Məhkəmə qərarları › İş №1(003)-39/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-39/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-39/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-224/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 139-1.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi vasitəsi ilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,692 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 13 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov küçəsində yerləşən “Star” çay evinin qarşısına kimi daşımış, həmin gün orada saat 10:00-da Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq PŞ-nin inzibati binasına aparılmış, həmin gün saat 11:20-də Xəzər RPİ-nin 3-cü PŞ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə videoçəkiliş keçirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş kustar üsulla hazırlanmış həmin 0,692 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 11-12 radələrində istirahət günü olmuşdur. Bakı şəhər Xəzər rayonu, Binə qəsəbəsində mərkəz adlanan ərazidə piyada şəkildə hərəkətdə olan yerdən çörəyi götürüb qonşunun balkonuna qoymuş, yenə hərəkətini davam etdirən zaman Heydər, Zaur və 2 nəfər adını bilmədiyi polis əməkdaşları onu saxlayıb 3-cü polis şöbəsinə aparmışlar. Şöbədə guya hansısa qıza məktub yazdığını bildirmişlər. Onlara həmin yazını göstərmələrini bildirsə də, ona göstərməmişdirlər. Ona narkotik vasitənin üzərindən aşkar olunması kimi rəsmiləşdirilməsinin boynuna almasını qeyd etmişlər, əks təqdirdə daha ağır maddə ilə rəsimləşdiriləcəyini bildirmişlər. Buna etiraz etmiş və nəticədə 8 nəfərə yaxın polis əməkdaşı onu döyməyə başlamışdırlar. Onun sifət, bədən nahiyyələrinə xəsarətlər yetirmişdirlər. Bu zaman vəkilinə heç bir məlumat verməmiş, sonra isə azadlığa buraxılmışdır. Anasının və özünün xəstə olmasını, ailəli, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədən görünür ki, təxminən 2 ay olar ki, narkotik maddənin müxtəlif növündən istifadə edir. 13 mart 2024-cü il tarixdə, saat 10:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov küçəsində yerləşən “Star” çay evinin qarşısında piyada hərəkətdə olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş və özünü təqdim etdikdən sonra Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin inzibati binasına şübhəli şəxs kimi şəxsiyyətinin müəyyən edilməsi üçün dəvət etmişlər. O da polis əməkdaşlarının dəvətinə etiraz etməyərək onlarla birlikdə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılacağı izah edilmişdir. Şəxsi axtarış aparılmağa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ cibindən şəffaf sellofan bükümünü çıxarıb təqdim edərək bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən, içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan bükümü içərisi boş olan kağız zərfə qoyularaq, tərəfindən imza edilərək üzəri möhürlənmişdir. Xəzər RPİ-nin 3-cü PŞ-də olduğu zaman ona qarşı heç bir fiziki və psixoloji təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, Binə qəsəbəsi ərazində sahə inspektoru olduğu üçün ərazini yaxşı tanıyır. xx.xx.2024-cü il tarixdə, saat 10-11 radələrindı Xəzər rayonu, Binə qəsəbəsi, Fuad Aynulov küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə PŞ-yə dəvət etmişlər. PŞ-də həmin şəxsin videoçəkilişlə baxış və şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərində baxış və şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bükülünun çıxardaraq təhvil vermiş və psixotrop maddə metamfetmin olduğunu bildirmişdir. Həmin zaman ona heç bir psixi və fiziki zorakılıq hərəkətləri edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid2 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1489 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 244” dairəvi möhür əksləri,.. “Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs”.. yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,692 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X14 Ambulator X1 xx.xx.2024- cü il tarixli, 2476 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyartorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis kapitanı X8 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Səfa Usubov tərəfindən Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə rəisi Şahid1, şöbənin sahə inspektoru Şahid2 və 8 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə xidməti otaqda şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş 1 ədəd bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda o, təqdim etdiyi bükülünün patı olduğunu, xx.xx.2024-cü il tarixdə Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükümü 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Eyni zamanda şəxsi axtarış zamanı şalvarının sol cibindən şəxsiyyətini təsdiq edən sənəd aşkar olunmuş, daha sonra iş üçün əhəmiyyət kəsb etmədiyinə görə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürlənərək götürülmüşdür. -xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elnur Məmmədov tərəfindən Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərara əsasən, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elnur Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. -xx.xx.2024-cü il tarixli CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd CD diskə baxış keçirilmişfit. Baxış keçirilən zaman məlum olmuşdur ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Səfa Usubov tərəfindən şahidlərin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə xidməti otaqda şəxsi axtarış keçirir, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişin aparılması barədə bildirilir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirdikdə üzərində hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən 1 büküm şəffaf sellofana bükülmüş maddəni təqdim edib psixotrop maddə metamfetamin olduğunu bildirdi. Həmin 01 ədəd bükümdə olan metamfetamini xx.xx.2024-cü il tarixdə Suraxanı qəsəbəsində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün 1 ədəd bükümdə aldığını bildirdi. Həmin büküm açıldıqda psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürlənir və üzərinə imza edilir. -məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1, 234.1, 66.2, 69.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə 02 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-579/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və tutulduqda Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasına təhvil verilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(003)-224/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 1(003)-114/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3- cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X5 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs müraciəti əsasında xidməti araşdırmalar idarəsində toplanmış 1939-C-24 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Həmin qərardan görünür ki, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmaması müəyyən edilmişdir. Toplanmış materiallarla, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə sorğusuna Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən xx.xx.2024-cü il tarixli cavab məktubundan və həmin məktuba əlavə edilmiş müvafiq qeydiyyat jurnalının təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 10:30-da 3-cü PŞ-nə gətirilmişdir. -xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinən vətəndaş Təqsirləndirilən şəxs MSY-nə gətirilən vaxt onun üzərinə baxış keçirilmiş, üzərində 3 ədəd alışqan, 1 ədəd saat, 1 ədəd boyunbağı, 2 ədəd əlcək, şəxsiyyət vəsiqəsi aşkar edilmiş, bədənində isə sağ gözünün ətraf nahiyyələri qızarmış və çənəsində cızıx xəsarətləri aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs oğlu həmin xəsarətləri xx.xx.2024-cü il tarixdə evdə təmir işləri zamanı aldığını bildirmişdir. -xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Təqsirləndirilən şəxs 3-cü PŞnin növbətçi hissəsinə təvil verilən zaman sağ gözünün alt və üst nahiyyəsində qançır və çənəsində cızıx xəsarəti aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin xəsarətləri xx.xx.2024-cü il tarixdə evdə təmir işləri zamanı aldığını bildirmişdir. -İxtisaslaşmış müalicə müəssisəsindən məhkəməyə təqdim olunması üçün verilmiş tibbi arayışdan görünür ki, xəstə-məhbus 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ən PX 3 saylı istintaq təcridxanasından “Vərəm spondiliti” diqanozu ilə ağır vəziyyətdə İxtisaslaşdırılmış müalicə müəssisəsinə daxil olmuşdur.Halhazırda xəstənin ümumi vəziyyəti ağırdır, yataq rejimindədir, müalicəsi davam etdirilir. Xəstənin ümimi vəziyyətinin ağır olmasını nəzərə alaraq müəssisədən göndərilməsi məqsədəuyğun hesab edilmir. -“Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlardan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 139-1.1, 234.1, 66.2, 69.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, özünü müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Araşdırılma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 1(003)-114/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 1(003)-114/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs digər cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 48 (qırx səkkiz) saatdan artıq müddət 02 (iki) gün hesab edilərək, cəmi 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur.” Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,642 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 01 (bir) disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tətqiqatının cəmi dəyəri olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 1(003)- 114/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs digər cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 48 (qırx səkkiz) saatdan artıq müddət 02 (iki) gün hesab edilərək, cəmi 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq qalıq 0,642 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 26 saata görə 156 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 72 manat, cəmi 228 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar