Məhkəmə qərarları › İş №1(003)-401/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-401/2022

14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-401/2022 14.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərimbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 10 mənzil 24-də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Fövqəladə Hallar Nazirliyində işə qəbulla bağlı məsələlər üzrə hər hansı səlahiyyətə və ya imkana malik olmadığı halda Zərərçəkmiş şəxs 5500 manat pul müqabilində oğlu X2 və X3 Fövqəladə Hallar Nazirliyinin X1 işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs 27 dekabr 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən X4 yaxınlığında 1250 manat, 05 fevral 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığında 1300 manat, 15 mart 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığında 1250 manat, 30 may 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığında 1700 manat pul alıb vahid niyyətlə əhatə olunan qəsdlə 5500 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 5500 (beş min beş yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2020-ci ilin may ayında “Facebook” sosial şəbəkəsində "xxxx" ASC-nin qaynar xəttində mühəndis vəzifəsində işləyən Şahid ilə tanış olmuş, ona Fövqəladə Hallar Nazirliyində işlədiyini bildirmişdir. 2020-ci ilin dekabr ayında Naibə ona qonşusu Samir adlı şəxsin oğlunu FHNə işə düzəltmək istədiyini deyərək bu məsələdə Samirə köməklik göstərə biləcəyini ondan soruşmuşdur. O, Samirə köməklik göstərə biləcəyini və Naibəyə onun mobil nömrəsini Samirə verməsini bildirmişdir. Həmin gün Samir onun mobil nömrəsinə zəng vuraraq oğlunu FHN-ə işə düzəltmək istədiyini demiş, o da ona köməklik göstərə biləcəyini və işə qəbul üçün 2500 manat pul lazım olduğunu bildirmişdir. İlkin sənədləşmə işləri üçün əvvəlcə 1250 manat pul lazım olduğunu dedikdən sonra sabahısı gün, yəni təxminən 2020-ci ilin dekabr ayının 27-də Samirlə “Koroğlu” metrostansiyasının yaxınlığında Samirin idarə etdiyi avtomobildə görüşmüşlər. Yolda olarkən Heydər Əliyev prospektində X4 yaxınlığında Samir ona oğlu Rüstəmin FHN-də işə qəbulu ilə bağlı 1250 manat pul vermişdir. O, Samirdən Rüstəmin şəxsiyyət vəsiqəsinin və hərbi biletinin kserosurətini istəmişdir. Səməd Vurğun parkının yaxınlığında Samir oğlunun şəxsiyyət vəsiqəsinin və hərbi biletinin kserosurətlərini çıxararaq ona vermiş, o isə ona oğlunun işə qəbulu ilə bağlı anket məlumatlarının doldurulması üçün məktəb ləvazımatları satılan yerdən aldığı blank vermişdir. Bundan 3 gün sonra o, Samirə zəng vuraraq oğlunun işinin düzəldiyini bildirmiş və bunu qeyd etməyi təklif etmişdir. Onlar Mərdəkan qəsəbəsində yerləşən “Duz-çörək” adlı restoranda yeyib-içərkən Samir digər oğlu İsrafili də FHN-nin YMİ-də işə düzətmək istədiyini bildirmişdir. O isə 3000 manat müqabilində digər oğlunu da işə düzəldə biləcəyini bildirmişdir. 2021-ci ilin fevral ayının 5-də o, Samirlə Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığında görüşmüş və Samirin digər oğlu İsrafili FHN-də işə düzəltməklə bağlı ondan 1300 manat pul almışdır. Həmçinin, Samirdən oğlunun şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərini alaraq anket məlumatlarının doldurulması üçün blankı ona vermişdir. 2021-ci ilin mart ayının əvvəllərində o, Samirə zəng vuraraq oğlanlarının işə qəbulu ilə bağlı qalıq pulları da verməli olduğunu bidirmişdir. 2021-ci ilin mart ayıın15-də o, Samirlə Buzovna qəsəbəsində “Rahat” marketin yaxınlığında görüşərək ondan Rüstəmi işə düzəltməyi üçün qalıq qalan 1250 manatı almışdır. 2021-ci ilin may ayının 30-da o, yenə də Samirlə Buzovna qəsəbəsində “Rahat” marketin yaxınlığında görüşərək ondan İsrafili işə düzəltməyi üçün qalıq qalan 1700 manatı almışdır. Ümumilikdə isə o, Samirdən oğlanları Rüstəm və İsrafili FHN-nin YMİ-də işə qəbul etdirmək müqabilində 5500 manat pul almış, lakin bununla bağlı heç bir iş görməmişdir. Onun FHN-də işə qəbulla bağlı heç bir səlahiyyəti yoxdur, sadəcə olaraq adlarını demək istəmədiyi tanışları ona köməklik edəcəkmiş, lakin sonradan həmin şəxslər işin alınmadığını bildirmiş, o isə həmin ərəfədə heç bir yerdə işləmədiyi üçün Samirdən aldığı 5500 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Samir ona zəng vurub işlə bağlı maraqlandıqda isə, hər dəfə müxtəlif bəhanələr gətirərək söhbətdən yayınmışdır. “Müşviq” və “Nailə” adlı şəxslərin adını o, şərti olaraq özündən uydurmuşur. Elə bir şəxslər yoxdur, sadəcə olaraq, o, Samiri arxayın salmaq üçün “Müşviq” və “Nailə” adlarını özündən uydurmuşdur. Törətdiyi əməlindən peşmandır, maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı indiyə qədər ödəyə və onunla barışa bilməmişdir. Ona bir qədər vaxt verilərsə, dəymiş ziyanı ödəyə və zərərçəkmiş şəxslə barışa biləcəkdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, oğlanları İsrafil və Rüstəm hərbi xidmətlərini başa vurduqdan sonra işsiz olduqları üçün, o, müxtəlif tanışları vasitəsi ilə onların hər hansı bir dövlət işinə qəbulu məsələsi ilə maraqlanaraq onlara iş axtarmışdır. 2020-ci ilin dekabr ayının ortalarında onunla qonşuluqda yaşayan və "xxxx" ASC-də işləyən Şahid ilə söhbət zamanı oğlanlarını işə düzəltmək istədiyini bildirmişdir. Naibə FHN-də tanışının olduğunu və onunla oğlanlarının işi barəsində danışıb ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra Naibə onunla telefon vasitəsi ilə əlaqə yaradaraq ona Yaşar adlı şəxsin mobil nömrəsini vermiş və işlə bağlı məsələni onunla danışmağını bildirmişdir. O, həmin nömrə ilə əlaqə yaradaraq vəziyyəti ona danışmışdır. Yaşar ona bildirmişdir ki, FHN-də işləyir və oğlanlarını FHN-nin Yanğından Mühafizə Xidmətinə işə düzəldə bilər. Həmçinin Yaşar ona işə düzəlməklə bağlı 2500 manat pul lazım olduğunu, ilkin sənədləşmə üçün isə həmin pulun yarısını, yəni 1250 manatını əvvəlcədən verməli olduğunu bildirmiş, eyni zamanda oğluna məxsus şəxsiyyət vəsiqəsinin və hərbi biletin kserosurətlərini istəmişdir. O, razılaşmış və 2020-ci ilin dekabr ayının 27-də özünə məxsus avtomobillə “Korpoğlu” metrostansiyasının yaxınlığına gedərək orada Yaşar ilə görüşmüşdür. Oradan onlar ona məxsus avtomobillə Nəsimi rayonuna gedərkən Heydər Əliyev prospektində X4 yaxınlığında Yaşara 1250 manat pul vermişdir. Yaşar Nəsimi rayonu ərazisində avtomobildən düşərək oğlu Rüstəmə məxsus hərbi biletin və şəxsiyyət vəsiqəsinin surətlərini çıxararaq əsillərini ona qaytarmış, bundan əlavə, ona anket məlumatlarının doldurulması üçün bir ədəd hazır blank verərək Rüstəmin həmin blankı doldurmasını bildirmişdir. Bundan bir neçə gün sonra Yaşar ona zəng vuraraq həmin blankı istəmiş və o, onunla görüşərək anket məlumatları doldurulmuş blanklı ona vermişdir. Bundan təxminən 3 gün sonra Yaşar ona zəng vurmuş və Rüstəmin işinin düzəldiyini bildirərək bunu qeyd etməyi təklif etmişdir. Onlar Buzovna-Mərdəkan yolunun sol tərəfində yerləşən “Duz-çörək” adlı restoranda görüşüb yeyib-içmişlər. Söhbət əsnasında o, Yaşardan xahiş etimişdir ki, digər oğlu İsrafili də FHN-nin YMX-nə işə düzəltsin. Yaşar bunun mümkün olduğunu, lakin, 3000 manat pul lazım olduğunu bildirmişdir. O, razılaşmış, 2021-ci ilin fevral ayının 5-də onunla Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığında görüşüb İsrafili FHN-ə işə düzəltməsi üçün ona 1300 manat pulu və İsrafilin şəxsiyyət vəsiqəsi ilə hərbi biletinin surətlərini vermişdir. Yaşar isə anket məlumatlarının doldurulması üçün hazır blankı ona vermişdir. Danışığa əsasən yerdə qalan 1700 manatı oğlunun işi düzəldikdən sonra Yaşara verəcəkdi. Bir müddət sonra Yaşar ona zəng vurmuş və oğlanlarının işi ilə bağlı qalıq qalan pulları da verməli olduğunu bildirmişdir. 2021-ci ilin mart ayının 15-də o, Yaşarla Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığında görüşmüş və ona Rüstəmin işi ilə bağlı qalıq qalan 1250 manat pulu vermişdir. Bundan sonra isə sonuncu dəfə o, 2021-ci ilin may ayının 30-da Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında Yaşarla görüşərək İsrafilin işi üçün qalıq qalan 1700 manatı ona vermişdir. Bundan bir neçə gün sonra Yaşarla danışdıqda, o, ona bildirmişdir ki, işlər demək olar ki, yekunlaşmışdır və tezliklə oğlanlarının işə qəbulla bağlı əmrləri çıxacaqdır. Aradan bir müddət keçməsinə baxmayaraq, Yaşar heç bir iş görməmiş və işlə bağlı bir xəbər çıxmamış, bu barədə ondan soruşduqda isə o, ona FHN-də “Müşviq” və “Nailə” adlı şəxslərin artıq sənədləri imzaladıqlarını və tezliklə oğlanlarının işə çıxacağını demişdir. Lakin, Yaşar sonradan onun zənglərinə cavab verməmiş və o, Naibədən xahiş etmişdir ki, Yaşarla əlaqə saxlayıb pulunu geri qaytarmasını bildirsin. Sonradan isə Yaşarın pulunu qaytarmadığını gördükdə, bu barədə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, Yaşardan şikayətçidir, pulu qaytarılmayana qədər onunla barışmaq fikri yoxdur. Bütün bunların nəzərə alınaraq ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və törətdiyi əməlinə Yaşara müvafiq cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid 18 avqust 2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar Quba rayonunda olduğunu, maddi durumunun Bakıya gəlməyə imkan vermədiyini, ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 2020-ci ilin may ayında “Fecebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanışlıqları yaranmışdır. Yaşar ona Fövqəladə Hallar Nazirliyində işlədiyini bildirmişdir. 2020-ci ilin dekabr ayında onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs onun "xxxx" ASC-də işlədiyindən oğlanları üçün iş təşkil edə biləcəyini soruşmuşdur. O, Samirə bir nəfər tanıdıdığı şəxsin FHN-də işlədiyini deyərək onunla iş barədə maraqlanacağını demişdir. Yaşara Samir adlı qonşusunun oğlunu işə düzəltmək istədiyini dedikdə Yaşar köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o, Yaşarın mobil nömrəsini Samirə vermişdir ki, özləri danışsınlar. Bir müddət keçdikdən sonra Samir ona bildirmişdir ki, Yaşara oğlanlarının FHN-də işə qəbulu ilə bağlı 5500 manat pul vermişdir və Yaşar heç bir iş görməyərək onu aldatmışdır. O, Yaşara zəng vuraraq Samirin dediklərini bildirmiş, Yaşar isə ona narahat olmamağını, Samirin oğlanlarını işə qəbul etdirəcəyini demişdir. Bundan sonra o, bir neçə dəfə Yaşara zəng vuraraq əgər işin alınmayacağı təqdirdə Samirin pulunu qaytarmasını demiş, lakin, Yaşar sonradan onun telefonlarına cavab verməmişdir. Sonradan isə Samir Yaşar barəsində polisə şikayət etdiyini bildirmişdir. Onun bundan başqa hadisə barədə heç bir məlumatı olmamış, nə Yaşarla, nə də ki, Samirlə iş barədə heç bir söhbəti olmamışdır, sadəcə olaraq Yaşarın mobil nömrəsini Samirə vermişdir ki, özləri danışsınlar. Başqa olanlar barədə onun xəbəri olmamışdır. Sonradan Samir ona bildirmişdir ki, Yaşara pul vermiş və Yaşar onun pulunu qaytarmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 28 may 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 avqust 2006-cı il tarixli hömkü ilə Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixli Amnistiya Qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 320.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 04 (dörd) il 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 fevral 2015-ci il tarixli Qərarı ilə CM-nin 320.2-ci maddəsinə müddət keçdiyindən icraata xitam verilmiş, CM-nin 66.3-cü maddəsi xaric edilmiş, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli 1657 nömrəli Əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, barəsində Bakı şəhəri Nizami RPİ-də CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi 15 dekabr 2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli 1(007)-100/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Zərərçəkmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar