Məhkəmə qərarları › İş №1(003)-400/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-400/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-400/2021 22.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Gənclər küçəsi ev 14-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi – 1,168 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 08 iyun 2021-ci il tarixdə saat 16:00 radələrində Xəzər RPİ-nin əməkdaşları tərəfindən Xəzər rayonu Türkan qəsəbəsi Gənclər küçəsində saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş, idarənin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti nəticəsində əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 05 ədəd sellofan bükümdə olan hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,160 qram, 0,211 qram, 0,463 qram, 0,189 qram və 0,145 qram olmaqla ümumi təmiz çəkisi isə 1,168 qram olan öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrin istifadəçisidir, narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə öz istifadəsi üçün narkotik vasitələri tanımadığı müxtəlif şəxslərdən əldə edərək onları çəkmə və inyeksiya yolu ilə qəbul edir. 08 iyun 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu Əmircan qəsəbəsində olarkən üzdən tanıdığı bir şəxsdən şəxsi istifadəsi üçün, 50 manat müqabilində 05 büküm narkotik vasitə olan heroin alaraq cibinə qoymuşdur. Həmin gün saat 16 radələrində yaşadığı evin yerləşdiyi Xəzər rayonu Türkan qəsəbəsi Gənclər küçəsində olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyərək onu Xəzər RPİ-nə gətirmişlər. Burada ona vəkil Bəhruz Səfərovun iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və Polis idarəsinə gətirilmə səbəbi bir daha bildirilmişdir. Xidməti otaqların birində polis əməkdaşlarının və vəkil Bəhruz Səfərovun iştirakı ilə videoçəkilişlə təhqiqatçı onun üzərində şəxsi axtarış keçirməyə başlamış, əvvəlcə ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etməyini təklif etmişlər. Bundan sonra o, əynindəki tünd göy rəngli şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan 05 ədəd bükümü təqdim etmişdir. Sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Şəxsi axtarış zamanı üzərində başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra həmin 05 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, daha sonra iştirakçılar tərəfindən imzalanmışdır. Özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, həmin əməli törətdiyinə görə peşmandır, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə isə qətiyyən təqsirli bilmir. Məhkumluğu yoxdur, himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 göstərdi ki, Xəzər rayonu Türkan qəsəbəsi Gənclər küçəsi ev 14-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması və həmin şəxsin cinayət əməlinin ifşa olunması məqsədi ilə Xəzər RPİ CAŞnin kiçik əməliyyat müvəkkili Şahid2la birlikdə 08 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında bir müddət müşahidələr apardıqdan sonra saat 16:00 radələrində Türkan qəsəbəsi Gənclər küçəsində onu saxlayaraq, özlərini təqdim edib ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğunu bildirərək ərazi üzrə Xəzər RPİ-nə gətirmişlər. Daha sonra Xəzər RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Elnur İsmayılov xidməti iş otağında videoçəkilişlə onun, Şahid2 və vəkil Bəhruz Səfərovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamış, əvvəlcə ona üzərində saxladığı qanunla qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 05 ədəd sellofan bükümü çıxararaq təqdim edib həmin bükümdə olan maddənin narkotik vasitə “kakos”, yəni heroin olduğunu bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən zərfə qoylub möhürlənmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, düz olduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qeyri-qanuni heç nə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 09 iyun 2021-ci il tarixli, 6/2329 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 43” dairəvi möhür əksi olan, “1) Təqsirləndirilən şəxs imza... Tərtib etdi baş təhqiqatçı....” yazı və imzalar olan beş ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,160 qram, 0,211 qram, 0,463 qram, 0,189 qram, 0,145 qram olmaqla, ümumi təmiz çəkisi 1,168 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Ümumi çəkisi 1,168 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,15 qramı tədqiqata sərf edilmiş, 1,018 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz, yetmiş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 17 iyun 2021-ci il tarixli, 6/2432 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi Tədqiqat obyekti № 75” yazı və imzalar olan MEM-ə məxsus bir ədəd paketdə olan beş ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,130 qram, 0,181 qram, 0,433 qram, 0,159 qram və 0,115 qram heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Qeyd: Ümumi çəkisi 1,018 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitənin 0,15 qramı (hər bir obyektdən 0,03 qram olmaqla) tədqiqata sərf edilmiş, 0,868 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz, yetmiş) manat təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 06 iyul 2021-ci il tarixli, 2178 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 05 ədəd bükümdə təmiz çəkisi 1,168 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin qalıq qalmış – 0,868 qram hissəsi saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan “disk” maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 iyun 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 05 ədəd sellofan bükümdə olan hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,160 qram, 0,211 qram, 0,463 qram, 0,189 qram və 0,145 qram olmaqla ümumi təmiz çəkisi isə 1,168 qram olan narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması faktı şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 10 iyun 2021-ci il tarixdə onun əməli CM-nin 234.1-ci maddəsindən CM-nin 234.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 08 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,868 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 177,40 (bir yüz yetmiş yeddi, qırx) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkilləri X1 və X3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 ümumilikdə 25 iş saatına görə cəmi 150,00 (bir yüz əlli) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 10 iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 08 iyun 2021-ci il tarixdən 10 iyun 2021-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 22 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,868 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 177,40 (bir yüz yetmiş yeddi, qırx) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 ümumilikdə 150,00 (bir yüz əlli) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar