Məhkəmə qərarları › İş №1(003)-393/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-393/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-393/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,190 qram narkotik vasitə-heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, Xəzər RPİ-nin 1-ci PŞ-nin və əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 11:20-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş içərisində təmiz çəkisi 0,190 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan xeyli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 5-6 ildən artıqdır ki, narkotik vasitə olan heroindən istifadə edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən saat 11- 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsində yaşadığı evin yaxınlığında olarkən 2 nəfər polis işçsi ona yaxınlaşıb narkotik maddələrin qanunsuz istifadəsi və daşınmasında şübhəli olduğu üçün Xəzər RPİ-nin 1-ci PŞ-nə aparmışlar. Polis şöbəsində olan zaman video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparacaqları bildirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edildikdən sonra o, əynində olan idman şalvarımın cibindən içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiq edilməmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsində saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ- nin 1-ci PŞ-nə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 1-ci PŞ-nə getmişdir. Polis Şöbəsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşduqda o, əynində olan tünd boz rəngli idman şalvarın sağ yan cibidən 01 ədəd qızılı rəngli kağıza bükülmüş içərisində narkotik vasitə-heroin olan bükümü masanın üzərinə qoymuşdur. İbtidai araşdırma zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/6136 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, soyadlar, imzalar olan bir ədəd zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 0,190 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 566 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbycan Respublikası Nazirlən Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şətrlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşdından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qadalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülür; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Ş.Mustafayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur (tutulma saatı 11:20); - xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, xx.xx.2023-cü il tarixdə saat 12:55-12:20 radələrində Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilərkən o, əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü təqdim edərək narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Protokol Təqsirləndirilən şəxs, müdafiəçi tərəfindən imzalanmışdır; - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi Ü.Novruzov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsi dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs saat 10:50-dən 11:20-dək dindirilmişdir; - Vəsatətin müdafiə edilməsində imtina haqqında xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokola uyğun olmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət 01 günə 02 gün hesabı ilə nəzərə alınmaqla ona 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və hökm qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir; - Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 58672-18679/19 nömrəli məktubundan məlum olur ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən qeydiyyata düşmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «dövriyyəsi qadağan edilən “psixotrop maddələrin”in siyahısına (İ siyahı) əsasən təmiz çəkisi 0.190 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-898/2023 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlinin törədilməsindən sonra yarandığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və yaşını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.) nəzərə alaraq məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla qəti cəza təyin edilməli (CM- 66.5), şübhəli şəxs kimi saxlanıldığı 05 gün müddət 01 günə 02 gün hesabı ilə hesablanmaqla təyin edilmiş qəti cəzadan çıxılmalı (CM-69.3), cəza çəkmə müddətinin əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı xx.xx.2024-cü il tarixindən hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,140 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd disk iş materiallarında saxlanılmalı (CPM 132), iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 1 ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-898/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı 05 (beş) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı tarixdən - xx.xx.2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,140 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saat vaxta görə 84 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar