Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-385/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Hazırkı iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X7 və X3 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 6 saylı bağ sahəsində yerləşən 0.1132 ha olan torpaq sahəsinə dair saxta sənədlərlə çıxarış düzəldərək xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsini 135000 (yüz otuz beş min) manat sataraq Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişlər, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs həmin məbləğdə pulunu ələ keçirərək külli miqdarda ziyan vurmuşlar. İş üzrə xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Xəzər RPİ-nin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunmuş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Xəzər RPİ-nin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.4 və 320.1-ci maddələr inə tövsif edilmişdir. 27 iyul 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vəsatətlə məhkəməyə müraciət edərək AR CPM-nin 303.3.6 və 303.3.8ci madələrinə əsasən cinayət işinin materiallarına baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, zərər çəkmiş şəxs qismində iş materialları ilə real olaraq tanış olmamışdır. Bunun üçün müstəntiqə dəfələrlə iş materiallarında olan sənədlərin ona təqdim edilməsini (hətta öz vəsaiti hesabına) xahiş etsə də, müstəntiq bunu etməmiş və sadəcə ona işin yekunlaşdırılması ilə sənədlərə imza etdirmişdir. Həmin sənədə imza edərkən də, ona işin CM-nin 178.3.2-ci maddəsi ilə aparıldığını və dəymiş ziyan kimi 100000 manat nəzərə alındığını qeyd etmişdir. O, həmin hallarla da razı olmasa da, ən azından ziyanın məbləğinin qismən düzgün hesablandığını nəzərə alıb və müstəntiqinin “Mənim gücüm başqalarını tutmağa çatmır. Mənə başqa şəxsləri həbs etməyə qoymurlar. Gücüm ziyanın məbləğini 100000 manat müəyyən etməyə çatır və onu da etmişəm.” və sair kimi sözlərinə inanaraq onun əziyyət çəkdiyini düşünərək imza etmişdir. Folklor ədəbiyyatındakı məşhur atalar məsələsindəki kimi “Ziyanın yarısından qayıtmaq da xeyirdir” fikrini nəzərə almışdır. Lakin, müstəntiqdən heç olmasa iş materiallarının surətinin hamısını öz hesabına ona təqdim etməsini xahiş etsə də, müstəntiq edəcəyini söz versə də, etməmişdir. Onun iş materialları ilə real olaraq tanış olmamağı həm də, onunla müəyyən edilir ki, müstəntiq ona işin Bakı Ağır Cinayətlər Məhkəməsinə gedəcəyini demişdir. O, isə yalnız Xəzər Rayon Məhkəməsi tərəfindən mobil nömrəsinə sms daxil olduqdan və həmin məhkəmədən ittiham aktının surətini alıb tanış olduqdan sonra müstəntiqin ona məlum olmayan hansısa maraqları xatirinə iş materiallarını saxtalaşdırdığını və onu aldatdığını başa düşmüşdür. İşdə guya o, mülki iddiaçı kimi tanınmış və 100000 manatlıq mülki iddia vermişdir. Həmin sənəd onun tərəfindən deyil, müstəntiq tərəfindən tərtib edilmiş və onu inandırıb tez-bazar işi yekunlaşdırıb məhkəməyə göndərmək məqsədi daşıdığını hesab edir. Elə təkcə bu əsaslar hazırki işin ibtidai istintaq orqanına qaytarılmasına kifayət edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 303.3.8-ci maddəsinin tələbinə görə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulması işin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə əsasdır. Yuxarıda qeyd edilənlərdən əlavə işdə digər kobud pozuntulara da yol verilmişdir. Belə ki, müstəntiqin qənaətinə görə guya Təqsirləndirilən şəxs 2008-ci ildə Buzovna Bələdiyyəsinin sədrinin sərəncamını saxta yolla istintaqa məlum olmayan vaxtda və yerdə hazırlatdırıb ona təqdim edərək inandırıb aldadaraq 36000 manat pulumu ələ keçirmişdir. O, 2008-ci ildə Buzovna bələdiyyəsinin qərarı və rəsmi sənədləri ilə qanunamüvafiq ödəniş etməklə 12 sot torpaq sahəsini əldə etmiş, həmin torpaq sahəsini 2021-ci ilin dekabr ayınadək hasarlamaqla və qapısına qıfıl vurmaqla fasiləsiz sahiblik etmişdir. Həmin tarixədək maddi imkanı olmadığından hər hansı yaşayış sahəsi inşa edə bilməmişdir. Lakin, mütəmadi olaraq ora baş çəkmiş və nəzarət etmişdir. 2021-ci ilin dekabr ayında torpaq sahəsinin qapısının üzərində “Satılır” sözlərini görmüş və bunu aydınlaşdırmağa çalışarkən məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsi kimlərəsə qanunsuz olaraq satılmışdır. Halbuki, bu barədə onun hərhansı məlumatı olmamış və torpaq sahəsini alan şəxs alacağı sahəyə baxmaq üçün onunla əlaqə saxlamamış, o, qıfılı açmamışdır. Həmin vaxtadək ona təqdim edilmiş Buzovna bələdiyyəsinin torpağa aid möhürlü sənədlərinin saxta olduğunu bilməmişdir. Məhz həmin tarixdən sonra araşdırdıqda ona verilmiş həmin sənədlərin saxta olması bildirilmişdir. Bundan dərhal sonra o, hüquq-mühafizə orqanlarına müraciət etmiş və uzun müddət araşdırmadan sonra 02 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Elçin Süleymanov tərəfindən ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılmışdır. Lakin, hazırki vaxtadək onun hüquqları bərpa edilməmiş və ona məxsus olan torpaq sahəsi ona təhvil verilməmişdir. Başqa sözlə, mübahisə predmeti olan torpaq sahəsi onun mülkiyyətində, istifadəsində və sahibliyində olmuşdur. Bu müstəntiqin iş üzrə topladığı sübutlarla da təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs torpağı 2008-ci ildə pulu alıb ona satmasını və təhvil verməsini təsdiq etmişdir. Şahid2 da torpağın 2021-ci ilin sonlarınadək faktiki olaraq onun istifadəsində və sahibliyində olmasını təsdiq etmişdir. İşdə olan digər sübutlarla da torpağın məhz 2021-ci ilədək onun istifadə və sahibliyində olması, sonra isə bir qrup dələduzun birləşərək həmin torpağı başqa şəxslərə satdığı təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəlləni 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin torpaq sahəsi 2008-ci ildən, yəni 12 ildən artıq dövrdə onun sahibliyində və istifadəsində olmuşdur. Bununla bağlı, hər hansı şəxsin iradı və narazılığı olmamışdır. O, həmin torpaq sahəsinə sahiblik etməklə istifadə etmişdir. Ona Azərbaycan Respublikası Bələdiyyə orqanları tərəfindən təqdim edilmiş rəsmi sənədlərin də qanuni olduğunu düşünmüşdür. İstintaqın ifadələrlə müəyyənləşdirdiyinə əsasən guya, həmin torpaq sahəsi 137000 manata X2 xx.xx.2021-ci il tarixdə satılmışdır. Başqa sözlə, istintaq özü hələ müvafiq mühasibatlıq ekspertizası keçirmədən torpağın bazar qiymətinin 137000 manat olmasını müəyyən etmişdir. Belə olan halda, müstəntiq ona ən azı 137000 manat məbləğində ziyan vurulması qənaətinə gəlməklə CM-nin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürməli olduğu halda, əsassız olaraq ittihamın həcmini və məzmununu dəyişdirərək, başqa sözlə CPMnin 289-cu maddəsinin tələblərini pozaraq 36000 manat məbləğində guya ona ziyan dəyməsi kimi absurd nəticəyə gəlmişdir. Eyni zamanda, müstəntiq onun rəsmi qəbzə əsasən (Qəbz № 083279) Buzovna Bələdiyyəsinin hesabına 3264 manat köçürməsinii və bu barədə bələdiyyənin ona təqdim etdiyi sənədə də hər hansı hüquqi qiymət verməmişdir. Bundan başqa, Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri M.F.Əliyev və "xxxx" MMC-nin direktoru M.A.Vəliyev tərəfindən möhürlə təsdiqlənmiş “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” hesabat cədvəli kimi rəsmi sənədlə bağlı da istintaqın mövqeyi ona məlum deyildir. Həmçinin, Bələdiyyə tərəfindən ona təqdim edilmiş qəbzlərə əsasən o, həmin torpaq sahəsinin vergisini də ödəmişdir. Həmin qəbzləri, xx.xx.2011-ci il tarixli Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri M.F.Əliyev və "xxxx" MMC-nin direktoru M.A.Vəliyev tərəfindən möhürlə təsdiqlənmiş “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” hesabat cədvəlini və tikinti planının təsvirini də müstəntiqə təqdim etmişdir. Ümumiyyətlə müstəntiqin həmin sənədləri işə əlavə edib-etməməsi, edibsə hansı qiymət verməsi iş materialları ilə tanışolmadığından ona aydın deyildir. Bütün bunlar müstəntiqin cinayətin törədilmə üsulunu, cinayət əməli nəticəsində vurulmuş ziyanın məbləğini və sair balları düzgün müəyyən etməməsi nəticəsinə gəlməyə əsas verir. Bunlar isə CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin kobud pozulmasıdır. Müstəntiq ittiham aktının nəticəvi hissəsində saxta yolla istintaq məlum olmayan vaxtda və yerdə Buzovna Bələdiyyəsinin sənədlərinin hazırlandığını qeyd etsə də, iş materiallarında həmin sənədlərin Buzovna Bələdiyyəsinin sədri X4 tərəfindən verildiyi müəyyən edilmişdir. Onun saxtalığının isə nə ilə təsdiq edilir aydın deyildir. Rahib Rzayev özü Bələdiyyəyə dövlət tərəfindən verilmiş rəsmi möhürlə həmin sənədləri imzalamış və ona təqdim edilmişdir. Həqiqətdə isə, müstəntiq mütəşəkkil dəstə şəklində birləşərək ayrı-ayrı şəxslərin torpaq sahələrini və müxtəlif daşınmaz əmlaklarını qanunsuz yolla ələ keçirərək yenidən satmaqla xüsusilə külli miqdarda vəsait əldə edən şəxsləri məsuliyyətdən uzaqlaşdırmaq üçün belə bir öz fantaziyasına əsasən ittiham quraşdırmışdır. Həmin cinayətkar dəstənin aşkar üzvü Təqsirləndirilən şəxs məsuliyyətə verilsə də, digərləri məsuliyyətdən kənarlaşdırılmışdır. Azərbaycan Respublikası CPM-nın 223.3.2-ci maddəsinə görə cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviriəsaslandırıcı hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 223.3.4-cü maddəsinə görə cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviriəsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin 289.3.1-ci maddəsinə görə cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə görə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə görə cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya sadələşdirilmiş İcraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən, iş üzrə həmçinin CPM-nin 303.3.6-cı maddəsinin tələbləri də pozulmuşdur. İş üzrə həqiqətdə zərər çəkmiş şəxs o, yox, Şahid1dur. O, bu barədə müstəntiqə dəfələrlə bildirsə də, həmçinin istintaq materiallarında bu təsdiq edilsə də, müstəntiq guya onlara yaxşılıq edirmiş kimi, Şahid1 deyil, onu tanıdığını bildirmişdir. Hazırda isə başa düşmüşdür ki, sadəcə olaraq onun qadın olmağından və hüquqlarını qoruya bilməyəcəyini, prosessual maneçilik yaratmamaq üçün özünə problem yaratmayacaq şəxs kimi gördüyü onu zərər çəkmiş şəxs kimi tanımaqla özünün və başqa şəxslərin ona məlum olmayan maraqlarını güdmüşdür. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı zərər çəkmiş şəxs tərəfindən verilmiş vəsatətin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini təklif etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs tərəfindən verilmiş vəsatətin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi zərər çəkmiş şəxs tərəfindən verilmiş vəsatətin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, tərəflərin həmin vəsatətə münasibətini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, zərər çəkmiş şəxs tərəfindən verilmiş vəsatət qismən əsaslı olduğundan qismən təmin edilməli və hazırkı cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya rəhbərlik edən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cinayət işinin ibtidai istintaqı yekunlaşdırılmış və bu barədə cinayət işinin tərəflərinə məlumat verilməsi barədə müvafiq protokollar tərtib edilmişdir. Zərər çəkmiş şəxsə məlumat verilməsi haqqında protokolda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət işi ilə tanış olmaqdan və protokolu imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Həmin qeyd müstəntiq tərəfindən aparılmışdır. Həmçinin qeyd edilməlidir ki, cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdırılması ilə əlaqədar olaraq zərər çəkmiş şəxsin cinayət işinin materialları ilə tanış olmaq hüququ yaranır. Lakin iş materiallarında olan 07 iyul 2022-ci il tarixli zərər çəkmiş şəxsin cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda zərər çəkmiş şəxsin istintaqın gedişatı ilə razı olmaması səbəbindən protokolu imza etməkdən imtina etməsi qeyd edilmişdir. Həmin qeyd də eyni qaydada müstəntiq tərəfindən aparılmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs cinayət işinin materialları ilə tanış olmamasını, ümumiyyətlə xx.xx.2022-ci il tarixdə, yəni ibtidai istintaqın yekunlaşdırılmsı ilə bağlı protokolun tərtib edildiyindən xəbərinin olmamasını, müstəntiq tərəfindən ona məlumat verilməməsini, həmin vaxt orada olmamasını bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-nin 284cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 284.1.1-ci maddəsinə əsasən ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxs və onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onun nümayəndəsinə müstəntiq tərəfindən məlumat verilir. Həmin Məcəllənin 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Qeyd etmək lazımdır ki, CPM-in 289-cu maddəsi ittiham aktının tərtibini əhatə edir. Hazırki cinayət işi üzrə ittiham aktı CPM-in 289-cu maddəsinə uyğun tərtib edilmişdir. CPM-in 290.3.2-ci maddəsinə əsasən cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan 5 (beş) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz qərarı ilə ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktını təsdiq etmək barədə qərar qəbul edə bilər. AR CPM-nin 290.3.2-ci maddəsinin dispozasiyasından göründüyü kimi yalnız ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək halları mövcüd olduqda cinayət işi hazırlıq mərhələsində geri qaytarılmalıdır. Həmin Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1ci maddələrinin tələblərinin pozulması müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Azərbaycan Respublikasının CPM-nin 306.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilk olaraq ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli AR CM-in 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. AR CPM-in 218.2.3-cü maddəsinə əsasən ağır cinayətlər üzrə ibtidai istintaq cinayət işinin başlanmasından ən geci 4 (dörd) ay keçdikdən sonra qurtarmalıdır. Bu səbəbdən onun barəsində məhkəmənin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Lakin ibtidai isitinataqın gedişində cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4 və 320.1-ci maddələrinə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli AR CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 159.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, zərər çəkmiş şəxsin cinayət işi materialları ilə tanış edilməsi, əlavə araşdırılmanın aparılması və aparılmış istintaqın materiallarına yenidən baxılması müəyyən müddət tələb etdiyindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir ay müddətinə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 84,307 və 318-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vəsatəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət işi materialları ilə tanış olması hüququnun pozulması ilə bağlı pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinun müddəti 01 (bir) ay müddətinə yəni 08 noyabr 2022-ci il tarixədək uzadılsın. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-385/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-385/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver