Məhkəmə qərarları › İş №1(003)-388/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-388/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-388/2023 23.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Tər-tər şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, evli, sürücü işləyən, Tər-tər rayonu, Güləbatlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyid İbadağa küçəsi nömrəsiz fərdi evdə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə 04 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində ünvan 1 ünvanında yerləşən “Qədir-Xum” kolbasa sexinə damın lambrin örtüyünü çıxartmaq yolu ilə qanunsuz daxil olaraq sexin zalında olan masanın siyirməsindən Zərərçəkmiş şəxs məxsus 4.000 (dörd min) manat pulu gizli yolla talayıb zərərçəkmiş şəxsə qeyd edilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 5 aydan çoxdur ki, “Qədir-Xum” kolbasa sexində sürücü vəzifəsində işləmişdir. Həmin kolbasa sexi ünvan 1 ünvanında yerləşir. Hər gün saat 10-dan “Qədim-Xum” kolbasa sexindən ət məhsullarını götürərək Bakı şəhərində müxtəlif satış məntəqələrinə paylamış, əldə olunan pulu isə hər səhər işə gələndə kolbasa sexində satış meneceri işləyən İlkin adlı şəxsə vermişdir. 04 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixə keçən gecə saat 01 radələrində ünvan 1 ünvanında yerləşən “Qədir-Xum” kolbasa sexinə gələrək kolbasa sexinin damına çıxmış, damın lambrin örtüyünü çıxararaq damdan kolbasa sexinə daxil olmuşdur. Kolbasa sexinə daxil olduqdan sonra sexin zal hissəsində olan müşahidə kamerasını sındırmış, zalda olan masaya yaxınlaşaraq masanın siyirməsini qayçı ilə açıb siyirmədə olan nağd pulu götürmüşdür. Bundan sonra kolbasa sexinin damından çıxaraq oranı tərk etmişdir. Oranı tərk etdikdən sonra kolbasa sexinin zalında olan masanın siyirməsindən oğurladığı pulları saydıqda 4.000 manat nağd pul olduğunu müəyyən etmişdir. Qeyd edilən sexdə sürücü vəzifəsində işləmiş, onun işi hər səhər maşına yüklənmiş ət məhsullarını Bakı şəhərində satış nöqtələrinə çatdırmaq, ət məhsullarına görə ödənilən pul məbləğini növbəti günün səhəri sexdə satış meneceri işləyən İlkin adlı şəxsə çatdırmaqdan ibarət olmuşdur. Kolbasa sexində olan əmlaka nəzarət etmək ona tapşırılmamışdır. Qeyd edilən cinayəti tək törətmiş, heç kimin törətdiyi cinayətdən xəbəri olmamışdır. İşlədiyi müddət ərzində bir neçə dəfə İlkin adlı şəxsə ət məhsullarına görə ödənilən pul məbləğini verərkən İlkinin pul məbləğini kolbasa sexinin zalında olan masanın siyirməsinə qoyduğunu müşahidə etmiş, ona görə də həmin siyirmədə pul məbləğinin olmasını güman etmişdir. Kolbasa sexində pul məbləğinin harada olması barədə heç kim ona məlumat verməmişdir. O, dörd min manat puldan başqa kolbasa sexindən heç nə oğurlamamışdır. Qeyd edilən cinayətdən başqa heç bir cinayət hadisəsi törətməmişdir. “Qədir- Xum” kolbasa sexindən oğurladığı 4.000 manat pul 100 və 50 manatlıq əskinaslarda olmuşdur. “Qədir-Xum” kolbasa sexindən oğurladığı 4.000 manat pulu şəxsi və ailə ehtiyaclarına sərf etmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, zərərçəkmiş şəxs Anar Gəncəzadəyə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmasını, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya digər tələblərinin olmamasını, “İİ Qarabağ müharibəsi”-nin iştirakçısı olması, “Vətən müharibəsi iştirakçısı” və Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, o, “Qədir-Xum” kolbasa sexinin direktoru vəzifəsində işləyir. Direktoru olduğu kolbasa sexi ünvan 1 ünvanında yerləşir. 05 yanvar 2023-cü il tarixdə səhər saatlarında qeyd edilən kolbasa sexinə gəldiyi zaman kolbasa sexində menecer işləyən Şahid ona naməlum şəxs və ya şəxslərin 04 yanvar 2023-cü il tarixdən 05 yanvar 2023-cü il tarixə keçən gecə kolbasa sexinə kolbasa sexinin damının lambrin örtüyünü çıxararaq damdan kolbasa sexinə daxil olub sexin zal hissəsində olan müşahidə kamerasını sındıraraq zalda olan masaya yaxınlaşaraq masanın siyirməsini açıb siyirmədə olan 4.000 manat nağd pulu oğurladığını bildirmişdir. Bundan sonra Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş, qısa bir zamanda oğurluğu törədən şəxsin qeyd edilən kolbasa sexində sürücü işləyən Təqsirləndirilən şəxs Aruzman oğlu olduğu məlum olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumlikdə 4.000 manat maddi ziyan dəymiş, dəymiş 4.000 manat maddi ziyandan 2.000 manat maddi ziyan ödənilmişdir. Qeyd edilən kolbasa sexinin lambrinin çıxarılması və müşahidə kamerasının sındırılması nəticəsində ona cüzi ziyan dəydiyinə görə bununla bağlı şikayət və tələbi olmamışdır. O, məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin omadığını, təqsirləndirilən şəxslə barışdığını, onu bağışladığını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid göstərmişdir ki, “Qədir-Xum” kolbasa sexinin meneceri vəzifəsində işləyir. Meneceri olduğu kolbasa sexi ünvan 1 ünvanında yerləşir. 05 yanvar 2023-cü il tarixdə səhər saatlarında qeyd edilən kolbasa sexinə gəldiyi zaman kolbasa sexində naməlum şəxs və ya şəxslərin sexin damının lambrin örtüyünü çıxararaq damdan kolbasa sexinə daxil olub sexin zal hissəsində olan müşahidə kamerasını sındıraraq zalda olan masaya yaxınlaşaraq masanın siyirməsini açıb siyirmədə olan 4.000 manat nağd pulu oğurladığını aşkar etmiş, bu barədə qeyd edilən sexin direktoru Zərərçəkmiş şəxs məlumat vermişdir. Zərərçəkmiş şəxs məlumat verdikdən sonra Anar Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ərizə müraciət edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş, az müddət keçidikdən sonra oğurluğu törədən şəxsin qeyd edilən kolbasa sexində sürücü işləyən Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs qeyd edilən sexdən oğurluq törətməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən kolbasa sexindən oğurluq törətməsindən xəbəri olmamışdır. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad edilmiş və həmin tarixdə də barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 50.1, 69.3-cü maddələrinə əsasən 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, (10%) həbsdə saxlandığı müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilmiş və həbsdən azad edilmişdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, barışması nəzərə alınaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını, “İİ Qarabağ müharibəsi”nin iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı” və Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 09 yanvar 2023-cü il tarixdən 11 yanvar 2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət 01 (bir) günə 02 (iki) gün hesablanmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyid İbadağa küçəsi nömrəsiz evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 4 000 (dörd min) manat maddi ziyanın Zərərçəkmiş şəxs tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 09 yanvar 2023-cü il tarixdən 11 yanvar 2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət 01 (bir) günə 02 (iki) gün hesablanmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 11 ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Seyid İbadağa küçəsi nömrəsiz evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 4 000 (dörd min) manat maddi ziyanın Zərərçəkmiş şəxs tam şəkildə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 24 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar