Məhkəmə qərarları › İş №1(003)-4/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-4/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-4/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs 18 avqust 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİ qrup əlil, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah qismində əşya tətbiq etməklə özgənin əmlakının zədələnməsi ilə müşaiyyət edilən xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2020-ci il tarixdə, saat 23 radələrində ünvan 2 ünvanının qarşısında, yəni küçədə ətrafda olan insanların gözü qarşısında bacısı qızı olan Zərərçəkmiş şəxs avtomobil sürməsini qeyrətinə sığışdırmadığı kimi aşkar surətdə cuzi səbəblər göstərməklə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi taxta parçası ilə bacısı qızı Zərərçəkmiş şəxs alqı-satqı müqaviləsinə əsasən istifadəsində olan, lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “Hyundai Accent minik” markalı, **-PV-*** dövlət qeydiyyat nömrəli avtomobilin müxtəlif hissələrinə qəsdən çoxsaylı zərbələr vurub zədələr yetirərək zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4392 manat məbləğdə ziyan vurmaqla qərəzli hərəkətlərlə xuliqanlıq cinayət əməllini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bacısı qızıdır. 08 sentyabr 2020-ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsində yerləşən evində yemək yeyərkən içki qəbul etmişdir. Axşam saat 23 radələrində küçəyə çıxarkən bacısı Sevincin qapısının qarşısında “Hyundai” markalı, ** PV *** dövlət qeydiyyat nömrəli avtomobilin dayandığını görüb bacısının qapısını döyərək avtomobilin kimə məxsus olduğunu soruşmuşdur. Bacısı içəridən qışqıraraq avtomobilin bacısı qızı Nigarın olduğunu demiş və qapını açmamışdır. O, bacısı qızının avtomobil sürməsini qəbul edə bilmədiyindən və bunu qeyrətinə sığışdırmadığından özünə məxsus avtomobildə olan lapatka dəstəyini götürüb həmin avtomobilin şüşələrini, qapılarını sındırmağa başlamışdır. Bu zaman qardaşı Eldəniz evdən çıxıb onun yanına gəlmişdir. Bundan sonra o, polis əməkdaşlarının gəlməyini gözləmişdir. Bir qədər sonra polis əməkdaşları gələrək onu polis şöbəsinə dəvət etmişlər. O, hadisə vaxtı heç kimə xəsarət yetirməmiş və niyyəti də, olmamışdır. Törətdiyi əməldən səmimi peşmançılığını və İİ qrup əlil olmasını bildirərək məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma dayısıdır. O, anası, qardaşı və bacısı ilə birlikdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi ev 3 ünvanında yaşayır. Atası 3 yaşı olduqda rəhmətə getmişdir. Dayısı Natiq səbəbsiz yerə evə gələrək onun telefon işlətməməsini və evdən çıxıb getməyini bildirdiyi üçün 2018-ci ildə evdən çıxmış və Xətai rayonunda kirayədə yaşamışdır. “Hyundai Accent” minik markalı, ** PV *** dövlət qeydiyyat nömrəli avtomobili nisyə alqı-satqı müqaviləsi ilə almışdır. Avtomobil onun istifadəsində olsa da, "xxxx" MMC-nin mülkiyyətindədir. 08 sentyabr 2020-ci il tarixdə idarə etdiyi avtomobilə anasının yaşadağı evə getmiş və avtomobili küçədə saxlamışdır. Saat 23 radələrində dayısı Natiq evlərinin qapısını möhkəmdən döymüşdür. O və anası qorxduqları üçün qapını açmamışlar. Təxminən 1 dəqiqə sonra küçədən tapıltı səsləri eşidib küçəyə baxdıqda dayısının əlindəki taxta parçası ilə idarə etdiyi “Hyundai Accent” minik markalı, ** PV *** dövlət qeydiyyat nömrəli avtomobili vuraraq sındırdığını görmüşdür. O, DİN-nin 102 zəng mərkəzinə zəng vuraraq bu barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək dayısını polis şöbəsinə aparmışlar. Səs-küyə digər dayısı evdən çıxaraq Natiqin yanına getmişdir. 11 yanvar 2022-ci il tarixdə məhkəməyə Zərərçəkmiş şəxs ərizəsi daxil olmuşdur. Ərizədə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, “Hyundai Accent” minik markalı, ** PV *** dövlət qeydiyyat nömrəli avtomobil "xxxx" MMC-nə məxsusdur. 30 avqust 2019-cu il tarixdə 2499 nömrəli nisyə alqı-satqı müqaviləsi əsasında həmin avtomobil idarə edilməsi üçün Zərərçəkmiş şəxs verilmişdir. Müqaviləyə əsasən avtomobilin pulu tam ödənilənədək avtomobil Zərərçəkmiş şəxs veriləcəkdir. Bir müddət Zərərçəkmiş şəxs onlara müraciət edərək dayısı Təqsirləndirilən şəxs avtomaşına zərər yetirdiyini bildirmişdir. Müqavilə şərtlərinə görə şirkətə dəymiş ziyan hesab edilməlidir. Avtomobilə tərtib olunan qüsur aktına görə şirkətə 5465 manat maddi ziyan dəymişdir. 14 yanvar 2022-ci il tarixdə məhkəməyə "xxxx" MMC-nin ərizəsi daxil olmuşdur. Ərizədə Təqsirləndirilən şəxs ilə aralarında razılıq əldə olunduğunu, ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə onun qardaşıdır. Natiq 2015-ci il tarixdə arvadı ilə rəsmi olaraq boşanmışdır. Həmin tarixdən qardaşı onunla yola getməmiş və tez-tez aralarında mübahisələr olmuşdur. Natiq onun qızı Nigarla mübahisə yaratdığından qızı məcbur qalaraq evdən çıxmış və kirayədə yaşamışdır. 08 sentyabr 2020-ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsində yerləşən evində qızı ilə birlikdə olan vaxt evin qapısı döyülmüşdür. Həyətə çıxdıqda qardaşı Natiq onu söyərək qapını açmasını tələb etmiş və qapının qarşısındakı avtomobilin kimin olduğunu soruşmuşdur. O, qapını açmamış və avtomobilin qızı Nigarın olduğunu demişdir. Həmin vaxt səs-küyə qonşuluqda yaşayan anası çıxmış və ona qapını açmamağı tapşırmışdır. Bir qədər sonra qapının ağzından tappıltı səsləri eşidib küçəyə baxdıqda Natiqin əlində taxta parçası ilə qızına məxsus avtomobili vurduğunu görmüşdür. Buna görə də, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı, Zərərçəkmiş şəxs isə bacısı qızıdır. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsində yerləşən ikimərtəbəli evin birinci mərtəbəsində yaşayır. Həmin evin ikinci mərtəbəsində isə anası yaşayır. 08 sentyabr 2020-ci il tarixdə qardaşı Natiq evdə içki qəbul etmişdir. O, küçədən səs-küy gəldiyini görüb tez küçəyə çıxmış və qardaşı Natiqin əlindəki taxta parçası ilə bacısı qızı Nigara məxsus avtomobili sınıq-sınıq etdiyini görmüşdür. O, Natiqdən bunun səbəbini soruşduqda o, Nigarın avtomobil sürməyinin onun xoşuna gəlmədiyini demişdir. Bundan sonra polis əməkdaşlar gəlmiş və onlar polis şöbəsinə getmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, X1 isə onun qızıdır. X3 və nəvəsi Nigarla tez-tez mübahisələr yaradaraq onları incitmişdir. 08 sentyabr 2020-ci il tarixdə oğlu Natiq yaşadığı evə içkili vəziyyətdə gəlmişdir. Bir qədər oturduqdan sonra Natiq digər oğlu Eldənizlə birlikdə evdən çıxaraq getmişdir. Saat 23 radələrində mətbəxdə olarkən küçədən qışqırtı səsləri eşidib küçəyə çıxdıqda Natiqin qızı Sevincin yaşadığı evin küçə qapısını döydüyünü görmüşdür. O, qorxduğundan hasardan qızına qapını açmamasını demişdir. Bir qədər sonra yenidən küçədən tappıltı səsləri gəlmiş və o, evin ikinci mərtəbəsindən küçəyə baxdıqda Natiqin əlində taxta parçası ilə nəvəsinin avtomobilini vurduğunu görmüşdür. Bir qədər sonra polis əməkdaşları gəlmiş və Natiqi polis şöbəsinə aparmışlar. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə 09 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, “Hyundai Accent minik” markalı, ** PV *** dövlət qeydiyyat nömrəli avtomobilin arxa və ön alın şüşələri, qabaq işıqları sındırılmış, ön və arxa dəmir hissələri, sağ və sol qapıları əzilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 oktyabr 2020-ci il tarixli, 9/4302 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş Toyota-Servis tərəfindən tərtib edilmiş 09 sentyabr 2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı, “Hyundai Accent” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağdakı kimi müəyyən edilir. O cümlədən:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 5565,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-4665,00 manat; Təmir-bərpa işlərinin qiyməti-900,00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 4392,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti-3492,00 manat; Təmir-bərpa işlərinin qiyməti-900,00 manat. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 hüquqi şəxsin Stasionar məhkəmə-psixiatrik ekspertizasının Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 05 mart 2022-ci il tarixli, 26 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də,Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, N.Ə.AMirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkarlanan şəxsiyyətin isterik pozuntusu cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi şəxsiyyətin isterik pozuntusu nəticəsində cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Hal-hazırkı müayinə zamanı Təqsirləndirilən şəxs həmin pozuntuya xas əlamətlər aşkar olunur. Buna baxmayaraq Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş 9 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs – ikinci dərəcəli əlildir. Şəxsiyyətin isterik pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar müşahidə olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 10 oktyabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, 18 avqust 1971-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, İİ qrup əlilliyini, zərərçəkmiş şəxsə və zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Ruslan Məmmədovun 11 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin 22 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2021-ci il tarixdə Mərdəkan qəsəbəsində tutularaq saxlanması üçün Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2020-ci il tarixdən 11 sentyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün və 22 dekabr 2021-ci il tarixdən 17 mart 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) ay 23 (iyirmi üç) gün, cəmi 2 (iki) ay 25 (iyirmi beş) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat, məhkəmə istintaq zamanı 30 (otuz) saat olmaqla ümumilikdə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, 360 (üç yüz altmış) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2020-ci il tarixdən 11 sentyabr 2020-ci il tarixədək və 22 dekabr 2021-ci il tarixdən 17 mart 2022-ci il tarixədək həbsdə olduğu cəmi 2 (iki) ay 25 (iyirmi beş) gün ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 9 (doqquz) ay 05 (beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar