Məhkəmə qərarları › İş №1(003)-401/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-401/2023

04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-401/2023 04.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 Əlifeyda oğlunun, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhlumluğu ödənilmiş, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Hüsü Hacıyev küçəsi dalan 1 ev 6-da qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-44/203 saylı 21 yanvar 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 yanvar 2023-cü il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmiş, satış məqsədi olmadan qanunuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,452 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Yasamal rayonu Zərgərpalan küçəsinə qədər daşıyaraq üzərində saxlamış, 24 sentyabr 2022-ci il tarixdə saat 13:20-də Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş və inzibati binada xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı, onun əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,452 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 noyabr 2022-ci il tarixdən 08 noyabr 2022-ci il tarixədək olan müddətdə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs2 Əlifeyda oğluna məxsus Xəzər rayonu Türkan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən fərdi yaşayış evinə plastik pəncərənin önündə olan dəmir barmaqlığı yerindən çıxarıb plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 700 manat olan 01 ədəd “Siemens” markalı televizoru, dəyəri 500 manat olan 01 ədəd “İndesit” markalı paltaryuyan maşını, dəyəri 800 manat olan 01 ədəd “İmmergas” markalı kombi istilik sistemini, dəyəri 80 manat olan 01 ədəd “Marquis” markalı su mühərrikini, dəyəri 300 manat olan 01 ədəd qaynaq aparatını, dəyəri 500 manat olan 01 ədəd “Samsung” markalı soyuducunu, dəyəri 100 manat olan 01 ədəd direli, dəyəri 40 manat olan 01 ədəd laqundanı, dəyəri 120 manat olan perefaratoru, dəyəri 300 manat olan odun samovarı, həyətdən dəyəri 25 manat olan 01 ədəd əl arabasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 Əlifeyda oğluna cəmi 3465 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək olan müddətdə vahid niyyətlə əhatə olunmuş qəsdlə X2 məxsus Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq evdən dəyəri 600 manat olan 01 ədəd “Bosch” markalı tozsoranı, dəyəri 200 manat olan 01 ədəd “Tefal” markalı ütünü, dəyəri 70 manat olan 01 ədəd saç feni, dəyəri 100 manat olan 01 ədəd ətçəkən maşını, 1000 manat dəyərində 01 ədəd qızıl qadın üzüyü, 500 manat dəyərində 01 ədəd qızıl qadın qolbağı, dəyəri 100 manat olan 1 ədəd mirvari qadın qolbağı, dəyəri 100 manat olan 01 ədəd mirvari qadın boyunbağı, ümumi dəyəri 430 manat olan 3 ədəd gümüş üzüyü gizli olaraq talayıb X2 cəmi 3100 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,302 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Xəzər rayonu Türkan qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 28 noyabr 2022-ci il tarixdə saat 12:55 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu Türkan qəsəbəsində H.Hacıyev küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və həmin gün saat 15:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş 01 büküm təmiz çəkisi 0,302 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı fiziki təzyiqlər altında verdiyi ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, o, uzun illərdir ki, narkotik vasitələrin aludəçisidir. 24 sentyabr 2022-ci il tarixdə səhər saatlarında narkotik vasitə heroin almaq məqsədi ilə “Kubinka” adlanan ərziyə gedərək üzdən tanıdığı lakin adını bilmədiyi orta yaşlı şəxsdən 10 manat pul verərək özü istifadə etmək məqsədi ilə 01 ədəd bükümdə olan narkotik vasitə heroin alıb əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyub “Nizami” metrostansiyasının qarşısına gəlmişdir ki, yaşadığı evə getsin. Həmin vaxt yəni 24 sentyabr 2022-ci il tarixdə saat 13:20 radələrində ünvan 3 ünvanının qarşısından keçərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Polis bölməsində təhqiqatçı ona hüquq və vəzifələri izah etmişdir. Sonra müdafiəçinin və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən “Kubinka” adlanan ərazidən özü istifadə etmək üçün 10 manata aldığı narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə narkotik vasitə heroindir və həmin heroini “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata alıb üzərində saxlamışdır. Bundan sonra ondan aşkar edilmiş bir ədəd bükülüdə olan maddəni, müdafiəçinin və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. O, həmçinin maddi çətinlikləri olduğuna görə və narkotik vasitə olan tələbatını ödəmək üçün oğurluq etmişdir. 2022-ci ilin noyabr ayının ortalarında Türkan qəsəbəsində Dənizkənarı küçəsində yerləşən, sonradan Zərərçəkmiş şəxs2 Əlifeydə oğluna məxsus olmasını bildiyi fərdi yaşayış evlərindən birinə plastik pəncərənin önündə olan dəmir barmaqlığı yerindən çıxarıb plastik pəncərəni açmaqla daxil olmuşdur və oradan 01 ədəd “Siemens” markalı televizoru, 01 ədəd “İndesit” markalı paltaryuyan maşını, 01 ədəd “İmmergas” markalı istilik sistemini, 01 ədəd “Marquis” markalı su mühərrikini, 01 ədəd qaynaq aparatını, 01 ədəd soyuducunu, 01 ədəd dreli və 01 ədəd laqondanı və unutduğu digər malları oğurlayıb satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa, 2022-ci ilin noyabr ayının ortalarında Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən sonradan Göyçəkxanım Dadaşovaya məxsus olmasını bildiyi fərdi yaşayış evlərindən birinə girmiş və evdən 01 ədəd “Bosch” markalı tozsoranı, 01 ədəd “Tefal” markalı ütünü, 01 ədəd ətçəkən maşını, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbaq, 1 ədəd mirvari qolbaq, 1 əddə mirvari boyunbağı, 3 ədəd gümüş üzükləri və köhnə rus rublunu və unutduğu digər malları oğurlayıb satmış, əldə etdiyi pulu narkotik vasitələr alıb qəbul etmişdir. Bundan başqa, 27 noyabr 2022-ci il tarixdə axşam saatlarında yenə Suraxanı rayonu ərazisindən üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadə etmək məqsədi ilə alıb üzərində gəzdirirmiş. 28 noyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində Türkan qəsəbəsi H.Hacıyev küçəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmiş və onu narkotik vasitələrin qəbulunda şübhəli olduğundan Xəzər RPİnin 1-ci PŞ-nə gətirərək təhvil vermişlər. Bundan sonra PŞ-də narkotik vasitələrin qəbulunda şübhəli olduğu üçün vəkil dəvət olunmuş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra polis əməkdaşları videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinin zəruri olmasını bildirmişlər. Əvvəlcə əgər üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etməsini bildirmişlər. O da əynindəki qara rəngli şalvarın sağ yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş bir büküm narkotik vasitəni təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitə "kakos"dur, onu Suraxanı qəsəbəsində öz şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin təqdim etdiyi qeyd olunan narkotik vasitədən başqa üzərindən saxlanılması, gəzdirilməsi qanunla qadağan olunmuş heç bir maddə, əşya aşkar edilməmişdir. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırıb götürülmüş, bu barədə tərtib edilmiş protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Hazırkı açıq məhkəmə iclasında o, həqiqəti söyləyir və bildirir ki, həmin oğurluq cinayətlərinin heç birini etməmişdir. Polis şöbəsində ona fiziki və psixi təzyiqlər göstərilərək özünə qarşı ifadə verməyə və etmədiyi cinayətləri törətməsi barədə etirafedici ifadə verməyə məcbur edilmiş, lakin o, bu barədə heç bir yerə şikayət etməmişdir. O, narkotik vasitələrdən istifadə edəndir, polis əməkdaşları tərəfindən 24 sentyabr 2022-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə gətirilərkən üzərində bir ədəd bükümdə təmiz çəkisi 0,452 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 28 noyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilərkən üzərində 01 büküm təmiz çəkisi 0,302 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmuşdur. Hər iki epizodda vəkilin iştirakı ilə və videoçəkilişlə üzərinə baxış və götürmə aparılarkən özü həmin narkotik vasitələri könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi narkotik vasitə heroin (kakos) polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş və müvafiq sənədləşdirilmə aparılmış, tərtib edilmiş sənədlər o və iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitədən istifadə etdiyini etiraf edir və bu əməldən peşman olmuşdur. Himayəsində İ qrup əlil olduğu üçün hərəkət məhdudluğu olan anası, lal-kar atası vardır. Bütün bunların nəzərə alınaraq törətdiyi cinayətə görə ona yüngül cəza verilməsini, törətmədiyi cinayətlərə görə isə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X6 göstərdi ki, Türkan qəsəbəsində Dənizkənarı küçəsində bağ evi vardır. Həmin ev 0,025 ha bağ sahəsində və 1 mərtəbəli, 2 otaq və bir mətbəxi olan yaşayış binasından ibarətdir. Bağ evində yaz-yay mövsümündə yaşayır. Payız qış aylarında bağ evində yaşayış olmur. Hərdən bir həftə sonları bağ evinə gedib vəziyyətinə nəzarət edir. xx.xx.2022-ci il tarixdə növbəti dəfə bağa gedərkən görmüşdür ki, evin həyətə açılan pəncərəsinin dəmir qoruyucu çərçivəsi çıxarılıb yerə atılıb, pəncərə isə açıqdır. O, özü açarla evin giriş qapısını açıb içəri girəndən sonra aşkar etmişdir ki, dəyəri 700 manat olan 01 ədəd “Siemens” markalı televizoru, dəyəri 500 manat olan 01 ədəd “İndesit” markalı paltaryuyan maşını, dəyəri 800 manat olan 01 ədəd “İmmergas” markalı kombi istilik sistemini, dəyəri 80 manat olan 01 ədəd “Marquis” markalı su mühərrikini, dəyəri 300 manat olan 01 ədəd qaynaq aparatını, dəyəri 500 manat olan 01 ədəd “Samsung” markalı soyuducunu, dəyəri 100 manat olan 01 ədəd dreli, dəyəri 40 manat olan 01 ədəd laqundanı, dəyəri 120 manat olan perefaratoru, dəyəri 300 manat olan odun samovarı, həyətdən dəyəri 25 manat olan 01 ədəd əl arabası oğurlanmışdır. O dərhal DİN-in 102 xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3465 manat məbləğində ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini və törətdiyi əməlinə görə təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, o, 10 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, şikayətini geri götürdüyünü, təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş, bundan sonra onu narahat etməmələrini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Türkan qəsəbəsi Üzümçülük sovxozunda fərdi nömrəsiz bağ evi vardır. Həmin bağ evində daimi yaşamadığından hərdən gəlib baş çəkir. xx.xx.2022-ci il tarixdə evdə olmuşdur. xx.xx.2022-ci il tarixdə evə gələndə aşkar etmişdir ki, naməlum şəxs və ya şəxslər evin plastik qapısını sıxıb açmaqla daxil olub evdən dəyəri 600 manat olan 01 ədəd “Bosch” markalı tozsoranı, dəyəri 200 manat olan 01 ədəd “Tefal” markalı ütünü, dəyəri 70 manat olan 01 ədəd saç feni, dəyəri 100 manat olan 01 ədəd ətçəkən maşını, 1000 manat dəyərində 01 ədəd qızıl qadın üzüyü, 500 manat dəyərində 01 ədəd qızıl qadın qolbağı, dəyəri 100 manat olan 1 ədəd mirvari qadın qolbağı, dəyəri 100 manat olan 01 ədəd mirvari qadın boyunbağı, ümumi dəyəri 430 manat olan 3 ədəd gümüş üzükləri naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O dərhal DİN-in 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib baxış keçirmişlər. Məlum olmuşdur ki, oğurluq nəticəsində ona cəmi 3100 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili Şahid4 göstərdi ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində istifadəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin gün saat 13 radələrində ünvan 1 ünvanın qarşısında Xaledin Məmmədov saxlanaraq Yasamal RPİ-nin 27-ci PB-nə aparılmışdır. PB-də təhqiqatçı Zamiq Kərimov tərəfindən vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya digər qanunsuz maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmiş və bildirmişdir ki narkotik vasitə olan heroindir, onu öz istifadəsi üçün həmin gün səhər saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata almışdır. Həmin 01 ədəd büküm açıldıqda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürlənmiş və üzərində imza edilmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİnin 27-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili X13 göstərdi ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət etmiş və həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında xx.xx.2022-ci il tarixdə saat 12:55-də Xaleddin adlı şəxsi xarici əlamətlərinə uyğun şəxsə Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi üçün şöbəyə dəvət etmişlər. Müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Türkan qəsəbəsi, Hüsü Hacıyev küçəsi, dalan 1, ev 6-da qeydiyyatla yaşayan Təqsirləndirilən şəxsdur. PŞ-də hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, əvvəlcə ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya digər qanunsuz maddə varsa təqdim etsin, o da əynində olan qara rəngli şalvarın sağ yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş bükümü təqdim dərək bildirmişdir ki, bükümün içərisində narkotik vasitə olan heroindir və öz istifadəsi üçün bir gün əvvəl Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 20 manata almışdır. Həmin 01 ədəd büküm açıldıqda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürlənmiş və üzərində imza edilmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı X3 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək şahid X9 göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6800 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: Azərbaycan Respulikası DİN Zərflər üçün №157 dairəvi möhür əksi olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,302 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,302 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,252 qram. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5504 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: Azərbaycan Respulikası DİN arayışlar üçün №188 dairəvi möhür əksi olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,452 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,452 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,402 qram. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1087 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,302 qram və 0,452 qram çəkilərdə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalan - 0,252 qram və 0,402 qram çəkilərdə narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və zərərçəkmiş şəxs X4tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 10 iyul 202-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməsə də o, Təqsirləndirilən şəxs şikayətçi deyildir və ona hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan Əlillik vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası – 1953-cü il təvəllüdlü Mara Məmmədova İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 dekabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 10 ay 02 gün vaxtından əvvəl şərti azad edilmiş, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə CM-nin 177.2.4-cü maddəsinə dair müddəalar hökmdən xaric edilmiş, xx.xx.2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilərək cəzası 3 il 6 aya endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, barəsində Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi hazırda icraatdadır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin İŞ-dən daxil olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Xəzər RPİ-nin müstəntiqi Elvin Cəfərov tərəfindən icraata qəbul olunaraq ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin müstəntiqi Elvin Cəfərov tərəfindən ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs törətdiyi, Zərərçəkmiş şəxs2 Əlifeyda oğlunun Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən fərdi yaşayış evindən 3465 manat dəyərində əmlakı, X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən fərdi yaşayış evindən 3100 manat məbləğində əmlakını oğurlaması, 28 noyabr 2022-ci il tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması, 24.09.22 tarixdə Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən Zərgərpalan küçəsində saxlanılmış Təqsirləndirilən şəxs 0,452 qram narkotik vasitə heroin aşkar olunması faktları ilə olan 220010977, 220010985, ********* və ********* nömrəli cinayət işlərinin materialları ********* nömrəsi altında ayrıca icraata ayrılaraq istintaqı aparılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmiş, satış məqsədi olmadan qanunuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşıması faktları məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi barədə protokollarla, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi, oğurluq cinayətlərini törətməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında Xəzər RPİnin 1-ci PŞ-nə gətirildikdən sonra orada polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalaraq özünə qarşı ifadə verməyə və etmədiyi cinayətləri törətməsi barədə etirafedici ifadə verməyə məcbur edildiyini göstərmiş, lakin nə həmin vaxt, nə də sonradan bu barədə heç bir yerə şikayət etməmiş, barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də heç nə deməmiş, müdafiəçisinin iştirakı ilə etirafedici ifadə vermiş, polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini qismən – narkotik vasitələrdən istifadə etmə hissəsində etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxs X1 ondan heç bir şikayətinin və tələbinin olmamasını, himayəsində İ qrup əlil olan anasının və lal-kar olan atasının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 26 sentyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə saxlanıldığı RPİ MSY-dən azad edilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 30 noyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə saxlanıldığı RPİ MSYdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 24 sentyabr 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixə qədər 02 (iki) gün və 28 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün, cəmi 4 (gün) müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli həbsə alındığı 19 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,252 qram və 0,402 qram çəkilərdə narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə PŞ-lərdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 136,00 (yüz otuz altı) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X5 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 20 (iyirmi) iş saatına görə 180,00 (yüz səksən) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 11 (on bir) iş saatına görə 66,00 (altmış altı) manat olmaqla ümumilikdə 246,00 (iki yüz qırx altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 24 sentyabr 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixə qədər 02 (iki) gün və 28 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün, cəmi 4 (gün) müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 19 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,252 qram və 0,402 qram çəkilərdə narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə PŞ-lərdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 02 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 136,00 (yüz otuz altı) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 180,00 (yüz səksən) manat və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 66,00 (altmış altı) manat, ümumilikdə 246,00 (iki yüz qırx altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar