Məhkəmə qərarları › İş №1(003)-40/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-40/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-40/2023 13.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Aıvazov Javadın iştirakları ilə, 02 may 1994-cü il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gürcüstan Respublikası Bolnisi rayonu Darvaz kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu yeni yaşayış sahəsində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Aıvazov Javadıın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3, 29,177.22 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Aıvazov Javad təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmiş və oğurluğa cəhd etmişdir. Belə ki, Aıvazov Javad özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 may 2022-ci il tarixdə gecə saat 02 radələrində yaşayış sahəsi olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 yerləşən Zərərçəkmiş şəxs1 oğluna məxsus yeni tikilmiş fərdi evin həyətinə hasardan aşaraq qanunsuz daxil olub həyətdə olan evin plastik pəncərəsini sıxıb açaraq evin içərisindən 1 ədəd 100 manat qiymətində prefaratoru, 1 ədəd 30 manat qiymətində direli, 1 ədəd 70 manat qiymətində laqondanı, 1 metri 1 manat olmaqla ümumi qiyməti 60 manat olan 60 metr uzunluğunda elektrik naqilini və bir ədədi 50 manat olmaqla ümumi qiyməti 100 manat olan bir cüt səsgücləndiricini gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 may 2022-ci il tarixdə saat 04 radələrində saxlanc yeri olaraq Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində X4 yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Ucuzluq Market”in giriş qapısının üzərində olan dəmir barmaqlığı sındırıb marketin plastik qapısını sıxıb açmaq yolu ilə qanunsuz içəri daxil olub oradan 700 manat nağd pulu, şüşə bankada saxlanılan 700 manat məbləğində olan qəpik pulları, 1 bloku 38 manat olmaqla ümumi qiyməti 114 manat olan 3 blok “Kent-4” markalı siqareti, 1 bloku 40 manat olmaqla ümumi qiyməti 200 manat olan 5 blok “Vinston” markalı siqareti, 1 bloku 40 manat olmaqla ümumi qiyməti 120 manat olan 3 blok “Compact Vinston” markalı siqareti, 1 bloku 30 manat olmaqla ümumi qiyməti 60 manat olan 2 blok “Compact LD” markalı siqareti və 1 bloku 30 manat olmaqla ümumi qiyməti 60 manat olan 2 blok “Rothmans” markalı siqreti gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1954 (min doqquz yüz əlli dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 may 2022-ci il tarixdə saat 22 radələrində yaşayış sahəsi olan ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin həyətinə hasardan aşaraq qanunsuz daxil olub həyətdə olan su quyusunun girişində quraşdırılmış 1 ədəd 120 manat qiymətində su nasosunu və həmin su nasosuna qoşulmuş 1 metri 2 manat olmaqla ümumi qiyməti 30 manat olan 15 metr uzunluğunda elektrik naqilini və 1 metri 2 manat olmaqla ümumi qiyməti 30 manat olan 15 metr uzunluğunda alüminium məftili gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 180 (yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 29 may 2022-ci il tarixdə saat 12 radələrində yaşayış sahəsi olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Mehriban qonşular yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus qapısı olmayan evin həyətinə qanunsuz daxil olub həyətdə olan soyuducunun mis borularını və evin içərisində olan naqili ilə birlikdə uzadıcını kəsib gizli yolla talamaq istəyən zaman ev sahibi Zərərçəkmiş şəxs4 tərəfindən saxlanıldığından iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdırmayaraq oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X6 ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.22 və 29,177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, o, işsizliyindən və ailə saxlamağa maddi durumu pis olduğundan oğurluq etmək qərarırna gəlmişdir. Belə ki, 17 may 2022-ci il tarixdə gecə saat 02 radələrində yaşadığı qəsəbədə piyada hərəkətdə olarkən həyətində olan evin işıqları yanmayan bir ev onun diqqətini çəkmişdir. Ətrafa baxıb kimsənin olmadığından tam əmin olaraq həmin evin həyətinə hasardan aşaraq daxil olmuşdur. Həyətə daxil olarkən başa düşmüşdür ki, ev yeni tikilidir, evdə yaşayış yoxdur. Daha sonra evin plastik pəncərəsini sıxıb açaraq evin içinə daxil olmuşdur. Evin içərisindən 01 ədəd perefaratoru, 1 ədəd dreli, 01 ədəd balaca laqondanı, 01 cüt maşın üçün səsgücləndiricisini və təxminən 50-60 metr uzunluğunda elektrik naqilini oğurlayıb özü ilə götürürək girdiyi qayda ilə oradan çıxıb uzaqlaşmışdır. Yarım tikilidə aparıb həmin əşyaları qoyaraq gizlətmişdir ki, kimsə görməsin. Eyni zamanda həmin mis naqili yandırıb mis halına gətirmişdir. Səhəri günü drel orada qalsa da, digər əşyaları eləcə də yandırdığı misi tanımadığı səyyar metal yığanlara ümumilikdə 40 manata satmışdır. Həmin drel isə gizlətdiyi yerdə qalmışdır. Bundan başqa, o, yenə də maddi vəziyyəti ilə əlaqədar oğurluq etmək niyyətinə düşüb 20 may 2022-ci il tarixdə qəsəbə ərazisində gəzişərkən “Mehriban qonşular” deyilən ərazidə yerləşən qapı hissəsində dəmir barmaqlıq olan “Ucuzluq market” onun diqqətini çəkmişdir. Həmin zaman artıq saat 04 radələri olmuşdur, əvvəlcə ətrafa nəzər yetirdikdə marketin kamerası olduğunu görmüş və kameranın yaddaşına düşməmək üçün marketə gələn əsas işıq xəttini tapıb söndürmüşdür. Bundan sonra onu kameranın çəkməməsindən rahat olaraq mağazanın giriş qapısına yaxınlaşıb qapının yanında yığılmış daşın biri ilə dəmir barmaqlığı sındırmış və plastik qapını sıxıb açaraq marketə daxil olub marketin içərisində olan kassa tərəfə yaxınlaşmışdır. Kassadan dəqiq saya bilmədiyi təxminən 600- 700 manat olan kağız pulları və böyük şüşə balona yığılmış qəpik pulları sellofan paketə yığmışdır. Bundan sonra piştaxtaya yığılmış müxtəlif növdə siqaretləri paketlərə yığaraq marketdən çıxıb uzaqlaşmışdır. Bundan sonra heç kim bilmədən həmin siqaretləri aparıb yaşadığı evdə gizlətmiş və həmin müddətdən siqaretləri çəkmişdir. Pulları isə öz şəxsi ehtiyaclarına xərcləyib borclarını vermişdir. Bundan başqa, 27 may 2022-ci il tarixdə saat 22 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində gəzişərkən işqları yanmayan ev onun diqqətini cəlb etmiş və ətrafda kimsənin onu görmədiyindən əmin olub hasardan aşaraq həmin evin həyətinə daxil olmuşdur. Evin həyətində su quyusu olduğunu və quyunun üzərində su nasosunun olduğunu görmüşdür. Lakin nasos bərkidilməmiş vəziyyətdə olmuşdur. O, həmin su nasosuna gələn elektirik kabeli və alüminium məftillə birlikdə həmin nasosu oğurlayaraq oradan uzaqlaşmışdır. Yoldan tapdığı sellofana həmin nasosu qoyaraq ilk öncədən gizlətdiyi drel olan yarım tikiliyə gətirib nasosu da orada gizlətmişdir. Elektrik kabelini və alüminium məftili isə tanımadığı səyyar metal yığanlara ümumilikdə 20 manata satmışdır. Əldə etdiyi gəliri isə öz şəxsi ehtiyaclarıüçün xərcləmişdir. Sonuncu dəfə isə, yəni 29 may 2022-ci il tarixdə saat 12 radələrində, yəni gündüz vaxtı “Mehriban qonşular” yaşayış ərazisində ara məhəllələrin birində gəzişərkən giriş qapısı olmayan evin həyətinə daxil olmuşdur. Evin həyətində olan soyuducunun mis borularını və evin içərisində olan uzadıcını naqili ilə birlikdə kəsib özü ilə götürüb oğurlamaq istəyən zaman həyətə kiminsə gəldiyini görmüş və dərhal əşyaları sellofan torbaya yığıb əlində saxlamaqla həyətdə olan tikilinin içərisində gizlənmişdir ki, görən olmasın. Həmin anda bir kişi və bir qadın ora gələrək onu görmüş və o həmin şəxslərə yalvarıb onu polisə verməmələrini və bir də belə bir şey etməyəcəyimi deyib onu buraxmalarını xahiş etmişdir. Lakin qadın polisə zəng vurmuşdur. Bir neçə dəqiqədən sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları hadisə yerinə gəlmişlər və o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. O törətdiyi əməli səmimi etiraf edərək hər şeyi olduğu kimi danışmışdır. Həmin gizlətdiyi dreli və su nasosunu polis əməkdaşlarına gizlətdiyi yerdən götürüb təhvil vermişdir. Hazırkı açıq məhkəmə iclasında o, həqiqəti söyləyir və bildirir ki, həmin cinayətlərin hamısını deyil, cəmi birini törətmiş, qalan oğurluqları isə etməmişdir. Belə ki, o, yalnız Zərərçəkmiş şəxs4 qıznaı məxsus olub Binə qəsəbəsi “Mehriban qonşular” yaşayış ərazisində yerləşən evin həyətində olan soyuducunun mis borularını və evin içərisində olan uzadıcını naqili ilə birlikdə kəsib özü ilə götürüb oğurlamaq istəyərkən həmin vaxt ev sahibləri tərəfindən saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə törətdiyi cinayət əməlini başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirildikdən sonra orada ona fiziki və psixi təzyiqlər göstərilərək özünə qarşı ifadə verməyə və etmədiyi cinayətləri törətməsi barədə etirafedici ifadə verməyə məcbur edilmiş, lakin o, Polis şöbəsində döyülməyi barədə əvvəllər heç bi yerə şikayət etməmiş, bunu indi məhkəmə iclasında bildirir. Törətdiyi əməldən peşman olmuşdur. Bütün bunların nəzərə alınaraq törətdiyi cinayətə görə ona yüngül cəza verilməsini, törətmədiyi cinayətlərə görə isə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 41 ünvanında yerləşən evinin arxa hissəsindəki həyətində olan əkin sahəsinin yanında su quyusu vardır. Su quyusunun üzərində isə su nasosu quraşdırmışdır. Həmin su quyusundan həmin nasos vasitəsilə su çəkib həm məişətdə, həm də əkin sahəsini suvarmaqda istifadə etmişdir. Sonuncu dəfə o, xx.xx.2022-ci il tarixdə həmin su nasosundan istifadə etmişdir. Bu hadisədən 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən saat 10-da o, yenidən su nasosundan istifadə etmək istəyən zaman quyunun üzərində olan 1 ədəd 120 manat qiymətində su nasosunun və ona qoşulmuş 1 metri 2 manat olmaqla ümumi qiyməti 30 manat olan 15 metr uzunluğunda elektrik naqilinin və 1 metri 2 manat olmaqla ümumi qiyməti 30 manat olan 15 metr uzunluğunda alüminium məftilin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 180 (yüz səksən) manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir. Aıvazov Javadnun onun evindən oğurluq edən şəxs olduğunu dəqiq bilmir, bununla bağlı ona qarşı heç bir şikayəti və ya digər tələbi yoxdur. Ona görə də təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilib-verilməsi məsələsini məhkəmənin öhdəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Şahid3 ilə birlikdə qonşuya əşyaları daşımağa kömək etməyə getmişlər. Həmin gün saat 12:30-da yaşadıqları evə qayıdarkən evin içərisində montaj olunmuş 5 metr elektrik naqilinin uzadıcısı ilə birlikdə kəsildiyini, həmçinin həyətdəki işlək vəziyyətdə olan soyuducunun arxa hissəsində olan mis boruların kəsildiyini və soyuducunun yararsız vəziyyətə düşməsini aşkar etmişlər. Həyətə nəzər salarkən əri Asif ayaq yolunda bir nəfər tanımadığı şəxsin gizləndiyini görmüşdür. Həmin vaxt sellofan torbada uzadıcısı ilə birlikdə kəsilmiş elektrik naqilini və soyuducunun arxasındakı kəsilmiş mis boruları həmin şəxsin əlində görmüşlər. O, dərhal “102” xidmətinə müraciət etmişdir. Qısa zamanda polis əməkdaşları gələrək həmin şəxsi saxlayıb əşyalarla birlikdə onu Polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları gələrkən şifahi sorğu əsasında onun adının Javad olduğunu və oğurluq məqsədi ilə yaşadıqları ünvana girdiyini öyrənmişlər. Hadisə zamanı 250 manat soyuducunun yararsız vəziyyətə düşməsinə görə, 30 manat isə elektrik naqilinin uzadıcısı ilə birlikdə kəsilməsinə görə ona 150 manat maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, 17 oktyabr 2022-ci il tarixdə məhkəməyə gəlmiş, lakin həmin gün məhkəmə baxış iclası üzrlü səbəbə görə təxirə salındığından, o, ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə cəza verilib-verilməsi məsələsini məhkəmənin öhdəsinə buraxdığını, işləri ilə əlaqədar bundan sonra məhkəmə iclaslarına gələ bilməyəcəyini bildirmiş, buna görə də işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu ərazisində ailəsi ilə birlikdə yaşasa da, Binə qəsəbəsi, X4 yerləşən və hazırda təmir işləri aparılan evi vardır. Həmin evdə yaşayış olmasa da, o, arada bir həmin evə gedib nəzarət etmişdir. Sonuncu dəfə o, xx.xx.2022-ci il tarixdə həmin evə nəzarət məqsədilə gəlmişdir. Həmin gün saat 20 radələrində evin qapısını bağlayıb evi tərk etmişdir. Evi tərk etməmişdən əvvəl bütün otaqlarda əşyaların yerində olduğunu görmüşdür. Bu hadisədən 13 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, yenidən nəzarət məqsədi ilə həmin evə getmişdir. Evin darvazasını açıb içəri girmişdir. Həyətdə olan zaman evin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Evin içərisinə girib baxış keçirmiş və evin içərisində olan 1 ədəd 100 manat qiymətində prefaratorun, 1 ədəd 30 manat qiymətində direlin, 1 ədəd 70 manat qiymətində laqondanın, 1 metri 1 manat olmaqla ümumi qiyməti 60 manat olan 60 metr uzunluğunda elektrik naqilinin və bir ədədi 50 manat olmaqla ümumi qiyməti 100 manat olan bir cüt səsgücləndiricinin oğurlandığını aşkar etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş və məhkəmə iclasına gətirilməsi mümkün olmamış, buna görə də işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Bakı şəhəri, Binə qəsəbəsi, X4 yerləşən “Ucuzluq” marketin sahibidir. Sonuncu dəfə o, xx.xx.2022-ci il tarixdə saat 01:30-da marketin qapısını bağlayıb oranı tərk etmişdir. Marketi tərk etməmişdən əvvəl bütün pulunun və tütün məhsullarının yerində olduğunu görmüşdür. Həmin gün, yəni xx.xx.2022ci il tarixdə saat təxminən 06:40-da o, yenidən marketə qayıtmış, marketin plastik qapısının dəmir barmaqlığının sındırıldığını və qapının açıq olduğunu görmüşdür. Marketin içərisinə girib baxış keçirmiş və marketin içərisində olan 700 manat nağd pulun, şüşə bankada saxladığı 700 manat qəpik pulların, 1 bloku 38 manat olmaqla ümumi qiyməti 114 manat olan 3 blok “Kent-4” markalı siqaretin, 1 bloku 40 manat olmaqla ümumi qiyməti 200 manat olan 5 blok “Vinston” markalı siqaretin, 1 bloku 40 manat olmaqla ümumi qiyməti 120 manat olan 3 blok “Compact Vinston” markalı siqaretin, 1 bloku 30 manat olmaqla ümumi qiyməti 60 manat olan 2 blok “Compact LD” markalı siqaretin və 1 bloku 30 manat olmaqla ümumi qiyməti 60 manat olan 2 blok “Rothmans” markalı siqretin oğurlandığını aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 oğlu göstərdi ki, 29 may 2022-ci il tarixdə saat 12 radələrində əməliyyat qrupunda növbədə olarkən DİN “102” xidmətindən növbətçi hissəyə oğurluq barədə məlumat daxil olmuşdur. Həmin məlumatda qeyd olunmuşdur ki, bir nəfər şəxs Zərərçəkmiş şəxs4 məxsus Binə qəsəbəsi, “Mehriban qonşular” yaşayış massivində yerləşən evinə qanunsuz daxil olaraq oğurluq edib daha sonra evdə gizlənmiş və ev sahibləri tərəfindən saxlanılmışdır. Bu məlumatdan sonra onun da daxil olduğu əməliyyat qrupu dərhal hadisə yerinə yollanmışdır. Hadisə yerində olan zaman oğurluq edən şəxsin oğurlamaq istədiyi əşyalarla birlikdə həmin evin həyətində olduğunu və ev sahibləri tərəfindən saxlanıldığını görmüşlər. Şifahi sorğu-sual zamanı həmin şəxsin X5 olduğunu və həmin şəxsin Binə qəsəbəsi ərazisində bir neçə evdən də oğurluq etdiyini müəyyən etmişlər. Bundan sonra həmin şəxsi əşyalarla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar və bu barədə ciddi təbir görülməsi üçün polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan edilmiş ifadəsi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs4 Nazim qızı ilə birlikdə qonşuya əşyaları daşımağa kömək etməyə getmişdir. Həmin gün saat 12:30-da yaşadıqları evə qayıdarkən evin içərisində montaj olunmuş 5 metr elektrik naqilinin uzadıcısı ilə birlikdə kəsildiyini, həmçinin həyətlərindəki işlək vəziyyətdə olan soyuducunun arxa hissəsində olan mis boruların kəsildiyini və soyuducunun yararsız vəziyyətə düşməsini aşkar etmişlər. O, həyətə nəzər salarkən ayaq yolunda bir nəfər tanımadığı şəxsin gizləndiyini görmüşdür. Yoldaşı da yanına gəlmişdir. Həmin vaxt sellofan torbada uzadıcısı ilə birlikdə kəsilmiş elektrik naqilini və soyuducunun arxasındakı kəsilmiş mis boruları həmin şəxsin əlində görmüşlər. Yoldaşı dərhal “102” xidmətinə müraciət etmişdir. Qısa zamanda polis əməkdaşları gələrək həmin şəxsi saxlayıb əşyalarla birlikdə Polis şöbəsinə aparmışlar. Polis əməkdaşları gələrkən şifahi sorğu əsasında onun adının Javad olduğunu və oğurluq məqsədi ilə yaşadıqları ünvana girdiyini öyrənmişlər. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Aıvazov Javadın ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarında olan maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, X11 qəsəbəsi, X4 yerləşən yeni yarım tikilidə gizlətdiyi 01 ədəd su nasosunu və 01 ədəd dreli təqdim etmiş və həmin əşyalar maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. İş materiallarında olan baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ona təqdim olunan əşyaları nəzərdən keçirib bildirmişdir ki, həmin əşyalardan uzadıcısı ilə birlikdə kəsilmiş 5 metr elektrik naqili, həmçinin həyətindəki işlək vəziyyətdə olan soyuducunun arxa hissəsindən kəsilərək götürülmüş mis borular ona məxsus olmaqla Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, “Mehriban qonşular” yaşayış massivindəyerləşən nömrəsiz fərdi evin həyətindən oğurlanan zaman Aıvazov Javadın əlində saxlanılan əşyalardır. İş materiallarında olan baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 oğlu ona təqdim olunan əşyanı nəzərdən keçirib bildirmişdir ki, həmin 1 ədəd drel ona məxsus olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 yerləşən nömrəsiz fərdi evin içərisindən oğurlanmış əşyadır. İş materiallarında olan baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ona təqdim olunan əşyanı nəzərdən keçirib bildirmişdir ki, həmin 1 ədəd su nasosu ona məxsus olmaqla Binə qəsəbəsi, Ə.İsazadə küçəsi ev 41 ünvanında yerləşən evin həyətindəki su quyusunun üzərindən oğurlanmış əşyadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23 iyun 2022-ci il tarixli Tələbnamədən görünür ki, Aıvazov Javad məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Aıvazov Javadın təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmiş və oğurluğa cəhd etməsi faktları məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi barədə protokollarla, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Aıvazov Javadnun məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə onu da qeyd edir ki, Aıvazov Javad məhkəmə iclasında Xəzər RPİ-nin 3cü PŞ-nə gətirildikdən sonra orada 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkil, polis mayoru Rəfail Rəcəbov və həmin şöbənin sahə rəisi, polis mayoru Heydər Bağırov tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalaraq özünə qarşı ifadə verməyə və etmədiyi cinayətləri törətməsi barədə etirafedici ifadə verməyə məcbur edildiyini göstərmiş, məhkəmədən həmin məsələnin araşdırılması üçün müvafiq tədbir görülməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən 31 oktyabr 2022-ci il tarixli 1(003)-482/2022 saylı məktubla Bakı şəhəri Xəzər rayon prokurorluğuna müraciət ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərov tərəfindən məhkəməyə ünvanlanmış 21 noyabr 2022-ci il tarixli 511-C-22 saylı məktubdan görünür ki, rayon prokurorluğunda aparılmış araşdırma zamanı təqsirləndirilən şəxs X8 RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkil, polis mayoru Rəfail Rəcəbov və həmin şöbənin sahə rəisi, polis mayoru Heydər Bağırov tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalaraq törətmədiyi cinayəti etiraf etməsi ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından, 21 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə zərərçəkmiş şəxslərin ifadələri ilə əlaqədar qeyd edir ki, onlar hadisənin necə baş verməsini şəxsən görmədikləri və məhkəmə iclasında təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmaq məqdi ilə verdiyi ifadələrini dinlədikdən sonra onlarda belə təəssürat yaranmışdır. Lakin yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxsin əməlləri cinayət işinin materialları və onun özünün ilkin ifadələri ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Aıvazov Javadın əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.22 və 29,177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Aıvazov Javadın törətdiyi cinayət əməllərini qismən etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Aıvazov Javada cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Aıvazov Javad 31 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 02 iyun 2022-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Aıvazov Javadın 31 may 2022-ci il tarixdən 02 iyun 2022ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Aıvazov Javad barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 oğluna, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus əşyaların onlara istintaq zamanı qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Aıvazov Javadnun CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Aıvazov Javadın dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Aıvazov Javada ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 20 (iyirmi) iş saatına görə 120,00 (yüz iyirmi) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) iş saatına görə 120,00 (yüz iyirmi) manat olmaqla ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Aıvazov Javad Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.22 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Aıvazov Javadın 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq o, qəti olaraq 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Aıvazov Javadın barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Hökm qanuni qüvvəyə minənədək Aıvazov Javadın barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını çəkməsinin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Maddi sübut – zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 oğluna, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus əşyaların onlara istintaq zamanı qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən təqsirləndirilən şəxs Aıvazov Javadın hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 120,00 (yüz iyirmi) manat və təqsirləndirilən şəxs Aıvazov Javadın hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120,00 (yüz iyirmi) manat, ümumilikdə 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs Aıvazov Javada isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar