tarixli “Ərizə”, 18 noyabr 2020-ci il tarixli “kredit götürən şəxslər üçün həyat sığortası ərizə forması”, 18 noyabr 2020-ci il tarixli “Fiziki şəxslərin imza nümunələri vərəqəsi”, 18 noyabr 2020-ci il tarixli “GTKR3243166A117 saylı kredit müqaviləsinə əlavə "xxxx" ASC-nin Xəzər filialı Ödəniş qrafiki”, 12 avqust 2020-ci il tarixli “117/KADP/000001512 saylı kredit müqavilələrinə əlavə "xxxx" ASC-nin Xəzər filialı Ödəniş qrafiki”, 12 avqust 2020-ci il tarixli “G- ATKE2501531A117” saylı depozitin girov müqavilə, 12 avqust 2020-ci il tarixli “ATKE2501531A117” nörməli kredit müqaviləsi və 12 avqust 2020-ci il tarixli “Ərizə” cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 132 (yüz otuz iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə mülki iddia verərək Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 75000 manat və dövlət rüsumunun əvəzi olaraq 315,47 manat məbləğində pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə mülki iddia ərizəsi icraata götürülmüş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə qeyd edir ki, mülki iddia Təqsirləndirilən şəxs qarşı verilsə də, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən Asiman Hacıyevin sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2022-ci il tarixli qərarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialının müdiri vəzifəsində işləmiş X8 16 aprel 2020-ci il tarixdə Şahid5 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 16 aprel 2020-ci il tarixli ATKE1867090A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 20000 manat, 12 avqust 2020-ci il tarixdə Şahid2 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 12 avqust 2020-ci il tarixli ATKE2501531A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 40000 manat, 18 noyabr 2020-ci il tarixdə Şahid3 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 18 noyabr 2020-ci il tarixli GTKR3243166A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 15000 manat olmaqla, ümumilikdə 75000 manat məbləğində pul vəsaitini sərəncamına keçirərək özünün şəxsi ehtiyaclarına xərcləməklə, "xxxx" ASC-nə məxsus olan ona etibar edilmiş 75000 manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. Bununla da, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X4 əməli törətdikdən sonra öldüyündən onun barəsində cinayət işinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5ci maddəsinə əsasən bəraətverici əsas olmadan hissəvi xitam verilmişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğundan onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələrindən həmin Məcəllənin 308.2-ci maddəsinə tövsüf edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi "xxxx" ASC-nin ödənilməsini tələb etdiyi 75000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs yox, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialının müdiri vəzifəsində işləmiş X1 keçirərək özünün şəxsi ehtiyaclarına xərcləməklə, "xxxx" ASC-nə məxsus olan ona etibar edilmiş pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. Ona görə də, məhkəmə hesab edir ki, həmin pulun əvəzi Təqsirləndirilən şəxs tutula bilməz. Həmin pulun X5 vərəsələrindən tutulması ilə qaydası isə qanunvericilikdə müəyyən olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı hazırki mülki iddia rədd edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, 108 (yüz səkkiz) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi "xxxx" ASC-dən istintaqa təqdim edilmiş içərisində videogörüntülər olan 02 ədəd kompakt disk, 18 noyabr 2020-ci il tarixli “kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsi”, 18 noyabr 2020-ci il tarixli “GTKR3243166A117 nömrəli kredit müqaviləsi”, “kredit tarixçəsinin tərtib edilməsi üçün məlumatların kredit bürosuna təqdim edilməsinə və ya kredit bürosundan kredit hesabatının əldə edilməsinə razılıq ərizəsi”, 18 noyabr 2020-ci il tarixli “Ərizə”, 18 noyabr 2020-ci il tarixli “kredit götürən şəxslər üçün həyat sığortası ərizə forması”, 18 noyabr 2020-ci il tarixli “Fiziki şəxslərin imza nümunələri vərəqəsi”, 18 noyabr 2020-ci il tarixli “GTKR3243166A117 saylı kredit müqaviləsinə əlavə "xxxx" ASC-nin Xəzər filialı Ödəniş qrafiki”, 12 avqust 2020-ci il tarixli “117/KADP/000001512 saylı kredit müqavilələrinə əlavə "xxxx" ASC-nin Xəzər filialı Ödəniş qrafiki”, 12 avqust 2020-ci il tarixli “G-ATKE2501531A117” saylı depozitin girov müqavilə, 12 avqust 2020-ci il tarixli “ATKE2501531A117” nörməli kredit müqaviləsi və 12 avqust 2020-ci il tarixli “Ərizə” cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 132 (yüz otuz iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 75000 manat və dövlət rüsumunun əvəzi olaraq 315,47 manat məbləğində pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair mülki iddia rədd edilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 108 (yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar