Məhkəmə qərarları › İş №1(003)-40/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-40/2022

02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-40/2022 02.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 1(003)-602/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 17 yanvar 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Firdovsi küçəsində X1 qanunuz olaraq, satış məqsədi olmadan, 0,499 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 11:30da Xəzər RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Firdovsi küçəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılıb Xəzər RPİ-nə gətirilərək orada üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,499 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 5 ildir ki, narkotik vasitə heroin və arabir psixotrop maddə metamfetamin istifadə edir. X12 qəsəbəsi Firdovsi küçəsində onunla qonşuluqda yaşamağa başlayandan tanıyır. Emilə həmin evi tapmaqda özü köməklik etmiş və bu minvalla tanış olmuşlar, elə o vaxtdan da bir-birilərinə narkoik vasitə istifadə etldiklərini bildirmişlər. Emil eyni zamanda ona narkotik vasitə, eləcə də psixotrop maddə metamfetamin lazım olsa özünə müraciət etməsini demişdir. Emil onun qonşuluğuna köçdüyü vaxtdan iki dəfə Emildən heroin almışdır. Sonuncu dəfə o, 24 iyul 2021-ci il tarixdə Emilin yaşadığı həmin evə gedib ondan narkotik vasitə istəmiş, Emil heroin olmadığını, lakin metamfetamin olduğunu deyib, ona küçədə evin qarşısında, istifadə etməsi üçün əvəzsiz olaraq bir büküm metamfetamin vermişdir. Bu zaman onlara mülki geyimdə bir neçə şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını deyərək özlərini təqdim etdikdən sonra həmin yerə sonradan adını bildiyi Zahid adlı şəxs də yaxınlaşmışdır. Zahid onların yanındakı şəxslərin polis əməkdaşlarını olduğunu başa düşüb qaçmaq istədikdə polis əməkdaşlarından biri onu tutub saxlamaq istəmiş, lakin Zahid bıçaqla həmin polis əməkdaşını vurmuşdur. Bundan sonra polis əməkdaşları onları Xəzər RPİ-nə gətirmişlər. Orada olan zaman ona hüquq və vəzifələri izah edilmiş, bir qədər sonra polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirtmişlər. Əvvəlcə ona üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etməsini təklif etmişlər. O, Emildən aldığı və əynindəki şalvarın sağ yan cibində saxladığı bir büküm metamfetamini təqdim etmiş və sorğu zamanı polis əməkdaşlarına həmin bükülüdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu və onu saxlanılmamışdan qabaq özü istifadə etmək üçün Emildən 24 iyul 2021-ci il tarixdə aldığını, üzərində başqa heç bir narkotik vasitə və ya qadağan olunmuş əşya olmadığını bildirmişdir. Polis əməkdaşı onun üzərində şəxsi axtarış aparmış, lakin könüllü təqdim etdiyi həmin psixotrop maddə metamfetamindən başqa üzərindən saxlanılması, gəzdirilməsi qanunla qadağan olunmuş heç bir maddə və ya əşya aşkar edilməmişdir. Göstərilən psixotrop maddə polis əməkdaşları tərəfindən onun iştirakı ilə yerindəcə qablaşdırılıb götürülmüş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, psixotrop maddənin qablaşdırıldığı zərf və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Firdovsi küçəsi 52-də yaşayan Təqsirləndirilən şəxs, həmin küçədə nömrəsiz fərdi evdə yaşayan X4 və Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi K.Əfkari küçəsi 21-də yaşayan X5 Türkan qəsəbəsinin ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, əldə olunub saxlanması, daşınması və gəzdirilməsi ilə məşğul olmaları barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə onun tərəfindən 24 iyul 2021-ci il tarixdə qərar qəbul edilmiş, həmin qərar Xəzər RPİ-nin rəisi tərəfindən təsdiq olunduqdan sonra onun özü, Xəzər RPİ-nin CAŞ-nin rəisi polis mayoru Şahid1, CAŞ-nin baş əməliyyat müvəkilli polis baş leytenantı Şahid2, CAŞ-nin kiçik əməliyyat müvəkilləri polis baş serjantları Şahid5 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri keçirilərəcək tədbirlər barədə təlimatlandırılıb, ətraflarında tədbirlər keçiriləcək şəxslərin xarici görünüşü əlamətləri və sairlər barədə məlumatlandırıldıqdan sonra onlar nəzərdə tutulan tədbirlər planına uyğun olaraq Təqsirləndirilən şəxs, Emil Heydərovun və X13 qəsəbəsinin ərazisində daha çox olduqları yerlərə gedərək müşahidələr aparmağa başlamışlar. Həmin tarixdə saat təxminən 09:40da Emil Heydəroun yaşadığı evin qarşısında olduqları zaman Təqsirləndirilən şəxs və Emil Heydərovun əlamətlərinə uyğun olan iki nəfər şəxsin həmin evdən çıxaraq küçədə dayandıqlarını görüb onlara yaxınlaşaraq əvvəlcə özlərini təqdim etmiş, eyni zamanda onlardan da şəxsiyyətləri barədə soruşduqda, onlardan biri Təqsirləndirilən şəxs, digəri isə X8 olduğunu bildirmişlər. Sonra onlar Təqsirləndirilən şəxs və Emil Heydərova narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində, əldə edib saxlanılması və daşınmasında şübhəli oduqdarını bildirib, bu şübhələri yoxlamaq məqsədi ilə onları Xəzər RPİ-nə dəvət etmişlər. Bu zaman həmin yerə görünüş əlamətlərinə görə Zahid Əliyevə uyğun gələn şəxs də yaxınlaşmış və onların polis əməkdaşları olduqlarını başa düşüb qaçaraq getmək istəmişdir. O, həmin şəxsə yaxınlaşıb onu saxlamış və polis əməkdaşları olduqlarını bildirməklə özünü təqdim edərək ondan da özünü təqdim etməsini tələb etmiş, həmin şəxs isə şalvarının cibindən çıxartdığı qatlanan bıçaqla bir dəfə onun sağ bud nahiyəsinə vuraraq qaçıb getmək istəmiş, lakin o,digər polis əməkdaşlarının köməkliyi ilə onu zərərsizləşdirib əlindəki bıçağı almışlar. Daha sonra onlar Təqsirləndirilən şəxs, Emil Heydərovu və X16 RPİ-nə gətirmişlər. Bu barədə o, raportla RPİ-nin rəisinə məruzə edərək həmin bıçağı təqdim etmişdir. Orada faktla bağlı araşdırmanın aparılması İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Nicat Əliyevə həvalə edilmişdir. Nicat Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində onun hüquqlarının müdafiə olunması üçün dəvət olunmuş vəkilin və onların iştirakları ilə aparılan şəxsi axtarış zamanı əvvəlcə ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyi bükümlərində ağ rəngli kristallik hissəciklərdən ibarət maddəni təqdim edərək həmin maddənin “şüşə” adlandırılan psixotrop maddə metamfetamin olmasını və onu 24 iyul 2021-ci il tarixdə Türkan qəsəbəsi Firdovsi küçəsində tanışı Emil Heydərovdan özünün şəxsi istelakı məqsədi ilə alıb üzərində saxlayaraq daşıdığını bildirmişdir. Həmin 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kağız zərfə qablaşdırılaraq DİN 43 saylı “zərflər üçün” olan möhürü ilə möhürlənib götürülmüş və sonda axtarış barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Nicat Əliyev tərəfindən Emil Heydərovun üzərində onun müdafiəçisinin və onların iştirakları ilə şəxsi axtarış götürmə aparılmış, bu zaman Emil Heydərova paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilərkən, Emil Heydərov əynindəki qara rəngli şalvarının sağ yan cibindən ayrı-ayrılıqda 2 ədəd şəffaf sellofan kəsiyi bükümlərində ağ rəngli kristallik hissəciklərdən ibarət maddələri təqdim etmişdir. Emil Heydərovdan həmin maddələrin hansı növə aid olduğunu, hansı mənbədən və nə məqsədlə əldə edib üzərində saxladığını soruşduqda, o, bildirmişdir ki, təqdim etdiyi maddə “şüşə” adlandırılan psixotrop maddə metamfetamindir, onu 23 iyul 2021-ci il tarixdə Bakıxanov qəsəbəsində “Ramin” adlı şəxsdən başqa şəxslərə sataraq gəlir əldə etməsi məqsədilə almış və üzərində saxlayaraq daşımışdır. Emil Heydərovun üzərindən aşkar edilimiş 2 ədəd şəffaf sellofan kəsiyi bükümlərində ağ rəngli kristallik hissəciklərdən ibarət maddələri kağız zərfə qablaşdırılaraq DİN 43 saylı “zərflər üçün” olan möhürü ilə möhürlənib götürülmüş və sonda axtarış barədə tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Zahid Əliyevin üzərində də onun müdafiəçisi və onların iştirakları ilə şəxsi axtarış aparılmış, bu zaman Zahid Əliyevə paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilərkən, o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən ayrıayrılıqda 2 ədəd şəffaf sellofan kəsiyi bükümlərində ağ rəngli kristallik hissəciklərdən ibarət maddələri təqdim etmişdir. Zahid Əliyevdən həmin maddələrin hansı növə aid olduğunu, hansı mənbədən və nə məqsədlə əldə edib üzərində saxladığını soruşduqda, o, bildirmişdir ki, təqdim etdiyi maddə “şüşə” adlandırılan psixotrop maddə metamfetamindir, onu 23 iyul 2021-ci il tarixdə Keşlə qəsəbəsindən tanışı Emil Heydərovdan başqa şəxslərə sataraq gəlir əldə etməsi məqsədilə almış və üzərində saxlayaraq daşımışdır. Bundan sonra Zahid Əliyev bildirmişdir ki, polis əməkdaşları onu saxlayan zaman o, qaçmağa cəhd göstərmiş və üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşının ayağından xəsarət yetirmişdir. İstintaqa təqdim edilmiş bıçaq Zahid Əliyevə təqdim olunmuş və o, bildirmişidr ki, polis əməkdaşına xəsarət yetirdiyi həmin bıçaqdır. Zahid Əliyevin psixotrop maddə metamfetamin olmasını bildirərək təqdim etdiyi ayrı-ayrılıqda 2 ədəd şəffaf sellofan kəsiyi bükümlərində ağ rəngli kristallik hissəciklərdən ibarət maddələri kağız zərfə qablaşdırılaraq DİN 43 saylı “zərflər üçün” olan möhürü ilə möhürlənib götürülmüş və sonda axtarış barədə tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Araşdırma zamanı Emil Heydərovun narkotik vasitələri və psixotrop maddələri ondan aldığı “Ramin” adlı şəxsin müəyyən edilməsi istiqamətində keçirilən tədbirlər zamanı həmin şəxsin 08 yanvar 1978-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olub orada yaşayan X7 olmasını müəyyən edərək sonuncunu 25 iyul 2021-ci il tarixdə Bakıxanov qəsəbəsində saxlayaraq istintaq orqanına təqdim etmişlər. İstintaqı aparan müstəntiq Nicat Əliyev tərəfindən Ramin Aslanovun üzərində müdafiəçisinin, onun və polis baş serjantı Şahid5 iştirakı ilə şəxsi axtarış aparılmışdır. X10 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmiş,o da əynindəki ağ rəngli köynəyin qarşı düyməsini açaraq arasından 1 ədəd sellofan kəsiyi bükümdə qəhvəyi rəngli, spesifik iyə malik maddəni çıxardaraq masanın üzərinə qoyub təqdim etmişdir. Ramin Aslanovdan həmin maddənin hansı növə aid olduğu, hansı mənbədən və nə məqsədlə əldə edib üzərində saxladığı soruşulduqda isə bildirmişdir ki, təqdim etdiyi maddə narkotik vasitə “heroin”dir, onu 23 iyul 2021-ci il tarixdə Emil Heydərovun sifarişi ilə “Hafiz” adlı şəxsdən almışdır. Həmin 1 ədəd sellofan kəsiyi bükümdə qəhvəyi rəngli spesifik iyə malik maddə kağız zərfə qablaşdırılaraq DİN 43 saylı “zərflər üçün” olan möhürü ilə möhürlənib götürülmüş və sonda axtarış barədə tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin əməkdaşları Şahid1, Şahid2, Şahid5, Şahid4 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etdilər. İş materiallarında olan 24 iyul 2021-ci il tarixli axtarış və götürmə protokolundan görünür ki, həmin tarixdə Xəzər RPİ-də Təqsirləndirilən şəxs üzərində aparılmış axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə ağ rəngli kristallik formalı maddə aşkar edilərək muvafiq qaydada kağız zərfə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 24 iyul 2021-ci il tarixli 6/3068 saylı rəyindən görünür ki, X6 üzərindən aşkar edilmiş və tədqiqata təqdim olunan 2 ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkisi 5,079 qram, 7,319 qram, ümumi təmiz çəkisi 12,398 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüşü əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 12,398 qram, tədqiqata sərf edildi - 0,10 qram, qalıq – 12,298 qram. X5 üzərindən aşkar edilərək götürülmüş və təhqiqata təqdim olunmuş 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,596 qram, 4,422 qram, ümumi təmiz çəkisi 15,018 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüşü əlaməilərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 15,018 qram, tədqiqata sərf edildi - 0,10 qram, qalıq – 15,008 qram. Təqsirləndirilən şəxs üzərindən üzərindən aşkar edilərək götürülmüş və təhqiqata təqdim olunmuş 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,499 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,499 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,449 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,00 (altmış beş) manat təşkil edir. Təqdim olunmuş metamfetaminlər xarici görünüşü və kimyəvi komponentlərinə görə eynilik təşkil edir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahıİ) daxildir. İş materiallarında olan Xəzər RPİ İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən qəbul edilmiş “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” 10 noyabr 2021-ci il tarixli Qərardan görünür ki, həmin Qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq ********* saylı cinayət işindən X5, X3 və X2 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmış və həmin cinayət işinə ********* statistik nömrə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 3959 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindın sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,499 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetaminin qalıq qalmış – 0,449 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23 noyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üstündə saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı və yetkinlik yaşına çatmayan üç uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 26 iyul 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 1(003)-602/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış 17 yanvar 2022-ci il tarixli 056-778-1222 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs oğlu 17 yanvar 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Türkan qəsəbəsi ərazisində saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 17 yanvar 2022-ci il tarixdən 02 fevral 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 16 (on altı) gün, cəmi 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3-də çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,449 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 65,00 (altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 17 yanvar 2022-ci il tarixdən 02 fevral 2022-ci il tarixə qədər təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 16 (on altı) gün, cəmi 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,449 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar