Məhkəmə qərarları › İş №1(003)-390/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-390/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-390/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X3, müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Kim Veyçiyanqın və Lin Venin iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında 30 avqust 2006-cı ildə Cənubi Afrika Respublikasında anadan olmuş, Çin Xalq Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Çin Xalq Respublikasının Fujıan şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Kim Veyçiyanqın və 28 avqust 1972-ci ildə Çin Xalq Respublikasının Fujıan şəhərində anadan olmuş, Çin Xalq Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Çin Xalq Respublikasının Fujıan şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Lin Venin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 29,318.2-ci və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Kim Veyçiyanq qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq müəyyən edilmiş sənədlər olmadan keçməyə cəhd göstərmişdir. Belə ki, o, həmyerlisi, Çin Xalq Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Azərbaycan Respublikasına gəlib Avropa ölkələrinə getmək məqsədi ilə, özünün adı, soyadı və fotoşəkli daxil edilməklə istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış, Yaponiyaya məxsus TT6837492 nömrəli pasportu qəsdən, qanunsuz olaraq əldə edib, N aprel 2025-ci il tarixdə Lin Venlə birlikdə J28224 nömrəli, Tbilisi-Bakı aviareysi ilə Gürcüstandan Azərbaycan Respublikasına gəlmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən “Heydər Əliyev” X7 sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 13 radələrində həmin pasportdan saxta olduğunu bilə-bilə qəsdən istifadə edib, sərhəd nəzarətinə təqdim edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə dövlət sərhədini qəsdən qanunsuz olaraq keçmə cinayət əməlini başa çatdıra bilməmişdir. Lin Ven qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq müəyyən edilmiş sənədlər olmadan keçməyə cəhd göstərmişdir. Belə ki, o, həmyerlisi, Çin Xalq Respublikasının vətəndaşı Kim Veyçiyanqla birlikdə Azərbaycan Respublikasına gəlib Avropa ölkələrinə getmək məqsədi ilə, özünün adı, soyadı və fotoşəkli daxil edilməklə istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan şəxs tərəfindən saxtalaşdırılmış, Yaponiyaya məxsus TT6837891 nömrəli pasportu qəsdən, qanunsuz olaraq əldə edib, 3 aprel 2025-ci il tarixdə Kim Veyçiyanq ilə birlikdə J28224 nömrəli, Tbilisi-Bakı aviareysi ilə Gürcüstandan Azərbaycan Respublikasına gəlmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən “Heydər Əliyev” X7 sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 13 radələrində həmin pasportdan saxta olduğunu bilə-bilə qəsdən istifadə edib, sərhəd nəzarətinə təqdim edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd edərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə dövlət sərhədini qəsdən qanunsuz olaraq keçmə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Kim Veyçiyanq CM-nin 29,318.2 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, maddi vəziyyətinin ağır olması səbəbi ilə işləmək məqsədilə əvvəlcə Gürcüstana, oradan isə Azərbaycan Respublikasına gəlməyi və daha sonra Avropa ölkələrinə getməyi planlaşdırmışdır. Bu məqsədlə 25 mart 2025-ci il tarixdə Çindən Sinqapura səfər etmiş, Sinqapurda olarkən Təqsirləndirilən şəxs2 adlı bir şəxslə tanış olmuş və ona Gürcüstana gedərək orada işləyib pul qazanmağı təklif etmişdir. Lin Ven bu təklifi qəbul etmiş və onlar birlikdə 28 mart 2025-ci il tarixində Gürcüstana yola düşmüşlər. Gürcüstanda bir neçə gün qaldıqdan sonra, Tbilisi şəhərində onların tanımadıqları şəxslər 300 (üç yüz) avro müqabilində Yaponiyaya məxsus saxta pasport hazırlaya biləcəklərini və həmin pasportlarla həm Azərbaycan Respublikasına, həm də Avropa ölkələrinə sərbəst şəkildə keçə biləcəklərini bildirmişlər. Onlar bu təklifi qəbul edərək həmin şəxslərə həm pul, həm də şəxsi məlumatlarını təqdim etmişlər. Bundan bir neçə gün sonra onlar, üzərində öz fotoşəkilləri və şəxsi məlumatları olan Yaponiyaya məxsus saxta pasportları əldə etmişlər. N aprel 2025-ci il tarixdə, Lin Venlə birlikdə Tbilisi-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş, «Heydər Əliyev» X8 sərhəd nəzarətinə təqdim etdikləri pasportların saxta olduğu müəyyən edildiyindən N aprel 2025-ci il tarixdə saat 13:43 radələrində saxlanılmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Lin Ven CM-nin 29,318.2 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 25 mart 2025-ci il tarixində Sinqapurda olarkən Kim Veyçiyanq adlı şəxslə tanış olmuş və ona Gürcüstana gedərək orada işləyib pul qazanmağı təklif etmişdir. Təklifi qəbul edildikdə hər ikisi 28 mart 2025-ci il tarixində birlikdə Gürcüstana yola düşmüşlər. Gürcüstanda bir neçə gün qaldıqdan sonra, Tbilisi şəhərində tanımadıqları şəxslər onlara 300 (üç yüz) avro məbləğində pul müqabilində Yaponiyaya məxsus saxta pasport düzəldə biləcəklərini və həmin pasportlarla həm Azərbaycan Respublikasına, həm də Avropa ölkələrinə sərbəst şəkildə səfər edə biləcəklərini bildirmişlər. Onlar bu təklifi qəbul edərək həmin şəxslərə həm pul, həm də şəxsi məlumatlarını təqdim etmişlər. Bundan bir neçə gün sonra onlar, üzərində öz fotoşəkilləri və şəxsi məlumatları olan Yaponiyaya məxsus saxta pasportları əldə etmişlər. N aprel 2025-ci il tarixdə, Kim Veyçiyanq ilə birlikdə Tbilisi-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmiş, «Heydər Əliyev» X8 sərhəd nəzarətinə təqdim etdikləri pasportların saxta olduğu müəyyən edildiyindən N aprel 2025-ci il tarixdə saat 13:43 radələrində saxlanılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 Aeroportu sərhəd nəzarəti şöbəsində baş zabit nəzarətçisi, kapitan Şahid1 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:00-dan, xx.xx.2025-ci saat 20:00-dək «X11 Hava Limanı» sərhəd nəzarəti şöbəsinin Terminal-2 xəttində «növbə rəisi» sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman xx.xx.2025-ci il tarixdə saat 13:05 radələrində Terminal-2 uçub gəlmə xəttində «sənədlərin yoxlanışı» sərhəd naryadı xidmətində olan baş gizir Şahid3 və baş gizir Şahid2 R-8224 saylı Tbilisi-Bakı aviareysi ilə Gürcüstandan Azərbaycan Respublikasına gələn, xx.xx.1972-ci və xx.xx.2006-cı il təvvəlüdlü Çin Xalq Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Len Vin təqdim etdikləri Yaponiyaya məxsus TT6837891 və TT6837492 nömrəli pasportları rəsmiləşdirən zaman pasportların saxta olması şübhə doğurduğu barədə ona məruzə etmişlər və o, həmin istiqamətdə hərəkət edərək həmin vətəndaşların təqdim etdikləri Yaponiyaya məxsus TT6837891 və TT6837492 nömrəli pasportlara təkrar baxış keçirdikdən sonra pasportların tam saxta olmasını aşkar edib, bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etmiş və onlar xx.xx.2025ci il tarixdə saat 13:43 radələrində «X11 Hava Limanı» sərhəd nəzarəti şöbəsi tərəfindən saxlanılmışdırlar. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadələri tədqiq X11 Aeroportu sərhəd nəzarəti şöbəsinin «sənədlərin yoxlanışı» sərhəd naryadı xidmətinin nəzarətçiləri baş gizir Şahid2 və baş gizir Şahid3 mahiyyəti üzrə eyni məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 da X1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. N nömrəli hərbi hissənin N aprel 2025-ci il tarixli, 3-38/33/2-16-439/25 nömrəli məktubunda və “Heydər Əliyev” X8 SNŞ-nin rəisinin eyni tarixli raportunda göstərilmişdir ki, N aprel 2025-ci il tarixdə saat 13:43 radələrində J28224 nömrəli Tbilisi-Bakı aviareysi ilə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn, 30 avqust 2006-cı il təvəllüdlü Çin Xalq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 (pasport: EK5935076) sərhəd naryadına təqdim etdiyi Yaponiyaya məxsus 30 avqust 2006-cı il təvəllüdlü Kim Veyçiyanq adma olan TT6837492 N°li pasport və 23 avqust 1972-ci il təvəllüdlü Çin Xalq Respublikası vətəndaşı Lin Ven (pasport: EP3761719) sərhəd naryadına təqdim etdiyi Yaponiyaya məxsus 23 avqust 1972-ci il təvəllüdlü Lin Ven adına olan TT6837891 N°li pasport tam saxta olması şübhə doğurduğu üçün sərhəd naryadı tərəfindən saxlanılmışdır. İAMAS-dan daxil olmuş sorğuya cavablardan görünür ki, Çin Xalq Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Len Vin haqqında “Giriş-çıxış və qeydiyyat” İAMAS sitemində məlumat mövcud deyil. DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavabdan görünür ki, təqsirləndirilən şəxslər, Çin Xalq Respublikası vətəndaşları Kim Veyçiyanq və Lin Venin əvvəllər dövlət sərhədini qanunsuz keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABİ-də məlumatlar mövcud deyil. 14 may 2025-ci il tarixli qərarlarla Yaponiyaya məxsus TT6837492 və TT6837891 nömrəli pasport maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sənədin məhkəmə-texniki və məhkəmə-portret ekspertizasının 05 may 2025-ci il tarixli, 5/335-3/390 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş Yaponiya vətəndaşı Kim Veyçiyanqın adına rəsmiləşdirilmiş TT6837492 nömrəli pasport xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsilə axınh çap üsulu ilə hazırlanmışdır. Qeyd olunan çap üsulu xüsusi mühafizə vasitələri ilə təchiz olunmuş sənədlərin, o cümlədən pasportun hazırlanmasında istifadə olunmur. Təqdim olunmuş Kim Veyçiyanqın adına olan EK5935076 nömrəli pasportunun blankı mətbəə çap üsulu ilə hazırlanmışdır, xüsusi mühafizə vasitələrlə təchiz olunmuşdur və Çin Xalq Respublikasının ümumvətəndaş pasportu ilə eynilik təşkil edir. Təqdim edilmiş pasportun vərəqlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vərəqləri dəyişdirilməmişdir, tamlığı pozulmamışdır. Tədqiqata təqdim edilmiş TT6837492 nömrəli pasportdakı fotoşəkildə, EK5935076 nömrəli pasportdakı fotoşəkildə və SNM-də quraşdırılmış müşahidə sistemi vasitəsi ilə çəkilmiş fotoşəkildə eyni bir şəxs əks olunmumuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sənədin məhkəmə-texniki və məhkəmə-portret ekspertizasının 06 may 2025-ci il tarixli, 5/336-3/391 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş Yaponiya vətəndaşı Lin Venin adına rəsmiləşdirilmiş TT6837891 nömrəli pasport xüsusi mühafizə vasitələrlə təchiz olunmamışdır, rəqəmsal texniki qurğu (printer, çoxaldıcı aparat) vasitəsilə axınlı çap üsulu ilə hazırlanmışdır. Qeyd olunan çap üsulu xüsusi mühafizə vasitələri ilə təchiz olunmuş sənədlərin, o cümlədən pasportun hazırlanmasında istifadə olunmur. Təqdim olunmuş Lin Venin adına olan EP3761719 nömrəli pasportunun blankı mətbəə çap üsulu ilə hazırlanmışdır, xüsusi mühafizə vasitələrlə təchiz olunmuşdur və Çin Xalq Respublikasının ümumvətəndaş pasportu ilə eynilik təşkil edir. Təqdim edilmiş pasportun vərəqlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vərəqləri dəyişdirilməmişdir, tamlığı pozulmamışdır. Tədqiqata təqdim edilmiş TT6837891 nömrəli pasportdakı fotoşəkildə, EP3761719 nömrəli pasportdakı fotoşəkildə və SNM-də quraşdırılmış müşahidə sistemi vasitəsi ilə çəkilmiş fotoşəkildə eyni bir şəxs əks olunmumuşdur. Tutma haqqında protokollardan görünür ki, Kim Veyçiyanq və Lin Ven N aprel 2025-ci il tarixdə tutulmuşlar. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, həmin tarixdə Kim Veyçiyanq və Lin Venin barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin başlanğıcı N aprel 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Kim Veyçiyanq və Lin Ven əvvəllər məhkum olunmamışlar. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Kim Veyçiyanq və Lin Venin əlbir olan bir qrup şəxs halında bilə-bilə saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq müəyyən edilmiş sənədlər olmadan keçməyə cəhd göstərmələri özlərin etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Kim Veyçiyanq və Lin Venin törətdikləri cinayət əməlləri CMnin 29,318.2 və 320.2-ci maddələri ilə tövsif olunmalı və onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Kim Veyçiyanq və Lin Venin cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 318.2-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyin tələblərinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz (CM-nin 63.3-cü maddəsi). Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər (CM-nin 52.1-ci maddəsi). “CM-nin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, rəsmi sənəd barəsində və onun üzərində qanunsuz hərəkətlərin edilməsi nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyətinin dəyişməsi, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma kimi qiymətləndirilməlidir. Qeyd olunan qərarın mənasına görə saxta olmasa belə, rəsmi sənəddəki məlumatların qəsdən təhrif olunaraq istifadə edilməsi bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi qiymətləndirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Kim Veyçiyanq və Lin Venə yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, təqsirləndirilən şəxslər Kim Veyçiyanq və Lin Venin əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq barələrində təqsirləndikləri hər bir maddəyə nisbətdə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən (cinayətlərin məcmusuna az ağır cinayətlər daxildirsə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə qəti cəzanın təyin edilməsini, CM-nin 56.1.2-ci maddəsinə əsasən (qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkmələrinin başlanğıcının tutulduqları xx.xx.2025-ci il tarixdən hesablanmasını, barələrində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, CM-nin 52.1-ci maddəsinə əsasən əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış TT6837492 və TT6837891 nömrəli pasportlar cinayət işinin mayeriallarında saxlanılmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar ümumi 1.040 manat məbləq təşkil edən məhkəmə məsrəfindən 520 (beş yüz iyirmi) manat məbləğində pul təqsirləndirilən şəxs Kim Veyçiyanqdan və 520 (beş yüz iyirmi) manat məbləğində pul təqsirləndirilən şəxs Len Vendən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər birinin sərf etdiyi 10 saata görə hər bir vəkilə 110 (yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Kim Veyçiyanq CM-nin 29,318.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Kim Veyçiyanqa CM-nin 29,318.2 maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Kim Veyçiyanqın üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı N aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Kim Veyçiyanq əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Lin Ven CM-nin 29,318.2 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Lin Venə CM-nin 29,318.2 maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Lin Venin üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı N aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Lin Ven əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 520 (beş yüz iyirmi) manat məbləğində pul təqsirləndirilən şəxs Kim Veyçiyanqdan, eləcə də 520 (beş yüz iyirmi) manat məbləğində pul təqsirləndirilən şəxs Len Vendən tutulsun və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Maddi sübut kimi tanınmış TT6837492 və TT6837891 nömrəli pasportlar cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə hər birinin sərf etdiyi 10 saata görə hər birinə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə onların bildiyi dildə tərcümə edilmiş halda verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar