Məhkəmə qərarları › İş №1(003)-39/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-39/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-39/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvəllər məhkum olunmuş lakin məhkumluğu ödənilmiş, subay, orta təhsilli, fərdi əmək faliyyəti ilə məşğul olan, ünvan 2-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus olan **********862701 nömrəli «Kapital Bank» təqaüd kartından 19 yanvar 2021-ci il tarixdə axşam saat 17:39-dan saat 20:45-dək olan müddət ərzində Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsi X6 yolunun 3-cü kilometirliyində yerləşən Rahat market 31-in qarşısında qurlaşdırılmış «Kapital Bank»a məxsus bankomatdan 43 manat, həmin bankomatdan 16.02.2021-ci il tarixdə saat 00:21-də 500 manat, həmin bankomatdan 16.02.2021-ci il tarixdə saat 01:55-də 700 manat, həmin bankomatdan 16.02.2021-ci il tarixdə saat 23:56-də 200 manat nağd pul çıxarmaqla gizli olaraq ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 1443 manat (bir min dörd yüz qırx üç) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus olan **********335406 nömrəli «Kapital Bank» təqaüd kartından 16 fevral 2021-ci il tarixdə axşam saat 00:15-də Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsi X6 yolunun 3-cü kilometirliyində yerləşən Rahat market 31-in qarşısında qurlaşdırılmış «Kapital Bank»a məxsus bankomatdan 200 manat, həmin bankomatdan 16.02.2021-ci il tarixdə saat 00:26 radələrində 500 manat nağd pul çıxarmaqla gizli olaraq ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 700 manat (yeddi yüz) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus olan **********117993 nömrəli «Kapital Bank» təqaüd kartından 16 avqust 2021-ci il tarixdə Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsi X6 yolunun 3-cü kilometirliyində yerləşən Rahat market 31-in qarşısında qurlaşdırılmış «Kapital Bank»a məxsus bankomatdan 400 manat, həmin tarixdə saat 00:25-da həmin bankomatdan 1000 manat və 16 avqust 2021-ci il tarixdə Bakı şəhəri Fizuli 71 ünvanında 43 manat nağd pul çıxarmaqla gizli olaraq ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 1443 manat (min dörd yüz qıxr üç) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, yaşadığı qəsəbədə yerləşən avtoyuma məntəqəsində işləyirmiş, lakin son zamanlar maddi vəziyyəti ilə əlaqədar düşünmüşdür ki, hansısa bir yol ilə pul əldə etsin. Hər dəfə işlədiyi avtoyuma məntəqəsinə gələn Faiq adlı şəxs yenədə 10 fevral 2021-ci il tarixdə gəlmişdir. Daimi müştərisi olan Faiq adlı şəxs özünə məxsus «Hyundai Sonata» markalı avtomobili gəlib avtomaşını hər zamankı qayda da təhvil vermişdir ki, avtomaşını yusun, Faiq özü isə getmişdir. Oda avtomaşını təmizləyən zaman avtomaşının salonundan Faiqə məxsus eləcədə üzərində Zərərçəkmiş şəxs yazılmış «Kapital Bank»ın kartının üzərindəki 16 rəqəmli kodun şəkilini çəkmişdir ki, hansısa yol ilə kartdan pul çəkə bilsin. Belə ki, o, bilirmiş ki, Faiq əvvələr yaxşı vəzifədə işləyib hazırda da yaxşı təqaüd alır, məhz onun kartında da pul olduğun yəqin etmişdir. Bundan sonra əvvəl istifadə etdiyi hazırda isə oğurlandığından onda olmayan «Samsung A30» markalı telefonunda Birbank proqramını yazıb orada müəyyən əməliyyatlar aparmış, daha sonra isə proqram aktivləşdirmişdir. O, həmin Birbank proqram vasitəsi ilə Faiqin hesabını görə bilirmiş. Proqram vasitəsi ilə əvvəlcə 19 yanvar 2021-ci il tarixdə ayrı-ayrı saatlarda ümumilikdə 44 manat olmaqla nömrəsinin balansını artırmışdır. Bundan sonra Faiq özünə məxsus həmin kartı dondurmuş və o, elə başa düşmüşdür ki, Faiq kartı dəyişdirib. O, Faiqin növbəti dəfə avtoyumaya gəlişindən istifadə edərək yenədə ona məxsus yeni hesab kartının 16 rəqəmli nömrələrinin şəkilini çəkmişdir. Həmin kart yeni olduğundan həmin üsul ilə yenədə telefonda başqa əlavə proqram yükləmişdir, lakin proqramdan qeydiyyatdan keçməyim üçün mobil nömrə lazım olmuşdur. Əvvəlki proqram aktiv olaraq qalmışdır. Etdiyim əməlin üstünün açılmamasından ehtiyyat etdiyi üçün öz nömrəsi ilə həmin proqramda qeydiyyatdan keçməmişdir. Bir-iki gün sonra onun qeyri rəsmi yaşadığı Şahid2 bibisi Sevilin xəbəri olmadan Sevilin şəxsiyyət vəsiqəsinin şəklini mobil nömrə almaq üçün çəkmişdir. Belə ki, o, Nuranə ilə bir neçə ildirdi ki qeyri rəsmi olaraq yaxın münasibətdə yaşayırmışlar. Lakin Nuranənin onun etdiyi bu əməldən heç bir məlumatı olmamışdır, nədə o, heç bir şey hiss etdirməmişdir. Sevildə Nuranənin qohumu olduğundan get gəlişləri olurmuş. Bundan sonra Sevilin adına Mərdəkan qəsəbəsində yerləşən Fərid adlı satıcısı olan «Narmobile» mağazasından nömrə almışdır. Daha sonra isə Sevilin xəbəri olmadan Sevilin adına aldığı mobil nömrə ilə praqramı aktivləşdirmişdir. Praqramdan gələn kod vasitəsi ilə növbəti ayda yəni 16 fevral 2021-ci il tarixdə gecə saatında hesaba pul keçdiyi üçün proqram vasitəsi ilə bildiriş almışdır, bundan sonra yaşadığı Binə qəsəbəsi Savxoz yolunda yerləşən «Rahat» marketin qarşısında quraşdırılmış Kapital bank terminalından kod vasitəsi ilə Faiqin hasabında olan 1444 manat puldan ilk öncə 200 manat, bundan bir neçə dəqiqə sonra 500 manat pul çəkərək çıxartmışdırdır. Eyni zamanda Faiqin əvvəlki kartı ilə qeydiyyatdan keçdiyi proqram vasitəsi ilə hesaba baxarkən hesabda pul olduğunu görüb həmin bankamatdan 1400 manat puldan ilk öncə 500 manat, bundan bir neçə dəqiqə sonra 700 manat və 200 manat pul çəkərək çıxartmışdır. O, elə başa düşmüşdür ki, əvvəlki kartın aktiv olmasından Faiqin məlumatı olmamışdır, yəqin düşünmüşdür ki, kartdakı pul vasəiti yanvar ayında bütövlüklə çıxarılıb. Bir müddət sonra o, daha həmin proqramlardan istifadə etməmişdir. Lakin Faiqin ondan heç bir şübhəsi olmadığını bilirmiş, çünki Faiq hər zamankı qaydada gəlib gedirmiş. O, törətdiyi əməldən peşmançılıq çəksədə yenədə maddi vəziyyəti ilə əlaqədar olaraq pul əldə etmək üçün Faiqin daha yeni kartının şəkili çəkmişdir. Bu dəfəsində də praqramı özü bildiyi qayda ilə aktivləşdirmişdir. 16 avqust 2021ci il tarixdə təqaüdün hesaba keçməsi ilə bağlı bildirişi gördükdən sonra həmin kartdan yenədə Binə qəsəbəsində 400 manat bir 1000 manat bir pul çəkmişdir. Hesabda qalan 43 manatı isə başqa bir ünvanda həmin tarixdə çəkmişdir. Həmin kartlardan ümumilikdə 3500-3600 manat arası pul çəkərək öz şəxsi ehtiyaclarına xəcləmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə aralarında barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2011-ci ildən təqaüdə çıxmış və hər ay 1440 manat təqaüd alırmış. Ünvanladığı ərizə ilə bağlı, ilkin təhqiqatda yazdığı izahata əlavə olaraq bildirmişdir ki, təqaüdünü Kapital Bank tərəfindən verilmiş kart vasitəsi ilə çıxarmışdır. Qeyd edmişdir ki, təqaüd kartına sms xəbərdarlıq xidməti qoşmuşdur. Təqaüdlər köçürüləndə və kartdan pul çıxarılanda ona sms xəbərdalıq gəlirmiş. Bildirmişdir ki, 15.01.2021-ci il tarixdə saat 18:00 radələrində ona məxsus ***-***-**-** saylı mobil telefona 1443 manat təqaüdün keçirilməsi barədə sms xəbərdarlıq gəlmişdir. O, şəxsi işləri ilə bağlı həmin təqaüdü bir neçə gün sonra çıxarmağını qərarlaşdırmışdır və təqaüdü çıxartmamışdır. 19 yanvar 2021-ci il tarixdə axşam saat 15:56-da 1 manat pulun, həmin tarixdə 17:39-da 5 manat pulun, həmin tarixdə 22:17-da 11,50 manat pulun, həmin tarixdə 22:24-da 1407 manat pulun, 21 yanvar 2021-ci il tarixdə axşam saat 14:03 radələrində ona məxsus təqaüd kartından hesabından 5 manat pulun, həmin tarixdə 15:45-də 4 manat pulun və həmin tarixdə 20:45-da 10 manat pulun çıxarmasına dair sms xəbərdarlıq gəlmişdir. Bundan sonra təkrarən 15.02.2021-ci il tarixdə axşam saat 23:00 radələrində ona məxsus ***-***-**-** saylı mobil telefona təqaüdün keçirilməsi barədə sms xəbərdarlıq gəlmişdir. Təxminən 55 dəqiqədən sonra yəni 15.02.2021-ci il tarixdə gecə saat 23:56 radələrində ona məxsus təqaüd kartından 200 manat nağd pulun çıxarmasına dair sms xəbərdarlıq gəlmişdir. Daha sonra isə 16.02.2021-ci il tarixdə gecə saat 00:21 radələrində təkrarən ona məxsus kartdan 500 manat pulun çıxarılmasına dair istifadə etdiyi mobil telefona sms xəbərdarlıq gəlmişdir. 16.02.2021-ci il tarixdə gecə saat 01:30 radələrində mobil telefonda Bir Bank proqramında xüsusi işarə olduğunu görüb gələn smsləri oxuduqdan sonra Binə qəsəbəsi Südçülük sovxozu ərazisində Rahat marketin yanında yerləşən Kapital banka aid olan bankomata gedərək kartda qalan 744 manat pulu çıxarmışdır. 16.02.2021-ci il tarixdə Şüvəlan qəsəbəsində yerləşən Kapital Banka yaxınlaşıb baş vermiş hadisə barədə məlumat verdikdə ona Kapital Bankdan təqaüd kartından 700 manat pulun çıxarılmasını lakin, hec bir hesaba köçürülmədiyi bildirilmişdir. Əlavə olaraq qeyd edmişdir ki, ilk dəfə ona məxsus təqaüd kartından 1443 manat pul online qayda da çıxarıldığı ücün bu barədə Kapital Banka müraciət edərək təqaüd kartını yenisi ilə əvəz etmişdir. Lakin, 16.02.2021-ci il tarixdə Kapital bankda olduğu zaman ona məlum olmuşdur ki, ona verilmiş sonradan yenisi ilə əvəz olunmuş təqaüd kartı bağlanmayaraq aktiv qalmışdır. Buna görədə ona məxsus təqaüd kartlarının hər ikisinin balansında məbləğ görünürmüş. Bundan əlavə olaraq qeyd edmişdir ki, təqaüd kartı mutəmadi olaraq özüdə təqaüd vəsiqəsinin arasında olurmuş. Bu barədə o, həmin müddətlərdə Xəzər RPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edərək pulunun naməlum şəxs tərəfindən çıxarılmasını bildirmişdir. Lakin bundan sonra təkrar olaraq ona məxsus yeni təqaüd kartından 16 avqust 2021-ci il tarixdə 400 manat nağd pul, bir neçə dəqiqə 1000 manat pul və 44 manat pul ona məxsus təqaüd kartından çıxarılmışdır. Lakin qeyd etdiyi kimi 2021-ci ilin avqust ayında onun yeni təqaüd kartına təqaüdün keçirilməsi eləcədə çıxarılması barədə ona heç bir sms xəbərdarlığı gəlməmişdir. Çünki sonradan ona məlum olmuşdur ki, onun hesabından pul çəkən şəxs sonuncu kartının sms xəbərdarlığını özünə yönləndirmişdir. Həmin kartların şifrəsini ondan başqa heç kim bilmirmiş. Əlavə olaraq qeyd edmişdir ki, Bankdan ona bildirilmişlər ki, ona məxsus kartdan 700 manat və 1443 manat pullar Binə qəsəbəsi Südcülük sovxozu ərazisində Rahat marketin yanında olan terminaldan, qalan 1443 manat isə müxtəlif yerlərdən çıxarılmışdır. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, təxminən 5-6 il olarkı Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində yerləşən «NarMobile» şirkətinə məxsus telefon aksesurları mağazasını işlədir. Həmçinin mağazada müxtəlif operatorladan mobil nömrə satışlarıda olur. Təqsirləndirilən şəxs yaşadığı qəsəbədən tanıyır, belə ki, Əliəkrəm bir neçə dəfə mağazaya gəlib müəyyən aksesuarlar almışdır. Əliəkrəmə bir müştəri kimi inamı yaranmışdır. Dəqiq tarixi yadında deyil 2021-ci ilin avqust ayının ortalarında Əliəkrəm onun işlətdiyi mağazaya gələrək mobil nömrə almaq istədiyini bildirib ona anası kimi tanıtdırdığı X3 məxsus şəxsiyyət vəsiqəsinin telefonda olan şəklini təqdim etmiş, bildirmişdir ki, anası Sevil xəstədir gələ bilmir lakin onun adına nömrə almaq istəyir. O, Əliəkrəmə inandığı üçün Narmobile operatoruna məxsus mobil nömrəni 5 manat pul müqabilində ondan alıb çıxıb getmişdir. Lakin o, Əliəkrəmin hansısa bir əməl törətməsindən məlumatı olmamışdır. Oğurluq etməsindən hər hansı bir məlumatı olmuş olsaydı o, Əliəkrəmə nömrə satmazdır. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Əliəkrəm ilə qeyri rəsmi münasibətdə olaraq Suraxanı rayonu Bül-bülə qəsəbəsində yaşayırmışlar. Əliəkrəm daimi onunla qalmırmış, müəyyən vaxtlarda onlarda qalır, son 2-3 ayda isə ümumiyyətlə bir yerdə qalmışlar. Lakin Əliəkrəmin törətdiyi əməl barədə onun heç bir məlumatım olmamışdır. Təxminən 2 ay öncə bibisi Sevil ona bildirmişdir ki Əliəkrəm onun vəsiqəsi ilə telefon nömrəsi alıb və həmin nömrədən istifadə edərək kiminsə kartından pul çəkibmiş. O, Əliəkrəmin bele bir əməl etməsinə inanmamışdır, hətta bu barədə bibisi Sevilədə demişdir ki, ola bilməz. Əliəkrəmdə çoxlu məbləğdə pulun olmasının şahidi olmamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 25.10.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 29.11.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzası təyin edilmişdir.20.04.2018-ci il tarixdə təyin edilmiş cəza müddətini çəkib qurtarmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir və zərəçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş 11 oktyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 13 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilrək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspert rəyinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs 11.10.2021-ci il tarixdən 11.01.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia geri qaytrılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11.10.2021-ci il tarixdən 11.01.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 240 (iki yüz qırx) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar